Baş şəhər
Страница 1 из 3
Cahan Pəhləvan Eldəgəzlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz də doğma idi, Gəncə də, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbil də gözəl idi, Şabran da... ancaq Naxçıvana xüsusi diqqət yetirirdi.
Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxtı buranı özünə dayanacaq edib, hələ deyirlər ki, buralara Zərdüştün ayağı dəyib, Dədə Qorqudun buralarda ayaq izləri qalır... Onu da öyrənmişdi ki, Naxçıvanı Sasani hökmdarı Xosrov Əlişirəvan bina edib, şah Bəhram Gur abadlaşdırıb, Turan hakimi Əfrasiyab isə onu şəhərlər cərgəsinə qoşub. Bundan sonra Naxçıvan “Beşinci iqlim şəhəri” kimi tanınıb, yunanlar ona Naksuana, ərəblər Nəxcəvan deyiblər. Bəhram Sasani isə bu yerləri “Şikargah”¹ adlandırıb.
Bunu görən Alan və Hun köçəri dəstələri də dəfələrlə Naxçıvana soxulmuş, sürüləri, naxırları, ilxıları ələ keçirmiş, adamlarını soyub talamışlar.
¹ Bəzi mülahizələrə görə ov edilən yerlərə “Naxçıvan” deyərmişlər.
Ədiblər, alimlər ona danışmışdılar ki, Naxçıvan üzərində yüz illər boyu gah romalılar, gah iranlılar, gah sacilər, gah salarilər qoşun yeritmişlər və onu dönə-dönə talayıb viran qoymuşlar...
Hökmdara atası atabəy-əzəm hələ sağlığında demişdi ki, bu yerlərin sakinləri çox başıbəlalı məxluq olmuşlar. Şah Şapur, Xəlifə Osman, sərkərdə Ömər, vali Xişəm onlara dəfələrlə divan tutmuşlar, ən qədim karvan yollarını əllərinə keçirmişlər, qabil sənətkarların hazırladıqları göz oxşayan xalı-xalçaları, gözəl parçaları, zərif naxışlı zinət əşyalarını, zəhmətkeş əkinçilərin becərdikləri pambığı, buğdanı karvan-karvan dəvələrlə, qatar-qatar qatırlarla öz vilayətlərinə daşımışlar; səlcuq sultanları kasıb-kusub, əlil-zəlili hədələyərək, bənnalara, dulusçulara, toxuculara, bəzzazlara, həkkaklara, zərgərlərə, dəmirçilərə, dabbaqlara barmaq silkələyərək onlardan gör neçə-neçə vergilər almışlar: xərac, cizyə, nozulə, mal üs-silah, şərab-bəha, şir-bəha, nəl-bəha...
Hökmdar atası Şəmsəddin Eldəgəzdən onu da eşitmişdi ki, Naxçıvanda ta qədimdən zərbxanalar olub. Burada neçə-neçə hökmdarın adına sikkələr kəsilib: Xosrov, Hörmüzd, Bəhram, Ərdəşir, Yezdəkürd...
Əlbəttə, bütün bunları Cahan Pəhləvana demişdilər, kitablardan oxumuşdular, ancaq hökmdarın öz gözlərilə gördükləri, şahidi olduqları hafizəsində elə həkk olunmuşdu ki, onları bir an belə xatirindən çıxara bilmirdi. O, belə qərara gəlmişdi ki, bu yerlərin ulu sahibləri elə naxçıvanlıların özləridi. Bu yerlərin ən qabil hakimi isə onun mərhum atası oldu. Əsasını onun atası qoyan, təşəkkül tapıb bərqərar olan ilk Azərbaycan dövləti bu dağınıq əraziləri öz əlində möhkəm saxlaya bilibdi. İndi isə tale bu dövlətin gələcəyini ona həvalə edibdi. Atabəy Şəmsəddin qəflətən vəfat edəndə öz oğulları yanında olmasa da, vəsiyyət edib ki, varisi böyük oğlu Nüsrətəddindir. Bu yurd ona ata-baba amanatı, bu dövlət də ona ata-baba amanatı...
Hal-hazırda isə Azərbaycan Atabəylər dövlətinin hakimi odur. Cahan Pəhləvan, bir az da dəqiq deyilsə: Əbu Səfər Nüsrətəddin Atabəy Məhəmməd Cahan Pəhləvan ibn Şəmsəddin Eldəgəz.
Bəlkə də buna görəydi ki, Cahan Pəhləvan Naxçıvana gələndən təxminən bir həftə sonra saray xəlvətiyyəsinə mənsub olanları yanına dəvət etdi.
...Hökmdar salona daxil olan kimi hamı ayağa qalxdı. İkiqat əyilən də, kiçilib qısılan da oldu. Təkcə Əcəmi ilk gün əvvəl həyətində olduğu kimi başını sinəsinə endirməklə hökmdarı salamladı və öz yerində əyləşən kimi də əlindəki kağıza etdiyi qeydləri diqqətlə nəzərdən keçirməyə başladı. Axı hökmdar ola bilsin ki, ilkin onun fikrini öyrənməyə maraq göstərə bilərdi.
Hatib ibn Mübarək isə otağın Ədilağa gölünə tərəf baxan pəncərəsinin qabağındakı alçaq dibaçənin üstünə salınan balaca Herat xalçasının ortasında ayaqlarını qırt yatan toyuq kimi teyləsanısının¹ altına çəkib oturmuşdu. Əlindəki qara səddanəni tənbəl-tənbəl çevirirdi. Elə bil dünyanın bütün dərd-sərinin haqq-hesabını çəkirdi...
Əlbəttə, onun özünü hökmdarın yanında tox aparmasının səbəbi hamıya aydın idi. Baş şeyx arxasını, bir neçə gün əvvəl şəhər rəisinə eyhamla dediyi kimi, gözə görünməyən, əlçatmaz ünyetməz bir ulu qüvvəyə dayamışdı. O, neçə il olardı ki, xaliqi-ləməyzəlin² kölgəsi altında heç kimdən çəkinmədən, ehtiyat etmədən belə arxayıncasına ömür sürürdü...
Cahan Pəhləvan yerini rahatlayan kimi adəti üzrə sağ tərəfdə əyləşən rəisə baxdı. Sarayın yeni sahibinin adəti idi: kişi qisminə sağ çiyni üstdən, qadın qisminə sol çiyni üstdən baxardı. Buna görə də rəsmi mərasimlərdə hökmdarın sol tərəfində baş ülya-mələkə – Rey hakiminin qızı İnanc xatunun əyləşməsinə razılıq verərdi. Qəribə idi ki, sağa baxanda hökmdarın sifəti qəzəbli, sola baxanda mülayim görünərdi...
Şəhərin rəisi hökmdarın ürəyindən keçənləri onun baxışından oxudu, təzəcə əyləşməsinə, hələ yerini rahatlamasına baxmayaraq, məclisi arəstə görüb ayağa durdu.
– Hökmdar, arzu etdiyiniz şəxslərin hamısı hüzuruna təşrif gətiriblər... O cümlədən, hörmətli Hatib ibn Mübarək cənabları da, Əbubəkr oğlu da... – dedi və əyləşdi.
Cahan Pəhləvan heç nə demədi, nədənsə rəisin danışığının fərqinə varmadı. İkinci dəfə dönüb sağ çiyni üstündən ona baxdı. Rəis yenidən ayağa durmaq istəyəndə ona əyləşməsini işarə elədi. Rəis baş şeyxə baxıb oturdu.
– Mənim Naxçıvana, bu qədim, ulu məkana məhəbbətimdən, bu yerlərin sakinlərinə hörmətimdən xəbərsiz deyilsiniz... Mərhum atabəy-əzəmdən sonra qoşun çəkib bura təşrif gətirməkdə isə məramım var. Özü də məramım bir deyil, bir neçədir... Bu gündən, sizinlə məsləhətləşib, həmin işlərin icrasına başlamaq niyyətindəyəm... O da mənə yəqindir ki, mənim fərmanımı... – hökmdar dayandı, səsinin ahəngini dəyişib, əlavə etdi: – “daha dürüstü, tapşırığını sizə çatdırıblar...” Vaxtı bilə-bilə uzatdım ki, yaxşı-yaxşı fikirləşəsiniz, ağıllı, dərrakəli, danışasız. Sonra da əməlli-başlı ölçüb-biçək, son, qəti qərara gələk, niyyətimiz bəyan olsun hamıya...
¹ Din xadimlərinin üst paltarı
² Əbədi yaradan
Hökmdarın “ağıllı, dərrakəli danışasız” sözləri məclisə bir süstlük gətirdi. Hamının ürəyindən bir fikir keçdi: “Görəsən, Atabəyə hansı, ağıllı, dərrakəli danışıq gərəkdi?”, “Bəlkə mən dediyim onun xoşuna gəlmədi”, “Bəlkə mən yaxşı bildiyimi o pis anladı”, “Bəlkə mən ağıllı sandığımı o səfeh qəbul etdi”, “Hökmdarlara etibar yoxdu. Onların ürəyindən keçəni çox vaxt heç rəbbül-aləmeyn¹ özü də bilmir...
Əcəmi də çənəsinin altındakı balaca səndəl ağacına söykəyib özü bildiyi kimi fikirləşirdi: “Ay sarayın təzə hakimi, deyəsən, adamları hələ tanımırsan, bunların çoxunda sən dediyin ağıl, dərrakə yoxdu... Allah-təalə xeyirxahlıq üçün bunlara az qabiliyyət verib. Bunların çoxunun əlindən bədxahlıqdan başqa heç nə gəlmir... Bunların eybini saraylar ört-basdır eləyib... Çoxu hazırdı ki, bu saat Səhl Sumbat² xəyanəti eləsin... Təki, bir azca da olsa, qazancı olsun, özünü gözə soxsun, rütbəsi artsın. Bunların içərisində eləsi də var ki, desən ev yıx, yıxsın, bir mərdi güdəza ver, versin, bir məsum gəlinin namusuna toxun, toxunsun, bir igidin kürəyini nişan al, alsın, bir düz danışanın dilin kəs, kəssin, bir ananı oğulsuz qoy, qoysun!.. Firon kimi namərd, Zöhhak kimi qaniçən olur sarayların bəzi adamları. Bunların çoxu “qıl verəndi”, xəlbirçinin qıl verəni... Özlərində bir qabiliyyət yoxdu. Saraydan bu gün çıxarıb at bayıra bəzilərini, sabah paxırları açılsın... Sən də belələrindən ağıl umursan, dərrakə gözləyirsən. Bunların çoxu ancaq təzim eləməyi, rəyasət sahiblərinə boyun əyməyi, quyruq bulamağı bacarırlar. Gördün, heç kimdən səs çıxmır?.. Axı öz dərrakələrinə yaxşı bələddirlər...”
Rəis dayana bilmədi.
– Hökmdar həzrətlərinə ehtiram hamımız üçün çox şərəfdi, amma gərək çox da susmayaq...
Cahan Pəhləvan əyləşənlərin susmasını birinci, özünə ehtiram əlaməti kimi, ikincisi hökmdar qarşısında ilkin danışmağa cürət etməmək
¹ Allah
² Babəkə xəyanət edib onu ələ verən erməni kimi, üçüncüsü də, özünü bir hökmdar təki əzəmətli və həşəmətli olması kimi qiymətləndirirdi. Buna görə də güzəştə gedib səsinin ahəngini dəyişdi, sifətindəki kədər qarışıq sərtliyi azaltmağa cəhd göstərdi:
– Mən qədim Naxçıvanı daha müstəhkəm, daha abad görmək istəyirəm, – dedi. Buyurun danışın, ürəyinizdən keçənləri deyin. Mənim “ağıllı”, “dərrakəli” ifadəm sizi hürkütməsin. Ən ağıllılarını seçəcəyik. Gərək fikir çox ola ki, Azərbaycan Atabəylər dövlətinin ərazisi indi də böyükdür-İran xəlicindən¹ Qafqaz dağlarına qədər uzanır bu torpaqlar... Bu ərazi gələcəkdə daha da böyüyəcək, – əllərini yanlara gərərək havada böyük bir sahə çəkdi, – Əmirlərimizin, məliklərimizin sayı da artacaqdır. Amma Naxçıvanın xüsusi yeri Atabəylər dövlətinin tərkibində həmişə hifz olunub qorunacaqdır. Naxçıvan həmişə bizim baş şəhərimiz olaraq qalacaqdır – Cahan Pəhləvan məqsədinin birini eyhamla da olsa bildirməyi qət etdi. – Baş şəhər ona görə deyirəm ki, bəlkə xanədanın paytəxtini Həmədana köçürdük...
Cahan Pəhləvan bilə-bilə öz danışığına bir az ara verdi. Oturanlar arasında pıçhapıç başlandı. Şərur məliki Oğuz ayağa qalxanda pıçıltılar kəsildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-bas-seher
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...
Xufdən söhbətiNaxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.
Bu xatirə Əcəmi dilindəndirGecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...
Şahab meydanındaBütün şəhər əhli Şahab meydanına cəm olmuşdu. Adam əlindən küçələrdən keçmək mümkün deyildi. Burada varlı da var idi, yoxsul da; qoca da var idi, cavan da: anasının qucağında mışıl-mışıl yatan körpə də... Bütün şəhər əhli, bütün əsnaf əhli, bütün əhli-ürfan burada idi.Hərənin də ağzından bir avaz gəlirdi, üstəlik, ağız deyəni də qulaq eşitmirdi...
Стихи других поэтов
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
GözələCanımı qurban elərəmBir belə tərlan gözələ;