Söyüdlü arx
Страница 28 из 39 · 69%
– Kim oxuyub, əşi?
Hümmət, həmişəki kimi, şən və açıq ifadə ilə:
– Mən oxumuşam, – dedi. – Üç-dörd gün qabaq partiya kabinəsində “Kəndimiz yeni inkişaf mərhələsində” adlı mühazirə oxuyurdum. Söyüdlü arxın məsələsini orada misal çəkmişəm.
Sədr yana-yana kəndlilərə baxdı:
– Eşitdiniz ki? Sən ilan kimi qabıq qoy, su çək, başqası gəlib hazırına nazir olsun, üstəlik, səni leksiyaya da qoysunlar ki, geridə qalmısan. Guya, mən gərək çoxdan gedib deyəydim ki, quzeylilər, buyurun gəlin, hazırdır.
– Dayı...
– Mənim sən adlı bacım oğlu yoxdur!
Dünyamalı kişi məzəmmətlə sədrə baxdı:
– Ay Nəriman, bir qoy kişi sözünü desin.
Hümmət gülümsədi.
– Əşi, niyə bir tərəfini deyirsən, o biri tərəfini yox... Mən şəxsən sən dayımın iş təcrübəsindən, azı, yarım saat danışmışam.
– Lazım deyil.
– Sənə lazım deyil, başqalarına lazımdır. Sonra mən artellərin qarşılıqlı münasibətindən danışanda, dedim: elə təsərrüfat rəhbərləri var ki, onlar ancaq öz kəndlərinin varlanmasına çalışıb, başqalarının işləri ilə maraqlanmırlar.
– Atalar məsəlidir, bir gül ilə bahar olmaz. Gərək hamı varlansın. Kəndin biri tox, o biri ac olacaqdısa, onda, keçmişlə bizdə nə təfavüt?
– Tamamilə doğrudur, – deyə Hümmət, Dünyamalı kişinin sözlərini təsdiq etdi, – hamının, bütün ölkənin, bütün xalqın varlı olması, bolluq içində yaşaması bizim birinci məqsədimizdir.
– Paho... paho... yenə təbliğat, yenə siyasi dərs! Qərənfil, bir stəkan su!
– Əşi, çay ola-ola, suyu neyləyirsən?
Nəriman əmi təkrar etdi:
– Qərənfil, bir stəkan su! Camaat birdəfəlik bilsin ki, mənim dərs öyrənmək vaxtım keçib.
Lakin, mən onun gözlərinin dərinliklərində, nə isə, başqa şey hiss edirdim. İndi onun gözlərinin ifadəsi ilə sözləri bir-birini tutmurdu. Səsi əvvəlki kimi qəzəbli deyildi.
Hümmət gülümsəyərək, Qərənfil bacıya göz vurdu.
– Yaxşı, mən susdum.
Çox qəribədir ki, kişinin gözlərində, danışığının ahəngində hiss etdiyim bu son ifadə məndə anlaşılmaz bir fərəh doğurmuşdu və mən kəndlilərin dalbadal içib-boşaltdıqları stəkanları həvəslə aparıb doldururdum.
Dünyamalı kişi beşinci stəkanı qabağına çəkdi:
– Bircə, dayı-bacıoğlu, umu-küsünü qoyun bir tərəfə, bizim bura gəlməkdən məqsədimiz var.
Dünyamalı kişi çaydan qaynar-qaynar bir qurtum alaraq davam etdi:
– Nəriman, biz istəyirik ki, Söyüdlü arxın o tayından ta Quzey qışlağa qədər toxmacarlıq eləyək.
– Yəni, söyüdün əvəzinə toxmacar əkəsiniz?
– Bəli.
Kərəm əlavə etdi:
– Hər il barama vaxtı yarpaqdan korluq çəkirik. Biz də istifadə edərik, quzeylilər də.
Qərənfil bacı onların sözünə qüvvət verdi:
– Siz yarpağı bol eləyin, görün biz baramaçılar nə eləyirik!
Araya uzun bir sükut çökdü. Hamı sədrin nə deyəcəyini gözləyirdi. Nəhayət, o, gözünü bağdan çəkib, kimsənin üzünə baxmadan yavaş səslə:
– Yox, – dedi, – qoyun Söyüdlü arx elə söyüdlü arx olsun. Söyüd özü də bir ağacdır. Qaldı yarpaq məsələsi. Çoxdan mənim belə bir fikrim var ki, dəyirman altındakı açıqlığı toxmacarlıq yox, toxmacar şitilliyi eləyək. Orda, azı, iyirmi beş-otuz min toxmacar şitili əmələ gətirmək olar. Şitildi, istəyirsən, özün ək, istəyirsən, başqasına ver.
Hümmət, atasının yaxşı sözündən fərəhlənən uşaq sevinci ilə cavab verdi:
– Çox ağıllı fikirdir. Rayonun belə bir şitilliyə çox ehtiyacı var. Siz vaxtı gələn kimi başlayın. Nə kömək lazım olsa, rayon verər.
Sədr üzünü bağa tərəf çevirdi:
– Güney qışlağın heç kəsin köməyinə ehtiyacı yoxdur.
– Təki elə olsun, ay dayı...
Hümmətin hərəkətləri getdikcə mənə daha artıq xoş gəlirdi. Mən, üzünə süni niqab taxan, əslində olduğu kimi deyil, uydurduğu kimi görünməyə çalışan adamlara nifrət edirəm. Rayon icraiyyə komitəsinin sədrində dərhal ətrafındakılara sirayət edən təbii bir xüsusiyyət var idi. Elə bil ki, onu görərkən, sən birdən-birə canlanır, nə isə, fərəhli bir iş eləmək istəyirsən.
Əvvəllər olduğu kimi, onun baxışları yenə də hərdən bir an mənim üzümdə dayanırdı. Bu zaman mən ona qarşı özümdə dərin bir səmimiyyət, doğmalıq hiss edirdim. Bəlkə də o, Muradın dostu olduğu üçün mənə bu qədər xoş gəlirdi. Onu görərkən, söhbət edərkən mənə elə gəlirdi ki, Murad burada, lap yanımızda dayanıb bizə qulaq asır.
O, Güney qışlağa az-az gəlsə də, aramızda açıq və mehriban bir dostluq yaranmışdı. O, çox zarafatcıl idi. Mənim isə, zarafatdan xoşum gəlirdi. Görünür, buna görə də, xasiyyətimiz tuturdu.
Bir dəfə ondan soruşdum:
– Mənim kimi bir bacınız olmasını istərdinizmi?
Heç gözləmədiyim halda birdən-birə tutuldu. Sonra özünü toplayaraq zarafatyana:
– Yox, – dedi, – istəməzdim...
Mən sadədil bir qız ədası ilə incidim:
– Çox sağ olun. Mən pis qızam?
– Anamın ikinci ərindən üç bacım var. Sizinlə olardı dörd. Mən yazıq bu qədər bacının cehizini necə yetirərdim?
– Məgər, məni cehizsiz almazdılar?
Boynumu büküb elə məsum və məyus görünüş aldım ki, o, qəhqəhə ilə güldü. Sonra birdən susub ciddi və qayğılı nəzərlə düz gözlərimə baxdı.
Əgər, Səadət mənə qarşı düşmənçilik aparmasaydı, hər iş öz qaydası ilə gedərdi və mən yalnız öz dərdimlə necə mübarizə aparmaq haqqında düşünərdim. Lakin o mənə göz verir, işıq vermirdi. Tez-tez Güney qışlağa gəlirdi (bəzən qohumlarıgilə, bəzən mağazadan şey almağa). Məni harada görsə, nifrətlə üzünü çevirib görməməzliyə vurur, haqqımda yanındakılara nə isə deyirdi. Kənddə çox adamın mənə “bir cür” baxdığını hiss edirdim. Ancaq çarəm nə idi? Nə edə bilərdim? Neçə dəfə qərəzləndim ki, yanına gedim, danışım, hər şeyi izah edim. Lakin o mənə elə kinli, elə amansız baxırdı ki, ağzımı açmamış söyülüb qovulacağımdan çəkinirdim. Onun bu hərəkəti mənim ikinci böyük dərdim olmuşdu. Ona görə yox ki, mən camaat içində biabır olmaqdan qorxurdum. Ona görə ki, mənim üstümdə bir başqası əzab çəkir, eyni zamanda, mənim üçün canımdan əziz olan bir adamın gününü qara edirdi. Mən gələndən bəri (xüsusən kitab əhvalatından sonra) onların evindən dava-şavanın əskik olmadığını Ağabəyimdən eşitmişəm. Murad özü isə, bu barədə mənə heç nə demirdi. Lakin mən onun nələr çəkdiyini hiss edirdim. Mənim kimi ona da ikiqat zərbə dəyirdi.
Nə qədər fikirləşirdimsə, bu əhvalata son qoymaq üçün Güney qışlağı tərk edib getməkdən başqa ayrı bir çarə tapmırdım. Ancaq gedə bilmirdim. Bir tərəfdən başladığım işi yarımçıq qoyub qaçmaq mənə ar gəlirdi, digər tərəfdən də, mənim gedişimlə onların xoşbəxt ola biləcəyini güman etmirdim. Görünür, nə isə, başqa bir yol, başqa çarə axtarıb tapmaq lazım idi.
Quzeylilər üçün verdiyimiz konsertdən bir neçə gün sonra İmi ilə Cimi yanıma gəldilər. İmi bir nöqtəyə baxaraq susur, Cimi isə:
– Nuriyyə xanım, – deyirdi, – bizimkilər sabah pambıq yığımına başlayırlar. Bütün Güney qışlaq camaatı çöldə olacaq. Gəlin biz də onlardan geri qalmayaq.
– Nə cür?
– Tənəffüs zamanı düşərgələrdə kiçik konsertlər verək.
– Nə olar, etiraz etmirəm.
– Ancaq düşərgələri gəzmək üçün bizə bir minik maşını lazımdır.
Hər şeyə öz aləmində dərin bir məna verməyə çalışan İmi təmkinlə söhbətə qarışdı:
– Bilirsinizmi, biz gərək həmişə camaatla yaxın əlaqə saxlayaq.
– O zaman, kənddə də, rayon təşkilatları yanında da hörmətimiz çox olar, – deyə Cimi əlavə etdi.
Lakin İmi üz-gözünü qırışdıraraq, dostunun sözünü kəsdi:
– Cimi, sən bir dayan, məsələ rayon təşkilatlarından “sağ ol” almaqda deyil. Biz xalqa, camaata xidmət edirik, başa düş!
– Düzdür, düzdür! – deyə Cimi təqsirkar halda təsdiq etdi.
İmi ilə Ciminin bu yeni təşəbbüsü məni də sevindirdi. Tək qalmamaq üçün çox işləmək lazım idi. Bir də ki, İmi demişkən, bu bizim vəzifəmiz idi.
...Həmin günün səhəri maşın üçün artelə getdim. Nəriman əmi üzünü, başını tərtəmiz təraş etdirərək, gümrah görkəmlə iri yazı stolunun arxasında oturub, iki nəfərlə bərkdən danışırdı. Onlardan biri Kərəm, digəri də, mənim tanımadığım qarabığ, ortayaşlı bir adam idi. Qulu ilə Almurad da orada idilər.
Nəriman əmi məni görərkən, söhbətini kəsib kefi saz halda:
– Xoş gəlmisən, yoldaş mədəniyyət naziri. Buyur əyləş, – dedi.
Mən stul çəkib oturan kimi, o yenə də Kərəmlə yoldaşına müraciətlə sözünə davam etdi:
– İkinizin də pambığını maşın yığacaq.
– Axı, özün bilirsən ki, bizim yer kələ-kötürdür. Orada maşın kar verməz, – deyə qarabığlı adam cavab verdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-soyudlu-arx
Другие произведения автора
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Стихи других поэтов
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik