Birinci məclis
Страница 1 из 2
Nəcəf bəyin evində gözəl fərşlərlə döşənmiş bir otaq. Fərşdən əlavə sandal və kürsülər
də qoyulub.
Nəcəfbəy (tək). Atalar məsəlidir: dünya beş gündür, beşi də qara. Bədbəxt mən o kəsə deyirəm ki, bu beş qara günü ləzzət damaqla keçirib, baş gora aparmaya. Birisi görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır, amma evi yıxılmış öz qazandığının yeyib, öz zəhmətinin meyvəsindən kamyab olmur. Pulu yığır sandıqlara, üstündə mişovul pişiyi kimi yatır. Yediyi də nədir? Əncir, soğan və pendir. Yurdu itmiş, inək kimi otlayır. İndi ondan bir xəbər alan gərək ki, ay evin yıxılsın, bu pulları kimdən ötrü yığıbsan? Əgər özün üçün yığıbsan, boğazın tikilsin, niyə yemirsən? Əgər oğul-uşaq üçün yığıbsan, bil, axmaq, əbəs işdir ki, görübsən, çünki ata malı oğuluşaq üçün bilmərrə lazım deyil. Oğlun yaxşısı özü də qazanar, ataya möhtac olmaz. Oğlun pisinə, həmçinin, ata malı lazım deyil, çünki atası başını yerə qoyan tək hamısını aparıb bir az müddətdə xərc eləyib dağıdacaq.
Mənim barəmdə, pulun var xərc elə, bağışla, ye, iç, ver kefə, ləzzətə, eyşü-işrətə, beş gün qara dünyanın ləzzətini apar, öləndə də dünyada bir təmənnan qalmasın və beş adam da sənə rəhmət oxusun.
Ey an ki, dərin cəhan zi xud bixəbəri,
Hər şamü səhər dər tələbi simü zəri.
Sərmaeyi-tu dərin cəhan yek kəfənəst,
Ura ki, güman nist, bəri ya nəbəri.
Doğru deyib şair, çox gözəl deyib, çox gözəl deyib. Xudadan istərdim bu saat bu saat bu sözləri deyən şair mənim yanımda olaydı, onun boynunu qucaqlayıb, dodaqlarından öpəydim.
Cavad (daxil olur). Ağa, bəylər təşrif gətiriblər.
Nəcəfbə yBuyursunlar, buyursunlar. (Daxil olurlar: Səlim bəy, Aslan bəy və Həmzə bəy.) Baho! Ya Allah! Xoş gəldiniz, beş gəldiniz, bəs niyə əliboş gəldiniz?
Səlimbəy (əyləşir, hamı əyləşir). Sən öləsən, çox əlidolu və başı ətli gəlmişəm. Bu saat iki yüz iyirmi beş manat cibimdə pul, kefim də gecələr ulduza hürür. Uduzmaqda da meylim yoxdur. Gəlmişəm görüm səni də bir xoruza yükləyə bilərəmmi. Budur, bir neçə gündür əlim çox yaxşı gətirir. Bu saat Leylacla qumar oynamağa hazıram. Hələ, Nəcəf, mən ölüm, de görüm mənə bir üç yüz manat uduzmaqla aran necədir?
Nəcəfbəy. Yavaş ud, boğazında qalar. Yenə kimin qulağını kəsibsən?
Ey bu dünyada özündən bixəbər, axşam-səhər qızıl-gümüş axtaran adam. Bu dünyadan
sənə maya bir kəfəndir, onu da güman yoxdur ki, aparacaqsan, ya yox
Həmzəbəy. Mən evi yıxılmışın, mən oğlu ölmüşün, mən yurdu itmişin, mən küllüyü göyə sovurulmuşun. Belə haramın olsun, burnundan gəlsin, yorğan altında yeyəsən.
Səlimbəy. Niyə yeyirəm yorğan altında, vallah oynaqlayaoynaqlaya yeyəcəyəm. Sənin malın ana südündən halaldır. Mal yeməyənin malın yeyərlər. Uşaq aşıq yığan kimi yığınca, ver biz yeyək, Allaha da xoş getsin, bəndəyə də.
Aslanbəy (Həmzə bəyə). A kişi, mən sənə neçə dəfə demişəm, yenə deyirəm, gəlsənə saqqalının ağ vaxtında bu qumarı qoyasan yerə?
Həmzəbəy. Xub, saqqalın ağlığının qumara nə dəxli var?
Aslanbəy. O dəxli var ki, qocalıb ölürsən, bu gün, sabah, Allah qoysa, kəlləni ağardacaqsan, gəlib halvanı yeyəcəyik. Ayağının biri bu dünyada, biri qəbirdədir. Get namaz qıl, ibadət elə, oruc tut, pulun çoxdur, Məkkəyə get.
Səlimbəy (Həmzə bəyə). A kişi, sən Allah, gör bir tezliklə ölə bilərsənmi. Könlüm bir yaxşı, ləzzətli qoca halvası istəyir.
Həmzəbəy. Qadam, çox kötüklər üstündə çırpılar doğrayıblar. Allah qoysa yenə hamınızı mən yerə quyulayacağam. Bir də, canım, mən qoca deyiləm ki, adımı qoca qoyub məni yaxalayıbsınız. Dünyada qoca, ya cavan nə gəzir? Mənim barəmdə, dünyada nə qoca var, nə cavan. Bir naxoş var, bir səlamət. Saqqalın çox da olsun ağ, canın ki oldu səlamət, oldun cavan. Ya saqqalın oldu qapqara şəvə kimi, elə ki, gecələr sübhədək öhö!.. öhö! öhö!.. (öskürür) atıcı kimi pambıq atdın, oldun qoca.
Nəcəfbəy. Özünə təskinlik ver, meyitini görüm, on səkkiz yaşın var.
Səlimbəy. Hələ Həmzənin ölümü dursun qıraqda. Nəcəf, mən
ölüm, Tirmə sağalıbsa bir ova gedək. Çoxdan getməmişik, könlüm qırqovul əti istəyir. (Həmzə bəyə) Həmzə, heç Nəcəfin Tirməsini görübsənmi? Qəribə tuladır, sənə tula deyirəm, daha bil nədir, bir at əvəzi.
Həmzəbəy. Tula özünsən, ağzının sözünü bil.
Nəcəfbəy. Səlim, mənim bilmərrə ovdan həvəsim kəsilib. Heç getməyə meylim yoxdur. Qədim əyyam yada düşəndə az qalırsan quşu da vurub öldürəsən, tulalara da iynə verib qırasan.
Səlimbəy. Heç keçən günlərdən danışma. Keçən günə gün çatmaz, calasan günü günə. Qədim vaxt murov vədəmdə görürdün ətraf bəyləri cəm olub ov binası qoyurdular. Quş ovu, ya qaban ovu. Axşamdan yüzbaşını çağırıb tapşırırdım, sabah ova gedəcəyəm, gərək hər bir mayəhtac hazır olsun. Yüzbaşı da ki, məsələsinə arifdi. O saat anlayırdı nə demək istəyirəm. Sübh durub görürdüm, mahalın qoçaq atlılarından neçə nəfər hər yaraq-əsbabları ilə hazır, müntəzirdilər.
Qoyunlar axşamdan kəsilib, soyutma olub, cahü cəlalla, brovhabrovla düşürdük yola, guya bir qoşun gedir. Gedib üç günlərlə meşələrdə, dağlarda ov edərdik. Amma İndi... Bir çolaq yabını minirsən, bir quşu şökküdürsən barmağıyın başına, onun da bir gözü kor, bir gözü də məyus. İki axsaq tulanı da salırsan dalına, canım kəhər, gözüm kəhər, düşürsən biyabanın, düzün canına, nədi-nədi, bəy ova çıxıb. İttifaqən qarğadan, quzğundan birisi qalxanda quşu buraxırsan dalınca. Görürsən evi yıxılmışın malı getdi kəndə toyuq üstünə qondu. Toyuq yiyəsi də bir odun yamadı böyründən, canı orada ağzından çıxdı. Ac, susuz, it günündə qayıdırsan evə. Hanı keçən günlər? Hanı murovluq zamanı?!
Ax, bir adam olaydı, keçən günləri geri qaytaraydı, cəmi Həmzədən udduğum pulları ona verərdim.
Həmzəbəy. Bir də gözündən gəlsin o pullar. Ay Allah sənə ölüm versin, a belə padşah qulluqçusu. Padşahdan alıb yediyin məvacib gözüyün iki deşiyindən gəlsin. Həmişə donluq alıb eyşü-işrətdə dolanıbsansa, yaxşı qulluq edibsən, mərhəba!
Səlimbəy. Həmzə bəy, buyur söylə görək, sən nə qayırıbsan?
Mirzə Bayram (daxil olur). Salaməleyküm.
Nəcəfbə yƏleykəssalam, mirzə. Buyur əyləş. (Mirzə əyləşir.) Əhvali şərif?
Mirzə Bayram. Lillahilhəmd, səlamət və ağanın vücuduna peyvəstə duagu varıq.
Səlimbəy ( Həmzə bəyə). Bəli, buyur görək, ağa Həmzə bəy sahibqıran! Söylə rəşadətindən, vurduğundan, yıxdığından, hünərindən, pəhləvanlığından. Danış görək sən harada dam yarıb, dana çıxardıbsan, buz yarıb buzov çıxardıbsan?
Həmzəbəy. Mən az qulluq etməmişəm. Mən sənin kimi yeyib yatmamışam. Mən padşah uğrunda özümü güllə qabağına verib, dava etmişəm, hünər göstərmişəm, çin və nişanlar almışam. Güllə dolu kimi başımdan yağıb, mən qılınc vurmuşam, zərbi-dəst göstərmişəm.
Səlimbəy. Sənin zərbi-dəstinə Qurban olum. Bilirəm sənin hünərinin, davada qolunu ha belə qatlayıbsan (qolunu qısır çiyninə) ki, bəs qolum çolaq olub, tüfəng tuta bilmirəm. Həkim istəyib qolunu kəssin, əlindən tutanda qolunu uzadıbsan həkimin qabağına. Bunu cəmi Varşava davasına gedənlər bilirlər. Mən də bilirəm, mənim nənəm də bilir və cəmi şəhərin uşaqları da bilirlər.
Bəylər gülüşürlər.
Həmzəbəy. Xub, siz nə dişi pişik kimi hırıldaşırsınız? Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr.
Səlimbəy, sən mənə çox sataşırsan, təvəqqe edirəm bir də mənimlə belə zarafatları eləməyəsən. Əvvəla, mən səndən yaşda böyüyəm, ikincisi, mən hünər göstərib nişanlar almışam. Sən onu heç vaxt dana bilməzsən.
Nəcəfbəy. Həzərat, mən ölüm, zarafatı qoyun yerə, axırda dava salıb bizi də peşman elərsiniz. Çox pis şeydir zarafat, belədirmi, mirzə?
Mirzə Bayram. Bəli, bəli, düz buyurursunuz. Əzzərafətü miqrazülməhəbbət.
Cavad çay gətirir.
Nəcəfbəy. Çaydan-zaddan götürün için, bir az acığınız soyusun. (Bəylər çay götürüb qabaqlarına qoyurlar.) Cavad, o şkafdan çaxır çıxart, buraya gətir. (Cavad çaxırı gətirib verir, Nəcəf bəy tökür çaya.) Mirzə, bağışlaginən, qulluğunda biəbədlik eləyirəm, amma adət eləmişəm, hərçənd pis adətdir, axşam çayını şərabsız içə bilmirəm.
Mirzə Bayram. Bəli, əladətü kəttəbiətis-saniyə.
Nəcəfbəy. Mirzə, şerin gəldi çatdı, çox yaxşı şeirdir. Artıq xoşuma gəldi, çox sağ olasan.
Mirzə Bayram. Ağanın şan-şövkəti, cəlal-dövləti, səxavəti o qədərdir ki, yazmaqla qurtarmaz. O şeir bunların müqabilində bir nalayiq şeydir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-dagilan-tifaq-birinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.
Molla Nəsrəddin haqqında xatiratım“Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu.Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi.
Keçmiş günlərdənBirinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm.1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar.
Ədəbi dilimiz haqqındaAxır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl.1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.