Təbriz,Ərk qalası,Tənha bir çinar.Yaralı gövdəsi cadar-cadardır.Susar, için-için kövrəlib, ağlar.Onun da nisgili, həsrəti vardır.

Boylanar yollara hər axşam, səhər,Fikri pərişandır, saçı pərişan,Nədir varlığını çulğalayan kədərOnun da, mənim tək ürəyi şan-şan.

Övlad həsrəti var, qoca çinarın,O uzaq yollara dalğın baxsa da,Əyilməz qaməti uca çinarın,Başının üstündə şimşək çaxsa da.

Yüz yerdən ürəyi paralansa da,Arzular onu da yaşadır hələ.Budaqlar güllədən yaralansa da,Bircə dərdini də gətirmir dilə.

Hanı kölgəsində oynayan o qız?Nənəmdir, anamdır yaralı çinar.Bir görüş diləyər dünyada yalnız,Öz şair qızından aralı çinar.

Min dastan söyləyir pərişanlığı,Dağlar bərabəri ucalmış başı.Tufanlı keçmişdir gur cavanlığı,Axmışdır qəlbinə acı göz yaşı.

Təbriz, Ərk qalası, tənha bir çinar,Gələni qarşılar, gedəni izlər.Qəlbində, köksündə sonsuz intizar,Boylanar yollara yolumu gözlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов