Страница 2 из 3 · 33%

Gecə zil qaranlıq idi. Sahilə bir neçə mil qalmış mən Alaya dedim:

– Aç bunların qolunu.

Sonra özlərinə yenə təkrar etdim ki, əgər başqa xəyala düşsəniz, öləcəksiniz.

Qərəz, nə başınızı ağrıdım, İranda türkmənlərin tapıb gətirdikləri kürdlərə silahların hamısını qızıl pula satdıq. Türkmənləri danışdığımızdan da artıq razı saldıq. Birinci türkmən haqlarını alıb bizdən ayrılanda yenə dedi:

– Ağa, vallah, biz sizə əl qaldırmaq fikrində olmamışıq.

Mən ona dedim:

– Bilirəm, o gecə tat sizi dilə tutanda mən hamısını eşidirdim, yatmamışdım.

... Alayın əmisi oğlu İstanbulda yaşayır. Deyilənə görə, çox dövlətli bir adamdır. Alay mənə də təklif elədi ki, gedək İstanbula. Bu gün-sabah Azərbaycanda Şura hökuməti qurulacaq, onda qayıdarıq Azərbaycana. Mən də təklif elədim ki, əvvəlcə gedək Tehranı-zadı gəzək. Alay razı olmadı. Dedi:

– Pulumuz-zadımız qurtarar, qalarıq belə. Yaxşısı budur, buradan xalı-gəbə alıb aparaq Türkiyəyə, həm ziyarət, həm ticarət.

Mən dedim:

– İldə-əyyamda əlimizə bu qədər pul düşüb, qoy əvvəl gedək Tehranı görək.

Xülasə, Alaydan ayrıldım, Tehrana gedib Laləzar xiyabanında ən bahalı mehmanxanaya düşdüm. Əvvəl özümə bir neçə dəst paltar aldım, sonra başladım Tehranın əfsanəli həyatı ilə tanış olmağa... Eh... Bu dünyada əsil kef çəkmək istəyən Tehrana getsin. Elə işlərə rast gəlirsən ki, sonra adama yuxu kimi görünür...

– Nə cür işlərə? – deyə anam maraqla soruşdu.

Atam mənə acıqlandı:

– Dur get o yana... Sənə deməmişəm ki, böyüklərin söhbətinə qulaq asma.

Doğrudur, atam mənə bunu dəfələrlə demişdi, lakin böyüklərin söhbəti mənə həmişə uşaqların söhbətindən maraqlı görünürdü, böyüklərin söhbəti hər zaman mənim üçün təzə idi, mənə məlum olmayan aləmdən idi. Mən durub çıxdım. Xəlvətcə o biri otağa keçib, qulağımı açar yerinə dirəyərək yenə də qulaq asmağa başladım.

Dayım öz şirin bəlağətilə söhbətinə davam edirdi:

– Bir gün Sədi xiyabanında gəzdiyim zaman hiss elədim ki, çarşablı, rübəndli bir qadın məni izləyir. Birdən qəfil dayanıb geri çevrilərək ondan soruşdum:

– Sizə nə lazımdır?

O, yavaş və çox nəzakətli səslə mənə dedi:

– Ağa, əgər özünüz kimi gözəl, ceyran bir xanımı siğə eləyib bir gecə vaxt keçirmək istəyirsinizsə, ardımca gəlin.

Onun xanımı mənə oxşatmasına hirslənib soruşdum:

– Kimdi o xanım, siz özünüzsünüz?

– Xeyr, ağa, – dedi, – görərsiniz, təşrif buyurmağınıza heyifsilənməyəcəksiniz.

Mən Tehran küçələrində belə aradüzəldən qadınlar olduğunu bilirdim. Düzü, bu mənə maraqlı bir macəra kimi göründü, ona görə də razılıq verdim.

Biz bir neçə tin keçib, qədim, dar bir küçəyə düşüb bir xeyli gedəndən sonra arvad balaca bir darvazanın qabağında dayanıb, diqqətlə o tərəf-bu tərəfə baxdı. Sonra dəmir toxmağı üç dəfə usdufca vurdu. Qapını on altı-on yeddi yaşında bir qız açdı. Zalım qızı o qədər gözəl idi ki, mən yerimdə donub qaldım. Heç ağlıma da gəlməzdi ki, mənim siğə eləyəcəyim xanım budur. O da dayanıb mat-mat üzümə baxırdı. Onun alnının ortasında süni bir xal vardı. Başı açıq idi. Uzun, qara hörükləri daldan ayaqlarına qədər uzanmışdı. Biləklərində iri gümüş bilərziklər, başında, yəqin ki, süni olan mirvari tac vardı. Biz gül-çiçəklə dolu balaca bir bağçaya girdik. İki-üç otaqdan ibarət birmərtəbə evin ətrafında bişmiş kərpicdən barı vardı. Barı o qədər hündür idi ki, küçədən ancaq evin taxtapuşu görünürdü. Biz çiçəklərin arasındakı cığırdan keçib, balaca otağa girdik. Yerə əlvan xalılar döşənmişdi. Mavi şüşə örtüyün içində neft çırağı yanırdı. Biz içəri girəndən sonra məni gətirən arvad çadra ilə rübəndi çıxartdı. Gördüm bu, təxminən qırx-qırx beş yaşında sağlam, enlixürək, iri gözləri sürməli, qırmızısifət bir arvaddır. Mənalı-mənalı mənə baxıb gülümsədi. Dişləri balta kimi sağlam idi. O, mənim yadıma nağıllardakı cadugərləri saldı. Yanına mütəkkə-yastıq qoyulmuş ipək döşəkcəyə işarə ilə farsca mənə dedi:

– Əyləşin, ağa.

Sonra gözəl qıza dedi:

– Ağaya xidmət elə.

Bayaqdan qızın gözü məndəydi. Arvad ona müraciət eləyəndə mənə elə gəldi ki, qız nəyə görəsə diksinib qorxmuş halda əvvəl qadına, sonra mənə baxdı. Arvadın üzü mənə təəccüblü dərəcədə soyuq, qəddar göründü. Ancaq o, gözünü qızdan çəkib mənə baxanda üzündə yenə yaltaq bir təbəssüm zahir oldu.

– Siz bir qədər məşğul olun, ağa, mən qonşudan mollanı çağırım, siğənizi oxusun.

Mən ondan soruşdum:

– Hanı mənə siğə edilən xanım?

O, qızı göstərib dedi:

– O, sizin qulluğunuzdadır, ağa.

Doğrusu, bu siğə əhvalatı mənə çox maraqlı görünürdü.

– Yaxşı, – dedim, – çağır mollanı.

Qız mənim qabağıma qısaayaqlı, balaca bir stol qoyaraq o biri otaqdan qədim küzədə şərab, qədəh və balaca bir boşqabda da xuşgəbər gətirdi. Qadın qıza məndən oğrun, mənalı bir nəzər salıb getdi. Qız isə ayaq üstündə qabağımda dayanıb mənə baxırdı. Mən gülümsəyib dedim:

– Gəl, əyləş.

Ancaq o, yerindən tərpənmədi, mən gülə-gülə ondan soruşdum:

– Sən farssan?

O, başını bulayıb:

– Yox, ağa, – dedi, – mən kürdəm.

Mən öz qədəhimi şərabla doldurub təkrar ona təklif elədim:

– Gəl, əyləş...

O, yenə də yerindən tərpənmədi. Ancaq mən qədəhi qaldırıb ağzıma aparanda o, özünü irəli atıb, əlimdən yapışdı:

– İçməyin, ağa!

Mən dərhal qədəhi yerə qoyub soruşdum:

– Nə olub?

O, mənim sualıma cavab verməyib, həyəcanla pıçıldadı:

– Durun burdan qaçın, ağa. Siz çox cavansınız. Tez olun, qaçın!

Mən qeyri-şüuri hərəkətlə əlimi, həmişə pencəyimin altında, belimdə gəzdirdiyim balaca tapançanın üstünə qoyub sərt səslə soruşdum:

– Nə olub?

O, rəngi ağappaq olmuş halda yenə də dedi:

– Qaçın, tez olun, onlar bu saat gələcəklər.

Doğrusu, «qaçın» sözü mənə toxundu. Belimdə tapança ola-ola, bu gözəl qızın gözləri qabağında qorxub qaçmaq mənə ar gəldi.

Mən ondan soruşdum:

– Neçə nəfərdi onlar?

Qız pıçıldadı:

– İki nəfərdirlər, ağa.

Mən dedim:

– Sən sakit dur. Onlar gələndə heç nə büruzə vermə.

O da vahimə içində pıçıldadı:

– Oy, ağa!

Mən acıqlı-acıqlı əmr elədim:

– Sakit!

Özüm də keçib əyləşdim. Elə bu vaxt əvvəlcə arvad, ardınca da iki kişi gəldilər. Kişilərdən birinin əynində əba vardı, ancaq mollaya oxşamırdı. İkisi də ortayaşlı, sağlam adam idi. İçəri girib məni görəndə onlar da, arvad da, elə bil, bir an nəyə isə təəccüb elədilər. Arvad qəribə bir ifadə ilə əvvəl qıza, sonra da mənim qabağımdakı dolu qədəhə baxdı. Ancaq hərif özünü onda qoymayıb mənə dedi:

– Ağa, icazə verin kəbininizi kəssinlər.

Mən ayağa durdum, tapançanı onlara tuşlayıb sakit səsilə dedim:

– Əllər yuxarı! Üçünüz də! Ey, ifritə! Sən də!

Araya ani bir sükut çökdü, mən təkrar etdim:

– Əllər yuxarı!

Onlar əllərini yuxarı qaldırandan sonra əbalı kişi dedi:

– Ağa, bu nə zarafatdı?

Mən qəzəblə onun sözünü kəsib əmr etdim:

– Əlinizi tərpətsəniz, üçünüzü də güllələyəcəm. Çıxın bayıra!

Əbasız kişi dedi:

– Ağa, axı biz nə günahın sahibiyik?

Mən onların başının üstündən bir güllə ataraq qışqırdım:

– Bayıra! Nə günahın sahibi olduğunuzu zindanda bilərsiniz!

Əbasız kişi dedi:

– Ağayi ajan, haqqınızı alın, gedin. Axı bizi divanın əlinə verməkdən sizə nə xeyir?

Arvad da, əbalı kişi də bir-birinə macal vermədən yalvarırdılar. Axırda mən dedim:

– Yaxşı, sizdən əl çəkməyim üçün mənə nə verirsiniz?

Kişilərin irisi də dönüb arvada baxdı. Arvad dedi:

– Ağa, icazə ver, sandığa yaxınlaşım.

– Gəl! – dedim.

O, əsə-əsə irəliləyib sandıqdan on qızıl çıxarıb mənə uzadanda əlini geri itələyib dedim:

– Bu nədi? Sizin kimi caniləri on qızıla? Heç vaxt!

Sonra alacalanmış gözlərilə üzümə baxan arvada dedim:

– Yüz qızıl!

O, yenə də yalvarmağa başladı:

– Ağa, fəqir adamıq. Məndə o qədər qızıl nə gəzir?

Mən dedim:

– Yüz qızıl! Biri əskik olsa, götürməyəcəm!

O, balaca pul kisəsini gətirib, mənim qabağıma əlavə yetmiş qızıl sayaraq and içdi ki, bundan savayı heç nəyim yoxdur.

Mən qızılları cibimə qoyub, arvada dedim:

– Otağın bayırdan bağlanan açarını ver!

– Nə üçün, ağa!

– Ver! – deyə mən qışqırdım.

– Ağa, açar qapının üstündədir.

Mən qıza dedim:

– Çıx bayıra!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов