Страница 1 из 2

– Ə, nətərsən, ə?

– Necə olacağam? Demək olar ki, pisdən pis!

Gödəkboy dərban əvvəlcə burnunu çəkdi, sonra sinəsini qaşıdı. – Bu il lap cızdağım çıxır, quruyub qarağac qabığına dönmüşəm. Az qalır qohum-əqrəba da tanımasın məni.

– Ə, demə, demə! – Mühafiz astanadan içəri adladı, əlindəki nizəni divara söykədi, başından məqfərini götürüb divardakı balaca taxçaya qoydu. Daz başındakı bir qom tükə tumar çəkib siçanquyruq sarı bığını eşdi. – Olmaz Naxçıvanın yayından!

– Bu il havalar yaman isti keçəcək...

– Ə, keçəcək, nədir, keçir də!

– Deyir bir alim deyib ki, Naxçıvan beşiqlimli məkandı... yəqin yayın bu istilərini nəzərdə tutub həmin sözləri deyəndə. Demək olar ki, kizi özü də çox doğru müəyyən edib. – Dərban əbasının cibindən tütün kisəsini çıxarıb demisini doldurdu, qovla alışdırıb tüstüsünü sinəsinə sümürdü. – Az qalır yer-yürd od tutub yana...

– Kəndimizdən gələn var idi. – Mühafiz asta-asta dedi. – Dünən qeysəriyyədə rastlaşdıq. Bir az ayın-oyun gətirmişdi satmağa... Yazıq kişi az qalırdı qan ağlasın. Deyir od-alov kənddə bütün əkini-qükünü yandırıb-yaxıb. Deyir arpa da, buğda da vaxtından əvvəl sütül-sütül tökülüb torpağa. Dəmyə yerlərdəki əkindən əsər-əlamət qalmayıb... Ot-mot da tamam-kamal quruyub. Günü qara kəndli nə eləsin?.. Özü nə yesin, mal-davarına nə yedizdirsin... əyalına, uşağına nə versin?

– Mühafiz yana-yana deyindi: – Hələ üstəlik deyir Şəmsəddin oğlu Həmədana yola düşəndə rəisin üstünə barmağını silkələyib ki, bu il taxıl vergisini tamam-kamal yığıb ambarlara doldurmasan özündən küs. İkinci kərə Həmədandan Naxçıvana qayıdanda dərinə saman təpəcəyəm. – Mühafiz cibindən yekə güllü bir parça qırığı çıxarıb tərini sildi, sonra daz başındakı bir qom tükə tumar çəkdi.

– Başqa kəndləri demirəm, amma onu bilirəm ki, Əli Şimşəyin qorxusundan rəis Əlincə ətrafındakı kəndlərin camaatına yaxın düşə bilməz. Darğalar qorxularından həmin kəndlərin yan-yörəsindən keçə bilmirlər. – Dərban həmsöhbətinə ürək-dirək vermək istədi, onu fikirli görüb əlavə etdi: – burada deyiblər da qışda yorğansız, yayda ayransız kəndli. – Özü də bilmədən mühafizin yaralı yerinə toxundu.

– Ə, İman, ayran dedin, kəndimiz yadıma düşdü... İndi ola burada qara qoyunun südündən çalınan qatıq, bir səhəng də Dağdağanlı bulağın buz kimi suyundan.

– ”Qızlar bulağı” nın suyundan olsa olmaz? – Dərban mühafizin sözlərinə düzəliş verdi. Mühafiz tez razılaşdı:

– Ə, niyə olmur, ə, olar! Elə-belə, sözgəlişi dedim... Ə, bilirsən Dağdağanlı bulaq niyə birdən yadıma düşdü? Zərişlə Dağdağanlı bulağın başında bir-birimizə könül vermişik... Unuda bilmirəm oranı.

– Mühafiz köks ötürdü. – Söhbətim harda qaldı, Hə, ovduqda... Deyirəm qatığı çalasan, suyu da tökəsən üstünə. Eləyəsən bir badya ovduq. İçərisinə də doğrayasan quru təndir lavaşını, çırtasan üstünə dərilmiş şüyüdü, keşnişi, bir az da qatasan sarımsaq...Bəh-bəh! Sonra biləyini çırmayıb alasan əlinə taxta qaşığı, düşəsən bu ovduğun üstünə, iç ki, içəsən, iç ki içəsən! Dönüb olasan nağara kimi. Görüm onda bu isti sənə nə eləyir?

– Mühafiz nədənsə qəhərləndi, sözlərinə ara verdi. Dərbanın ürəyi yumşaldı, bardaqdan mis cama su süzüb ona uzatdı. Mühafiz camı alıb bir-iki qurtum içdi, qalanını döşəməyə səpdi.

– Yəqin isinib, hə? – Dərban peşman-peşman soruşdu.

Mühafiz dərbanın sualını cavabsız qoyub sözünü dedi:

– Bir dəfə rəhmətlik anam nehrə çalxalayırdı. – dərban da rəhmət oxudu, mühafiz də onu cavabsız qoymadı və sözünə davam etdi: – o qədər ayran içdim ki, ayaq üstə dayana bilmədim. Nə eləyim, xasiyyətimdi, qatıq, süd, ayran görən kimi deyirəm bir çəllək ola, dolduram ağzınacan, soyunub girəm içinə, həm çiməm, həm də içəm...

Dərban ucadan güldü:

– Oyunun olsun Duman!

Eşikdən səs gəldi, mühafiz məqfərini başına qoydu, nizəsini götürüb cəld bayıra çıxdı və dərhal da geri qayıtdı.

– Kimdi? – dərban demisinin külünü boşaldıb əbasının cibinə qoydu. Keçə papağını başından götürüb dizinə keçirdi, bir barmağının dırnağı ilə əmgəyini qaşıdı.

– Kim olacaq, çor dəymiş rəbat iti... Dedim bə qaraulbaşıdı.

– Duman, indi burada qaraulbaşı nə gəzir? Demək olar ki, hərə öz kefində – damağındadı... Ara xəlvət, tülkü bəy... Saray sahibi yola düşən kimi elə bil qurbağa gölünə daş atıblar. Görmürsən gediş-gəliş nə azalıb... – Dərban gileylənib öz-özünə xeyli deyindi.

– Ə, İman, deyərlər tövlənin də bəzəyi at-eşşəkdi. – Mühafiz siçanquyruq sarı bığını tumarladı, sonra kürəyini açıq qapının çərçivəsinə sürtdü, xeyli sağa-sola əyilib qalxdı, qırıq-qırıq dedi:

Deyir, rəisin başı yenə yaman qarışıb eyş-işrətə... İşi-peşəsi gündüz şərab içməkdi, gecələr də cariyə oynatmaq... Bir də yaxşı eləyir, qoy oynatsın, kişiyə elə bu dünyada o qalacaq!

– Duman, elə ki, görürəm elə saraya can-başla qulluq edənlərin içərisində bircə nəfər varsa o da Əbubəkr oğludu. Görürsən nə iş başlayıb? – Dərban otağın balaca pəncərəsindən boylanıb baxdı. – Sərdabə az qala iki adam boyu qalxıb... Deyir bir az da qalxandan sonra başlayacaq üzlük vurmağa. Dəbir dünən yaman tərifləyirdi. Deyir vallah bir üzlüklər hazırlayıb ki, göz istəyir naxışlarına, bəzəyinə tamaşa eləsin!..

Mühafiz də irəli çıxıb dərbanın çiyini üstündən eşiyə bolyandı.

– Ə, İman. Kişi sənətkardı da!.. Əbubəkr oğlunun qabiliyyəti Allah vergisidi, Kəniseyi-Babək haqqı!.. Adamda gərək insaf ola, zərgər işi görür. Özü də deyəsən sərdabəni çox yekə götürüblər. İnan ki, lap Elalnı boyda olacaq. – Mühafiz dediyinə özü də qüvvət verdi: – Qoy götürsünlər, qoy olsun. Bu şəhərdə adı dilə-dişə düşən bir tikili gərəkdi, ya yox! – Bu dəfə siçanquyurq bığlarının ucunu eşdi.

– Duman, axı hamı sən düşünən kimi düşünmür!-Dərban heyfsiləndi.

– Deyir rəis kömək eləmək əvəzinə Əbubəkr oğlunun işinə pəl vurur, bədinə gedir. Çalışır ki, onu saray sahibinin gözündən salsın, nüfuzuna xələl gətirsin, adına şər-şamata düzəltsin.

– Bu ki dəyyusluqdu! Niyə belə edir dəyyus oğlu?

– Elə mən də onu deyirəm də! – Dərban oyalandı. – Cahan Pəhləvan kişilik edib səni davaya aparmadı, dedi ki, qal burda, divanxana işlərini icra elə. Sən də əvəzində başlamısan eyş-işrətlə məşğul olmağa. Axı insaf da yaxşı şeydi... Oğullar dava meydanında qan axıtsın, baş qoysun, sən də burada kef edəsən, içib keflənəsən. Bu da kişilikdi?.. Bir də Nəsrin xatunun ərindən bundan arıq nə gözləmək olar? ...

Nəsrin xatunun adını eşidən kimi mühafizin elə bil gözləri işıqlandı, oturduğu kötüyün üstündən qalxıb belini düzəltdi, yumruqlarını kürəyinə sarı aparıb quluncunu qırdı.

– Ə, İman, imanın olsun! Onun adını çəkmə, sinəm göynədi! O günü yenə görmüşəm. Bir də görəm ağzım dolub milçəynən, sən demə huş məni aparıb, ağzım açıq qalıb...

– Qoy görək, sən Allah! – Dərban yenə ucadan güldü. – Oynun olsun, ay Duman!

– Dəyyusun qızı isti olduğu üçün ağ Təbriz ipəyindən uzun bürdə¹ geymişdi. Bilinirdi ki, altda heç nəyi yoxdu. Vallah sinəsi, çiyinləri, yan-yörəsi elə titrəyirdi, elə əsirdi, deyirdin bə bürdəninin içərisinə dəlmə doldurublar, quyruq doldurublar. Deyirdin elə gedib qabağında diz çökim yalvarım ki, al canımı, vur boynumu, tök qanımı. Qoy aləm bilsin ki, sənin əlinlə qətlə yetirilən o xoşbəxt bəni-Adəm mənəm!..

– Duman, demək olar ki, sən əməlli-başlı Məcnun olub getmisən!

– Dərban diqqətlə mühafizə baxdı. Bura bax, zarafat edirsən, ya doğru sözündü?

– Nə bilim. – Mühafiz bir an həmsöhbətinə maddım-maddım baxdı və dedi: – Heç özüm də bilmirəm...

Aralığa sükut çökdü. Dərban mühafizin əhvalında dəyişiklik hiss etdi, ona elə gəldi ki, gecə-gündüz əlində nizə gəzdirən bu ürəyiaçıq saray xidmətçisinə nəsə bir xata toxunacaq...

– Gördün, həyasız Xəlilin başına nə oyun gətirdi? – Dərban xəbərdarlıq edə-edə bardağı götürüb bayıra çıxdı. Mühafiz təzədən kötüyün üstündə oturdu, kürəyini divara söykəyib fikrə getdi...

...Gecədən xeyli keçmişdi. Elalnının üstünə sallanan səmanın dərinliyində ara-sıra görünən ulduzlardan başqa işıq saçan heç nə gözə dəymirdi. Sarayın darvaza qapısının üstündə fənərlərin piyləri də əriyib qurtarmışdı.

¹ Üst geyimi

Gecələr Naxçıvanın əsas küçələri məşəllərlə, fənərlər işıqlandırılırdı. Atabəylər meydanın qabağından uzanan küçəni kəsən iplərin yerinə isə şüşələri müxtəlif rəngli çoxlu kiçik fənərlər asılırdı.

Yəzd-kürd tərəfdən zəif sazaq əsirdi. Otaqlardan səs-küy eşidilirdi. Özü də müxtəlif sədalı səslər. Biri fəryad idi, biri sevinc, biri kaman səsi kimi qəmli idi, biri bülbül səsi kimi şaqraq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов