Hökmdar hökmü
Cahan Pəhləvan şəhərin rəisi ilə uzun-uzadı söhbətinə yekun vurub dedi:
– Hər halda, mən deyənləri xatirində saxlamağa dərrakən çatar... Əgər hafizənə etibarın yoxsa mən Naxçıvanı tərk edəndən sonra dediklərimi bu da təkrar-təkrar sənin yadına salar, – çiyini üstündən dönüb dəbirə baxdı və dediklərini yazmağa onu hazır görüb sözünə davam etdi: – Bu başdan deyim ki, Naxçıvanı hələlik tərk etmək fikrində deyiləm, amma vəziyyət elə bir məqam gəlib çatıb ki, mən qoşunun az hissəsini burada qoyub, çoxuynan Həmədana hərəkət etməliyəm. Oradan da Təbrizə... Doğrudur, mən Həmədanı hələ ki, rəsmən Eldəgəzlər dövlətinin paytəxti elan etməmişəm, amma vəziyyətdən asılı olaraq gah ordan, gah burdan hakimliyimi icra etmək niyyətindəyəm... Bütün bunlara baxmayaraq, Naxçıvan Eldəgəzlər xanədanı baş şəhəri olaraq qalır. Buna görə baş şəhərin rəisi də öz vəzifəsini vaxtında icra etməli, sərvaxt olmalıdır. – Bir an fikrə getdi, topa saqqalına bir neçə dəfə təh verəndən sonra dəbirə baxıb dedi: – Yaz... Əvvəlinci tapşırığım, daha doğrusu, hökmüm: Xanədana baxan kəndlərin hamısından toplanası taxıl axırıncı batmanın kimi yığılmalıdır. Keçən illərin borcunu da hər bir kəndli ödəməlidir. Bilirsən ki, taxılın onda biri dövlətə çatır, amma ötən il heç on beşdə biri də anbarlara gəlməyib. Gələn il quraqlıq gözlənilir. Qış sərt keçməyib...dağlarda qar yoxdur... çaylarda su azdır... Onu da kənd əhlinə başa salmaq gərəkdir ki, taxıl vergisinə heç vaxt güzəşt olmayıb, olmayacaq. Və bu barədə atabəy-əzəm hələ sağlığında xüsusi fərman sadır etmişdir və mən o fərmanı heç vaxt ləğv etmək niyyətində deyiləm. Çünki çörək ölüm – dirim məsələsidir... Dövləti, ölkəni çörəksizlik nüfuzdan salar, kişini çörəksizlik cayiiz edər. Həm də ac qılınca çapar deyiblər ha!.. – Cahan Pəhləvanın eyhamını deyəsən rəis başa düşdü. Başını mənalı-mənalı silkələyib dəbirə baxdı.
– İkincisi... şəhərin abadlığına, təmizliyinə daim diqqət yetir.
– Bu dəfə hökmdar həqiqətən əmr etdi və şəhər hakiminə barmaq silkələdi:-Sənin heç vaxt unutmağa, yaddan çıxarmağa haqqın yoxdur ki, mərhum atabəy-əzəm ömrünün çoxunu bu şəhərdə bu şəhərdə hakimlik edib və bu şəhərdə rəhmətə gedib... Səhv etmirəmsə, bir vaxt bu yerlərə “Naxçıvan şahlığı” deyiblər, düzdür? – Yenə dəbirə baxdı.
– Düzdür, hökmdar,-dedi dəbir. – Dülafülərin vaxtında həqiqətən şahlıq olub bu yerlər.
Cahan Pəhləvan bu sözləri razılıqla qarşıladı.
– Eldəgəzlərin vaxtında isə daha şahanə olmalıdır... Gərək ki, bu da düz ola? – Bu dəfə rəisə baxdı. Bayaqdan hökmdarı diqqətlə dinləyib sözlərini yalnız başı ilə təsdiq edən rəis dil açıb:
– Siz buyurandı, – dedi, hökmdar həzrətləri.
Cahan Pəhləvan taxtdan dikəldi, başını yuxarı qaldırıb pişgahın tavanın xeyli nəzərdən keçirdi. Aydın idi ki, fikrini bir yerə cəmləyir və verəcəyi növbəti tapşırığı saf-çürük edir.
– Üçüncü tapşırığımı... Mənə xeyli şikayət gəlib ki, şəhərdə kəhrizlər bir-bir batıb qeyb olur... Su heç vaxt qeyb olmaz, bu gün bir yerdən batırsa, sabah başqa yerdən qaynayıb çıxmalıdı.. Şəhərin ki, kifayət qədər suyu olmadı, daha ora niyə şəhər desinlər? Təkcə şəhristana yox, rəbatlara da şəhərin lap ucqar məhəllələrinə də su verilməlidir... Özü də ilin bütün fəsillərində. Kəhrizlərin hamısı bərpa olunmalıdır. Muzdunu isə ayrıca fərman verəcəm, beytülmaldan ödəyəsiz. Aydındı? – Sual şəhərin rəisinə verilirdi. – Bəli, aydındır. – Onun da cavabı çox qısa oldu.
– İkinizə də məlumdur ki, Əxilik Azərbaycan atabəylər dövlətinin nöqteyi-nəzəridir, mərhum atabəy-əzəmin amalıdır, məqsədidir. – Əvvəlcə, dəbirə, sonra isə rəisə baxdı. – Azərbaycan atabəylər dövlətinin hesabına başını çiyini üstündə saxlayanın ixtiyarı yoxdur ki, bu məsləkə xor baxa, onu gözümçıxdıya sala... Mən də əxiyəm, sən də əxisən, – rəisə işarə etdi, o da əxidir. – Dəbiri göstərdi.
– Belə olduğu halda kimin haqqı var ki, əxiliyə arxa çevirsin. Bunu əvvəllər sənə irad tutmuşam, indisə bir hökmdar kimi sən rəisə əmr edirəm: əxiliyə kim arxa çevirərsə... yaxud isbat olunarsa ki, əxiliyin düşməni kimdir, o, vaxtında və ən ağır səzaya məhkum olmalıdır. Təbəə itaətdən çıxanda gərək cəbrə əl atasan... Niyə elə baxırsan? – Rəisdən soruşdu və dərhal özü də cavab verdi: – Naxçıvanlıların sakit, səbrli olmaları səni aldatmasın, onların səbr kasası daşanda üzlərini görmə... çox amansız olurlar... Və heç nəyi güzəştə getmirlər. Bir növ, köhlən ata bənzəyirlər, mənzilə çatdıqca qızışırlar... Bu da hər kişinin işi deyil, nər kişinin işidir... İzahata ehtiyac var?
– Xeyr. – Şəhər rəisinin bu dəfəki cavabı da çox qısa oldu.
Cahan Pəhləvan ani fikrə getdi, sonra üzünü dəbirə tutub dedi:
– Sonra fikrindən çıxar... Bu məsələ barədə dediklərimi bir fərman şəklinə sal, vəzir Sədəddin Əsəd sabah Gəncədən qayıtmalıdı, ona göstər, sonra xanədana tabe olan bütün şəhərlərin rəislərinə, əmirlərinə göndərin... Biz əxiliyi Azərbaycanda, bütün Arranda hifz edib qorumalıyıq!
– Baş üstə, hökmdar.
Cahan Pəhləvan yenə fikrə getdi, sonra alnını ovuşdurub söhbətinin ardını dedi:
– Mən şəhərdən çıxandan sonra əyləşib əməlli-başlı götür-qoy edin... Bu günlərdə ovdan qayıdanda, dəbir də təsdiq edər, cavan bir çobanla söz-söhbət mənə çox şey deyib. (Nədənsə Əli Şimşəklə söhbətini gizlətdi). Deyib ki, bizim çox igid oğullarımız var. Gərək biz igidlərin qədrini bilək... Deyəsən hər qayanın dibində bir Babək böyüyür, amma bizim xəbərimiz yoxdur. – Cahan Pəhləvan əvvəlki sözünü təkrar etdi: – Bir də əməlli-başlı götür-qoy edin, necə edəsiniz ki, Əli Şimşəyi yola gətirəsiz. Bəlkə yanına sözü ötkəm bir adam göndərəsiniz... Həm də nə yolla istəyirsiniz başa salsın ki, padşah padşahdı, rəiyyət rəiyyətdi. Mənim qaçaq-quçaqla çiling-ağac oynamağa yoxdur. Elə olmasın ki, üstünə qoşundan əsləhəli əsgərlər göndərim. – Hökmdar bu dəfə ara-vermədən başqa bir məsələyə keçdi və səsinin ahəngini dəyişərək bir az mülayimcəsinə dedi: – Hər şeyin uğurlu çıxması, uvand olması bünövrədən asılıdır. Bünövrə ki, möhkəm qoyuldu, arxayın olmaq olar ki, bu iş baş tutacaq, əməlli-başlı icra olunacaq... Biz Mömina xatun ananın sərdabəsinin təməlini qoyduq... Bayaqdan əmr edirdim, indicə rica edirəm. Elə elə ki, iş bir gün də dayanmasın. Bilirəm ki, Naxçıvanın qışı sərt keçir, həmin aylarda işləmək olmaz. Heç buna Əbubəkr oğlunun özü də razılıq verməz. Dünən sizinlə birlikdə baxanda yəqin etmişəm ki, zərgər işi görməyə girişib. Mən bu əqidədəyəm ki, onun əlindən bu dəfə daha çox səliqəli bir iş çıxacaq. Bəlkə mən səhv edirəm? – Yenə əvvəlcə rəisə, sonra dəbirə baxdı. Rəis dinmədi. Dəbir hökmdarın dediklərini dərhal təsdiq etdi:
– Qətiyyən yox! Hökmdar, yüz kərə, min kərə haqlısınız. Əlacsız qalan rəis də bircə kəlmə “əlbəttə” deyib susdu.
– Şəxsən sənə tapşırıram, az vaxt içərisində Naxçıvanın seçmə, dəliqanlı, igid cavanlarından yaxşı bir süvari dəstəsi təşkil edəcəksən... Lazım olacaq.
Baş üstə
– Şəxsən sənə yenə tapşırıram. – Cahan Pəhləvan şəhadət barmağını düz rəisin gözünün içinə tuşladı. – Sərdabə tikilib qurtarana kimi Əbubəkr oğlunun başından bir tük əskik olsa... başınla cavabdehsən...
Dəbir fikirləşdi: “Sərdabə tikilib qurtara kimi” niyə? Belə çıxır ki, Əcəmi saraya lazım olana qədər qiymətlidir?..
Elə bil hökmdar da onun fikrindən keçənləri bilib sözünə davam etdi:
– Ona görə “sərdabə qurtarana kimi” deyirəm ki, biləsən bu dəfə rəisin düz gözlərinin içinə baxdı. – Əbubəkr oğlu sərdabənin tikilisinə başladığı gündən saray xidmətçisidir, dövlətin tapşırığını yerinə yetirir.
Son sözlərini çox ötkəm desə də, Cahan Pəhləvanın “Sərdabə tikilib qurtarana kimi” ifadəsi dəbirin ürəyinə şübhə saldı.
Cahan Pəhləvan nə fikirləşdisə birdən söhbətinin yönünü dəyişdi:
– Mən qoşunu Həmədan ətrafında yerləşdirmək niyyətindəyəm. İstəyirəm orada da bir müddət təlim keçəm, sonra Təbrizə yürüş edəm.
Cahan Pəhləvan rəisin fikrini öz yürüşündən yayındırmaq niyyətində idi. Bir həftə əvvəl Səddədin Əsəd dəbirə demişdi ki, hökmdar qoşunu Marağadan keçirib birbaşa Təbrizə daxil olmaq fikrində deyil. Qoşuna Urmiya gölünün quzeyində Azərşəhr ətrafında dinclik verəcək. Böyük oğlu Abubəkr Həmədandan gələcək. Onun gətirdiyi qoşunla birləşib Təbrizi götürəcək... Əgər vəziyyət tələb edərsə qardaşı Qızıl Arslana əmr edəcək, o da öz qoşununu arxadan Fələkəddin Əhmədin üstünə yeritsin...
– Hə... Mənim dediklərim dövlət tapşırığıdır, padşah vəsiyyəti deyil...
Rəis əl-ayağa düşdü.
– Allah eləməsin, hökmdar! Bu nə bədgümanlıqdır?..
Cahan Pəhləvan bir müddət dinmədi, nəzərlərini yenə pişgahın tavanına zilləyib fikrə getdi, sonra nədənsə ah çəkdi. Onlar hökmdarın ah çəkməsini birinci dəfəydi ki, görürdülər. Cahan Pəhləvan əlavə nəsə demək istədi, ancaq fikrindən daşınıb dinmədi, əli ilə işarə etdi ki, mürəxxəs ola bilərsiz...
* * *
Səhərisi Günəş hələ Elalnı dağının arxasından boylanmamış, gözəl samalını sayı-hesabı bilinməyən aşiqlərinə göstərməmiş, Bağdada duz aparmaq üçün Duzdağdan enən karvandakı dəvələrin ovsarını sahibləri dartıb günbatana kimi gözləməli oldular. Onlar Araza tərəf böyük bir qoşunla hərəkət edən Cahan Pəhləvanın süvarilərinə yol verirdilər...
Cahan Pəhləvanın ardı-arası kəsilməyən qoşunu yollarda toz qaldıra-qaldıra Culfaya, oradan da Təbrizə gedirdi.
Qoşunun önündə yenə də ağ kürənin bərli-bəzəkli yəhərində dava libası geymiş hökmdar özü əyləşmişdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-hokmdar-hokmu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...
Yollar, yollar...Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...
Xufdən söhbətiNaxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.
Bu xatirə Əcəmi dilindəndirGecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...