Qaralmış üfüqlər qaşını çatır,Sıxlaşır başımda ağır fikirlər.Torpağın qoynuna sığınıb yatır –Qəbələ adlanan qədim bir şəhər.

Nə yolları durur, nə küçələri,Dayanıb hərəkət, kəsilib işıq.Qala qapısından keçib içəri,Bu gündən dünənə yaxınlaşırıq.

Açsa da ağzını od nəfəsli yay,Gəzirik bilmədən yorğunluq nədir.Yenə əvvəlkitək axıb gedir çay,Təbiət – hər şeyə o, biganədir.

Susmuş qədim şəhər, susmuş ömürlük,Nə alan, nə satan, nə bazar qalıb.Canlı bir insanda, cansız bir üzük,Böyük bir binadan bir divar qalıb.

Pullar səpələnib küncə, bucağa,Sağımız, solumuz oyuq-oyuqdur.Minillik bir küpə çıxır qabağa,Bir qulpu tapılıb, bir qulpu yoxdur.

Çıxmışam seyrinə sirli aləmin,Hər daş parçasının öz yazısı var.Cəlb edir fikrini cavan alimin,Saxsı qablardakı əlvan naxışlar.

Nəsillər dil açıb verir səs-səsə,Burda illər nədir, əsrlər nədir...Başımız nə qədər yüksəklərdəsə,Kökümüz o qədər dərinlərdədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов