Kənd idarəsinin qarşısında qırmızı örtüklü masa qoyulmuş. Masanın dalında əyləşənlər:
Mirzə Həsən, Koroğlu, Rəhim və bir neçə ispolkom üzvləri. Skamyalarda qoca, cavan
kəndlilər, komsomolçu qız və oğlanlar əyləşiblər.

Koroğlu (ayağa durur). Yoldaşlar! Dumanlı kənd camaatının ümumi iclasını açıq elan edirəm. Müzakirəyə qoyulan iki məsələdir: biri kənd təsərrüfatının ümumiləşməsi və o birisi plan üzrə pambıq əkilməsi. Başqa bir məsələ təklif edən yoxdur?

Səslər. Xeyr, yoxdur.

Koroğlu. Məsələ qəbul olundu. Keçək birinci məsələyə. Yoldaşlar, budur, neçə sənədir ki, Azərbaycanın əhalisi, o cümlədən bizim kəndin əhalisi Şura hökumətinin sayəsində rahat yaşamaqdadır. Bu neçə sənədə hökumətimiz çox zəhmət, mübarizələrdən sonra böyük nailiyyətə çatıb və əhali rahat öz kasıblığına məşğuldur. Bu sənələrin ərzində neçə üsyanlar yatırılıb. Doğrudur, İndi də aramızda tək-tük ziyançılar tapılır. Məsələn, dünən bizim kəndə göndərilmiş pambıq toxumuna neft töküb odlamaq istəyən iki nəfər xuliqan, komsomollarımız tərəfindən tutulmuşdur.

Birnəfərkəndli. Onların özlərinə neft vurub odlanılmalıdır ki, od vurmağın ləzzətini öyrənsinlər.

Koroğlu. Söz yox ki, onlar cəzalarına çatacaqlar. Ancaq əclaflar çiyid yandırmaqla, əkin-biçin maşınlarını sındırmaqla Şura hökumətini yıxmaq istəyirlərsə, səhv etmiş olurlar. Buna “dəvəçiyə it hürməsi” deyirlər. Yoldaşlar, bəylərin, mülkədarların və qolçomaqların yerləri hamısı xalqın malı olubdur. Kəndimizdə nə qədər yersiz füqəra var idi ki, nökərçilik, muzdurçuluqla baş saxlayırdılar, İndi hamısı yer sahibi olmuşlar. Vaxta ki əmlak hamısı kəndlilərin əlindədir, bu əmlakdan kəndlilər hamısı birləşib, birlikdə becərib nəfibərdar olmaları xeyli mənfəətli və yaxşı nəticəli görünür. Bu barədə camaatın rəyini bilmək istəyirik. Hər kəs danışmaq istəyirsə danışa bilər.

Səfiqulu. Mən söz istəyirəm.

Koroğlu. Söz yoldaş Səfiquluya verilir.

Səfiqulu. Yoldaşlar! Əgər biz desək ki, Şura hökuməti ki, işçikəndli hökumətidir, bizim xeyrimizə çalışmayır, yalan və böhtan demiş oluruq. Biz keçmişdə görmüşük ki, üç ev bir qazana möhtac idi. Bunu da görürük ki, hər kəndlinin özünün bir rahatlığı var. Şura hökuməti bizə birləşməklə mülk becərməni təklif edirsə, yəqin bizim xeyrimizi nəzərdə tutur. Ona görə mən güman edirəm ki, burada təsərrüfat ümumiləşdirməyin əksinə gedən olmasın.

Birnəfərkəndli. Biz hamımız ümumiləşməyə hazırıq. İstəməyən özü bilər.

İkincikəndli. Yoldaş Koroğlu, biz üç nəfər burada oturmuşuq. Hacatımız və heyvanımız da var. Mümkündür ki, biz camaata qarışmayıb, hər kəs təklikdə yerimizi becərək və məhsulumuzu da yenə xalq kimi hökumətə sataq. Necə ki, İndiyədək satmışıq.

Koroğlu. Yoldaş, ümumiləşmək məcburi deyil. Məcburi olsaydı, sizi buraya çağırmazdılar. Ancaq ümumiləşmənin böyük faydası var. Siz ki, istəyirsiniz təklikdə işləyəsiniz, bir-iki ildən sonra ümumiləşməyin faydasını anlayıb, gəlib xalqa qarışacaqsınız.

Səslər. Yaxşı işdir. Şura hökuməti məsləhətsiz işi təklif eləməz. Hamımız razıyıq.

Mirzə Həsən. Yoldaş Koroğlu, mənə söz verin.

Koroğlu. Söz verilir yoldaş müəllim Mirzə Həsənə.

Mirzə Həsən (durur). Yoldaşlar, budur neçə sənədir ki, mən sizin kəndinizdə müəllimlik eləyirəm. İndiyədək məndən bir xəyanət görübsünüzmü?

Səslər. Yox, yox... Yaşasın əziz müəllimimiz Mirzə Həsən!

Mirzə Həsən. Yoldaşlar, Şuralar Ittifaqının hər yerlərində kənd təsərrüfatı ümumiləşmiş və bundan da həm camaat, həm hökumət üçün böyük faydalar hasil olur. Hökumət sizə toxum verəcək, lazım olsa, istəsəniz pul və mal da verəcək. Siz yerlərinizi indiyədək öküz gücü ilə əkirdiniz. Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Öküzlə iki gündə bir hektar yer əkirsiniz. Traktorla bir hektarı iki saatda əkəcəksiniz və bu yerdə sizə kömək edən sizin öz balalarınız olacaq. Keçmiş zamanda uşaqlarınız üç il oxuduqdan sonra məktəbdən buraxılırdılar. Buraxılanlar həm savadsız olurdular və həm də kənd işlərinə yaramırdılar. İndi isə uşaqlarınız yeddi il oxuduqdan sonra gedib iki il də sənət öyrənirlər. Əkinçilik işlərində də mahirləşirlər və işləmək üçün də kəndə qayıdırlar. Biri İsrafil oğlu İmran, məktəbi qurtardıqdan sonra slesarlıq öyrənib gəlmiş.

Səslər. Sağ olsun, sağ olsun!

İmran. Yoldaşlar, bu günlərdə burada bir böyük emalatxana açılacaq. Orada mən və bir neçə yoldaşlarım hacatların təmirinə məşğul olacağıq. Kotanın sındı, biçin maşınımı, arabamı sındı, hamısı orda düzəldilib təzədən işə salınacaq. Daha keçmişlər kimi bir sınıq kotanı otuz-qırx verst həftəbazarına aparmayacaqsınız. Hamı sınıq-söküklər kəndinizin içərisində düzələcəkdir. Bunların hamısı Şura hökumətinin camaatın rahatlığı yolunda çalışmasıdır.

Səslər. Yaşasın Şura hökuməti!

Mirzə Həsən. Yoldaşlar, mən sözümü qurtarmadım. Şura hökuməti işçi-kəndlilərin hökumətidir. Onun hər bir tədbirləri işçi və kəndlilərin səlahi yolundadır. Ona görə Şura hökumətinin təkliflərini ürəkdən yekdil, yekcəhət alqışlamalıyıq.

Səslər. Hamımız razıyıq! Sağ olsun Şura hökuməti! Sağ olsun Mirzə Həsən!

Koroğlu. Yoldaşlar, məsələ hamı üçün aydındırmı?

Səslər. Aydındır, aydındır.

Koroğlu. Ümumiləşmək istəyənlər bu gün iclasdan sonra idarədə adlarını yazdırsınlar.

Səslər. Baş üstə. Baş üstə.

Koroğlu. İndi keçək ikinci məsələyə. Yoldaşlar, siz bilirsiniz ki, bundan əqdəm Rusiyada böyük fabriklər və zavodlar var idi. Bu fabriklər çit toxumaq üçün lazım olan pambığı başqa vilayətlərdən gətirirdi, çünki məmləkətdə bitən pambıq fabriklərin ehtiyacatının yüzdən birini ödəmirdi. Hökumətimiz, işçi-kəndli hökuməti olduğundan, pul da işçi-kəndlinin puludur. Hökumət xalqın qızıllarını aparıb əcnəbilərin ciblərinə doldurub pambıq gətirməyi istəmir. Ona görə hökumətimizin səyi ilbəil pambıq əkininin qədərini artırıb ölkəmizdəki fabriklər üçün kifayət edən qədər pambığı ölkəmizdə əkdirməkdir. Plan üzrə bizim kənd gərək səkkiz yüz əlli hektar pambıq əksin. Bunu siz bacara biləcəksiniz, ya yox?

Cavanlar. Bacararıq, bacararıq!

Qoca kəndli. Yoldaş Koroğlu, izin ver, bir söz də mən deyim.

Koroğlu. Buyur, buyur.

Qocakəndli. Yoldaş Koroğlu, Şura hökumətinin xahişlərinə əməl etməyə və yolunda canımızdan da keçməyə hazırıq. Ancaq səkkiz yüz əlli hektar pambıq əkməyə bizim gücümüz çatmaz. Bunun yarısını əkə bilsək, böyük hünər eləmiş olarıq. Bir nəfər komsomolçu. Yoldaş Koroğlu, mənə söz verin!

Koroğlu. Buyur.

Komsomolçu. Mənim bir təklifim var. Hökumətin qərarına görə biz səkkiz yüz əlli hektar pambıq əkməliyik. Bu plana qarşı olaraq mən min iki yüz hektar pambıq əkilməsini təklif edirəm.

Yığıncaqda hərəkət.

Komsomolçular (əl çalırlar). Sağ ol, sağ ol... Min iki yüz hektar!

Səslər. Razıyıq, razıyıq!

Qocakəndli. Canım, boş qışqırmağın yeri yoxdur... Yorğanınıza görə ayaqlarınızı uzadın. Gücünüz çatmayan işə nə üçün girişirsiniz?

Komsomolçu. Əkərik, görərsən. Biz cavanlar hamımız işləyəcəyik. Kəndin cavan oğlanları və qızları hamısı köməyə gələcəklər.

Komsomolçuqız. Hamımız hava gələcəyik. Lazım olsa gecələr də işləyəcəyik.

Komsomolçu. Lazım olsa sair yerlərdən də komsomolçu yoldaşları köməyə çağıracağıq.

Koroğlu. Yoldaşlar, mən iki təklifi səsə qoyuram. Səkkiz yüz əlli və ya min iki yüz hektarmı? Hər kim min iki yüz hektarın tərəfdarıdır, əlini qaldırsın. (Bir neçə adamdan savayı hamı əllərini qaldırır.) Əksəriyyətlə qəbul olundu. İkinci təklifin səsə qoyulmasına ehtiyac yoxdur. (Camaat əl çalır.) Yoldaşlar, hər bir ehtiyatımız hazırdır. Sabahdan işə girişilməlidir.

Səslər. Hazırıq, hazırıq.

Əl çalırlar.

Koroğlu. İclası qapalı elan edirəm.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов