Страница 2 из 2 · 50%

Nəcəfbəy. Xeyr, mirzə, çox gözəl şeirdir. Əvəzində gərək sənə yaxşı xələt verəm. Bu saat bir məlfufə yazaram, aparıb verərsən darğaya, sənə bir çuval buğda, bir çuval düyü ölçüb verər, götürüb gələrsən.

Mirzə Bayram. Allah oğlunuzu saxlasın. Xudavəndi-aləm öz vəhdətiyyəti hörmətinə sizin kimi bəylərin sayeyi-mərhəmətini biz kəmtərin bəndələrin üstündən kəsməsin. Inşallah! Amma ağadan tə-

Zarafat məhəbbətin qayçısıdır
Adət ikinci xasiyyət kimidir.

vəqqeim budur, əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eləsiniz ayaqlarımı yerdən götürsün, həmişə sizə duagu olum.

Nəcəfbəy. Xub, o da baş üstə. (Çağırır.) Süleyman! Cavad, Süleyma nı buraya çağır. (Cavad çıxır.) Bu saat Süleyman bəy gələr, deyərəm kağız yazar. Gedərsən kəndə, taxıl da götürərsən, yabı da verərlər. (Süleyman bəy daxil olur gimnaziya libasında, uzun birçək, papaq əyri, damağında papiros.) Süleyman, qadan alım, bir kağız yaz darğa Avanesə, Mirzə Bayram gələn kimi ona bir çuval buğda, bir çuval düyü və kənddəki boz yabını da versin.

Süleymanbəy. Niyə, ağa? Buğda, düyü bəs deyilmi? Daha yabı niyə verirsən?

Nəcəfbəy. Axmaq-axmaq danışma, nə deyirəm ona qulaq as. Süleyman bəy gedir.

Aslanbəy. Nəcəf, mirzə gətirən nə şeirdir?

Nəcəfbəy. Heç, bir tərifnamədir yazıb, mənə gətirib. Amma çox yaxşı yazıb, bir gün verərəm oxuyarsan. İndi əvəzində biz də gərək mirzənin xəcalətindən çıxaq.

Mirzə Bayram. Xudavəndi-aləm cəlali-cəbəruti hörmətinə sizə dövləti-İbrahimi kəramət eləsin.

Səlimbəy. Nəcəf, Allah mirzə demişkən, sənə dövləti- İbrahimi kəramət eləsin. Sən də mənə uduz.

Aslanbəy. Nəcəf, axır sənin bu oğlundan heç mənim gözüm su içmir. Çox pis dolanır, pis adamlarla gəzir.

Nəcəfbəy. Allah oğul sarıdan məni bədbəxt edibdir. Çox yaxşı oğlan idi. Yaxşı da oxuyurdu. Həmişə də müəllimlər razı idilər. Amma Allah səbəbin evin yıxsın. Tay-tuş oldu pis, İndi də şkoladan istəyirlər çıxarsınlar. Deyirlər oxumur və sair uşaqları da xarab eləyir. Əlacım ona qalıbdır ki, həmişəlik göndərim kəndə. Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Yoxsa, şəhərdə qalsa, cahıl-cuhul yoldaşları bilmərrə odunu-ocağını söndürərlər. İndi ki oxumadı, bəlkə mülkədar ola.

Aslanbəy. Xeyr, Nəcəf, taqsır sənin özündədir. Uşağa öz vaxtında təlim verməyib, xarab eləyibsən. İndi onu kəndə göndərməyib, Mazandarana göndərsən, yenə ondan adam olmaz. Burada lotu-potu ilə gəzib qumar oynayır, kəndə gedib oğurluq, quldurluq eləyib, yol kəsəcək.

Nəcəfbəy. Əzizim, mən nə pis təlim vermişəm, məndə təqsir nədir?

Aslanbəy. Səndə təqsir odur ki, uşaq vaxtında fağırı haqq yerə, nahaq yerə o qədər döydün ki, axırda sırtıldı, İndi üzünə ağ olur, bir sözünə iki cavab verir. Məgər döyməklə uşaq adam olar?

Nəcəfbəy. Bəs necə eləyim, əzizim? Uşaqdır, pis iş tutanda gərək döyəsən, yola gələ. Yoxsa mən oturub, qanmaz uşağa təhzibüləxlaq ki oxumayacağam.

Aslanbəy. Təhzibül-əxlaq, filan lazım deyil. Sən uşaqla elə bir rəftar elə ki, onun məhəbbəti günbəgün sənə artsın. Sonra bir pis iş görəndə ki, üzünə bir az əyri baxdın, o saat tutduğu işin qəbahətini anlayıb, o işi bir də tutmaz.

Səlimbəy. A kişi, mən imanım, döyməkdən deyil. Mal yiyəsinə oxşamasa haramdır. Ot kökünün üstündə bitər. Atası gedən yolu oğlu da gedəcək. Ata qumarbaz oldu, oğul da qumarbaz olar. Ata şürbidir, oğul da şürbi olar. Bir ata ki bikar vaxtında oğlu ilə bir yerdə qumar oynaya, onun oğlu qumarbaz olmayıb, müctəhid ki olmayacaq.

Nəcəfbəy. Sən niyə belə səfeh sözləri danışırsan? Mən nə vaxt onunla qumar oynadım?

Səlimbəy. Sənətin nə idi, evin yıxılsın? Həmişə qış bikar qalanda oğlunla lopuqdan qumar oynayırdın. Yalan ki deyil. Sən uduzanda pul verirdin, o uduzanda lopuq alırdın.

Bəylər gülüşürlər.

Nəcəfbəy. Gərək ki, axmaq danışmağı özünə peşə eləyibsən.

Süleymanbəy (daxil olur). Mirzə, buyur kağızı.

Nəcəfbə yMənə ver, görüm nə tövr yazıbsan.

Süleymanbəy. Nə tövr yazmışam, dediyini yazmışam. (Kağızı mirzəyə uzadır.)

Nəcəfbə yBoş danışma, kağızı buraya ver görüm.

Süleymanbəy (qeyzlə). Al, bu da kağız!

Nəcəfbə yA balam, dəli deyilsən, başına at təpməyib, üstümə niyə çağırırsan? (Oxuyur.)

Süleymanbəy. Nə qayırım, ay ağa, inanmırsan, guya mən özümdən də buraya bir şey artırmışam.

Nəcəfbəy. Di yaxşı, rədd ol, çəkil başımdan. (Süleyman bəy gedir.) Buyur, mirzə, aparıb kənddə verərsən darğaya, necə ki, lazımdır əməl elər.

Mirzə Bayram (durub kağızı alır). Xudavəndi-aləm öz izzətü cəlalı hörmətinə sizi və sizin övladınızı yer və göy bəliyyatından hifz eləsin. Mürəxxəs olaq qulluğunuzdan. Xudavəndi-aləm həmişə sizing kisənizi dolu və özünüzü ümid yolu eləsin, inşallah. (Baş əyib çıxır.)

Nəcəfbəy. Xoş gəldin, mirzə!

Səlimbəy. A kişi, S ü l e y m a nın sözünün qüvvəti, buğdanı, düyünü verdin yerində, molla adamdır, aparsın, yesin. Daha bu atı niyə bağışlayırdın?

Nəcəfbəy. Rəhmətlik oğlu, sən mənim xasiyyətimi bilə-bilə nə üçün belə sualı verirsən? Sən özün bilirsən ki, mən heç vədə olanıma yox demərəm. Varlığa nə darlıq və bir də bu kişi bir adamdır ki, bu gün buradadır, sabah bir ayrı adamın qapısında görərsən. Peşəsi qapı-qapı gəzib pul yığmaqdı. Hər yerdə deyəcək ki, Nəcəf bəy mənə bir at peşkəş elədi. El ağzı çuval ağzı. Bir azdan sonra eşidərsən, aləm danışacaqdır ki, Nəcəf bəy Mirzə Bayrama at bağışlayıb. Yabının da adını qoyacaqlar ərəb atı. Bu mənim dünya xeyrim. Elə ki, öldüm, bir sureyi-ərrəhman oxuyub xətm elər mənə, ruhum olar şad, bu da mənim axirət xeyrim, daha nə istəyirsən?

Səlimbəy. İnşallah, bir şıllaq da Hatəmi Tainin qəbrinə vuracaqsan. Xub, səbəb nədir ki, mirzəyə gələndə Hatəm olursan, bizə gələndə cibinin ağzını buzov çatısı ilə bağlayırsan? Bir beş-on manat da bizə vermirsən? Barı, heç olmasa uduz, öləndə biz də sənə rəhmət oxuyaq. Mənim duam mirzənin dualarından yaxşı Allaha çatar. Elə bundan tut, mirzənin, budur, saqqalı düşüb qurşağına; amma zürriyyəti yoxdur. Gecə-gündüz Allaha yalvarmaqdan yorulub, namaz qılmaqdan möhür alnında yer eləyib, təsbeh çevirməkdən barmaqlarının başı göyərib. Amma mən, şükür olsun Allaha, namaz tanımıram, oruc tutmuram, bir sürü də uşağım var. Istəyirsən səbəbini biləsən, o da baş üstə. Qulaq ver, ərz eləyim. Mirzə deyəndə, bir pak, müqəddəs, Tanrı bəndəsi adamdır, Allah yanında çox əziz. Elə oturur dua eləmyə, Allah deyir ki, qoy bunun nə qədər ömrü var mənə dua eləsin, mən də qulaq asım. O da İndiyədək dua eləyir, zürriyyət istəyir, Allah da vermir, deyir bəlkə övlad verdim, xatircəm oldu, daha mənə dua eləmədi. Amma elə ki mən, düşəndə, bir dua eləyib Allahdan bir şey istəyirəm, görürsən o saat buyurur: “Verdim, ey mənim bəndəm, amma itil başımdan açıl, bir də sənin üzünü görməyim”. Istədiyimi alıb, otururam yerimdə. Beləliklə, Allahdan bir sürü uşaq almışam. İndi mənə heç olmasa bir-iki yüz manat pul uduz, öləndə bir yol deyim: xudaya, pərvərdigara, sən Nəcəfə behişti-əla qismət elə. O saat ruhun atılsın düşsün cəhənnəmin... mən də cəhənnəmin deyirəm... behiştin orta küçəsinə.

Həmzəbəy. Belə ki duan müstəcəb olur, elə dua elə Nəcəfin pulunu ud. Daha niyə yalvar-yapış eləyib binəvanı tovlayırsan?

Səlimbəy. O da mümkündür. Mən elə Allaha dua eləyib sənin qulağının dibindən kəsmişəm.

Həmzəbəy. Haramın olsun!

Səlimbəy. Vallah, ana südü kimi halaldır. Böylə pulla müstəte olub Məkkəyə getmək olur. Xəsis puludur, nə tövr çıxartsaq halaldır: haqla, nahaqla, oğuluqla, quldurluqla...

Aslanbəy. Danışmaqdan fayda yoxdur. Qalxın ayağa gedək xeyir işə məşğul olaq, görək başımıza nə iş gəlir.

Nəcəfbəy (çağırır). Cavad! (Cavad daxil olur.) Stol, filan hazır olubdurmu?

Cavad. Bəli, bəy, çoxdan hazırdır. (Stəkanları yığışdırıb çıxır.)

Nəcəfbəy (qalxır). Di buyurun qulluğunuzda olaq.

Bəylər hamısı qalxıb o biri otağa tərəf gedirlər.

Səlimbəy (çırtıq çalıb oxuyur).

Uca barıdan aşaram,

Yanıma kəniz qoşaram,

Həmzəni mənə versələr,

Cibinin pulun udaram,

Atma daş, vurma daş, nar giləsi...

Nəcəfbəy. A kişi, nə qayırırsan, dəli olmayıbsan?

Səlimbəy. Sən öləsən, bu saat kefim belə kökdür, heç bilmirəm dünyada bəy kİmdir, xan kİmdir. Bu saat kefim Mavəraünnəhr havası çalır. (Oynaya-oynaya oxuyur.)

Atma daş, vurma daş, nar dənəsiyəm mən...

Atamın, anamın bir dənəsiyəm mən.

Nəcəfbəy. Ay səni heç ata-ana yurdunda qalmayasan. İndi bu saat, Allah qoysa, kefinə soğan çırtarlar. (Boynundan tutub itələyir o biri otağa. Bəylər hamısı gedirlər. Sövdəgər Məşədi Cəfər daxil olub bəylər gedən otağa sarı gedir).

Cavad (Məşədi Cəfərin dalınca daxil olur). Ay məşədi həcəmət, dayan görüm.

Məşədi Cəfər.(dayanır). Nə buyurursan?

Cavad. Gözünə dərd buyururam, canına da vərəm. Vədə verdiyin necə oldu?

Məşədi Cəfər. Qoy bəylər oyunu qurtarsınlar, əgər qalsa, baş üstə, qalmasa, gələrsən dükanda çatar.

Cavad. Sən öl, bu Cavad ölsün (əlini qoyur döşünə), gərək düz qırx manat verəsən. Yoxsa bundan sonra qapını üzünə bağlayacağam.

Məşədi Cəfər. Qardaş, otuz manatı niyə qırx manat elədin, on manat da artırdın? Bizim şərtimiz budur ki, hər dəfə sənə on manat verim.

Cavad. Sən bəylərdən yüz manata müamilə alırsan. Mənim də səndə otuz manatım qalıb, on manat müamilə istəyirəm. Sözün nədir, əzizim?

Məşədi Cəfər. Xub, beş manat də sənə müamilə verrəm. Otuz beş manat, bugünkü ilə qırx beş manat. Sabah gəl dükana, nəqd, köz kimi sayım qulluğuna.

Cavad. Yaxşı, sən deyən olsun. Bura bax, məşədi, mən ölüm, al bu əlli manatı, gör bəylərin birinə sırıya bilərsənmi, təməssükünü al gətir mənə.

Məşədi Cəfər.(pulu alır). Xub, ver görüm, asandır. (Gedir.) Sona xanım (daxil olub xeyli vaxt bəylər gedən qapıya baxır).

Yenə qumar... Yazıq mənim canım... Görəcəkli günlərim varmış...

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Azərbaycanda teatr

Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.

22 мин
Molla Nəsrəddin haqqında xatiratım

“Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu.Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi.

7 мин
Keçmiş günlərdən

Birinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm.1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar.

2 мин
Ədəbi dilimiz haqqında

Axır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl.1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.

4 мин

Стихи других поэтов