“POTYOMKİN”
(Tarixi poemadan bir parça)
Qara dəniz qara gözlər kimi dalğın, qaynaşır,
Üzərində əsən çılğın ruzgarlarla oynaşır.
Üfüq qara dumanlardan bir çadraya bürünmüş,
Göy üzündən axıb gedən o sevdalı, o gümüş
Ay suların göy bağrına solğun bir nur səpiyor,
Dalğacıqlar oynadıqca, Qara dəniz köpüyor.
Bir fırtına müjdəsi var üfüqlərin gözündə,
Qasırğalar rəqs etmədə göy dənizin üzündə.
“Potyomkin”in polad döşü ağ köpüklər saçaraq,
Irəlləyir göy suların bağrında yol açaraq…
Irəlləyir… Səslənərkən sular ona qızıyor.
Irəlləyir… Dalğaların hücumunu pozuyor,
Irəlləyir… Güvənərək içindəki üsyana,
Döyüş gərmiş polad döşlər fırtınaya, tufana…
Içindəki bəhriyunlar and içərək dərindən,
Qoparmışlar o dik başlı leytenantı yerindən,
Almış ələ “Potyomkin”in sükanını üsyankar
Bəhriyunlar ilk olaraq o yırtıcı, canavar
Leytenanta qızğın hücum atəşini açmışlar,
Qara dəniz sularında dəli bir kin saçmışlar.
O üsyankar “Potyomkin”in ilk açdığı al bayraq,
Ilk olaraq “şaha” üsyan tellərini vuran o,
Ilk olaraq vəhşiliyə köks gərib duran o,
O Qəhrəman “Patyomkin”in çəlik qəlbi döyünür,
Qara dəniz onun ölməz qüruruyla öyünür,
Almış onu köpük saçan dəli məğrur qoynuna,
Salmış onu qasırğalar, fırtınalar oynuna.
Buraxdığı qara, qalın dumanlardan yas damlar,
Al bayrağı öpən yellər sahilləri salamlar...
SƏLİM XAN
(Tarixi poemadan parçalar)
Çeçenli Ə.P-yə
Xəyalımda yer etmiş,
İxtiyar dağlarınız
Səninlə gəzdiyim o,
Bəxtiyar dağlarımız…
Giriş
O zaman ki, Qafqazın ixtiyar dağlarına
Üfüqlərdə ağ başlı qara duman çöküyor,
O zaman ki, buludlar şimşəklə öpüşərək,
Axıb gedən Arğuna göz yaşını töküyor,
O zaman ki, gözünü qırparaq nazlı günəş,
Yaslanır yavaş-yavaş qoca dağlar ardına,
O zaman ki, qanadın çarparaq hər yetim quş
Çəkilir ormanlığa, göy budaqlar ardına,
O zaman ki, gülüzlü dilbər çeçen qızları,
Dönərlər addım-addım bulaqların başından,
Köpüklərlə qaynayan irmaqların başından,
Dodaqlarında çınlar odlu çeçen mahnısı.
Çeçen mahnısı
Aylay-la-yalay-aylay-la-valay
Yalay-la-aylay-valay-la-aylay…
Dodaqlarında çınlar odlu çeçen mahnısı.
O zaman ki, qəhrəman, igid çeçen elləri
Doğma yurdun sevimli torpağında süründü,
Onda dəmir hasarlı Vedonolun yolları
Çar göndərən ağ atlı kazaklarla büründü.
O gündə ki o cəllad polkovnikin çəkməsi
Dəydi bizim Çeçenin torpağına, daşına.
O zamandan Səlim xan doğma yurddan ayrılıb,
Dırmandı o vüqarlı, qoca dağlar başına.
Onun yumşaq yatağı qara daşdı, torpaqdı,
Tük yastığı kötüklər, mavi göylər yorğanı.
Acanda çeynədiyi sarı, solğun yarpaqdı,
İçdiyi su çöllərin yağmur gözlü dumanı.
O zaman ki, dumanlar tökülürdü dağlara,
Yüksəlirdi dərədən ac qurdların səsləri.
O çiynində tüfəngi çəkilirdi dağlara,
Buraxmazdı yaxına ona düşən kəsləri.
Çox general, polkovnik düşdü onun izinə,
Əmr elədi Səlim xan yuvasında tutulsun,
Lakin o ürəyini alaraq öz dişinə
Kimsəni buraxmazdı üzərinə atılsın.
O zaman ki, talanmış, məxmər donlu obası
Zalımların əlindən gizli-gizli yanardı,
Onda bizim Səlim xan qaçaqların babası
Başı qarlı dağların zirvəsinə qonardı.
Aylay-la-valay-Alay-la-valay…
Dinlərkən bu mahnını, baxdım, çeçen dağları
Qafqasların pozulmaz qüruruna büründü.
Mənə nəql edər kimi titrəyən dodaqları,
Gözlərimdə Səlim xan yapıncıda göründü.
O bəzən Vedonolun yollarında at üstdə
Dərələrdən adlayıb, təpələrə dırmanır,
Bəzən də qartal kimi sən iki qanad üstdə
Şahinlərin qonduğu zirvələrə dayanır.
Gecələr gözlərinə uyğu girməmiş derlər,
Saatlarca baxırmış kəndi doğma yurduna.
Uzaqmış Xoraçoydan onun gəzdiyi yerlər,
Verərmiş arxasını qarlı dağlar ardına.
Mən görmədim bunları, mənimçin bir ixtiyar
Titrək dodaqlarıyla söyləmişdi Çeçendə,
Səlim xanı tanıyan, istəyən hər bəxtiyar
Sorsun daşa, torpağa Xoraçoydan keçəndə…
Bir gün yenə riyakar, uzun dilli bir çeçen
Xain dilin uzadıb yaltaqlandı marşala,
Dedi: – Yatma bu gücə, dağlardadır, Səlim xan…
Yenə bir tor quruldu o çeçenli qartala.
Çalındı tunc, baraban ordu döndü dənizə,
Zəncir kimi sardılar dörd tərəfi, dörd yanı.
Səlim xanın papağı göründü dağ başında
Marşal ağzı köpüklü, görüncə Səlim xanı
– Dur! – Dedi, – qaçamazsan, qımıldanma, təslim ol.
Yox sənə artıq aman, hünərin var, çıx üzə.
Səni o öyündüyün, durduğun dik qayadan
Bir qartal kimi alıb fırladaram dənizə.
Səlim xan gülümsədi: – Haydı, qoçaq marşalım,
Al ordunu, çəkil get, can-başın sızlamadan.
Sən özün qorx, yatdığın o qara gecələrdə
Bax yastığın altına, yoxmu orda Səlim xan.
Igid marşal, ormanda çox qurbanlar görmüşəm.
Ki, onları yalnız bir qurd balası hürküdür.
Çoxunu göz açınca dik alnından vurmuşam,
Bu başımda gördüyün igid çeçen börküdür.
Axmaq o dəli şahdır ki, səni qoymuş hakim
Haqsızca hökm etməyə bu çeçen ellərində.
Haydı başla, baxalım, qorxaq kimdir, qoçaq kim?
Hünərlisən, sən dayan o durduğun yerində…
Çalındı tunc, baraban, hücum əmri verildi.
Səs düşdü o dumanlı, qoca, kəskin dağlara,
Hər kəs sandı ki, artıq igid qartal vuruldu,
Səlim xansa güvənib uca, kəskin dağlara,
Nişan aldı marşalın dəli məğrur başını,
Vuruş daha tutmadı, sərildi marşal yerə,
Ağ atlı kazaklara od düşdü birdən-birə,
Onda çeçen dağları çatdı gərgin qaşını,
Səlim xan gülümsəyib yapıncıya büründü,
Atdı dəmir çiyninə can yoldaşı tüfəngi.
Knyazlara od saçan Çeçenistan qaçağı
Uca, qarlı dağların dik başında göründü…
Xaraçoy
Xaraçoy, Xaraçoy, dilbər Xaraçoy,
Qaçaq Səlim xanın doğma yuvası.
Dağların bağrında atmış göyə boy,
İgid çeçenlərin yaşıl obası.
Ətrafı dumanlı dağlarla mühat*
Üstündə buludlar qanadlı bir at,
Duman uçmadadır dik zirvələrə,
Bir yanı başları döndərən dərə.
Dərənin qəlbində göz yaşı çağlar –
Qayalardan sızan sərin bulaqlar.
Qafqasın ən gözəl, dilbər görüşü,
Bu qoca dağlar ki, ordu yürüşü
Kimi düzülmüşdür arxa-arxaya.
Uçrumun başında duran hər qaya
Məğrur bir görkəmə bürünüb durur,
Torpağında qürur, daşında qürur,
Baxdıqca insanın qəlbi döyünür.
Dünyaya işvələr salan dağlarla
Öyünür bu qoca Qafqas, öyünür.
Xaraçoyda Səlim nəcib və yoxsul
Bir gənc tanılırdı, görənlər deyər,
Ömründə verməmiş haqsızlığa yol,
Kimsədən mərhəmət ummaz, baş əyməz,
Ərlər məclisində özünü öyməz.
Atılmış zəhmətə on dörd yaşında,
Bir böyük ailə vardı başında.
O qoca babası saç-saqqalı ağ,
Səlimi özünə sanırdı dayaq.
Əlində doxsan beş illik bir əsa,
Hər axşam gözlərdi onun yolunu,
Tarladan döndüyü bir az gec olsa,
Titrək əllərini qaldırıb göyə,
İgid nəvəsinə dua oxurdu,
Qaşlarını çatıb yola baxırdı.
O hər axşam bulaq üstə keçəndə,
Gözəl qızlar ona qaş-göz atardı.
Özünü sevdirmək üçün Çeçendə
Gözəllərdə böylə bir adət vardı.
Bir çoxu ürəkdən ona məftundu,
Bütün gənclik ona bəlkə mədyundu*
Səlim xan, Səlim xan – iyid bir oğul
Görmək istməzdi çeçenlini qul.
Zövqünü oxşardı hər tütən baca.
Anası altımış yaşlı bir qoca,
Səlim xanla hər gün çöldə bərabər
Gah toxum səpərdi, gah şumlardı yer.
Bacısı Fatimə hər gün günorta
Əlində duz, çörək, yağ və yumurta,
Yalın cığırlardan keçib o taya,
Aparırdı onlar üçün tarlaya.
Tərli sevinclərlə, şən gülüşlərlə
Hamısı birlikdə edərdi nahar.
Böyləliklə hər il gəlib keçərdi
Dağların qəlbində açan bir bahar…
Sürgün
Bir gün çardan əmr olundu
Ağ atlı bir qazağa,
Xəbər verin, Çeçen yurdu
Köçürülsün uzağa!
Yayılarkən aullara
Kin dolusu bu xəbər,
Çatıb durdu qaşlarını
Hər çeçenli igid ər.
Qəlbi qırıq annələrin
Doldu yaşlar gözünə,
İxtiyarlar baxıb durdu
İgidlərin üzünə.
Nasıl oldu çar naminə
Böylə əmr verildi?
Çeçenlərin sürgünlüyü
Nədən rəva görüldü?
Bir qanunmu doğma yurdu
Tərk eləsin çeçenli?
Tanrı bizə çoxmu gördü
Bu torpağı, bu eli?
Biz köçmürük uzaqlara,
Məskənimiz bu bizim.
Yer vermərik kazaklara,
Torpaq bizim, su bizim…
Xəbər çatdı polkovnikə
Əmrə qarşı çıxmışdan.
Bir az keçdi üç atlı
Kazak endi yoxuşdan.
Bu çeçenli xain zabit,
Bayquş kimi uğursuz.
Hayqırınca susdu bütün
Çoluq, çocuq, gəlin, qız.
Qurnaz zabit əlindəki
Kəskin əmri oxudu,
Annələrin ağ telinə
Qara ləçək toxudu.
Çarın əmri budur dedi:
Haydut çeçen ərləri,
Alıb pozğun annələri
Tərk etsin bu yerləri!
Yetər artıq bu ölkənin
Varı, yoxu talandı
Yetər artıq çeçenlilər
Quldurluqla dolandı!
– Bizmi quldur?
– Oh, yaramaz!
– Səndə çeçen qanı yox!
– Bu təhqirə dayanılmaz!
– Zülm evinin sonu yox!
Bizmi çapdıq bu ölkəni,
Yaxud kazaklar, ruslar?
Bu böhtana dayanırmı
Kazbeklər, Elbruslar?
Bütün bir kənd dalğalandı
Dəniz kimi daşdılar,
Əmr olundu kazaklara
Həpsi atəş açdılar.
Qopdu qanlı bir fırtına,
Ölüm hökmü verildi.
Qarşı duran igid gənclər
Bir-bir yerə sərildi.
Annələrin köksü açıq
Qan ləkəsi döşündə,
Tutulmuş bir hıçqırığa
Ölənlərin başında.
İxtiyarlar sinəsində
Üç yüz illik odlu dağ.
Saçları qanlı, günəşə
Etmədəydi əlvida…
Axşam çökdü, mavi göylər
Pərdə çəkdi üzünə,
Bir hıçqırıq qondu axan
Pınarların gözünə.
“Köç edənlər” yavaş-yavaş,
Yol üstünə çıxdılar.
Yaşıl, doğma yurdlarına
Son baxışla baxdılar.
İxtiyarlar düşdü önə,
Çoluq-çocuq həp yaya.
Qız, gəlinlər dönə-dönə
Baxırdılar arxaya…
Yol aldılar ənginlərə
Bu dağılmış dəstələr.
Yollarda can verə-verə,
Göz yumurdu xəstələr.
Dul qalanlar gözü yaşlı
Salamlardı dağları.
Andılar həp bayquşlara
Buraxılan bağları.
Bir ixtiyar çıxıb baxdı
Bir təpədən geriyə,
Gördü yanır od içində
Göy əriyə-əriyə.
Son olaraq yanan yurdu,
Həsrətlə salamladı,
Gözlərindən iki damla
Od damcısı damladı.
Çarın əmri buymuş – dedi
Doğma yurdu burax, get
Neron olsa belə artıq,
Yaşamaz bu səltənət…
Deyə gözdən qeyb olaraq,
Toz içində itdilər.
Tale üçün üfünləri
Dolaşaraq getdilər…


Xoraçoy, Xoraçoy, dilbər Xoraçoy,
Igid çeçenlərin doğma yuvası,
Dağların qoynunda atmış göyə boy,
Zəhmət sevənlərin yaşıl obası…
Ətrafı dumanlı dağlarla mühat,
Üstündə buludlar qanadlı bir at.
Duman uçmadadır dik zirvələrə,
Bir yanı başları döndərən dərə.
Dərənin qoynunda göz yaşı çağlar –
Qayadan fışqıran buzlu bulaqlar.
Qafqasın ən gözəl, dilbər görüşü,
Bu qoca dağlardır ordu yürüşü.
Kimi düzülmüşdür arxa-arxaya.
Uçurum başında duran hər qaya,
Məğrur bir görkəmə bürünüb durur,
Torpağında qürur, daşında qürur.
Baxdıqca insanın qəlbi döyünür,
Çiçəkli dağlarla, qarlı dağlarla
Öyünüb bu qoca Qafqas, öyünür.
Ağ saç bir ixtiyar nəcib və yoxsul,
Ömründə verməmiş haqsızlığa yol,
Kimsədən mərhəmət ummaz, baş əyməz,
Ərlər məclisində özünü öyməz.
Atılmış zəhmətə cavan yaşında,
Bir böyük ailə vardı başında.
O öz zəhmətiylə xoş dolanırdı
Səlimi özünə dayaq sanırdı.
Ondan kiçik oğlu Sultan Muraddı,
Oğullar oğul yox, alovdu, oddu.
Səlimxan, Səlimxan igid bir oğul,
Görmək istməzdi çeçenlini qul.
O da cocuqluqdan dağlara məftun,
Elinə mərhəmət, şəfqət dilərdi.
Onu səsləyirdi köpüklü Arğun,
Haqsızlığa qarşı susmaz bir ərdi.
Görüncə yurdunu odlar içində
Qəlbi çıldırırdı, coşurdu qanı,
Qalırkən Vedeno yadlar içində
Damarrında aşır-daşırdı qanı…
O açıq görürdü çeçendə hər gün
Yoxsul kəndlilərin talandığını,
Duyardı, at üstdə keçəndə hər gün
Göylərin başına dolandığını.
Bəzən Vedenoya düşəndə yolu,
Gözlərindən nifrət odu yağırdı.
Talanmış görərkən sağı və solu
Həsrətlə dağlara doğru baxırdı.
O zaman Vedeno möhkəm bir qala,
Orda polkovnik olurdu sakin.
Dağlar baş əyirkən o “ağ qartala”
Çeçen ölkəsinə salırdı bir kin.
Orda həyat vardı: duxan, restoran,
Sərxoş zabitlərin əllərində qan,
Qan dolu qədəhlər səslənirdilər.
Çeçen qanı sorub bəslənirdilər.
Orda fahişələr, şansonetkalar…
Çalğın duxanlarda qiyamət qopar.
Orda orkestro, klub, kazino,
Əyləncələr yurdu, sisli Vedeno,
Hər gün zövq içində atılardı həp.
Orda polkovnikin büsatı vardı.
Cənnətə oxşar bir həyatı vardı.
Orda kazakların qurduğu məclis,
Çar soldatlarının sorduğu məclis.
Orda çeçenlərin alınmış haqqı
Quldurlar əliylə çalınmış haqqı
Orda Nikolayın buyruğu vardı,
Kin saçan dəli bir “quyruğu” vardı.
Hökmündəydi bütün çeçen yurdları,
Yığaraq başına bəyaz qurdları,
O “dəli qartalın” vəhşi qurbanı
Talayırdı bütün eli, obanı.
Orada çeçenlər ağlar dururdu,
Dərələr səslənib, dağlar dururdu.
Dumanlar acıqlı, yellər acıqlı,
Terekdə quduran sellər acıqlı!
Dərələr qorxulu, üfüqlər qanlı,
Əngində qaş çatan dağlar dumanlı.
San bir fırtınaya tutulacaqdı,
Ölümlə qovğuya atılacaqdı…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов