Страница 3 из 3 · 67%

«Əziz atam və anam!

Məktubunuzu dünən aldım. Məndən nahaq nigaran olursunuz. Lap yaxşıyam. Ana! Xahişini yerinə yetirib otağımda soba da qurmuşam. Xanım arvad yenə də mənimlə olur. Özümü soyuqdan gözləyirəm. Çörəyimi də vaxtında yeyirəm. Bu barədə arxayın olun. Sovxozda məndən çox razıdırlar. Dünən direktorumuz gəlmişdi, mənim işimi təriflədi. Deyir, Möhsünzadə yoldaş gələndən bəri dördüncü ferma birinci yerə keçmişdir. Özümü də fermada yerli komitə sədri seçiblər. İndi mən də sovxoz rəhbərləri qarşısında məsələ qaldırmışam ki, ferma işçiləri üçün balaca bir hamam tiksinlər. Srağagün üç maşın bişmiş kərpic göndəriblər. Ana! Bu şalı öz merinosumuzun yunundan toxumuşam. Mənə mükafat vermişdilər. Yazın axırlarında gəlib sizi gətirəcəyəm, bir az burada qalasınız... Deyirlər, bu yerlərin baharı gözəl olur. Atamın qıçlarının ağrısı necədir? Rütubətli havada qoyma bayıra çıxsın. Bax, darıxmayın. Yazda gələndə sizin üçün televizor alacağam. Özünüzdən muğayat olun. İkinizi də bərk-bərk öpürəm.

Qızınız Südabə».

Ata hələ də məktuba baxırdı. Ana əllərini yun şalın üzərində gəzdirərək, «öz merinosumuzun yunundandır...» deyə şəfqətlə gülümsədi və mənə elə gəldi ki, yun şal ananın balaca bürüşük əllərinin təması ilə canlanır, xoşallanır. Mən yenidən özümü həyatda hər şeyi itirmiş adamlar kimi məyus və unudulmuş hiss edərək, ayağa qalxdım. Qocalar mənə çoxlu təşəkkür etdilər və mən xudahafizləşib çıxmaq istədikdə:

– Siz bir də ora qayıtmayacaqsınız ki? – deyə ana soruşdu.

Dünyada misli görünməmiş bir şey eşitmiş kimi yerimdə donub, gah kişinin, gah da qadının üzünə baxdım. Bu sual arvadın ağlına haradan gəldi? Mən ki, orada işləmirəm! Bayaq dedim ki, ezamiyyətə getmişdim. Bəs, bu qəribə sual ananın ağlına haradan gəldi? Mən bir də ora nə üçün getməliyəm ki?

– Bəli, – dedim. – Qayıdacağam, mütləq qayıdacağam!

– Qız üçün bir az ayın-oyun düzəltsək...

– Apararam.

– Nə vaxt gedəcəksiniz? – Bu dəfə ata soruşdu.

Mən bir qədər fikirləşib:

– Üç gündən sonra, – deyə qətiyyətlə cavab verdim. – Nə göndərəcəksinizsə, hazırlayın, gəlib götürəcəyəm.

... «Bax belə!.. Bax belə!» deyə zehnimdə tez-tez təkrar edərək küçə ilə gedirdim və nədənsə, bu sözləri təkrar etdikcə, yerişimin sürəti də artırdı.

... Səhəri gün Nazirlər Sovetinə ərizə verəndən sonra, kimsəyə demədən şəhərə çıxıb özüm üçün bir nişan üzüyü aldım. Bu, bizim dədə-baba adətimizdir.

... Yenə də qaranlıq bir gecəydi. Yenə də qar yağıb ucsuz-bucaqsız düzənliyi örtmüşdü və ya kim bilir, bəlkə, bu elə beş-altı gün bundan qabaq biz bura gələndə yağan qar idi. Mən əllərim rulda, gözlərim isə uzaqdan görünən ferma işıqlarına dikildiyi halda irəliləyirdim. Lakin mən indi «ZİL»də deyil, sovxozda mənim (baş mühəndis-mexanizatorun) sərəncamıma verilmiş balaca «QAZ-69»da gedirdim.

Mən irəlilədikcə, səhərə yaxın göydə ulduzlar sönüb, nəhayət, bir dan ulduzu qalana kimi, fermanın da işıqları bir-bir yox oldu. Qaranlıq düzdə tək bir işıq qaldı və mən o tək işığı tuş tutaraq, heç yerdə azmadan düz gəlib fermaya çıxdım...

1957.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов