Səriyyə və dünyanın ən gözəl duyğuları
Страница 2 из 2 · 50%
– Bax, bu sarı güllərdən qırmayasan...
Mən soruşdum:
– Nə üçün?
– Ona görə ki, sarı gül ayrılıqdır.
Mən də dedim:
– Qırmaram. Mənim sarı rəngdən xoşum gəlmir.
Və mən heç bir zaman sarı gülü üzmədim, amma yenə də biz ayrıldıq.
Qabaqda atamın fasiq yeznəsi, arxasınca da mən Şuşa qalasının böyük qapısından çıxıb kəsmə yolla uzun yoxuşu enməyə başladıq. Fikirləşdim ki, görəsən, mən həyətdən çıxandan sonra Səriyyə hara getdi? Neylədi? Kiminlə danışdı?
Şuşa qalasından Qarabulağa gedən əlli verstlik yol daim üzü enişə idi. Nə üçün bu yola «Molla Nəsrəddin» yolu deyirdilər? Bilmirdim. Biz eyzən uçurumlu dağların, qalın meşələrin arası ilə gedirdik. Mən tək qalmaq istədiyim üçün kişini irəli buraxıb özüm ondan xeyli aralı, arxasınca gedirdim. Mənə elə gəlirdi ki, yalnız Səriyyədən deyil, yanlarından keçdiyim bu palıd ağaclarından da, yarpaqların arasından başlarını çıxarıb ürkək nəzərlərlə bizə baxan quşlardan da, meyvələri qaralan böyürtkən kollarından da həmişəlik ayrılıram. Biz alaçığa çatanda mən qanrılıb Şuşa qalasına baxdım. Elə bil ki, indi üstünə duman çökən dərin uçurumlu, sıldırımlı qayaların üstündəki o qədim qala nağıllarda deyilən tamam başqa bir dünyadır. Sonralar da eyzən mənim xəyalımda həmin o dumanlı qala, bir də onun içində ancaq Səriyyə canlanırdı. Amma mən son dəfə onun üzündə gördüyüm təbəssümü daha görmürdüm. Mənə elə gəlirdi ki, indi Səriyyə o duman içində hara isə məchul bir aləmə baxır və heç bir zaman gülümsəmir və elə bil, mən bunu yuxuda görürəm.
Biz Qəcər deyilən kəndin bağlarının yanından keçəndə Əbdüləziz kişi atının başını çəkərək dayandı, yol gəldiyimiz bu neçə saatdan bəri birinci dəfə mənə müraciətlə dedi:
– Düşək, burda bir az çörək yeyək.
Biz düşüb, atları qolbənd eləyib buraxdıq otlamağa.
Əbdüləziz kişi bağbanı çağırıb, pul verib dedi:
– Bizə bir az üzüm dər, gətir.
Sonra öz xurcunundan pendir-çörək, mən də anamın qoyduğu kotletləri, çörəyi çıxardım. Otun üstündə oturub bağbanın gətirdiyi təzə üzümlə yeməyə başladıq. Mənim heç iştaham yox idi. Bir balaca salxım üzümlə bir tikə pendir-çörək yeyib qalxdım.
Əbdüləziz kişi xoş ifadə ilə mənə baxıb soruşdu:
– Niyə yemirsən?
Mən dedim:
– Ürəyim istəmir.
Mən onun yanında özümü daha yalqız, daha kədərli hiss edirdim. Ona görə də qalxıb atımın yanına getdim.
Biz Qarabulağa çatanda gün batmışdı. Mən atamın yeznəsindən ayrılaraq anamın tapşırığı ilə onun rəfiqəsi Bilqeyis xalagilə getdim. Bilqeyis xalanın əri Abdulla bəy Qarğabazar məktəbində atamın rus dili müəllimi olmuşdu. Bu, anasının məzarı haqqında mənə qəmli şeylər danışan həmin Abbas bəyin atası idi. Abbasın anası rəhmətə gedəndən sonra Abdulla bəy öz baldızı Bilqeyis xanımla evlənmişdi. Mən atı onların tövləsinə bağlayıb, Abbasla birlikdə yəhərini götürüb, axuruna arpa-saman tökəndən sonra çıxdıq ikinci mərtəbədə olan evlərinə. Bilqeyis xala da, Abdulla bəy də məni çox mehribanlıqla qarşıladılar. Anamgildən hal-əhval tutdular. Sonra biz şüşəbənddə oturub günorta yeməyindən qalmış boyat sousla, qarpızla şam elədik. Şamdan sonra Abdulla bəylə Abbas bəy başladılar qarpız dənələrini çırtlamağa. Bu da məni lap dilxor elədi. Çünki həmişə biri yanımda qarpız dənəsi çırtlayanda ətim ürpəşirdi. Abdulla bəy qarpız dənələrini çırtlaya-çırtlaya atamın uşaq vaxtı öz kəndlərindən Qarğabazara səkkiz kilometr yol gəldiyinə baxmayaraq, bir dəfə də olsun dərsə gecikməməyindən, Bilqeyis xala da Nuru dayımın öz yerimizdəki bu qədər gözəl qızlardan heç biri ilə evlənməməyindən danışırdı. Burada mənim üçün maraqlı olan və eyni zamanda təəccüblü olan Abbasın öz atası ilə qabaq-qabağa oturub qarpız dənəsi çırtlamağı və onun söhbətinə tamam sərbəstliklə müdaxilə eləməsi idi. Bir dəfə atam mənim günəbaxan dənəsi çırtladığımı görüb, o ki var, danlamışdı. Mən də bir daha onun yanında günəbaxan dənəsi çırtlamamışdım. Mən heç bir zaman atamla belə sərbəst söhbət eləməmişdim. Ona görə də mən Abbasın öz atası ilə bu cür açıq-saçıq rəftarına qibtə eləyirdim. Mənə elə gəlirdi ki, əgər atam da mənimlə belə rəftar eləsəydi, mən özümü bəlkə bu qədər yalqız hiss eləməzdim. Mən bunu düşünüb kədərlənirdim. Atamın mənimlə rəftarında heç bir ataya oxşamadığını hiss elədiyim kimi, özümün də heç bir yaşıdıma bənzəmədiyimi duyurdum. Bu ayrılıq heç də mənim izzəti-nəfsimi oxşamırdı. Əksinə, bu, mənim özümə, öz bacarığıma inamımı getdikcə azaldırdı, mənim daxili aləmimdə bir bədbinlik yaradırdı. Sinifdə hamıdan yaxşı oxumağım da, anamın rəfiqələrinin mənim haqqımda dedikləri təriflər də artıq məni şad eləmirdi. Mən həyətimizdəki böyük tut ağacının altında saatlarla oturub öz haqqımda, özümün bu dünyada lazımsızlığım haqqında düşünürdüm. Və mən gözlərimi tut ağacının enli yarpaqları arasından görünən mavi göylərə dikərək tez-tez Allahdan soruşurdum: «Məni nə üçün yaratmısan?!»
Yəqin məsələdir ki, mən heç bir cavab almırdım. Və o zaman dərin bir ümidsizliklə gözümü göylərdən çəkib, tut ağacına baxırdım və mənə elə gəlirdi ki, tut ağacı mənim nə soruşduğumu eşidir və dərdimə şərik olur, amma cavab verə bilməyərək mehribanlıqla sükut edir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-seriyye-ve-dunyanin-en-gozel-duygulari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılıÜçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Atayevlər ailəsiİştirak edirlərXosrov Atayev*
Стихи других поэтов
Ol gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Könlüm elə pünhandır, keysulər arasındaKönlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandırBilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.