Üçüncü məclis
Страница 1 из 2
Vaqe olur həmin evdə, ancaq döşənib çox sadə. Hacı Mehdinin ikinci arvadı Güllü
oturub tikiş tikir, öz-özünə danışır.
Güllü. Vallah, bilmirəm dünyada nə günah eləmişəm ki, Allah məni bu odun-alovun içinə salıb. Qohum-qardaşdan, dost-aşnadan şərməndə eləyib. Bir gün bir qonaq gəlir, vallah bilmirəm ki, qabağına nə qoyasan yesin? İndi bu gün bacılığım gələcək, bilmirəm üzünə necə baxacağam. Kişiyə də Allah insaf verib. Deyəndə, a kişi, qonağım gələcək bu gün, başlayır söyməyə ki, Allah qonağına da lənət eləsin, özünə də. Deyir ki, məni siz dağıtdınız. Yalansa Allah səni dağıtsın, bundan da pis günə düşəsən!
Hacı Mehdi (daxil olur köhnə paltarda, saqqalının yarısı ağ, yarısı qırmızı, çox pis halətdə.) Arvad, yenə nə var, öz-özünə danışırsan?
Güllü. Nə danışacağam, görürsən oturub öz günümə ağlayıram.
Hacı Mehdi. Balam, qəzanın işi belədir. Bizilən deyil ki! Bir vaxt var idi ki, pulumuz da var idi, malımız da, yaxşı hörmətimiz də. Amma İndi fələyin beli sınsın, çərxi tərsinə döndü, düşdük kasıb olduq. Əlbəttə, Allah belə məsləhət görübmüş, eybi yoxdur, Allah kərİmdir. Bəlkə yenə gələcəkdə əlimizə pul gəldi. Kim bilir olacağı? Sən ancaq Allaha şükür elə. (Cibindən çubuq çıxardıb çəkir.)
Güllü. Mən də bilirəm Allah kərİmdir. Sən acından ölmək ilə Allah kərimlikdən düşməyəcək. Hələ bircə gör, bir azca pulun varsa, bir-iki manat ver, bacılığım gələcək, bu günləri görüm ona nə bişirərəm.
Hacı Mehdi. Ay arvad, axır bu nə qonaqbazlıqdır? Gündə qonaq, gündə qonaq. Axır özün görürsən ki, mən lap dağılmışam, tərk olmuşam. Tanrının pendir-çörəyini də tapmayıram yeməyə. Ay biinsafın qızı biinsaf.
Güllü. Mənə nə, istər yavan çörək ye, istər ac qal, o mənim borcum deyil. Arvad saxlayırsan, qeydinə qal. Pulun var-yoxdur, mənim nə vecimə.
Hacı Mehdi. Elə mənim evimi dünyada arvad yıxmadı?
Güllü. Yalansa yediyin, içdiyin iki burnunun deşiyindən gəlsin. İndi ki saxlaya bilmirsən, niyə məni aldın? Nə ölümdü, nə boğazına çatı salıbsan? Ver kağızı, kəbinim halal, canım azad. Çıxım gedim, bəlkə atam evində bir parça çörək yeyim.
Hacı Mehdi. Sən Allah, dəxi bəsdir, ovqatımı təlx eləmə halətimin pis vaxtında. Dur bir az gör nə var, sübhdən acam.
Güllü. Nə var, nə gətirim? Pendir-çörəkdi, sənin canın, nə qədər yeyəcəksən ye.
Hacı Mehdi. Di tez ol qalx ayağa, hər nə verəcəksən ver. Güllü qalxır ayağa. Bir az pendir-çörək, bir qabın içində, gətirib qoyur hacının qabağına, çıxır gedir.
Hacı Mehdi (baxır çörəyə). Ah pərvərdigara, bəndəni nə yaman günlərə salırmışsan. Bir vaxt var idi, mənim pulum, çörəyim həddən aşmışdı. Bir adam yox idi ki, mənim burada çörəyimi yeməmiş olsun. İndi sənə şükür, Allah, məni pendir-çörək ümidinə qoyubsan. Aşna, dost bilmərrə qaçıb dağılıb. Bir ruzigarın bivəfalığına bax ki, dünən gedirəm Hacı Vəlinin evinə, qədimdən aşnadır, küçədən baxıram görürəm, oturub namaz qılır. Gəlib qapını döyürəm, soruşuram, deyirlər evdə yoxdur. Ay dünya, haman Hacı Vəlidir ki, bir çörəyi o məndən, mən ondan ayrı yeməzdik. Qədimdə küçədən keçəndə hər kəs görsəydi məni, ikiqat olub baş əyərdi. Amma İndi görəndə heç salam da vermirlər. Guya məni heç tanımırlar. Ancaq daldan baxıb heyf edirlər ki, ay yazıq Hacı Mehdi, görün nə günə düşüb. Ay dünya, vay dünya... Mənim evimi arvad yıxdı. Axır mənim nəyimə gərək idi iki arvad ki, axırım da belə ola. İndi bir ev əvəzinə iki ev saxlayıram. Bu gün birisinin qonağı gəlir, sabah görürsən o birininki. Birisinə paltar alırsan, o biri qalxır ki, mənə də al. Allah ya məni öldürsün, ya bunları.
Məşədi İman (qapının dalından səsi gəlir). Ay uşaq, hacı evdədir?
Hacı Mehdi. Budur Məşədi İmran da gəlir, İndi pul istəyəcək. Borcluyam, nə deyim? Evdəyəm, buyur, buyur.
Məşədi İman (daxil olur). Salaməleyküm, ay hacı, əhvali-şərif?
Hacı Mehdi. Əleykəssalam, məşədi, buyur əyləş.
Məşədi İman. Xeyr, hacı, əyləşməyəcəm. Amma bir neçə söz deyib gedəcəyəm.
Hacı Mehdi. Buyur sözünü, məşədi.
Məşədi İman. Hacı özün yaxşı bilirsən ki, mən bir alış-verişçi babayam, sənətimiz alqı-satqıdır. Bu gün gərək gedəm yaylağa, kürdlərdən yağdan, yundan yığam. İndi, başına dönüm, hacı, əgər mümkün olsa, bizim o iyirmi manatı iltifat eləyəsən.
Hacı Mehdi. Məşədi Iman, ola bilərmi ki, bir az səbr eləyəsən? Əlbəttə, on günədək hər tövr olsa sənin pulunu, özümdən-özgədən, tapıb verərəm.
Məşədi İman. Xeyr, hacı, dayana bilmərəm, sabah günortaya yola düşəcəyəm. Yoldaşlarım sabah gedirlər, gərək mən də gedəm. Sözün doğrusu, mən dəxi artıq gözləyə bilmərəm. Nə qədər gözləmişəm, bəsdir. Bir ay deyil, iki ay deyil, üç ay deyil. Gör mən necə adamam ki, bu çanacan səbr eləmişəm. Əgər bir ayrı adam olsaydı, gəlib sənin qapının dabanını çıxartmışdı.
Hacı Mehdi. Ay Məşədi İman, heç olmasa iki gün dayan, səbr elə, Allah qoysa gavur borcu elərəm, papağımı sataram, sənin pulunu verərəm.
Məşədi İman. Hər nə isə, hacı, çox yaman adamsanmış. Rəhmətliyin oğlu, pul alıbsan dörd aydır, ver çıxım gedim. Daha sözün nədir axı?
Hacı Mehdi. Məşədi, eyibdir, niyə qışqırırsan? Sənə deyirəm ki, iki günədək pulunu verərəm, daha niyə çığırırsan?
Məşədi İman. Axır məşədi evi yıxılmış başına nə kül töksün! Budur, iki aydır gəlirəm, gedirəm. Deyirsən sabah verərəm, sabah verərəm. (Qayıdır çıxır qapıdan çöldə çığırır.) Rəhmətliyin uşaqları, pulu alanda alırlar, verəndə can çəkirlər. İndi əlac buna qalıb ki, bazara çıxanda tutam əbasını əynindən çıxardam getsin. Mən də bir bihəya adamam.
Hacı Mehdi (gedir qapıdan çağırır.) Məşədi! Məşədi! Bir bəri qayıt. (Məşədi qayıdır içəri.) Məşədi, mənim pulum yoxsa, amma bir az hörmətim var. Mən heç vaxt razı olmaram ki, sənin kimi adam mənim üstümə əl uzatsın. Bir vaxt var idi, deyəndə ki, məşədi, sabah gəl pulunu apar, deyirdin, hacı, niyə tələsirsən, istəyirsən bir aydan, iki aydan, sonra ver. Amma İndi dünyanın üzü qara olsun, bir az əliaşağı düşmüşəm deyibən istəyirsən bazarda mənim əbamı çıxardasan. A kişi, utanmırsan? Eyib olsun, hələ bir çıxıb küçədə də darabara salıb, qonum-qonşuya eşitdirirsən.
Məşədi İman. Ay başına dönüm, hacı. Nə eləyim, mən də bir kasıb adamam. Biz də alış-veriş əhliyik, gərək çörək qazanaq, yoxsa yox?
Hacı Mehdi. Sən bilirəm, məndəki iyirmi manata möhtac deyilsən. Amma irəli gəl, söz deyirəm. (Məşədi İman yeriyir irəli.) Ala. (Cibindən gümüş saat çıxardır.) Ala, tut, hər şeyimi tələf etmişəm, amma bu gümüş saatı İndiyədək atamdan yadigar saxlamışam. Tut, mən razı olmaram ki, sənin kimi adamlar bazarda mənim abrımı töksün. Çünki sənin kimi adamlara çox çörək vermişəm. Al, bu saatı apar sat, pulunu götür. (Məşədi İman dayanır.) Niyə dayanırsan? Nahaq yerə dayanma, al bu saatı. (Saat hacının əlində,
Ələsgər girir içəri.)
Ələsgər. Bu nədir, o saatı ona niyə verirsən?
Hacı Mehdi. Sənə nə, sənin borcun deyil. Bu sən qarışan iş deyil.
Ələsgər. Necə mən qarışan iş deyil? (Məşədi İmana baxır.) A gədə, həyasız, utanmırsan bazar içində hacını biabır edirsən? Ay abırsız namərbud. Bir vədə var idi arşını beş şahıya satdığı çiti hacıya birə iki sırıyırdın. İndi iyirmi manatdan ötrü hacını bazar içində bədnam, rüsvay eləyirsən. A kişi, heç utanmırsan, heç qızarmırsan?! Hacının bu dəli qardaşı ölməyib, sağdır. Elə ki mən öldüm, o vaxt hacının qapısını kəsərsən. Ala, pulunu verim.
Məşədi İman. Ay ağa Ələsgər, niyə acıqlanırsan? İstəyirsən heç almayım. Qurban olsun hacı ilə kəsdiyim duz-çörəyə.
Ələsgər. Sən həyasız bu sözü qabaqca niyə demirdin? Bazar içində ona-buna deyirsən ki, gedirəm Hacı Mehdidən pulumu alım, hərgah verməsə biabır eliyəcəyəm. İndi deyirsən pul Qurban olsun qədim duz-çörəyə. Yalansa qədim duz-çörək gözündən gəlsin! Ala pulunu, (Çıxarıb verir.) Mən yenə gedərəm, alnımın tərin silə-silə yenə qazanaram. Ala, tut.
Məşədi İman. Ağa Ələsgər, acığın tutmasın, pulunu qoy cibinə, sonra hacının pulu olar, verər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-yeyersen-qaz-etini-gorersen-lezzetini-ucuncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.
Bizim yabılığımızMəlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Tənqidə tənqidDüşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.
İki ilİki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib.Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir.
Стихи других поэтов
Məgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
GördümÇəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi