Mahnılar
Dağlar daşdı, qayadı,
Gün üfüqü boyadı.
Bizim ellər sevərlər
Həm aşnanı, həm yadı.
İstər bahar, istər qış,
Dağa vurar min naxış.
Dünya görmüş sərabsa,
Gənclik qızıl röyamış.
Əzizim ey, gün batdı,
Gecə gəldi yel yatdı,
Yusif kimi igidi
Bir yumağa kim satdı?
Qar, ağ güllü çəməndir,
Tanrı, bir qar ələndir.
Qar zənginə ipəksə
Yoxsullara kəfəndir.
Gecə zülmət, mənzil dar,
Qapı-baca qardır, qar.
Ölüm, qapı açıqdır
Çılpaqları gəl apar.
İşıq yoxdur fələkdə,
Un qalmamış ələkdə,
Qara ölüm gəlibdi
Qapıları döyməkdə.
Lampada yağ qalmayır,
Şair fikrə dalmayır.
Ay dünyayı bəzəsə
Bizə işıq salmayır.
Yad bəzədi ordusun,
Qırğın salıb tökdü xun.
Fələk, çərxin qırılsın
Günəş, odun sovusun.
Qırpıq gözə ox dəyər,
Nadan bütə baş əyər,
Tülkü qurddan qorxanda
Quyruğunu tərpədər.
Bu dünyanı ay bəzər,
Suda işıqlar gəzər.
Bəzən zülmət içində
Könül aydınlıq sezər.
Qayalar yalçın-yalçın,
Sel suyu axın-axın,
Uçurum ağız açıb:
Atını sürmə, sakın!
Sahir gecə yatmazmış,
O, elini atmazmış,
Xəlqin isti aşına
Soyuq sular qatmazmış.
Analar qara geyib,
Bəzənib şah arvadı.
El-oba yas içində,
Toy-düyün saraydadı.
Qopubdur qara tufan,
İstidir qorxunc Tehran.
Bir neçə ölüm hökmü,
İmzalayır namərd sultan.
Ay söndü, ulduz batdı,
Karvan yükünü çatdı.
Namərdlər bir gecədə,
Vətəni yada satdı.
Yüksəlməz, mədh etsələr,
Şairlər bir o başı,
Namərdin qulu quldur,
Günəşə çatsa başı.
Ulduzlar gümüş xaldı,
Ay suya işıq saldı.
Gözlədim, gəlmədi yar,
Gözlərim yolda qaldı.
Keçdi son qəmli gecə,
Ulduzlar da batdılar.
Dan yeri işıqlandı,
Məhkumu oyatdılar...
Qar əridi, axar sular lilləndi,
Çay-çəməndə öcək-böcək dilləndi.
Bağ-bağçada yenə badam gülləndi,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Kim alnına qara yazı yazandı?
Az ömürdə qara günlər uzandı.
Bura qürbət, nə “Lalə”, “Şamqazan”dı¹
Hanı yurdlar, hanı ellər, hanı yar?
Gün qızardı, sular oldu zərnigar,
Daşdan-daşa çaldı bizi rüzigar.
Yağış yağdı, yenə gəldi ilk bahar.
Hanı yurdlar, hanı ellər, hanı yar?
İllər boyu zülm gördük qulaq as,
Əsir olduq, toy düyünlər oldu yas.
Boyundakı zəncirləri basdı pas,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Hankı ocaq keçdi, hankı odlandı?
Şer, qəzəl dəftərləri tozlandı.
Demək, “insan hüquqları” yalandı!
Hanı yurdlar, hanı ellər, hanı yar?
Qar əridi, sel suları atlandı,
Dəli könlüm hər dərdlərə qatlandı.
Yazıq cismim iynələrə saplandı...
Hanı yurdlar, hanı ellər, hanı yar?
Əkinçi əliylə dağ ətəyində
Payızda əkilən cavan gilənar.
Baharda bəslər bar, ağ çiçəyində
Yayda meyvə verər qırmızı gilənar.
Çəkilən əməklə açılar güllər,
Dalğalanar çöldə sarı sünbüllər,
Bağlarda göyərən ətirli gülpər
Aydınladıb gözü, könülü oxşar.
Palçıq daxmalarda böyüyən qızlar,
Yabanı çiçəklər, sarı ulduzlar,
Yağışlı payızlar, günəşli yazlar,
Bu qara torpağı edərlər gülzar.
Onlar ki, dünyadan çox tez köçərlər,
Xırmanları döyüb, buğda biçərlər,
Qara çörək yeyib, şor su içərlər,
Bir gün kor yuxudan olarlar bidar.
Səhər nəsimilə güllənən otlaq,
Çəməndə açılan süsəni, zanbaq,
Dünyanı bəzəyən əməkdir, ancaq,
Olmazsa qara qış, güllənməz bahar.
Dağlar daşdı, qayadı, gün üfüqü boyadı,
Bizim ellər sevərlər həm aşnanı, həm yadı.
İstər bahar, istər qış, dağa vurar min naxış,
Dünya görmüş Sərabsa gənclik qızıl röyaymış.
Əzizim, ey gün batdı, gecə gəldi, yel yatdı,
Yusif kimi iyidi, bir yumağa kim satdı?
Qar ağ güllü çəməndir, Tanrı, bir qar ələndir!
Qar zənginə ipəksə, yoxsullara kəfəndir.
Gecə zülmət, mənzil dar, qapı-baca qardır, qar,
Ölüm, qapı açıqdır: – çıplaqları gəl apar.
İşıq yoxdur fələkdə, un qalmamış ələkdə,
Qara ölüm gəlibdi, qapıları döyməkdə.
Lampada yağ qalmayır, şair fikrə dalmayır,
Ay dünyanı bəzəsə, bizə işıq salmayır.
Yad bəzədi ordusun, qırğın salıb, tökdü xun!
Fələk, çərxin qırılsın! Günəş odun sovusun!
Qırpıq gözə ox dəyər, nadan bütə baş əyər,
Tülkü qurddan qorxanda, quyruğunu tərpədər.
Sahir gecə yatmazmış, o elini atmazmış,
Xəlqin isti aşına, soyuq sular qatmazmış.
Bu dünyanı ay bəzər, suda işıqlar gəzər,
Bəzən zülmət içində, könül aydınlıq sezər.
Qayalar yalçın-yalçın, sel suyu axın-axın,
Uçurum ağız açıb, atını sürmə, sakın!
¹ Kənd və yer adlarıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-mahnilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Gül bülbüle müsellem ola hâr eğer çıhaDünyâ münevver ola bize yâr eğer çıha
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Sərü hər muydə min aşiqi nalanın varДа, тысячи влюбленных есть и в самом деле у тебя!О, неужели столько душ в прекрасном теле у тебя?
NişanasıDuman, çiskin qalxdı ərşi-səmaya,Görünmür gözümə dağ nişanası,