Azərbaycanın
Axdı qulağıma dan söküləndəÇoban bayatısı Azərbaycanın.Üfüq qızaranda, Günəş güləndəBaşqadır səfası Azərbaycanın.
Aranı dolaşdım, dağı dolaşdım.Bu yurddan, o yurda neçə yol açdım.Qışın çilləsində zirvələr aşdımBaşımda sevdası Azərbaycanın.
Hər odlu sinədə bir geniş ürəkÖpdüm balaları balalarımtək.Nə qədər mənimlə kəsdi duz-çörəkCavanı, qocası Azərbaycanın.
Çaylar dərələrdən şütüyüb gedir,Sellər palıdları döyüb titrədir.Ürkək maralların görüş yeridirYamyaşıl talası Azərbaycanın.
Çölləri, düzləri çiçək-çiçəkdir,Hər çiçək bir çeşid, bir təzə rəngdir.Xınalar, boyalar içində təkdirXınası, boyası Azərbaycanın.
“Çiçi”, “Pirəbədil” dillər əzbəri;Toxudu xalqımın öz gözəlləri.Gəzdi ölkələri, gəzdi elləriİpəyi, atlazı Azərbaycanın.
Babalar zövqlə yaratdı, getdi,Dəmiri qaynadıb, misi əritdi,Şərqi heyran qoyub, Qərbi mat etdi,Bəzəkli dolçası Azərbaycanın.
Tək deyil Nizami, o böyük insan,Nəsimi ömrü də bir canlı dastan.Çıxıb əsrlərin imtahanındanYüz sənət ustası Azərbaycanın.
Füzuli həsrəti tutdu aləmi,Yaşadı Vaqifin sevinci, qəmi,Könülsüz könüllər fəth edərdimiQəzəli, qoşması Azərbaycanın?
Azmı göydən yerə od ələnibdir.Şadlıq sükut edib, kədər dinibdir.Bir dövrün hökmüylə bəstələnibdirBir ana laylası Azərbaycanın.
Daşlar naxış-naxış qaralı, ağlı,Naxışlar necə də qollu-budaqlı.Bir qalın kitabdı sirli, soraqlıHər qədim qayası Azərbaycanın.
Güllər alışdıqca ulduzlar kimi,Şırşırlar oxuyur nəğməkar kimi.Durur babalardan yadigar kimiCavanşir qalası Azərbaycanın.
Qəzəbi tufandır, sevinci dəniz.Vicdanı boyasız, eşqi ləkəsiz,Günəşlə yaşıddır, gündüzlə əkizHəyat simfoniyası Azərbaycanın.
Döyüşdə büdrəyib cəngdə pozulmaz,Girsə hər meydana tək də pozulmaz.Çətində boşalıb, bərkdə pozulmazQardaşlıq dünyası Azərbaycanın.
Cəfər səhnəmizin zinəti oldu,Üzeyir musiqi şöhrəti oldu.Vurğun qələminin qüdrəti oldu,Nəriman – dühası Azərbaycanın.
Başıma qaxıncmı, başımın dəni?..Ağrılar, acılar sarsıtmaz məni.Hələ indən belə yüz il HüseyniYaşadır havası Azərbaycanın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-azerbaycanin
Клавиши ← → для перехода, R — случайное стихотворение