Birinci pərdə
Содержание
Страница 3 из 5 · 40%
İldırım Atayev
“Kim bilir”i əkiblər, bitməyib. İradə istedadın anasıdır! (Otaqdan çıxır)
Mehrican (İldırım Atayevin ardınca baxaraq, həyəcanla)
Nə üçün onun səadətinə mane olurlar?!
Reyhan
Çünki analığıma belə lazım idi. (Pauza) Əmimin başına nə gətirdiyini indi də mənim başıma gətirmək istəyir. Görmürsənmi? Hər vasitə ilə Cahangiri mənim gözümdən salmağa çalışır.
Mehrican
Ancaq mən elə güman edirəm ki, heç bir fırtına həqiqi məhəbbəti sarsıda bilməz!
Reyhan (fikirli)
Doğrudan da elədir.
Cahangir gəlir. O, iyirmi dörd yaşında yaraşıqlı bir oğlandır. Üzündə bir az sərt görünən açıq və ağıllı ifadə vardır. Hərəkətləri qəti və sərbəstdir.
Reyhan (Cahangirin əlindən tutaraq)
Adını çək, qulağını bur. Bir az qabaq sənin barəndə danışırdıq, Cahangir.
Cahangir
Mən də gələ-gələ fikirləşirdim ki, sizi mütləq bir yerdə görəcəyəm.
Mehrican
Yoxsa, qısqanırsınız?
Cahangir
Eh... Bəlkə də...
Mehrican
Əslində, mən qısqanmalıyam ki, on beş illik yoldaşımı əlimdən alırsınız. Sizin toyunuzdan sonra lap tək qalacağam.
Reyhan
Yaxşı, yaxşı, ürəyimi xarab eləmə.
Cahangir (Mehricanın əlindən tutur)
Qardaşınız ölməyib ki, siz tək qalasınız!
Reyhan
Biz üçümüz də həmişə bir yerdə olacağıq.
Cahangir
Həmişə!
Reyhan (Cahangirə)
Eşitdim sən bizim tikinti kontorunda böyük bir işin üstünü açmısan.
Cahangir
Bəli, açmaq üzrəyəm.
Reyhan
Deyilənə görə, Sadıqovun özü də dolaşır.
Cahangir
Deyəsən, elədir.
Mehrican
Görürsünüz, biz gecələri ömrümüzdən borc alıb, zəhmət çəkirik, tikirik. Onlar isə...
Reyhan
Kim olursa-olsun, amansız ol, Cahangir!!
Ziyad Şahsuvarov gəlir. Bu, otuz yeddi-otuz səkkiz yaşlarında bir adamdır. Özünü çox sadə və nəzakətli aparmağa çalışmasına baxmayaraq, gözlərində daim şüşə parıltısı kimi soyuq bir ifadə var. Bahalı parçadan kostyum geyinmişdir. Cahangirin burada olması ona pis təsir edir. Lakin o, bu hissini məharətlə gizlədərək, özünü şad göstərir.
Şahsuvarov
Salamlar... Mən söhbətinizə mane olmadım ki?
Reyhan
Xeyr. Buyurun, əyləşin.
Şahsuvarov
Rica edirəm, zəhmət çəkməyin. (Oturur) İstirahət günü olanda adam lap darıxır. Xüsusən mənim kimi heç bir kəsi olmayanlar.
Reyhan
Niyə elə deyirsiniz? Sizi ki, bütün şəhər tanıyır.
Şahsuvarov
Hər bir tanışa da dost deyib, ülfət bağlamaq olmur, Reyhan xanım.
Cahangir
Əlbəttə. Adam öz qəlbinə yaxın olanlarla görüşüb-danışmaq istəyir.
Şahsuvarov (Cahangirin sözlərindəki istehzanı hiss edir. Lakin üzə vurmur)
Doğrudur.
Cahangir
Mən arzu edirəm ki, hamı sizin kimi incə təbiətli olaydı, Şahsuvarov.
Şahsuvarov (gülümsəyərək)
Siz kompliment deməkdə həddindən artıq səxavətlisiniz, yoldaş müstəntiq!
Cahangir
Bunun eybi yoxdur. Özünüz bilirsiniz ki, insanda səxavət gözəl keyfiyyətdir.
Şahsuvarov
Şübhəsiz. (Zarafatyana) Vaxta ki, Cahangir məni incə təbiətli adam hesab edir, o zaman rica edirəm bir şey çalasınız, qulaq asaq.
Reyhan
Əziz qonaqlara hörmət borcumuzdur.
Şahsuvarov
Təşəkkür edirəm.
Reyhan (pianinonun qabağında oturaraq)
Nə çalım?
Şahsuvarov
Ürəyiniz nə istəyirsə.
Reyhan
Bəlkə mənim ürəyim istəyən sizə xoş gəlmədi?
Şahsuvarov
Ola bilməz.
Reyhan
Kaş ki, mən sizin bu etimadınızı doğruldaydım.
Çalır. Cahangir qalxıb pəncərədən bağçaya tamaşa edir. Mehrican da onun yanına gəlir və onlar nə haqqındasa danışırlar. Şahsuvarov, Reyhanın yanındakı stola söykənir.
Şahsuvarov (yalnız Reyhanın eşidə biləcəyi bir səslə)
Srağagün axşam mən evinizin yanından keçirdim, siz onda da bu sonatanı çalırdınız. Dayanıb xeyli qulaq asdım.
Reyhan (gülümsəyərək)
Doğrudanmı?
Şahsuvarov
Lakin, sizə qulaq asdıqca, özümü elə bədbəxt hiss edirdim ki.
Reyhan
Nə üçün?
Şahsuvarov
Bilmirəm.
Reyhan
Görünür, siz o gecə çox sentimental bir əhvali-ruhiyyədəymişsiniz.
Şahsuvarov (pərt olaraq)
Hər halda, mənim o gecəki vəziyyətim istehzadan çox mərhəmətə layiqdi.
Reyhan
Yoxsa, mən sizin xətrinizə dəydim?
Şahsuvarov
Xətrimə dəyəndə nə olar! Siz mənim sinəmə dalbadal on güllə sıxsaydınız, bir dəfə “uf” deməzdim.
Reyhan
Siz lap keçmiş rıtsarlar kimi danışırsınız. (Qaşlarını çataraq, ayağa qalxır)
Dilşad və Lətafət gəlirlər.
Dilşad
Oho... Şahsuvarov... Mən dedim, bəs, gəlmədiniz.
Şahsuvarov
Necə ola bilər ki, siz çağırasınız, mən gəlməyim?
Dilşad
Sağ olun. Siz qədirbilən adamsınız.
Şahsuvarov
Siz məni utandırırsınız, Dilşad xanım...
Dilşad
Siz həddindən artıq təvazökarsınız, yoldaş naçalnik. Xoş gəlmisiniz. Bəs, ayaq üstə nə üçün? Reyhan, qonaqlara yaxşı qulluq eləmirsən. Rica edirəm, əyləşin...
Cahangir
Zəhmət çəkməyin. Bütün günü oturmaqdan yorulmuşuq.
Dilşad
Sizdən incimişəm. Bizə gec-gec gəlirsiniz.
Cahangir
İş-güc...
Dilşad (mənalı tərzdə gülümsəyərək)
Bilirəm, bilirəm... Son vaxtlar işiniz yaman çoxdur.
Reyhan
Cahangir, gedək. Mehricanın düzəltdiyi yeni maketi sənə göstərmək istəyirəm.
Cahangir
Gedək.
Reyhan, Cahangir və Mehrican o biri otağa keçirlər.
Dilşad
Ziyad, Sadıqovun əhvalatından sizin xəbəriniz varmı?
Şahsuvarov
Bəli, xəbərim var.
Dilşad
Bu necə məsələdir?
Şahsuvarov
Hamısını burada danışmaq mümkün deyil. Ancaq, hər halda, çox ciddi məsələdir.
Dilşad
Bəs, fikriniz nədir?
Şahsuvarov
Mən əlimdən gələn köməyi etməyə çalışıram. Lətafət xanım özü də bilir. Ancaq qorxuram mənim köməyim müsbət bir nəticə verməsin.
Dilşad
Nə üçün?
Şahsuvarov
Çünki Sadıqovgilin işini Cahangir açıb.
Dilşad
Nə olsun ki?
Şahsuvarov
Qanuna görə, biz onlara təsir göstərə bilmərik.
Dilşad
Orasını mən də bilirəm.
Şahsuvarov
Başqa bir yol düşünməyə imkan yoxdur. Çünki özünüz bilirsiniz, prokurorun da, Cahangirin də mənimlə araları soyuqdur.
Dilşad
Bəs, necə olsun?
Şahsuvarov
Siz bu barədə yoldaş Atayevlə danışsaydınız, pis olmazdı.
Dilşad
Atayevə elə söz demək olar?
Şahsuvarov
Bilirsiniz, Dilşad xanım, siz ağıllı qadın olduğunuz üçün mən hər şeyi açıq danışmaq istəyirəm. Atayevin bu işə qarışmağı mütləq vacibdir! Əgər, Sadıqov dolaşsa...
Dilşad
Başa düşürəm.
Şahsuvarov
Digər tərəfdən, Cahangir işində fanatik bir adamdır. Onu ancaq Atayev kimi böyük avtoritet öz yerində oturda bilər. (Pauza) Görürsünüz, onun yerinə mən olsam, utandığımdan sizin üzünüzə baxa bilməzdim. Amma o...
Dilşad
Amma o bu evdə özünü elə aparır ki, guya, mənim yeznəmi dolaşdırıb tutmaq istəməsinin bizə heç dəxli yoxdur.
Şahsuvarov
Sizi inandırıram ki, o elə də düşünür. (Pauza)
Dilşad
Siz haqlısınız. Mən bu barədə mütləq Atayevlə danışmalıyam. Lap dalaşsa da, danışmalıyam. Mənə və mənim qohumlarıma hörmət eləmək onun borcudur.
Şahsuvarov
Əlbəttə.
Dilşad
Siz əyləşin, mən bir mətbəxə baş çəkim, gəlim.
Şahsuvarov
Buyurun.
Dilşad çıxır.
Şahsuvarov
Niyə mənə elə qanlı-qanlı baxırsan, Lilya?
Lətafət
Hələ bir danışırsan da...
Şahsuvarov
Axı nə olub?
Lətafət
Özün bilirsən!
Şahsuvarov
Sənin canın üçün, heç bir şey bilmirəm.
Lətafət
Axşam gələrsən, deyərəm.
Şahsuvarov
Bəlkə gələ bilmədim.
Lətafət
Aydındır.
Şahsuvarov
Ürəyinə ayrı şey gəlməsin. Qonaq çağırıblar. Getməsəm, yaxşı düşməz.
Lətafət
Demək, o qonaqlıqdakılar sənin üçün məndən artıqdır?
Şahsuvarov
Nə danışırsan, Lilya...
Lətafət
Gələrsən! Eşitdinmi?
Şahsuvarov
Baş üstə!
Dilşad (balaca məcməyidə çay, mürəbbə gətirir)
Bu, siz xoşlayan qızılgül mürəbbəsidir. Özüm bişirmişəm.
Şahsuvarov
Nə zəhmət çəkirsiniz...
Dilşad
Təki sizin kimi dostlar üçün zəhmət çəkək.
Şahsuvarov
Doğrusu, bu evə elə öyrənmişəm ki, bir gün gəlməyəndə ürəyim darıxır.
Dilşad
Mən sizi öz ailəmizin bir üzvü hesab edirəm, Ziyad.
Şahsuvarov
Mən bunu bilirəm, Dilşad xanım.
Dilşad
Elə zənn edirəm ki, biz bir-birimiz üçün qənimət adamlarıq.
Şahsuvarov
Biz bir-birimizi anlayıb qiymətləndirməyi bacarırıq, Dilşad xanım.
Dilşad
Şübhəsiz.
Cahangir, Reyhan və Mehrican gəlirlər.
Cahangir
Mən sizin yerinizə olsaydım, maketi müsabiqəyə göndərərdim.
Reyhan
Mehrican yenə də bəzi dəyişikliklər eləmək fikrindədir.
Cahangir
Lap yaxşı.
Dilşad (Cahangirə)
Əyləşin, çay için.
Cahangir
Sağ olun. Axşam tikinti işçiləri üçün mühazirə oxuyacağam. Gedib bir az hazırlaşmaq lazımdır.
Mehrican
Mühazirəniz nə mövzudadır?
Cahangir
“Ailə və cəmiyyət”.
Şahsuvarov
Gözəl mövzudur. Vaxtım olsaydı, məmnuniyyətlə qulaq asardım.
Dilşad
Siz müstəntiq adamsınız. Mühazirə ilə nə işiniz var?
Cahangir
Bizim vəzifəmiz yalnız cinayətləri tapıb meydana çıxarmaqla bitmir, Dilşad xanım. Biz, eyni zamanda, bu cinayətləri doğuran səbəblərin kökünü kəsməyə çalışırıq. Biz istəyirik ki, adamlar mənəvi cəhətdən daha kamil, daha gözəl olsunlar. Biz istəyirik ki, cinayət sözü zehinlərdən silinib getsin.
Reyhan
Ona görə də, hər bir müstəntiq, eyni zamanda, bir müəllim olmalıdır.
Cahangir
Doğrudur.
Xosrov Atayev gəlir. Bu, qırx beş yaşında, ucaboylu, yaraşıqlı bir kişidir.
Xosrov Atayev
Salam.
Şahsuvarov
Salam, yoldaş Atayev.
Xosrov Atayev
Deyirlər İldırım gəlib, bəs hanı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-atayevler-ailesi-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Yun şal«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:
Qırçı və qırmızı çiçəkQoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.