Mozalanbəyin səyahətnaməsi
Страница 1 из 4
Bizim möhtərəm mühərririmiz Mozalan bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy” kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, Irəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın... nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çeşömarəm be to mən nam be nam, bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik.
Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?
Hərçənd bu məsələ çətin bir məsələdir, axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək
Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib.
Lazım gəldi həmin şəxsə pul göndərib ondan çarə istəmək. Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalanbəyin babası Qozqıranbəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir və Tiflisə də bir ərizə yazıb göndərdi ki, Mozalana bəylik şəhadətnaməsi versinlər. Mozalanbəy şəhadətnaməni alan kimi bu həftə yola düşəcək və səyahətnamənin əvvəlinci məktubu on İkinci nömrəmiz çıxanadək Gəncədən gələcək və həmin nömrədə çap olunacaq.
(İdarədən)
Mart ayının 14-də Gəncəyə getmək niyyəti ilə gecə saat on birdə faytona minib gəldim Tiflis vağzalına. Hava soyuq idi və yağış yağırdı. Faytondan enib şeyləri verdim “nasilşikə” və daxil oldum əvvəlinci klasın zalına. Gözəl-gözəl xanımlar əfsərlərlə qol-qola verib gəzirdilər və söhbət edirdilər. Qeyriləri, kimi oturub çay içib çörək yeyirdi, kimi şeylərinin yanında əyləşib maşını gözləyirdi. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı: bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Şeylərini zalın küncünə yığıb və özləri də şeylərin üstündə oturub, mat-mat baxırdılar camaata. Bunların bir məni müsəlman görüb ucadan çağırdı:
– Ay müsəlman qardaş, sən Allah, bir gəl bizim yanımıza.
Mən yavuğa gedib salam verdim. Məni çağıran əlli, ya əlli beş yaşında bir qoca kişi idi. Qalan üç nəfər molla da bu sinnə yavuq idilər.
Məni çağıran, əlində papiros, məndən soruşdu:
– Bakıya maşın nə vaxt yola düşür?
Mən cavab verdim:
– Gərək İndilərdə gedə.
Bu hində bir zəng səsi gəldi və adamlar başladılar qaçışmağa. Məlum oldu ki, bilet almaq vaxtıdır. Camaat hücum çəkdi kassanın qabağına. Mollalar da Bakıya getmək istəyirdilər və xahiş elədilər ki, barı Gəncəyə kimi bir yerdə oturub yoldaş olaq. Mən xoşhallıqla razı oldum. Bunların biri yoldaşlarının tərəfindən və mən özüm üçün yavuqlaşdıq kassaya tərəf ki, bilet alaq. Hələ növbət bizə çatmamışdı. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi:
– Allah xatiri üçün bizi məəttəl eləməyin, yoxsa maşın çıxıb gedər.
Mən buna yavaşca dedim:
– Ağa, səbr eylə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər.
Jandarma molladan narazı olub, gəlib yapışdı çiynindən və ədəblə rusca bir söz dedi. Mən elə qandım ki, deyir çığırma.
Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla, rus arvadının şlyapasının üstündən İki dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir:
– Tez ol, Bakıya dörd bilet ver.
Kassadan bir cavab olmadı. Axır rus övrəti də rədd oldu. Kassada bilet satan 35-40 yaşında bir rus arvadı mollaya dedi:
– Dvadsat rubley çetır bilet Baku nelzya.
Elə qandım ki, deyir “Bakıya 20 manata dörd bilet olmaz, gərək 28 manat verəsən”. Molla istədi acıqlansın, bilet satan mollanı qoyub, əlini uzatdı mənə. Bir beşlik verib biletimi və pulun qalanını aldım və istədim mollanın əhvalını yoxlayam, amma bir tərəfdən jandarmanın bizləməyi və bir tərəfdən də dalda duran camaatın basmağı bizi vadar elədi ki, adamların içindən çıxaq.
Genə zəng çalındı və genə qaçışma düşdü və bu qışqırıqda mollaları, doğrusu, itirdim və şeylərimi nasilşikə verib çox zəhmətlə dəmir yol qatarının İkiminci klaslarının birində özümə bir yer tapdım.
Bir balaca daxmaya doqquz, bəlkə də on adam dolmuşdu. Nasilşik şeylərimi bir küncə qoyub məndən yarım manat alıb getdi, amma oturmağa mənə yer olmadı. Vaqonun dalanından bir az ayaq üstə durub, axırda adamlar yatıb səslərini kəsəndən sonra bir qoca rusun ayaqlarının bir tərəfinə yanımı qoyub oturdum.
Bizim daxmamızda danışan yox idi. Amma dalanda İki kişi rusca danışırdılar. Mən belə qandım ki, bunlar palitkadan danışırlar. Çünki hərdənbir sözlərinin arasında “fransuz”, “Anqliya” ləfzlərini eşidirdim.
Hələ deyəsən “tatar” sözü də qulağıma dəydi, amma heyif ki, qana bilmirdim.
Dalandan bir adam keçirdi, mən buna diqqət eləmədim, amma mənim yanımdan keçəndə guya öz-özünə dedi ki, “burada da yer yoxdur”. Bunun yoldaşı da var imiş. Çox yuxum gəlirdi və bir az başladım mürgüləməyə. Birdən daxmamız işıqlandı və “bilet” sözü eşitdim. Biletləri qayçılayıb keçdilər və mən genə başladım mürgüləməyə. Maşın dayandı və yenə uzaqdan üşkürükləyib yola düşdü. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Rusca danışanlar dəxi dinməyirdilər. Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı. Bəlkə bunlar heç xəyal eyləməyirdilər ki, burada müsəlman olar. Bunların belə danışığı hərdənbir qulağıma çatırdı: “Meyitini görüm”, “sən öləsən”, “amma köpək qızı maldır ha”.
Istəyirdim yenə mürgüləyəm, bir kişi, əlində fanar, gəldi otağı dolana-dolana xəbər verdi: “Yelzavetpol, bilet”. Biletləri yığıb apardı və bir az keçəndən sonra maşın fısıldayıb dayandı. Bura Gəncə imiş. Şeylərimi nasilşikə verib özüm də onun dalınca daxil oldum əvvəlimci klasın zalına. Zalda çox adam var idi: övrət, uşaq, kişi, çinovnik. Biri öz şeylərinin üstündə əyləşib mürgüləyirdi, biri çay içirdi, biri uşaq yatırdırdı. İki çinovnik kənarda əyləşib qabaqlarında bir şüşə pivə xəlvət söhbət edirdilər, amma heç kəsdə mən Tiflisdə gördüyüm iztirabı görməyirdim, heç kəsin kassa ilə, biletlə işi yox idi. Təəccüb elədim, dedim məgər bir belə camaat hamısı Tiflisə gedir? Necə ola bilər ki, heç bir-İki nəfər də Bakıya gedən olmasın? Ətrafa göz gəzdirdim ki, görüm bir nəfər müsəlman tapa bilərəmmi ki, ondan camaatın burada belə xatircəm oturmağını biləm. Gördüm bir nəfər qəzet şkafının yanında durub əlində bir qəzet vərəqləyir və qəzetdə çılpaq-çılpaq övrətlər şəkli çəkilib! Qəzetəni vərəqləyincə “pəh-pəh” “afərin, nə lətifdir” sözlərini deyir və ağzının İki yanından su axır. Yaxınlaşıb soruşdum:
– Qardaş oğlu, bu camaat buraya nə üçün yığışıb, Tiflisə gedəcəklər, ya Bakıya?
Dedi:
– Gəncəyə gedəcəklər.
Dedim:
– Bəs bura haradır?
Cavab verdi:
– Görünür sən xamsan, vağzalla şəhərin arası üç verstdir. İndi də ki, saat dörddür, hələ işıqlanmayıb, ona görə camaat gözləyir ki, gün çıxsın, sonra faytona minib şəhərə getsin; yoxsa kim bilir dünyanın işini, adam buradan şəhərə gedincə başına İki min oyun gələ bilər.
Dedim:
– Bəs onda siz yəqin mənə də məsləhət görməyəcəksiniz ki, gün çıxanadək şəhərə gedim.
Dedi:
– Heç məsləhət deyil, əyləş, özünə bir-İki saatlığa bir məşğuliyyət tap. Ya çay istə, ya qəhvə istə, ya belə-belə qəzetlərdən al vərəqlə.
Dedim:
– Axı rusca savadım yoxdur.
Dedi:
– Neyləyirsən savadı, məgər mənim savadım var? Budur bu qəzetəyə məndən İki şahı pul alıblar, üstünün böyük yazılarını güclə, hıqqına-hıqqına bir tövr oxuyuram, onun da mənasını anlamaram, burada yazılıb “şutyonok”, İndi Allah bilsin nə sözdür, ancaq kimdir qəzetin adına baxan, dadına bax. Gör necə bədənlər çəkiblər, İndi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Mən ölüm, rəfiq, bir bu buxağa bax, gör heç ömründə belə şey görübsən?
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-mozalanbeyin-seyahetnamesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.
Mirzə Fətəli və ərəb əlifbasıƏrəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.
Maksim Qorkinin həyat və yaradıcılığıÇocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.
Azərbaycanda teatrXalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.
Стихи других поэтов
ایام عمر، فرصت برق جهان نداشت
OlarNagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.
Qəzəl: Hərçənd bəzmi-vüsalə cananə yetmişəmHərçənd bəzmi-vüsalə cananə yetmişəm,Ta canı tapşıranca ona cana yetmişəm
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi