Baş şəhər
Страница 3 из 3 · 67%
Əcəmi dayandı, Cahan Pəhləvan əvvəlki sözünü təkrar etdi:
– Buyur, Əbubəkr oğlu, buyur.
Elə bil Əcəmiyə memarlıq, vəhyi gəldi birdən. Xəyalı qanadlanıb şəhərin üstündən uçdu. Arazın sahilinə səpələnən palçıq evlərin cansıxıcı görkəmi onu darıxdırdı. Ata-baba yurdunu daha abad, daha gözəl görmək istədi. “Bura Şərqin hansı şəhərindən əskikdi, buranın sakinləri hansı şəhərin sakinlərindən bacarıqsızdı, istedadsızdı? Niyə bu şəhəri hər yerdə tərif eləməsinlər, niyə onu görməyə tələsməsinlər?.. Karvan yolları üzərində yerləşən bu qədim insan məskəni niyə başqa şəhərlərə nümunə olmasın?.. Mənim doğma şəhərimə “Naxçıvani-müqəddəs”, “Naxçıvani-müəlla” deməsinlər!..
Əcəmi fürsətdən istifadə edib ürəyindən keçənləri dilinə gətirdi:
– Buna görə də şəhərimizin ümumi görkəmi barədə də fikirləşmək gərəkdi. Naxçıvanda sakinlərin həyət-bacası, ev-eşiyi ürək açan deyil. Əlbəttə, bunları birdən, bir-iki ilin içərisində düzəltmək imkan xaricindədi. Ancaq bu gün imkan xaricində olan arzuşəkilli hər şeyi insan əli ilə, insan zəkası ilə, insan gücü ilə sabah imkan daxilində olan şəklə salmaq mümkündür. Mən bir memar kimi şəhərimizi necə görmək istərdim?..
– Necə görmək istərdin? – hökmdar maraqlandı.
¹ Örtülü bazar
– Görmək istərdim ki, bütün yaşayış binaları bişmiş kərpicdən tikilsin, palçıq əvəzinə əhəng, gəc işlədilsin. Binaların yaxşı həyətləri olsun, yerdən aynabəndlərə tənəklər, sarmaşıqlar uzansın, balaxanalarin pəncərələri Əbilağa gölünə, Elalnı dağına baxsın. Özü də belə binalar təkcə şəhristanda, qala divarlarının içərisində yox, rəbatlarda da olsun... Şəhərin qəbirstanlığı da abad gərək. Bir əcnəbi qəbirstanlığa baxanda fikirləşməlidi ki, bunların axirət evi belə olanda, gör sağlıqlarında necə firavan yaşayıblar.
– Peyğəmbər buyurub ki, qəbir itməlidir. – Baş şeyx etiraz etdi.
– Peyğəmbər tənbəl ümmətinə bəraət qazandırmaq üçün əlacsız qalıb deyib o sözü. – Bunu da Əcəmi deyib əvvəlki sözünə qayıtdı:
– Həyətlərdə hovuzlar, yeraltı çeşmələr, novdanlar düzəlsin. Yayın qızmar günlərində mənim həmyerlilərim də sərin sudan, söyüd kölgəsindən məhrum olmasınlar...
Kimsə yenə söz atdı:
– Halva-halva deməklə ağız şirin olmaz...
– Düzdü, gərək halvanı bişirəsən ki, yeyəndə da ağzın şirin ola.
– Əcəmi dərhal cavab qaytardı. – Bunların hamısı asılıdı xanədandan, hökmdar həzrətlərindən. Fərman veriləndən sonra kimin hünəridir ki, ona əməl etməyə, onu yerinə yetirməyə?.. Mən öz tərəfimdən bəyan edirəm: Əbubəkr oğlu Əcəmi Atabəylər xanədanın payitəxti, yaxud indi siz buyuran kimi, baş şəhəri Naxçıvanın abadlığı və təzədən qurulması üçün gecəni-gündüzə qatmağa hazırdır.
Əcəmi sözünü tamam eləyib əyləşdi. Salonda bir anlıq sakitlik oldu. Hamı həsəd apardı ki, Əbubəkr oğlu sözün axırında usta tərpənib Cahan Pəhləvanın boş damarından tuta bildi. Hamıya elə oradaca aydın oldu ki, onun dedikləri sarayın növbəti fərmanının məzmununu təşkil edəcəkdir...
Hatib ibn Mübarək də özünü saxlaya bilmədi. Nəyisə ürəyində tutub Əcəmiyə badalaq atmaq üçün çox uzaqdan başladı və eyhamla dedi:
– Əbubəkr oğlu bir cəhəti unutmamalıdı ki, Şərq aləmi bütövlükdə, o cümlədən, memarlığın tərəqqisində də xilafətə və islamiyyətə borcludu... Çünki Şərqin ən adlı-sanlı memarları məscidlərin tikintisində tanınıb, məşhur olublar... Allah evlərinin tikilməsi bir tərəfdən onların məsuliyyətini artırıb, digər tərəfdən də onlara kömək edib. Həm də təzə-təzə fikirlərə, tapıntılara sövq edib onları. Qureyşi aqilləri deyiblər: “Qaddir fil əməl tuncu münəzzələl”¹.
¹ İşini ehtiyatlı gör ki, səhv etməyəsən (ərəb.).
Baş şeyxin bu dəfəki söhbətində həqiqət olduğunu məmnuniyyətlə qəbul edən Əcəmi fürsəti fövtə verməyib dedi:
– Mən bu ümiddəyəm ki, hökmdar həzrətlərinin yeni fərmanı da şəhərimizin memarlarının, ustalarının məsuliyyətini artıracaq, həm də bizi təzə-təzə fikirlərə, tapıntılara sövq edəcək. Biz də işimizi səhv etmədən, səliqəli görərik...
Hatib ibn Mübarək də hökmdarların boş damarını tutmağa çalışdı:
– Şahlar fərman verəndə təkcə Allahla məsləhətləşirlər... Onda hökm də, fərman da rəvan olur...
Daha heç kim danışmadı.
Cahan Pəhləvan fikrindən ayrılıb sükutu pozdu:
– Atabəylər meydanındakı külliyyədə ilk bina məscid olmalıdı... Came məscidi!..
Hökmdarın səsində bir ötkəmlik var idi. Əslində bu ötkəmlik deyildi, hökm idi, fərman idi. Lakin bu ötkəmlikdən, hökm-fərmandan bir siyasət iyi gəlirdi. Bunu Əcəmi də başa düşürdü. Hələ atabəy-əzəmin sağlığında bir məclisdə Cahan Pəhləvanın dediyini xatırladı: “Atam həmişə deyərdi ki, din də, etiqad da siyasətə tabe edilməlidir, ona xidmət göstərməlidir. Belə olmasa dövləti idarə etmək müşkül olar. Biz islam dinindən bir addım da uzaqlaşa bilmərik. Belə hərəkət etsom, rəiyyət bizi başa düşməz. Biz islama bir dirsək göstərsək, camaat bizə on dirsək göstərər...”
Cahan Pəhləvanın “ilk bina məscid olmalıdı” sözləri baş şeyxin bədəninə yağ kimi yayıldı.
– Yəqinimdir ki, hökmdar cənablarının qayğısı sayəsində Eldəgəzlər xanədanının ilk pəyitəxti Naxçıvan yaxın illərdə “müqəddəs”, “müəla” olmasa da, dünyəvi bir şəhər olacaq...
Rəisin ikibaşlı sözləri Cahan Pəhləvana xoş gəlməsə də, son fikrini bildirdi:
– Baş şəhərdə olmalıdı: qırx məscid və mehrab. Hər məhəllə üçün biri... Öyrənin, neçəsi çatmırsa, tikməliyik.
Kimsə yerindən məlumat verdi:
– Hazırda otuzu var.
– Onunu da tikməliyik. Hökmdar dilləndi: – Yeddi karvansara, qırx...
Oturanlar bir-birinin üzünə baxdılar. Elə bil hamının ürəyində bir sual baş qaldırdı: “Görəsən, Cahan Pəhləvan bu rəqəmləri hansı haqq-hesaba görə deyir?..”
Üzünü rəisə tərəf tutub əlavə etdi:
– Müdafiə tikililəri barədə təkliflər hazırlayın, onlara ayrıca baxıb götür-qoy edəcəyik, Naxçıvan həm də qala şəhəri olmalıdır. – Bir an fikrə gedib əlavə yenə etdi: – Hamı gedə bilər... Qalsın rəis, Əbubəkr oğlu, bir də dəbir...
Salon boşaldı.
Cahan Pəhləvan taxtdan durub pəncərənin qabağına gəldi. Sonra nə fikirləşdisə yerinə qayıtdı.
– Biz atabəy-əzəmin bir arzusunu da icra etməliyik. – dedi. – Bu da Möminə xatun ananın qəbri üstündə tikiləcək abidədir... bu işi atabəy-əzəm özü görmək istəyirdi, amma fələk aman vermədi. Özünün də belə bir istəyi var idi ki, bu abidəni Əbubəkr oğlu tiksin... O, bu qənaətə böyük Şeyx Yusifin sərdabəsinə baxandan sonra gəlmişdi... Mənə demişdi ki, mərhum anan Möminə xatunun türbəsi imam Dəvazdəhin Yezddə tikilən məqbərəsindən gərək gözəl ola, Reydə, Vəramində, Səvədə tikilən sərdabələrdən gərək həşəmətli ola, – Cahan Pəhləvanın qayğılı nəzərləri əvvəlcə rəisin, sonra Əcəminin sifətində dikilib qaldı. Sözlərinə cavab almadığı üçün daha ötkəm səslə əlavə etdi: – Mən isə əlavə edib deyirəm ki, sərdabədən çox qəsrə oxşaya gərək, lap Bağdaddakı qəsr Əminə!.. Mən hələ cavan vaxtı Bağdada gedəndə bu qəsrə dönə-dönə baxmışam. Həmin sərdabə-qəsrin müzayiqələrinə tamaşa etməkdən doymaq olmur. Sərdabə-qəsr zərinəyə bürünmüş gəlinə bənzəyir. Bax, mən Möminə xatun ana üçün bclə bir abidənin, daha dürüstü, sərdabə-qəsrin tikilməsini arzu edirəm... Həm gözəl olsun, həm əzəmətli, Elə əzəmətli ki, bir günlük məsafədən qorunsun!..
Araya sükut çökdü. Bir azdan sonra nə fikirləşdisə, səsinə bir mülayimlik verib elə bil öz-özünə danışmağa başladı:
– Deyirlər ki, dünyada üç böyük filosof olub: biri yunandı, ikisi müsəlman. Yunan Ərəstudu, müsəlmanın biri Fəryabidi, biri də Hüseyn Əbuəli ibn Sina... Mənim istəyim budur ki, bizdən sonra gələn nəsillər desinlər: dünyada həm də üç böyük memar olub: biri filankəsdi, biri filankəs, biri də Əcəmi. İkisinin haralı olması mənim üçün o qədər də əfzəl deyil, amma birinin naxçıvanlı olması mənim üçün çox vacibdi... Yəni “Əcəmi Naxçıvani”...
Hökmdar diqqətlə Əcəmiyə baxdı, başı ilə işarə elədi ki, fikrini bildir, cavabı yubatma.
Elə Əcəminin özü də hökmdarın son sözündən sonra bu qənaətə gəlmişdi:
– Mən istərdim ki, – Əcəmi əlindəki səndəl ağacı ilə yanağını qaşıyıb dedi: – hökmdar cənabları mənə möhlət versinlər... Axı siz mənim boynuma elə bir vəzifə qoyursuz, mənə elə bir iş həvalə edirsiniz ki, buna az qala bir insan ömrü gərəkdi... Mən istərəm ki, hər şeyi ağılla, təmkinlə ölçüb-biçəm, götür-qoy edəm, sonra fikrimi bildirmək üçün hökmdarın hüzuruna dəvət olunam. Ricam budur...
Cahan Pəhləvan söhbəti uzatmadı:
– Yaxşı, hər şeyi təmkinlə ölç biç!
– Baş üstə.
– Mürəxxəssən.
...Əcəmi elə yol boyu təxmini olaraq Cahan Pəhləvanın şəhərdə aparılacaq tikililər barədə işlətdiyi siyasətin mənasını öz-özlüyündə götür-qoy edib doğru nəticə çıxarmağa başlayırdı.
Saray fərmanında isə bu rəqəmlərin miqdarı çox aydın bir şəkildə Quranın bəzi ayə və surələrinə əsaslanaraq şəhər əhlinə geniş şərh olunurdu...
Möminə xatun abidəsinin inşası birbaşa Əcəmiyə həvalə edilmişdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-bas-seher
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...
Xufdən söhbətiNaxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.
Bu xatirə Əcəmi dilindəndirGecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...
Şahab meydanındaBütün şəhər əhli Şahab meydanına cəm olmuşdu. Adam əlindən küçələrdən keçmək mümkün deyildi. Burada varlı da var idi, yoxsul da; qoca da var idi, cavan da: anasının qucağında mışıl-mışıl yatan körpə də... Bütün şəhər əhli, bütün əsnaf əhli, bütün əhli-ürfan burada idi.Hərənin də ağzından bir avaz gəlirdi, üstəlik, ağız deyəni də qulaq eşitmirdi...
Стихи других поэтов
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
GözələCanımı qurban elərəmBir belə tərlan gözələ;