Söyüdlü arx
Страница 29 из 39 · 72%
– Fərzəli! – deyə Nəriman əmi ayağa qalxaraq, qətiyyətlə təkrar etdi:
– İkinizin də pambığını maşın yığacaq!
– Yəni, əmrdir? – Fərzəli acıqlı-acıqlı altdan yuxarı sədrə baxdı.
– Əmrdir! Yerinə yetirməsən, səni işə buraxmayacağam.
– Axı, belə şey olmaz, sədr. Biz briqadirlərin də bir haqqı-hüququ var, ya yox?
– Fərzəli, qurtardıq. Fərzəli, maşınla yığacaqsan.
Bayaqdan bəri tərəddüd keçirən Kərəm yoldaşına dedi:
– Canım, söz güləşdirməyin mənası yoxdur. Vaxta ki, sədr maşına arxayındır, qoy maşın yığsın.
Fərzəli gileylənə-gileylənə otaqdan çıxdı:
– Sən ölməyəsən, camaatın işi qaravəllidir. Söz sözə gələndə, məsləhətdən danışırlar, amma əmrlə iş görürlər...
Sədr inciyərək onun ardınca qışqırdı:
– Fərzəli, çox sağ ol!
Mən soruşdum:
– Bəlkə, doğrudan da, onun sahəsi pambıqyığan maşın üçün əlverişli deyil?
Nəriman əmi əlini yellədi:
– Sözdür. Sən bunları tanımırsan. Bir sürü qohum-əqrəbası var. İstəyir onlara bir az artıq əməkgünü çıxsın. Başı gətirmir ki, artelin xeyri maşınla yığmaqdadır. İndi maşın əyyamıdır.
O, birdən hirslənərək, Kərəmə tərəf döndü:
– Geridə qalıb, öz briqadasından başqa heç nə barədə fikirləşmir. Artelin xeyrini güdmür, xüsusiyyətçidir! Bildin?!
Cavan briqadir özünü saxlaya bilməyib güldü:
– Mənim təqsirim nədir, əşi?
– Sənin təqsirin odur ki, Fərzəlini başa salmırsan.
– Əşi, Fərzəli tərsin biridir. Mən onu nə təhər başa salım?
– “Tərsin biridir...” Sən ölməyəsən, ona bir gəliş gələrəm, quzuya dönər. Dönər, ya yox?
– Dönər.
– Di onda başa sal. Denən adam ol. Xalq ulduz qayırıb göyə buraxır, sən pambıqyığan maşına əks gedirsən.
Sədr mənə tərəf döndü:
– O Fərzəli heç mədəniyyət evinə-zada gəlir?
Mən onun mədəniyyət evinə belə əhəmiyyət verməsindən fərəhləndim.
– Xeyr, onu birinci dəfə görürəm. Amma bu oğlan, – Kərəmi göstərdim, – bizim kitabxanaya təzə üzv olub. Tez-tez gəlib-gedir.
– Özü kitabxanaya gedir, amma dostunu dartıb aparmır. Bu da, bir növ, xüsusiyyətçilikdir.
Mən keçən dəfə onun Hümmətlə olan söhbətini xatırlayıb, ürəyimdə güldüm.
Kərəm dedi:
– Əşi, ömründə əlinə qəzet də götürmür. Mən onu kitabxanaya nə cür dartıb aparım?
– Hə? Bəs restoranlarda araq vurmağa nə cür aparırsan?
– Araq nədir, əşi, adam da araq içər?
– Eşitmişəm, eşitmişəm. O gün həkim leksiya oxuyandan sonra konyaka keçmisiniz. Bakıdan beşulduz gətirdirsiniz.
– Nə olar! Hökumətimizin konyakıdır, dayna. Biz də içməyəndə kim içəcək?
Kişi yandığından bir-iki saniyə söz tapmadı. Sonra başını yana əyərək, kinayə ilə gülümsədi.
– Dədən Mövlamverdi necə? O da beşulduz içir?
– Niyə içmir? Hərdənbir əlli qram verirəm, atır. Deyir, yaman iştaha açan şeydir.
– Bax, buna sözüm yoxdur. Afərin! Mövlamverdi ki, konyak içir, demək, dünyanın axırıdır.
Mən sonralar bildim ki, Mövlamverdi kişi Nikolay vaxtı Güney qışlaqda ən yoxsul adam olub, naxıra gedirmiş, indisə, mal fermasında işləyir.
Sonra sədr üzünü Almurada tutdu:
– Cavanlar barəsində bir məruzə qoyarsan, özüm danışacağam. Sizə deməli sözüm çoxdur.
– Məruzənin adı nə olsun?
– Adı? Adı elə “Cavanlar barəsində”.
Bununla da, kişinin acığı soyudu. Sonra üzünü mənə tutdu:
– Hə, yoldaş mədəniyyət naziri, indi nə qulluğun var, buyur.
Mən gəlişimin məqsədini söyləyəndə, yalnız Nəriman əmi deyil, o biriləri də təsvib etdilər. Qulu dedi:
– Hər gün saat birdən üçə qədər pambıqyığanların istirahət saatlarıdır. Düşərgələri də elə mədəni düzəltmişik ki, görəndə xoşunuz gələcək.
Sədr Almurada tapşırdı ki, təzə “QAZ-69” bizi gəzdirsin.
Pambıq yığımının ilk günü tamam bir bayrama çevrilmişdi. Göz işlədikcə uzanıb gedən tarlalar sanki ağ çiçək açmışdı. Orada-burada pambıqyığan maşınlar, uzun günlüklü kepka qoymuş oğlanlar, əlvan paltarlı qız-gəlinlər görünürdü. Müxbirlər, əllərində dəftər-qələm, adamların arasında gəzib qeyd götürürdülər. Nəriman əmi öz “Pobeda”sında buradan vurub oradan çıxır, hamıya göstəriş verir, pambıqyığan maşınların işini diqqətlə izləyirdi.
Adamlar günorta vaxtı tənəffüsə çıxdılar, kərpicdən tikilib ağardılmış düşərgə binasının kölgəsində yeyib-içib dincəldikləri zaman biz konsertimizə başladıq.
Musiqi, incəsənət nə qədər gözəl şey olsa da, “hər şeyin öz yeri, hər nöqtənin öz məqamı var”. Lakin, onların bizi həvəslə dinləmələri, bəzən mütəəssir olub kədərlənmələri, bəzən mənim söylədiyim hekayə və lətifələrə gözləri yaşarıncaya qədər gülmələri bütün gizli şübhələrimi vurub dağıdırdı. Mən inanırdım ki, biz həqiqətən xeyirli, lazımlı bir iş görürük. Biz öz kiçik istedadımızla bu böyük zəhmət adamlarına xidmət edirdik. Eyni hiss, eyni təəssürat mənim yoldaşlarımda da olduğu üçündür ki, düşərgələrdə verdiyimiz hər konsertdən sonra biz bir-birimizə daha da mehriban olur, gələcək konsertlərimizdən daha həvəslə danışırdıq. İmi ilə Cimi yeni-yeni təşəbbüslər irəli sürürdülər (etiraf edirəm ki, onların indiki təşəbbüsləri bizim balaca dəstəmizin işinə çox xeyir verirdi).
Biz gündüzlər pambıqyığanlara, axşamlar isə, Söyüdlü arxın üstündə işləyən quzeylilərə xidmət edirdik. Sədrimiz bu barədə bir söz demirdi. Görünür, quzeylilərə konsert verməyimiz onu əvvəlki kimi əsəbiləşdirmirdi.
...Günlər belə gəlib-keçirdi. Mən gecələr tez yuxuya getmək üçün səhərdən axşamacan işləyir, deyib-gülürdüm. Camaatla elə yaxın olmuşdum ki, küçədə uşaqlar məni görən kimi qabağıma yüyürüb deyirdilər: “Nuriyyə xala, bu gecə nə var? Nuriyyə xala, məni də tar dərnəyinə götür. Nuriyyə xala, nə vaxt teatr verəcəksiniz?”
Mən klassik və müasir yazıçıların əsərlərindən xoşuma gələn parçaları seçib, axşamçağı mədəniyyət evinin sərin eyvanına yığılan kəndlilər üçün oxuyurdum. Bədii qiraət ustası olmasam da, ürəkdən oxuyurdum. Həqiqi sənətin (oxuduğum əsərləri nəzərdə tuturam) təsiri mənə böyük təsəlli olurdu. Sanki Nizamidən, Füzulidən, Şekspirdən, Lermontovdan oxuduğum parçalarla mən, qulaq asanlara, nə isə, özümə, öz qəlbimə aid sirlər söyləyirdim. Elə bil, bu əsərlərlə özümdən danışırdım və bunun başqalarına təsirini gördükdə, özümü, ağlayıb ürəyini boşaltmış adamlar kimi, yüngül hiss edirdim.
...Bir istirahət axşamı Söyüdlü arx yuxarı gəzməyə çıxmışdım. Orada-burada çoxdan quruyub saralmış ot-əncər içində bitmiş yaşıl böyürtkən kolları adama qəribə, qüssəli təsir bağışlayırdı. Lakin yaxınlaşıb tər yarpaqlar arasında qara muncuqlartək parıldayan böyürtkənləri görəndə, qəlbimi anlaşılmaz bir şadlıq hissi bürüyürdü. Havada qurumuş küləş ətri duyulurdu. Bir dəstə bildirçin biçilmiş zəmi yerinə tökülərək dənlənirdi. Daha aşağılarda pambıq tarlaları görünürdü. Mən hərdən böyürtkən qoparanda, uşaqlıqda qızlara qoşulub meşəyə moruq, çiyələk yığmağa getdiyim günləri xatırlayırdım. Zaman necə tez keçib gedir... Uşaqlıq çağı gecə qayaların dibində qaladığımız ocağın ətrafında halay vurub ayıdan, canavardan danışdığımız, sonra, işıqlanar-işıqlanmaz, qalxıb bir-birimizə macal vermədən, şehli otlar əlimizi üşüdə-üşüdə moruq dərdiyimiz vaxtlar, elə bil, dünənmiş.
Mən düşünürdüm ki, indiki günlər eləcə tez keçib-gedəcək, yalnız bircə şey lazımdır: dözmək! Qoy oxucu, Allah göstərməsin, bəzi tənqidçilər kimi, mənim gəldiyim bu nəticəni ümumiləşdirməsin. Çünki bu iztirab ancaq mənim özümə aiddir. Əgər, mənim kimi, dünyada bir başqası varsa, qoy məni o mühakimə etsin.
İlk günlər, dünyada hər əzabın bir sonu olduğunu düşünərək, özümə təsəlli verirdim. Lakin bu cür təsəlli qorxaqlıqdır, vəfasızlıqdır. Çünki mən onun üçün için-için yanmaqdan nəhayətsiz bir zövq duyuram. Bu mənim səadətimdir. Məgər, böyük ağıl sahibi olan Füzuli, Şekspir belə bir fədaiyə haqq verməmişlərmi? Əgər, mən onun uğrunda daxilən əzab çəkirəmsə, bunun kimsəyə ziyanı yoxdur. Bu, mənim səadətimdir. Doğrudur, mən onun arvadı olsaydım, bu səadət başqa cür olardı. Lakin eybi yoxdur. Mən yenə də xoşbəxtəm. Çünki mən onun üçün yanıram. Mən əminəm ki, o mənim bir dırnağıma da daş dəyməsinə razı olmazdı. Mən bilirəm, hiss edirəm ki, o mənim üçün özünü oda-suya atardı. Ona görə də, mən çox xoşbəxtəm və mən bu səadətimi hamıdan, birinci növbədə, onun özündən gizləməyə məcburam. Çünki mən onu və ona aid hər bir şeyi sevirəm, istəyirəm. Mən onun varlığı ilə yaşayıram. Onun səadəti mənim səadətimdir. Biz iyirminci əsrin qızları keçmişlərdəkilərə nisbətən daha sərtik. Biz dediyimiz yerdən kəsməyi bacarırıq. Biz incə, sentimental “ah-zarlara” qarşı amansızıq!
Mən bu cür düşüncələrlə böyürtkən kollarının arasında dolaşarkən, arxadan səs eşidib diksindim. Ürəyim qırılıb ayağımın altına düşdü. Mən hiss edirdim ki, gələn odur. Biz görüş təyin etməmişdik. Lakin hiss edirdim ki, gələn odur. Mütləq odur. Mən özümü ayaq üstündə güclə saxlayaraq, geri döndüm. Gələn, doğrudan da, o idi.
– Oy, məni yamanca qorxutdunuz. Xoş gördük. Səadət bacı və Əlimərdan kişi necədirlər?
– Çox sağ olun, yaxşıdırlar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-soyudlu-arx
Другие произведения автора
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Стихи других поэтов
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik