Söz sözü gətirər...
Страница 2 из 3 · 33%
– Mən belə yəqin etmişəm ki, dostum, qardaşım Əbubəkr oğlu Əcəmi elə özü dediyi böyük sənətkardı. Onun özü də tikdiyi abidələr kimi getdikcə, zaman keçdikcə daha çox parlayacaq, sehirlənəcək, Məşriqdə də, Məğribdə də məşhurlaşacaq... – Sənin dediyin alimlərdi, şairlərdi, mirzə...
– Yox! Bir əşar bu gün yazılıbsa, cırıb atsalar sabah işıq üzü görməz. Yaxud xəttat itirə bilər, yandıra bilərlər... Sənə elə gəlir ki, Məsud ibn Namdardan, Qətran Təbrizdən əvvəl şair olmayıb... Yəqinimdir ki, olub, amma əşarları gəlib bizə çatmayıb... Üləmanın kəşfini, tapıntısını, aşkarlığını dəyişə bilərlər. Amma qəsr, abidə, sərdabə dağ kimidi. Əlbəttə, mən əsl sənət əsərləri olan qəsrləri, abidələri, sərdabələri nəzərdə tuturam, əzəmətlə dayanır, torpağın üstündə də, nə uçur, nə dağılır, nə də məhv olur. Bu şərtlə ki, onlara şahlar, padşahlar də etməsinlər... Bir də belə tikililərin sahibi bütün millətdi, bütün el-obadı. Heç bir namuslu, qeyrətli ərkək istəməz ki, şəhərləri bəzəyən belə nadir incilərə bir xələl gəlsin, bir xəta toxunsun.
Dəbirin sözləri, deyəsən, Əcəminin ağlına batırdı. Xasiyyətinə xilaf olmayaraq qurşağına taxdığı səndəl ağacını çıxarıb bir əlindən digər əlinə ötürə-ötürə ona diqqətlə qulaq asırdı. Dəbir cuşa gəlib onun sənətini tərif edəndə, sənətkarların ünvanına xoş sözlər deyəndə Əcəminin dodaqlarında xəfif bir təbəssüm göründü... Bu da dəbirin ürəyincə idi: qoy bilsin ki, xorasanlı balası da bir şey bilir, sarayda xidmət etsəm də ürəyim saraydan kənardadı, öz əllərinə güvənənlərə, öz halal çörəyini yeyənlərə hüsn-rəğbətim sonsuzdu həmişə...
Buna baxmayaraq dəbir dediyi sözlərin təsirini bilmək üçün Əcəmini başdan-ayağa diqqətlə süzdü.
Əcəmi isə fikrə getmişdi, birdən dedi:
– Hökmdar arvadına, hökmdar anasına elə əzəmətli bir abidənin inşa olunması şəhər əhlinin ürəyincə olmayacaq. Şəmsəddin Eldəgəzin məzarı üstündə tikilsəydi belə bir sərdabə, yenə dərd yarı idi, bağışlamaq olardı... Ona görə ki, təzə bir xanədanın əsasını qoyub. Fikirləşmək olardı ki, saray da onun müqabilində atabəy-əzəmə yaxşılıq edir. Gördüyü işlərə görə, Azərbaycan Atabəylər dövlətinin hüdudlarını genişləndirdiyinə görə qədr-qiyməti özünə qaytarılır. – Mən istərdim ki, əzəmətli bir sərdabəni əvvəl-əvvəl Kəniseyi-Babəkdə¹ tikim. Babəkin qəbrinin üstündə... Yaxud Bərumənd xatunun² qəbri üstündə...
Əcəmiyə çox diqqətlə qulaq asırdı dəbir, ancaq söhbət bura çatanda özünü saxlaya bilməyib etirazını bildirdi:
– Bu, mümkün deyil... Sən mümkün olan işdən yapış, qardaş... Xilafətin hələ qılıncının dalı da kəsir, qabağı da...
– Bu gün mümkün olmasa, sabah mümkün olacaq... Bizdən sonra gələn nəsillər bizim səhvimizi islah edəcəklər... Mütləq islah edəcəklər! Sən buna inan, mirzə!..
Bu vaxt Cəmil qapını açıb içəri girdi. Salamlaşdılar. Söhbətin ciddi olduğunu görüb heç nə demədi, yanını “daş qoçun” üstünə qoyub əyləşdi. Əcəmi ona da kəklikotu çayı süzdü.
¹ Babək edam olunan yer
² Babəkin anası
– Hər nəslin boynuna tarix bir vəzifə qoyur... Gələcək nəslin vəzifəsini gələcək özü müəyyən edəcək... Mənim hazırkı istəyim, arzum odur ki, dostum, daha doğrusu dostumuz, qardaşımız, – dəbir Cəmilə baxıb söhbətini davam etdirdi: – Möminə xatun ananın sərdabəsini gərək elə tiksin ki, adamlar baxanda şad-xürrəm olsunlar, dünyanın heçliyini, onun fani olmasını yadlarına da salmasınlar. Ağıllarına belə gətirməsinlər ki, bu qəbirdi, dünyadan köçən bir məxluq burada əbədi uyuyur, həmişəlik yatır... Yoxsa ölüm vahiməsi, axirət qorxusu ona baxanları, ona tamaşa edənləri ruhdan salar, onları acizləşdirər... Ömrünü sənətə həsr edənlərin ilkin borcu öz əməllərilə adamları bu dünyada yaşamağa, qurub yaratmağa həvəsləndirməkdir, alışdırmaqdır. Bəlkə mən haqlı deyiləm, qardaş?
Əcəmi dəbirin dediklərini başı ilə təsdiq etdi:
– Haqlısan, mirzə... Yüz dəfə, min dəfə haqlısan... Amma hamımızın axır evi qəbirdi. Saraylar da, qəsrlər də, imarətlər də, hətta daxmalar da ancaq bu dünyada mövcuddu... İnsan torpaqdan yaranıb, torpağa da getməlidir.
Əcəmi özünü saxlaya bilməyib söhbətə müdaxilə etdi:
– Məsləhət görülübsə, lazım bilinibsə, boyun qaçırma, hökmdar fərmanıdı. Unutma ki, hökmdarlar nər kimi kinli-küdurətli olurlar...
– Bir də bu işi yubatmaq olmaz... – dəbir əlavə etdi.
Əcəmi əvvəlcə Cəmili, sonra da dəbiri diqqətlə süzdü.
– Bilmirəm nə üçün belə təlaş keçirirsiniz?..
Dəbir Cəmilə baxdı, işarə etdi ki, sən agah elə dostumuzu.
– Bilirsən niyə təlaş keçiririk?.. Eşitmişik ki, Məsud ibn Əbutahirin ürəyindən keçir ki, Cahan Pəhləvan bu işi ona həvalə eləsin... Məqsədi də budur ki, xanədana elə bir xidmət göstərsin ki, hökmdar ona iqtidar eləsin. Özü də bu işi əş-şeyx ər-rəisin əlilə görmək niyyətindədir. Əş-şeyx ər-rois araya girsə, bunun axırı bizim xeyrimizə qurtarmaz. Məsud ibn Əbutahir dindardır, sənin kimi asi deyil. Az qalır “salam” əvəzinə “xəlifə” “Allah” yerinə “xilafət” deyə. Bəni-Eldəgəzlər də ki, tanıyırsan, din xidmətlərinə böyük ehtiram göstərirlər... Sən bunları nəzərə almalısan, Əcəmi...
Əcəmi Cəmildən birinci dəfəydi ki, belə ciddi sözlər eşidirdi... Mən kiməm ki, nəyəm ki, mənim də düşmənim olsun?
– Bu dünyada düşməni olmayan yoxdu... Dilənçinin də düşməni var... camadarın da... Eyni peşə sahibləri isə bir-birini sidq-ürəklə istəməzlər. Üzdə bir-birinə mehriban olsalar da, ürəklərinin bir gözündə mütləq kin-küdurət gəzdirirlər. Hamını özünlə bir ölçmə, qardaş. Sənin kimisini, üzünə demirəm, Allah-Təala yüz ildə bir dəfə yaradır ki, and yeri olsun, misal ünvanı olsun, nümunə çəkilsin. Cəmilin sözünü qəribçiliyə salma. Düz deyir, hələ öz düşmənləri bir yana, – dəbir Cəmilin sözlərini təkrar etdi: – hökmdarlar nər kimi kinli-küdurətli olurlar... Cəmil yerində dedi bu sözləri...
– Qoy olsunlar, hakimiyyət daimi deyil... Səlcuqun süqutu Eldəgəzlərin parlaması nəticələndi. Bir gün də başqa sülalənin parlaması, şan-şöhrətə çatması üçün Eldəgəzlər sülaləsi süqut etməlidi. – Əcəmi əvvəlki söhbətinə qayıtdı: – Bir məmləkəti həmişə, ömürlük bir sülalə ilə idarə edə bilməz. Hər bir xanədanın bir gün parladığı kimi, bir gün də uçub dağılması mütləqdir, labüddür... O ki, qaldı sənətkarlara, mirzə, unutma ki, sənətkarları da hər hakim istəməz... Belə hakimlər onda bir olur...
– Millət ki, istər. Belələrinin söz-söhbəti nəsildən-nəsilə keçər, eldən-elə yaylılar, bir ərməğan kimi, bir vəsiyyət kimi... Olarlar and yeri. – Əvvəlki sözünü təkrar etdi dəbir: – Bax, budur, ən böyük səadət, budur böyüklük, budur ululuq! Biz də istəyirik ki, qardaşımız bu ululuğun binasını elə sağlığında qoysun. – Bu dəfə Cəmilə mənalı-mənalı baxdı. Elə bil deyirdi ki, indi sən mənim sözümə qüvvət ver..
– Qoyacaq, mən ustadıma bələdəm... – Cəmil də dəbiri başa düşüb fikrini ötkəm-ötkəm bildirdi. – Biz də ona baxıb şadlanacayıq, şad-xürrəm olacayıq.
– Həmişə şad-xürrəm yaşayanlar bir insan kimi naqis olurlar, Cəmil. Ay Aydı, onun da beş günü işıq olur, on beş günü qaranlıq... Bunu qayğısız yaşayanlar, yağ içində böyrək kimi ömür sürən nadanlar bilməzlər...
Əcəmi yenə onları əsas məqsədlərindən uzaqlaşdırmaq istədi:
– Gəl bu söhbətlərə ara verək, qardaş... Sən nə deyirsən, Cəmil?
Cəmil çiyinlərini çəksə də, sözünü də dedi:
– Əlbəttə, dünyanın qayğıları, sarayın dərd-səri bizə qalıb?..dəbirə göz vurdu. – Öz dərd-sərimizi çəksək bəsimizdi.
Bəli, bəli, – dəbir Cəmilin eyhamını başa düşdü. – Mən bu fikirdəyəm ki, bizim qardaşımıza tək-tənhalıq daha əl vermir. Gör iş o yerə çatıb ki, məsələ hökmdarın da marağına səbəb oldu.
– Eşitmisən.
– Demək, birlikdə sözləşibsiz... sonra ayrı-ayrı gəlibsiz ki, mən başa düşməyim məramınızı? – Əcəmi səndəl ağacı ilə Cəmili hədələdi...
Aralığa sükut çökdü. Bir müddət heç biri danışmadı. Ancaq Əcəmi yəqin etmişdi ki, dostları onu gözləyirlər.
– Bir də axı kişi niyə subay olur? – Cəmil səbr etmədi.
– Hə, sözündə həqiqət var. – Əcəmi onun dediklərini təsdiq etdi:
– Müdrik bir qoca deyib ki, ən böyük dərdlərdən biri də tənhalıqdı... Amma bu dərdi çəkməyə öyrənmişəm... Daha doğrusu, adət etmişəm. Bir də gecdir... Artıq saçlarıma dən düşür...
– Ürək cavan olsun! Cəmil yenə özünü saxlaya bilmədi.
– Gec deyil, inan mənə! Həyat eşqi olandan sonra nə yaş yada düşür, nə də saçlardakı dən gözə dəyir. – Dəbir yadına düşən bir hadisəni tez götür-qoy edib dedi: – Mənim yadımdadı, babam doxsan yaşında Ərdəbildən xanım-xatın bir övrəti siğə eləyib gətirdi. Onun ehtiramını elə saxlayırdı, onun qayğısına elə qalırdı ki, deyərdin bəs otuz-otuz beş yaşındadır. Mən hələ o vaxt qət elədim ki, babamda həyat eşqi güclüdü... Babamın bir sözü də yadımdadır. O deyərdi: “İnsanı bu fani dünyaya bağlayan yalnız həyat eşqidi. O olmasa insan özünü tanıyan günü intihar edər...” Onu da deyim ki, babam həmin övrətlə düz bircə il yaşayıb rəhmətə getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-soz-sozu-getirer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,
Şəhdigül...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.
Bu xatirə yenə Əcəmi dilindəndir“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.
Əli ŞimşəkƏcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.
Стихи других поэтов
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?