Zaman – nəhrdir
Bir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.
Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...
– Muzdun bir hissəsinin ödənilməsi isə cəlb edilən camaatın canıyananlığını artırmış, əhval-ruhiyyəsini xeyli yüksəltmişdi. Bu, Əcəminin də ürəyincə olmuşdu. Əcəmi özünə çatan muzdun yubanmasından o qədər narahat olmazdı, ancaq əlinin altında işləyənlərin muzdu vaxtında verilməyəndə gecələr gözünə yuxu getməzdi, bəzən də öz-özünə deyinərdi: “Əlmuzdu deyiblər, ver, işlət... Vermirsən, xoş gəldin... Əlinin bacarığını satanın ağlı qaçıb ki, belə bir sövdələşməyə razı olsun? Əvəzində para verməsən heç kim heç kimə bir çöp də bağışlamaz. Əmək də belədi, zəhmət də... O da satılır. Satılır, demək, əvəzi alınmalıdır. Say ovcuna axçanı, dirhəmi dinarı, versin əvəzində əməyini, zəhmətini...”
...Tezdən Atabəylər meydanına gələndə hamını yenə iş başında gördü.
Bir neçə gün əvvəl sərdabənin tikilişinə baxmağa gələn hökmdarın razı qalması, əsas işlərin görülüb başa çatması, ustadın əlindən kamil bir tikili çıxması hamının əhval-ruhiyyəsini yüksəltmişdi...
¹ Yumurta
² Taxta-şalban
Onu görən kimi hamı bir an işdən əl götürdü. Əyləşənlər qamətini düzəltdi, oturanlar ayağa qalxdı, ədəb-ərkanla ustadı salamladılar. Əcəmi də onların salamını aldı, işarə elədi ki, hər kəs öz işi ilə məşğul olsun.
Cəmillə xüsusi salamlaşdı. Fikirləşdi. “Bu qara xəbəri mən ona necə deyim... Dünyada oğul dağından da ağır dərd olar?.. Atalar bəzən bu dərdə dözürlər, bəs analar?.. Yazıq Zəhra...” Və qət etdi ki, deyilənləri hələlik gizli saxlasın, əlverişli bir məqamın çatmasını gözləsin...
– Deyəsən pis çıxmır? – Əcəmi Cəmildən soruşdu.
– Yaxşıdır... Özün ki, deyirsən səliqəsiz iş görməyin özü də tənbəllikdir. O ki, qaldı tapdığın bu rəngə, min il solmaz.
Əcəmi sirişün hazırlayan cavanların yanına adladı, sağ əli ilə götürüb sol ovcuna tökdü, baxdı... deyəsən xoşuna gəldi; əlini onlardan birinin kürəyinə çəkdi, birinin saçını oxşadı. Hər ikisinin üzündə ötəri bir təbəssüm göründü... Sonra Əcəmi sərdabənin zirzəmisinə endi, paltarlarını soyunub Mömünə xatun ananın sanduqəsinin yanına qoyulmuş balaca kətilin üstünə yığdı, səndəl ağacını da onun üstünə qoydu. Qalın boz bezdən tikilən iş paltarını geydi, divardan asılmış şaqulu, tişəni götürüb bir-bir yoxladı. Sonra zirzəmidən çıxdı, içəriyə girdi, divarda hörülmüş yayvarı pillələrlə yuxarı qalxdı, divarın qurtaracağında dayanıb ətrafa göz gəzdirdi, sonra sərdabənin belinə kəmər kimi dolanan xüsusi ağac dayanacaqların üstünə adladı. Sol əlini alnına qoyub şəhərə baxdı. Şəhəristan və bütün rəbatlar əl içi kimi görünürdü... sərdabə şəhərin ən uca tikilisi olmuşdu. Cahan Pəhləvanın sözləri düşdü yadına: “Sərdabə elə əzəmətli, elə möhtəşəm olmalıdır ki, bir günlük məsafədən görünsün... “Daha böyük həvəslə, yüksək əhval-ruhiyyə ilə bugünkü işinə başladı. Artıq sərdabənin günbəzinin hörülməsinə hazırlıq gedirdi...
– Cəmil, kaşı göndər, balaca kərpic də... Şirəli kərpic də...
– Bu saat.
Əcəminin əlləri həmişə olduğu kimi, bu gün də çox iti işləyirdi, tişəsinin ucundan çıxan toza diqqətlə baxanda Cəmilə elə gəlirdi ki, şəhərin baş zərgəri Mustafa qızıl onluqların kənarını yonur... Əcəmi onun nəzərlərində min bir nəqqaşın ustasına dönürdü.
“Sən palçığa can verirsən, kərpicə qan, suvağa nəfəs... Bunları birləşdirib gözəl bir libas tikirsən... Tikdiyin bu libasda mahud yumşaqlığı, qanovuz əlvanlığı, atlas parlaqlığı görünür. Hazırladığın kaşılara isə elə bil səma rəngi köçüb. Bunları o usta, o ustad bacarar ki, əlləri qızıl olsun. Sənin əllərin vallah-billah qızıldı, Əcəmi! Kim öz camalını görmək istəyirsə, buyurub gəlsin Atabəylər meydanına, başdan ayağa öz əksini görsün bu bədənnüma güzgüdə... səhər mavi görünür, günorta qızılı, qürub çağı narıncı. Haradan baxırsan gözəllik qütbü kimi gözünü qamaşdırır. İstəyirsən məğribdən bax, istəyirsən məşriqdən, istəyirsən güneydən bax, istəyirsən quzeydən... Get axirət dünyasında da min-min dua elə, Mömünə xatun ana. Əbubəkr oğlu olmasaydı sənin adın da min-min şah və padşah övrətləri kimi itib-batacaqdı... İndi təzədən dünyaya gəlib dirildin. Axirət evin sərdabə deyil, qəsrdir, saraydır...”
Sərdabə barmaq-barmaq dikəlirdi, dirsək-dirsək ucalırdı... Əcəmi öz zümzüməsində idi: “Bu qala, bizim qala...”
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-zaman-nehrdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cahan Pəhləvan şəhərin rəisi ilə uzun-uzadı söhbətinə yekun vurub dedi:– Hər halda, mən deyənləri xatirində saxlamağa dərrakən çatar... Əgər hafizənə etibarın yoxsa mən Naxçıvanı tərk edəndən sonra dediklərimi bu da təkrar-təkrar sənin yadına salar, – çiyini üstündən dönüb dəbirə baxdı və dediklərini yazmağa onu hazır görüb sözünə davam etdi: – Bu başdan deyim ki, Naxçıvanı hələlik tərk etmək fikrində deyiləm, amma vəziyyət elə bir məqam gəlib çatıb ki, mən qoşunun az hissəsini burada qoyub, çoxuynan Həmədana hərəkət etməliyəm. Oradan da Təbrizə... Doğrudur, mən Həmədanı hələ ki, rəsmən Eldəgəzlər dövlətinin paytəxti elan etməmişəm, amma vəziyyətdən asılı olaraq gah ordan, gah burdan hakimliyimi icra etmək niyyətindəyəm... Bütün bunlara baxmayaraq, Naxçıvan Eldəgəzlər xanədanı baş şəhəri olaraq qalır. Buna görə baş şəhərin rəisi də öz vəzifəsini vaxtında icra etməli, sərvaxt olmalıdır. – Bir an fikrə getdi, topa saqqalına bir neçə dəfə təh verəndən sonra dəbirə baxıb dedi: – Yaz... Əvvəlinci tapşırığım, daha doğrusu, hökmüm: Xanədana baxan kəndlərin hamısından toplanası taxıl axırıncı batmanın kimi yığılmalıdır. Keçən illərin borcunu da hər bir kəndli ödəməlidir. Bilirsən ki, taxılın onda biri dövlətə çatır, amma ötən il heç on beşdə biri də anbarlara gəlməyib. Gələn il quraqlıq gözlənilir. Qış sərt keçməyib...dağlarda qar yoxdur... çaylarda su azdır... Onu da kənd əhlinə başa salmaq gərəkdir ki, taxıl vergisinə heç vaxt güzəşt olmayıb, olmayacaq. Və bu barədə atabəy-əzəm hələ sağlığında xüsusi fərman sadır etmişdir və mən o fərmanı heç vaxt ləğv etmək niyyətində deyiləm. Çünki çörək ölüm – dirim məsələsidir... Dövləti, ölkəni çörəksizlik nüfuzdan salar, kişini çörəksizlik cayiiz edər. Həm də ac qılınca çapar deyiblər ha!.. – Cahan Pəhləvanın eyhamını deyəsən rəis başa düşdü. Başını mənalı-mənalı silkələyib dəbirə baxdı.
Dərban və mühafiz (yay söhbəti)– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!
Yurdun qədim məkanlarından biriCahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.
MəsciddəNaxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...