Söyüdlü arx
Страница 26 из 39 · 64%
Nazxanım gizlin təbəssümlə stolun altında dizini dizimə toxundurdu.
– Əşi, vallah, adını da tutacam, hələ o yana da ötəcəm. Sənsiz mənim bir günüm olmasın.
Nəriman əmi bağçaya xitabən gileyləndi:
– Bunlar hamısı quru sözdür. Gördük vəfanızı.
– Əşi, ağac götür, döy məni, amma elə demə!
İndi Qərənfil bacının səsində əvvəlki zarafatyana ahəng deyil, yalnız onların özlərinin anlaya biləcəyi çox dərin bir hiss duyulurdu. Nəriman əmi yəqin ki, bu hissin təsiri ilə öz kişilik mətanətini itirəcəyindən qorxaraq, dərhal mənə müraciətlə söhbəti dəyişdi:
– Hə, bacıqızı, demək, getdiniz quzeylilərə “Segah” oxudunuz.
Elə bu zaman Qulu, əlində portfel, tələsik eyvana çıxdı, ağzını açıb bizə salam vermək istəyirdi ki, Nəriman əmi cəld yerindən qalxıb onu aşağı başa çəkdi. Mühasib bir gözü bizdə olduğu halda, nə isə, tez-tez deyirdi. Nəriman əmi birdən özündən çıxaraq qışqırdı:
– Mənim adımdan ona deyərsən ki, bu il pambığın hamısı maşınla yığılacaq! Bildin, maşınla!
Birdən kişi bizim qulaq asdığımızı görüb susdu, sonra qəddini düzəldərək pıçıltı ilə danışmağa başladı. Qulu altdan yuxarı ona baxırdısa da, balaca qara bəbəkləri tez-tez bizə tərəf qaçır, mənim nəzərlərimlə qarşılaşır və bu vaxt onun üzü çox gülməli ifadə alırdı.
Nəhayət, Nəriman əmi:
– Yaxşı... – deyə bərkdən səsləndi.
Bu zaman Qulu fürsət tapıb bizi salamladı:
– Axşamınız xeyir, Nuriyyə xanım, eşitdim bu axşam konsertiniz qiyamət keçib.
– Pis olmadı.
– Heyf ki, mən vaxt eləyib gələmmədim.
Nəriman əmi hövsələdən çıxdı:
– Qulu, işində ol!
– Deməli, sədr, sabah yox, o biri gün biz pambıq yığımına...
– Hiş-ş, – deyə Nəriman əmi sirrinin açılacağından qorxaraq, Quluya gözünü ağartdı.
Mühasib müqəssir halda susaraq, başı ilə bizə “xudahafiz” işarəsi eləyib getdi.
Sədr gəlib əyləşdi.
– Nəriman əmi, – dedim, – mən idarə heyətindən xahiş etmək istəyirəm mədəniyyət evi üçün dörd-beş dəst rəqs paltarı tikdirməyə icazə versin.
– Nə paltarı?
– Rəqs paltarı. Yəqin ki, filarmoniyada görmüsünüz. Biz də balaca bir rəqs dəstəsi düzəltmək istəyirik. Çox istedadlı gənclər var. Bayaq Quzey qışlaqlı bir oğlan öz oyunu ilə məni lap heyran etdi.
“Quzey qışlaqlı” sözünü eşidən kimi kişi üz-gözünü turşutdu:
– Mənə dəxli yoxdur, mən sədr deyiləm.
Qərənfil bacı bizə göz vurdu:
– Əşi, sənin nə ixtiyarın var özün-özünü sədrlikdən azad eləyəsən?
Nəriman əmi bağa xitabən cavab verdi:
– Xahiş olunur camaat bizə hücum eləməsin. Bu da Söyüdlü arxın məsələsi deyil.
– Deməli, biz sənə hücum eləmişik?
– Biz cavab verməyəcəyik...
– Eh, ay Nəriman. Bircə sənin bu küsməyin olmayaydı. Lap adamın ürəyi qısılır.
Nəriman əmi gözlərini bağdan çəkməyərək, bu dəfə nazik və yumşaq səslə:
– Adam ürəyini qısmasın, – dedi, – bunun ürəyə qətiyyən dəxli yoxdur.
Nazxanım stolun altından mənim dizimi basdı.
– Necə dəxli yoxdur, əşi? Məgər, biz işi ürəklə görmürük? – deyə Qərənfil bacı mənə göz vurdu.
– Xahiş olunur camaat böhtana əl atmasın.
– Yazıq canımız. Axırda böhtançı da olduq. Bu gün Quzey qışlaqlı Ballı qarını görmüşəm. Deyir lənət yezidə. Allah Nərimanın ömrünü uzun eləsin. Biz də qapımızda su görərik.
– “Ballı qarı!” Ballı qarı yaxşı arvad idi, niyə Nəriman belində torpaq daşıyanda, dik-dik ortalıqda gəzən cahıl-cuhullarına demirdi ki, su bizə də lazımdır?
– Əşi, qanmayanı öldürməzlər ki!
– Qətiyyən düz deyil, – deyə Nəriman əmi bağa xitabən təkrar etdi. – Qətiyyən düz deyil. Biz hər səhvi bağışlasaydıq, bu boyda işlər görə bilməzdik.
– Deməli, gərək indi biz sənin səhvini bağışlamayaq? – Qərənfil bacı oğrun təbəssümlə mənə baxdı.
– Hansı səhvimi? – deyə kişi istehza ilə bağdan soruşdu.
– Bəs, o gün iclasda demədik? Belə xüsusiyyətçilik səhvini...
– İclasda düz eləmədiniz, – deyə Nəriman əmi təqsir məndəymiş kimi, gözünü bağdan çəkib, qəzəblə üzümə baxaraq qışqırdı. – İndiki zamanda gərək hamı zəhmət çəksin. Hamı özünü işə versin. Heç kəs dayanıb gözləməsin ki, qonşu onun üçün nə vaxt su çəkər? Söyüdlü arx Güney qışlağındır. Mənim nankor bacım oğlu stol başına keçən kimi özünü yuxarının yanında yaxşı göstərmək üçün bu həngaməni çıxartdı. Çörəyi ilə böyüdüyü kəndini bir “maladesə” satdı.
– İnsafsız danışma, əşi, Hümmətin özünü yaxşı göstərməyə nə ehtiyacı var idi? Hamı onun başına and içir!
– Qərənfil, bəsdir. Qərənfil, məni haldan, təbdən çıxartma.
– Sağ ol, əşi. Neçə gündür mənim adımı çəkmirdin, dünya gözümə görünmürdü.
– Qərənfil, sənin baldızın oğlu nankordur.
– Əşi, sən Allah, necə qıyıb Hümmətə elə deyirsən?
– Elə olmasaydı, dünən şeş, bu gün beş, mənimlə canbaza çıxmazdı. Atalar yaxşı deyib: kor atlanar, öz kəndini çapar.
– Nəriman, sən bir kəndin dərdini çəkirsən, amma o bütün rayonun. Bir də, axı, Hümmət zorla eləmədi. Görmədin ki, camaat özü razılıq verdi?
“Camaat” sözünü eşitdikdə, elə bil, odun üstünə su tökdün. Kişinin acığı bir anda söndü. Üzü gücsüz və pərişan bir ifadə aldı. Günəşdən yanmış iri əli ilə alnını ovuşdurub, məyus nəzərlərlə bağçaya baxdı. Gözləri onda olan Qərənfil bacı bu dəfə ciddi və mehriban səslə:
– Ay Nəriman, – dedi, – bu uşaqlar da özgə deyil. Otuz ilə yaxındır səninlə bir damın altında yaşayırıq. Mən həmişə səndən xəcalətəm. Çünki bu cür cuvanəzəni (Nazxanıma işarə etdi) uşaq üstündə əri atıb getdi, amma sən...
– Bu sözlər nəyə lazımdır, Qərənfil?
– Dediyim odur ki, sənin nə cür adam olduğunu mən də bilirəm, xalq da. Bu otuz ildə mən bir dəfə görməmişəm ki, sən camaatın dərdini-odunu unudub, özün haqqında düşünəsən.
– Bu sözlər artıqdır, Qərənfil.
– Artıq olsa da, deyəcəyəm. Sən həmişə bu kənddə böyüyə kiçik, kiçiyə ata olmusan. İndi, ay Nəriman, həmin camaat haqq bir işin üstündə sənin sözünü yerə saldı, gərək bundan inciməyəsən.
Kişi dərindən nəfəs aldı.
– Sənin yaşın altmışa çatıb. Mən də qocalmışam. Biz öz camaatımıza qulluq eləyə-eləyə gəlmişik, elə də gedəcəyik.
– Ürəyimi birtəhər elədin, ay Qərənfil xala, – deyə Nazxanım söhbətə qarışdı. – Vallah, neçə gündür Nəriman əmini kəndin arasında görmürəm, elə bilirəm bir şey itirmişəm.
Mən isə, bir söz demirdim. Mən onları dinlədikcə qeyri-iradi olaraq özüm haqqında düşünürdüm.
...Gecədən xeyli keçməsinə baxmayaraq, yatmaq istəmirdim. Ürəyim dolu idi. Kağız-qələm götürüb iki gün qabaq məktub aldığım rəfiqəm Aynaya cavab yazmağa başladım:
“Əziz bacım. Məktubunu, otağıma qapanıb ürək döyüntüsü ilə oxudum. Sən onunla mənim münasibətimin mabədini bilmək istəyirsən. Hər şey öz yolu ilə gedir. Anadan dözümlü doğulduğum üçün taleyimə təkrar-təkrar təşəkkür edirəm və bilirəm ki, hər əzabın bir sonu vardır. Bir az qabaq bizim artel sədri Nəriman əmigildəydim. Onların, ər-arvad sözü-söhbəti, umu-küsüləri ancaq və ancaq başqaları haqqındaydı. Hiss edirdim ki, hər gün bir yerdə işlədikləri insanların həyatı onların öz həyatı olmuşdur. Hiss edirdim ki, bu insanların taleyi eyni ilə öz şəxsi taleləri kimi onları həyəcanlandırır, sarsıdır. Hətta, bir-birindən küsdürür. Demək, yalnız öz əzablı duyğularınla deyil, ikinci və daha böyük bir həyatda da yaşamaq mümkündür. Əgər, mən bunu indi hiss edərək sənə yazıramsa, demək, bu, doğrudan da, belədir. Mən bu sözləri özümü aldatmaq üçün demirəm. Mən heç bir zaman öz vicdanımın qarşısında ikiüzlülük eləməmişəm. Əlbəttə, hər gün onu özümlə bir damın altında görmək, onun yaxınlığını hiss etmək mənim üçün yalnız nağıllarda eşitdiyim bir səadət olardı. Vaxta ki, bu mümkün deyil, o zaman nə etmək? Onsuz yaşamaq mənim üçün nə qədər çətin olsa da, həyatdan getmək istəmirəm. Çünki bu, mənim tərəfimdən namərdlik olardı. Belə çıxardı ki, mən onsuz çəkəcəyim iztirablardan qorxaraq, həyatıma son qoyuram.
Bu axşam verdiyimiz konsertdə onun, yoldaşlarının mənim söz və hərəkətlərimə neçə ürəkdən güldüklərini düşündükcə, fərəhimdən gözlərim yaşarır. Demək, mən də onlar üçün bir şeyə yarayıram. Demək, mən də Nəriman əmi kimi, Qərənfil bacı kimi öz vətəndaşlarıma xidmət eləyə bilirəm. (O isə, mənim üçün vətəndaşların ən əzizi deyilmi?) Qəlbimdəki yara için-için sızlasa da, üstü köz bağlayır. Mən ətrafdakı adamlarla zarafatlaşır, danışıb-gülürəm. Bütün günü ora-bura qaçaraq, gah kitabxanaya gələn kəndlilərin suallarına cavab verir, gah onlar üçün qəzet və jurnallardan maraqlı xəbərlər oxuyuram. Gah dram dərnəyimizdə məşq edirəm, gah hazırlamaq istədiyimiz “Əlli yaşında cavan” musiqili komediyasında iştirak etmək üçün Nazxanımı dilə tuturam. Mənə elə gəlir ki, bunların hamısını da onun üçün, o bu dünyada yaşadığı üçün edirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-soyudlu-arx
Другие произведения автора
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Стихи других поэтов
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik