Tənqid
Sübh saat on idi. “Iftira” qəzetəsinin müdiri öz kabinəsində “İqbal”ın nömrəsini qabağına qoyub oxuyurdu:
“Şimdi düşün! Məlul bir beyti-həzin, bir kəlmənin üzərində bu vaxt – səkinanə ilə bitsin, sonra mütəntən bir qafieyi-digər bir beytin həşəmətimənasına bir qərari-möhtəşəm versin. Bütün şeir bir yandan vəznin əmvacimusiqiyyəsinə təslimi-nəfs edərək dalğalanırkən qafiyələr ötəyə-bəriyə mənidar zümzümələr, ruhpərvər nəğmələr sərpsin. Sonra o şeirdən bütün xabidə təşbihləri, bütün o köhnə cinasları çıxar...”
Müdirin bu sözlərdən başı ağrıyıb qəzetəni atdı kənara. Bir az gərnəşdi, əsnədi, qələmi götürdü, istədi bir baş məqalə yazsın – hər nə qədər başına zor vurdu, bir şey çıxmadı. Bu halda kabinənin qapısı açılıb mühərrir Mirzə Mahmud daxil olub bir varaq yazılı kağız mizin üstünə qoydu:
– Dünən oynanılan operettanın tənqididir.
Tənqid bu idi:
“Keçən cümə axşamı, ayın on İkisində “Sail” cəmiyyətinin opera artistləri tərəfindən Cibgir Xərguşov tərəfindən təzə yazılmış “Göbəyin ağ dələmə” adlı operetta mövqei-tamaşaya qoyulmuşdu. Operettaya qulaq verdikcə fikir dəryasına qərq olurduq və deyirdik: “Xudaya, insan gərək nə qədər insafdan, həyadan, vicdandan uzaq olsun ki, bədbəxt camaatın avamlığından istifadə edib toyuq kimi gündə bir operetta yumurtlayıb, səhnəyə çıxarıb, xalqın başını qırxıb, qulağını kəsə”. Operettanın məzmunu dərc olsa, ondan nəinki qarelər, hətta qələm və kağız da bəlkə qızarar. Ona görə onu yazmaqdan vaz keçib camaatımızdan rica edirik ki, əgər öz əhli və əyallarının ismətlərini gözləmək istəyirlərsə, bir də bu növ müzəxpəfata əyallarını göndərməsinlər. Birinci pərdədən sonra camaatın operettaya nifrəti aşkar oldu: başladılar teatrodan bir-bir çıxıb artistlərə föhş verərək evlərinə getməyə; üçüncü pərdə başladıqda teatronun yarısı boşalmışdı.
Operettanın özündən bədtər artistlərin oynamağı idi. Baş rolu ifa edən Qudurğanov cənabları səhnədə etdiyi oyunbazlığı ilə özünün artistlikdən bilmərrə bixəbər bir bambılı olduğunu sübut etdi. Bu növ artistlərin yeri laqolar, şəbədəbazlar məclisidir. Nəinki müqəddəs olan teatro səhnəsi. Çox təəccübdür ki, “Sail” cəmiyyəti bu növ şəxslərə birinci artist adı qoyub ortalığa çıxardır. Arvad rolunu ifa edən Suraxanski cənablarına bilmək lazımdır ki, adını artist, xüsusən opera artisti qoyan şəxs səhnədə oynamağı bacarmasa da, rolunu kökündən bilməsə də, gərək heç olmazsa, az-çox oxumaq bacarsın, bu cənab, görünür, elmi-musiqi nə olduğunu İndiyədək eşitməyib. Əgər biz Suraxanskini tanımasaydıq, güman edərdik ki, o ya hamam dəlləyidir, ya darğa şagirdi. Oxumağı da quyu dibindəki kənkan səsinə oxşayırdı. Qalan artistlər həmçinin rol bilməyib gözlərini suflyorun budqasına dikmişdilər. O ki, xor... bənzəyirdi CəmiyyətiXeyriyyənin iclasi-ümumisinə. İki adam bir söz deməyib hər kəs kefi istədiyini oxuyurdu.
Üçüncü pərdənin axırını gözləyib teatrdan çıxdıq. Tamam yolu, bizim ilə çıxan adamların dilindən föhşdən sivayı bir şey eşitmədik. Ümidvarıq ki, bundan sonra hər bir şarlatan, adını musiqinəvis qoyub, camaatın alın təri ilə qazandığı pulları əllərindən alıb cibişdani-şərifə salmaya və Xərguşov kimi cənablar gedib aşnabazlıqdan, dəlləklikdən, halvaçılıqdan... nbir peşəyə məşğul olub camaatın yaxasını əldən qoyalar”.
Mirzə Mahmud idarədən çıxıb gedərkən yolda Xərguşova rast gəldi.
– Salaməleyküm.
– Əleykəssalam.
– Mirzə, haraya belə sürətlə gedirsən?
– Gedirəm evə, nahara.
– Sən öləsən, yaxşı əlimə keçibsən. Buradan bir yerdə gedəcəyik düz restorana. Qabaqca neçə dənə vodka verəcəyəm. Dalınca ləzzətli bir nahar, hər ləvazımatı ilə! Dünənki teatro barəsində hələ ki bir şey yazmayıbsan?
– Bəli... xeyr... hələ bir şey yazmamışam, axşam yazacağam.
– Çox gözəl, damağın durular, daha şirin yazarsan. Düş qabağıma gedək!
Mirzə Mahmud Xərguşovla getdi restorana. Orada Xərguşov onu necə ki, lazımdır qonaq edib, araqdan, şərabdan layiqincə doyurub, bir üç manat da əlavə ovcuna basıb, çıxanda dedi:
– Mən ölüm, yaxşı-yaxşı yaz! Gərək bacardıqca tərif edəsən.
Mirzə Mahmud söz verdi ki, operettanı tərif etsin. Evinə yaxınlaşanda, gördü baş artist Qudurğanov mənzilinin qapısında durub: Mirzə
Mahmudu görən kimi yeridi qabağa və dedi:
– Mən elə səni görmək istəyirdim. Operetta xüsusunda qəzetəyə bir şey veribsən ya yox?
Mirzə Mahmud bir az duruxdu:
– Sabah şənbədir, qəzetə çıxmayacaq. Tələsməyə ehtiyac yoxdur. Qudurğanov Mirzə Mahmudun qolundan yapışıb dedi:
– Mirzə Mahmud! Məni hər kəs tanımasa, sən yaxşı tanıyırsan. Mənə “Qudurğanov” deyərlər. Mən sənin gözünün qabağında rejissor Çulquduzova elə bir sillə tutuzdurdum ki, yarım saat ürəyi özünə gəlmədi. Məni yaxşı tanı! Anda olsun Allaha, əgər mənim haqqımda artıq-əskik yazmış olasan, səni Çulquduzovdan pis halətə salaram. Əgər istəyirsən başın salamat olsun, mənə dolaşma!
Mirzə Mahmud vədə verdi ki, Qudurğanovu da bacardığı yerədək tərif etsin və bir növ onun əlindən qurtarıb gəldi mənzilinə; çarpayının üstə uzandı. Hər nə qədər cəhd elədi, gözünə yuxu gəlmədi. Bu halda gördü qapını döyürlər. Mirzə Mahmud başını qalxızıb dedi:
– Kimsən, buyur!
Qapı açılıb, arvad rolları ifa edən Suraxanski daxil oldu:
– Salaməleyküm! Mirzə, deyəsən yatmışdın, səni narahat elədim.
– Yox-yox yatmamışdım. Nahardan sonra bir qədər kəsalət
basmışdı, bir xırda uzandım. Buyur əyləş.
Suraxanski əyləşdi, soruşdu:
– Söylə görüm məni çox söyübsən, ya az?
Mirzə cavab verdi ki, hələ bir şey yazmayıb. Bu gecə yazıb, sübh aparıb, idarəyə verəcək.
Suraxanski dedi:
– Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən, ya tərif edəcəksən, sənin işİndir. Mən xatircəməm ki, sən məni söyə bilməyəcəksən... Çünki mən səsdə oxuyanı və mənim tək artisti İndiyədək dünya yaratmayıb. Hər kəs xahiş edərsə buyursun oxuşaq. Elə, sənin özündən xəbər alıram: kimin hünəri var mənim kimi oynasın? Hansı məşhur xanəndə, Qaryağdı oğlundan başlamış, mənim kimi zəngulə vura bilər? Söz yox ki, yazanda insafı arada görəcəksən. Mən heç vaxt sənə demərəm ki, məni tərif et! Belə təvəqqe ancaq mənə əskiklik gətirib mənim şənimə toxunar. Bura gəlməkdə mənim məramım başqa idi. Budur, bir ildir ki, məndən əlli manat əl borcu alıbsan. Bilmək istərdim ki, o pulu nə vaxt verəcəksən. Pul çox lazım olduğuna görə gəlib səni narahat elədim. Təvəqqe edirəm sabah düzəldib verəsən.
Mirzə Mahmud söz verdi ki, bir növ düzəldib versin. Suraxanski qalxıb əl verdi və dedi:
– Xudahafiz, Mirzə Mahmud, dübarə təvəqqe edirəm çalışıb düzəldəsən, çox lazımdır. Yoxsa istəməzdim. Xudahafiz; o ki qaldı operetta, nə yazarsan özün bilərsən.
Suraxanski getdi. Mirzə Mahmud çox sevİndi ki, sabah şənbədir, qəzetə çıxmayacaq, tənqidi bir növ dəyişdirmək mümkündür. Suraxanskinin də sözünə gülüb dedi: “Sən öləsən, bir il də məndən pul istəməyəcəksən.
Hər dəfə mənə işin düşəndə bu borc məsələsini ortalığa salırsan”.
Bir yandan nahar və üç manat nəqd, bir yandan döyülmə qorxusu, bir yandan əlli manat borcun istənilməsi Mirzə Mahmudu tənqidi dəyişdirməyə məcbur etdi. Sübh tezdən idarəyə gəlib mürəttibdən xəbər alıb bildi ki, hələ tənqid düzülməyib. Köhnə yazdığını alıb, bir ayrı varaq kağız verib dedi:
– Bunu düz!
Yekşənbə günü “Iftira” qəzetəsində operetta xüsusunda belə bir tənqid çap olunmuşdu:
Teatr və musiqi
“Göbəyin ağ dələmə”
Keçən cümə axşamı ən gözəl bir tamaşaya nail olduq. Haman gecə “Sail” cəmiyyətinin opera artistləri tərəfindən bizim milli musiqinəvisimiz cənab Cibgir bəy Xərguşovun təzə qələmə aldığı üç pərdəli “Göbəyin ağ dələmə” adlı operettası səhneyi-tamaşaya qoyulmuşdu.
Operettanın məzmununu yazmaqdan vaz keçib, hər bir görməyənə bu gözəl operettanı hökmən gedib görməyi tövsiyə edirik:
“Şənidən key büvəd manəndi didən!”
Bunu deyə bilərik ki, operettaya tamaşa etdikcə milli teatromuzun, musiqimizin tərəqqisini gün kimi aydın görüb ürəkdən şad olurduq. Yaşasın milli opera! Yaşasın milli musiqinəvisimiz cənab Xərguşov! Operettanı daha da gözəlləndirən artistlərin kəmali-həvəs və məharət ilə oynamaqları idi. Camaatın operettadan məmnuniyyəti bir pa-
Eşitmək hara, görmək hara!
yədə idi ki, əgər artistlər haman operettanı haman gecə təkrar edəydilər, yəqin hamı əyləşib yenidən məsruriyyət ilə dinlərdilər.
Artistlərdən camaatın diqqətini cəlb edən söz yox ki, səhnəmizin zinəti və fəxri olan Qudurğanov cənabları idi. Artistin hər bir hərəkəti camaat tərəfindən ciddi alqışlanırdı. Elə ki üzünü məşuqəsinə tutub bu sözləri oxudu:
“Göbəyin ağ dələmə,
Görmüşəm, düymələmə!
Di qoy, di qoy,
Di qoy, məni yar öldürsün;
Gözləri xumar öldürsün,
Ixtiyarı var, öldürsün!..”
Teatroya bir gurultu düşdü ki, az qaldı divarlar uçub tökülsün. Camaatdan baqqal Kərim, çaqqal Rəhim, saqqal Səlim o qədər əl vururdular ki, axırda hər üçünün ürəyi gedib yıxıldılar, onları faytona qoyub evlərinə apardılar.
Biz İndiyədək səhnələrdə çox operalar və operettalar görmüşük və məşhur artistlərə qulaq asmışıq. Amma ürəkdən deyə bilərik ki, rolları ifa edən Suraxanski cənablarının səsi tək səs heç bir səhnədə, hətta rus səhnəsində də eşitməmişik. Bu artistin oxumağı oynamağından və oynamağı oxumağından qalmaz idi.
Teatrodan çıxıb evə qayıdan vaxt camaatdan bu sözləri eşidirik: “Aya, Qudurğanovsuz və Suraxanskisiz teatroya getməkdə bir ləzzət olarmı?” Həqiqət bu İki vücud tetaromuzun zinətləridir. Qalan artistlər hamısı bəqədriməqdur rollarını keçirtdilər. Xor həmçinin layiqi-təhsin idi. Tənqidi tamam edib “Sail” cəmiyyətindən bu növ operettaların tez-tez səhnəyə qoyulmasını gözləyirik və Xərguşov cənablarından da bundan gözəl təsnifat yazıb səhnəmizi müzəyyən etməsini ümid edirik.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-tenqid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Əvvəlinci məclisHacı Mehdinin otağı nümayan olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaqqabağa*iki döşək püştü ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı*
İkinci məclisHəmin otaqdır. Hacı Mehdinin evində. Həmin qayda ilə döşənmiş, necə ki, əvvəlinci*məclisdə. Hacı Mehdi oturub öz-özünə danışır.*
Üçüncü məclisVaqe olur həmin evdə, ancaq döşənib çox sadə. Hacı Mehdinin ikinci arvadı Güllü*oturub tikiş tikir, öz-özünə danışır.*
Стихи других поэтов
Bu məkanda müşk-ənbər buyu var,Qara gözlüm gəzən yerdir bu yerlər,
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.