Yun şal
Страница 1 из 3
«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.
Mən sürücü Mikolaya:
– Düş gör, – dedim, – Südabə adlı qız bu evlərin hansında yaşayır?
– Evdə olsa nə deyim?
Mən bir qədər fikirləşəndən sonra:
– De ki, qohumlarınızdan biri gəlib, sizi görmək istəyir...
İri gövdəli sürücü Mikola maşından düşərək, palçığa bata-bata altdan-yuxarı yüyürdü və yoxuşun başına çatıb, sükut içində divarları ağaran evlərin arasında görünməz oldu, mən papiros çıxarıb yandırdım. Çox çəkmədi ki, dikdirin üstündə sürücü ilə yanaşı ucaboy bir qadın da göründü. O, əlini qaranlıq üfüqə doğru uzadaraq, sürücüyə nə isə dedi. Yavaş yeriməyə hövsələsi çatmayan Mikola qayıdıb üstdən-aşağı yuvarlandı, yoxuşun yarısında sürüşüb şappıltı ilə yerə dəyərək:
– «Çort», – deyə səsləndi.
Dərhal ayağa qalxaraq maşına çatanda səbrsizliklə soruşdum:
– Nə oldu?
– Deyir, evdə yoxdur, o qaralan təpənin dalında, ağıllardadır.
– Maşını döndər oraya.
Evlərlə ağılların arası daha bərk palçıq olduğundan, maşın bir kilometrdən də az məsafəni xeyli çətinliklə gəlib çıxdı.
İri qoyun itləri qəzəblə hürüşərək, tökülüb maşını dövrəyə aldılar.
– Ay it! Ay it... – kərpic hasarın ardından səslər eşidildi.
Sonra iki çoban yüyürüb gələrək, itləri qovub bizə yaxınlaşdı.
– Südabə xanım burada işləyir? – deyə Mikola başını kabinədən çıxarıb soruşdu.
– Bəli, bizim zootexnikimizdir, – başında saçaqlı dəri papaq, çiynində yapıncı olan çoban cavab verdi.
– Deyin şəhərdən qohumları gəlib, onu görmək istəyir.
Yapıncılı çoban yaşca özündən kiçik yoldaşına dönərək:
– Yüyür Südabə bajını çağır, – dedi.
Sonra mənə müraciətlə:
– Düşün, içəri buyurun.
– Sağ olun, – dedim, – yol üstəyik.
Ağıldan boğunuq tüstü qalxır və yuyulmamış yun qoxusu gəlirdi.
Südabə gənc çobanla birlikdə tələsik addımlarla maşına yaxınlaşdı.
– Məni soruşan kimdir?
Maşının qapısını açaraq:
– Mənəm, – dedim.
O, bir neçə saniyə heç nə demədi.
Sonra:
– Sən hara, bura hara? – deyə təəccüblə pıçıldadı.
Mən maşından düşən işıqda onun ağ, qızılgül ləçəyitək zərif üzünə baxaraq:
– Gəl içəri, bayır soyuqdur, – dedim.
Və o, tamam qeyri-şüuri bir hərəkətlə qalxıb yanımda oturanda qapını örtdüm.
Yapıncılı çoban maraqla bizə baxan gənc yoldaşına him elədi və onlar dönüb ağıla getdilər.
– Mən də qoyunlara baxmaq istəyirəm, – deyərək Mikola, yəqin ki, bizi tək qoymaq lazım gəldiyini hiss edib kabinədən çıxdı.
– Get, – dedim. – Ancaq mənim kim olduğum barədə onlara heç nə demə.
Biz tək qaldıq.
– Niyə bu vaxtacan evə getməmisən? – deyə soruşdum...
– Qoyunlarımız doğmağa başlayıblar...
– Sənin üçün burada çox çətin keçmir ki?
– Əvvəllər çətin keçirdi... İndi öyrəşmişəm.
– Evinizdən məktub alırsanmı?
– Alıram, tez-tez alıram.
– Nə üçün mənim məktubuma cavab yazmadın?
Üzümə ani və məyus bir nəzər salaraq dinmədi.
– Niyə susursan, Südabə?
– Axı, nə mənası var idi ki?
Doğrudan da, nə mənası var idi? Cavab yazsaydı belə, bu məktublaşma nə qədər davam edə bilərdi? Mən ki, heç bir zaman evlənməyəcəyimi ona mərd-mərdanə demişdim. Ona görə yox ki, Südabə pis qız idi, yox! O, Bakıda beş qızın biri idi. Ona görə ki, gələcək üçün mənim bir sıra elmi planlarım var idi və o əqidədəydim ki, bunların həyata keçirilməsi üçün, hələlik subay qalmağım lazımdır. Lakin bununla belə, onun «nə mənası var idi ki...» deməsi ürəyimi ağrıtdı.
– Sən inciməkdə haqlısan, – dedim. – Mən sənin şəhərdə qalmağına kömək eləmədim.
– Mən ki, bu barədə sənə heç bir söz deməmişdim.
– Yadındadırmı, son kursda oxuduğun zaman bir dəfə işarə vurmuşdun.
– İşarəni başa düşməmək də olardı, – o, yenə də üzümə ani bir nəzər salaraq, zarafatla cavab verdi.
– Yox, mən başa düşmüşdüm, mən anlayırdım, ancaq... bilirsənmi, o zaman mən ağır bir çətinlik qarşısında qalmışdım. Mən sizin ikinizdən birinizi – ya səni, ya da bacımı şəhərdə işə düzəldə bilərdim. Anam, qohumlar... (Südabə ilə bacım institutu bir yerdə qurtarmışdılar).
O mənim sözümü kəsib, bacımı soruşdu:
– Firəngiz necədir?
– İşləyir. Bu yaxınlarda toyları olacaq.
Südabə mehribanlıqla gülümsədi:
– Bilirəm. Özü yazmışdı.
– Məgər siz məktublaşırsınız?
Qız başı ilə təsdiq etdi.
– Bəs nə üçün Firəngiz heç mənə deməyib?
– Mən xahiş etmişdim ki, deməsin.
– Niyə?
– ...
Mən əsl məqamın çatdığını güman edərək:
– Südabə, – deyə təntənə ilə bildirdim, – sizin nazirlikdən xahiş etmişəm ki, sənin şəhərə dəyişilib, elmi sahədə işləməyinə icazə versinlər. Axı, sən institutu əla qiymətlə bitirmisən.
– Təşəkkür edirəm, ancaq nahaq zəhmət çəkmisən.
– Bəlkə, mənə acığın tutduğu üçün belə deyirsən?
O, kədərlə başını buladı. İkimiz də susub dinmirdik.
O, gözlərini qaldırıb mənə uzun bir nəzər saldı. Sanki üzümdə hər bir cizgini diqqətlə oxumaq istəyirdi.
– Şəhərə bir sözün-zadın yoxdur ki?
– Yoxdur, – deyə eyni mehribanlıqla cavab verdi.
Sonra birdən tərəddüdlə əlavə etdi:
– Anam üçün bir şal toxumuşam. Dedim, bəlkə...
– Ver aparım.
– Əziyyət olmaz ki?
– Nə əziyyət olacaq, sürücü ilə göndərərəm.
– Burada deyil, evdədir.
– Eybi yoxdur, gedərik, götürərəm.
Siqnalı basdım. Mikola ilə gənc çoban da gəldi və o bu dəfə mənə əhəmiyyət vermədən təmiz Qarabağ şivəsi ilə:
– Südabə bajı, – deyə sevinclə bildirdi. – Qumral qoyunun bir cüt əkiz balası oldu.
Qız yerindən qalxaraq:
– Bir dəqiqə, – o, məndən üzr istəyib maşından düşdü.
Və gənc çobanla birlikdə qaranlıqda palçığı şappıldada-şappıldada ağıla sarı yüyürdü. İki-üç dəqiqədən sonra qayıdaraq:
– Oy, Cəmil, – dedi, – elə qəşəngdirlər, elə qəşəngdirlər, baxsan, xoşuna gələrlər.
O, mənim adımı əvvəllərdə olduğu kimi, mehriban, doğma, əziz bir ahənglə çəkdi və mən onun zərif üzünə həyat və gözəllik verən gözlərinin dərinliklərində alışan qığılcımları yenidən gördüm. Lakin o, mənim baxışlarımı hiss edərək kirpiklərini endirib susdu. Yalnız maşın fermaya çatanda:
– Düş gedək qonağımız ol, – dedi.
– Birdən söz-həkət olar.
– Mən söz-həkətdən qorxmuram!.. Siz bir az dincələrdiniz, mən də anamgilə balaca bir kağız yazardım.
Bu dəfə etiraz etmədim. Maşından düşdük. İndi göz-gözü görməyən bir qaranlıq olduğundan, o, cibindən balaca əl fənəri çıxarıb yandıraraq, yolumuzu işıqlandırdı.
– Sənin fənərin də varmış? – deyə zarafat elədim.
– Burada fənərsiz keçinmək olmaz. Sovxozda balaca bir «HES»imiz var. İndi onu böyüdürük. Ondan sonra işimiz yaxşı olacaq, bizə də işıq verəcəklər.
O sürüşdü, əl atıb qolumdan yapışdı. Mən onun əlinin tanış təmasını hiss edərək, Bakıda, dəniz kənarındakı körpə akasiya ağacları arasında gəzdiyimiz yay axşamlarını xatırladım. O bilirdi ki, biz evlənməyəcəyik. Bununla belə, heç bir zaman mən onu kədərli görməzdim. Yalnız bir dəfə ağlamışdı. Özü də ürəkdən, yana-yana ağlamışdı. Buna səbəb də mən olmuşdum. Mən ona elçi gəldiyini və qızın rədd cavabı verdiyini bacımdan eşitmişdim.
Elçi göndərən yaxşı oğlan idi. Ağıllı, gözəl, elmli! Ona görə də, axşam akasiya ağacları yanında görüşdüyümüz vaxt, söhbəti hərləyib bu məsələnin üzərinə gətirərək:
– Nahaq rədd eləmisən, – deyə ürəkdən təəssüf elədim. – O, çox yaxşı oğlandır.
Qız ilan vurmuş kimi dayandı. Diqqətlə üzümə baxdı. Mən heç bir zaman onun gözlərində belə ifadə görməmişdim. Mənə elə gəldi ki, o bu saat qışqırıb dünyadakı pis sözlərin hamısını üzümə çırpacaq.
Lakin o, belə etmədi. Ağaca söykənib ağladı, ağladı... Ürəyi boşalandan sonra bu barədə bir kəlmə də söz demədən, yenə də sakit halda qoluma girdi.
... Biz yoxuşu qalxaraq, Südabənin neft çırağı ilə işıqlanmış balaca və isti otağına daxil olduq. Qapıya yaxın yerdə kiçik dəmir soba yanırdı. Evin ortasında, üzərinə təmiz ağ süfrə salınmış miz, üç-dörd kürsü qoyulmuşdu. Köhnə arakəsmənin arxasında qızın çarpayısı yerləşmişdi. Pəncərənin qabağındakı balaca yazı stolunun üstündə batareya ilə işləyən bir «Rekord» qəbuledicisi, sellüloiddən qayrılmış şəffaf mürəkkəbqabı, «Azərbaycan kənd təsərrüfatı» jurnalının bir neçə nömrəsi və açıq kitab vardı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-yun-sal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük ipək çadır. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
İyirmi üçüncü şəkilVanyanın evi. Vanya güzgü qabağında özünü keşiş qiyafəsinə salır. Haykanuş gəlir.*Haykanuş**
İyirmi dördüncü şəkilGecədir. Lisaneviç və Vanya gizli yerdə görüşürlər.*Vanya** (*hərarətlə*)
İyirmi beşinci şəkilGecədir. İbrahim xanın iqamətgahı. İbrahim xan ibadət paltarındadır.*Bu zaman Tubu xanım daxil olur.*