Страница 2 из 2 · 50%

– Qəhbələr nəslinin nümayəndəsini zakona tabe eləyin!..

“Xıl” starşinası hələ sözünü qurtarmamış, “xıl” hər tərəfdən şığıyıb, Səmədi, qucağındakı qoca ilə birlikdə yerə sərib, heyrətli kin-küdurətlə, dəhşətli rəhmsizliklə, nallı çəkmələrin altına saldı. Heç bir dəqiqə də keçmədi ki, Səmədin çənəsində, alnında, başında, əl-qolunda çapılan yerlər ağ, qolsuz köynəyilə pencəyini qırmızıya boyadı. Ordan-burdan qan fəvvarə vurub, ölümü labüd göstərirdi.

Starşinanın balta dişləri örtülmürdü.

– Bəsdi! Bəsdi! Aman verin tərifli Dəli də göstərsin özünü! Yoxsa, nə təhər isbat eliyəcəksiniz ki, zakon əhlinə əl qaldırıb bu!

Bayaq üzü üstə sərilən “zakon əhli” qoşa əllərini açıb starşinanın qabağına uzatdı.

– Budu bax! – dedi; çatının bıçaq kimi kəsən keçi qılları ovuclarının dərisini aparıb ətini kəsmişdi, üstəlik, üzü üstə səriləndə milisionerin burnu, alnı da yəqin ki, yerə sürtülüb cızıq-cızıq olmuş, göyərmişdi. Bu görkəm elə gözlənilməz oldu ki, starşina hətta pərtləşdi.

– Köpəyoğlu nə yaman çəkib ə çatını! Pah-pah! Yeri, qisasını al əclafdan!

Milisioner qanlı çəkmələrinə baxıb, şübhəsiz, yenə də elə çəkmələrini işə salmaq üçün geri döndü.

Lakin Təftişin iyirminci ildən, Qılınc Qurbanın atryadının əsgəri olduğu vaxtdan qalan “imennoy revolver”i Məmməd Xələfin əlində, starşinanın sinəsinə tuşlanmışdı.

– Burdan rədd olub getməsəniz, nəçənniyinizin iştirakıynan qaldırılan cinayət işini ləğv eləməsəniz, Səməddən, Sultan Əmirlidən əl çəkməsəniz, atam Abbasın həzrət Abbas adına and içirəm, cavanlarımızın hamısını silahlandıracam, o it xılı məhləsindəki Xəlvətdən, Qılınızdan, Piylinizdən başlamış, hökumət idarələrindəki itlərinizin son nəfərinə qədər, hamınızı qırıb, öz ayağımıznan gedəcəyik güllə qabağına! Çünki bu Bezobraziye zülmü atamdan, anamdan eşitdiyim xan, bəy zülmündən betər olub, daha cana doydurub hamımızı! Rədd olun! Yoxsa, meyidlərinizi aparacaqlar burdan!

Aydın görünürdü ki, Məmməd Xələfin asta, boğuq səsi adi hədə səsi deyildi.

Starşina qadınların, qızların bir-birinə qarışan qarğı-nifrinləri altında başını endirib hündür sirkənlik arxasında şüşələri parıldaşan iki yanaşı “Villis”ə doğru gedəndə “xıl”da süpürüldü. O dəqiqə də palıdın altına çaxnaşma düşdü. Səmədin köhnə məktəb yoldaşları, ordları ordlarından keçmiş, tanınmaz olmuş gəlinlər, qızlar: – Qara yandırın!¹³ Su gətirin! Təmiz əski tapın! – deyə-deyə o yan-bu yana yüyürüşdülər. Qarğaşalıq içində Təftişlə Məmməd Xələfin səsləri də eşidilirdi:

¹³ Təzə yaranın qanını kəsmək üçün əski yandırıb “qara”sını yaraya basırlar.

– Bu silahı mən sandıqda, qıfıl altında saxlayıram! Niyə səndədi?

– Dədə, üzrlü hesab elə. Sənin qulağın alanı mənim də qulağım almışdı. Hamımızın qapıdan qovduğumuz, qoltuğu qarmonlu zənən ağlıya-ağlıya gəldi ki, məni pyanska eləyib qoltuqlarda qoyan it xılı iclas eləyir Şüşəlidə. Elimizin-günümüzün gözəl oğulu Səməd Əmirlini həbs eləyib türmədə öldürəcəklər. Kimin qeyrəti var silah alsın əlinə, getsin tək palıdın altına. Mən olmuyaydım, sən olaydın, dədə, sındırardın qıfılı, ya yox?!

Təftişin gözlərindən üzünə təbəssüm işığı yayılıb o an da çəkildi.

– Zal balam getdi gəlmədi. Xələfim qardaşının adını üstünə götürüb, Məmməd Xələf Zal adında ikiqat oğul oldu. Pəhləvan oğlum atasına çəkdi. Abı! Elmin boşa çıxdı! Barıt iyi olmuyan yerdə ədalətin yeriməz!

Abı başını bulayıb Səmədə baxdı.

– Bu da o həyətdəki xançal əhvalatıdı, ey gözümün işığı! Min dəfə, beyninizə batana qədər, milyon dəfə deyəcəm: Xançal-bıçaqla, top-tüfənglə, ən, ən, ən güclü ordu, ən adil, ən aqil hökmdar qüdrətilə də düzəlməz bu dünya! Elmdi, Elmdi bu dünyanın əlacı, o da belə kin-küdurətlə, belə ədavətlə bu araya sığışmır! İçərinizi yeyirsiniz! Sözümü unudursunuz! Qara qanınızı qan tökməknən doldurursunuz!

Çürük dizləri üstə çöküb, Abının köynəyini çıxarıb, can köynəyi tərdən islanmış dostunun çiyinlərini, qollarını ehmallı sığallaya-sığallaya:

– Səlamətsən, şükür, səlamətsən, başına dolanım, – deyir. Abı isə, arada inildəyə-inildəyə:

– Yavaş, a kişi! – desə də, cavanları danlamaqdan qalmırdı:

– Uzağa getməyin! Elə Təftişin cibindəki o “imennoy revolver”dən dərs götürün. Nə qədər ki, mənnən yaxınlaşmamışdı, sözümü-söhbətimi eşitməmişdi, Rus paqonu taxıb familiyasını “ski” eliyən bəylərdən hansınısa sərhəddən o yana qovanda Təftiş Abbas o “imennoy”u marçıltı ilə öpüb gözünün üstünə qoyurdu. Hanı o “imennoy”un yaratdığı ədalətli fəhlə-kəndli hökuməti¹⁴ niyə yoxdu, ey beyinləri qanlarım?! Oktyabr bayrağına¹⁵ and içirdi Təftiş Abbas, komandiri Qılıncla bir yerdə! Kimlərin əllərindədi indi o bayraq?! “Cavanları silahlandır!” Sözünə bax üzü üzlər görmüş qancığın! Nə var bu “Cavanları silahlandır” sözlərinin altında?! Qanırsınızmı, ey dərsimi ala-ala cəhalət bataqlığına batanlarım! Açıq-açığına, hamınızı qırmaq qəsdindədi Bezobraziye! Sultanın dediyi mikroilanlardandı Şənbə! Başa düşdünüz?!

Sirr açıram, qulaq asın. Qazağının gizlin Muğannalarından, biri-birindən cavan, biri-birindən gözəl şagirdlərim vardı, Sultanın Rus dostlarının təqdimatı ilə Moskvada təhsil alıb zabit olmuşdular, qayıdıb Araz qırağında, “zastava” deyilən yerlərdə qulluq eləyirdilər. Bezobraziye cəlladları hamısını bircə gündə boğdular tulladılar Araza. Meyitləri geyindirib-kecindirib, döşlərinə orden, medal taxıb, müşayiətçi-filanlarla göndərdilər rayonlara, valideynlərinin üstünə. Birini də bizim üstümüzə göndərdilər. İnişil, əlli ikinci ilin yayında oldu bu bədbəxtlik... Moskvanın göstərişilə! Əsrlərdən gələn bəlamızdı bu bəla. Batin-gizlin ikən tamam açıq oluruq, qışqırıqnan deyirik sözümüzü. Adını aşıqlardan eşitdiyiniz Elm mücahidi Mənsurumuz da ağılsız mərdlik, düşüncəsiz igidlik qurbanı olub, dara çəkilib! Əxi Fərrux, Fəzlullah Nəimi, İmadəddin Nəsimi – hamısı açıq söz qurbanı olub. Çünki cəhalət dünyasında açıq söz də hamanca xançaldı, qəzəbdən, kindən törəyir, cahilin əlində çatıya dönür, Xızr Abının biləklərini çatır bir-birinə. Dartıb dara qaldırır! Nallı milisəner çəkməsi olur. Səməd Əmirlinin damarını partladır! Başa düşdünüzmü, ey beyni qan?! Muğannaya “müğənni” deyirik, ƏsAğa “Aşıq” deyirik, qırılırıq, əlimizi silaha uzadanda əlimiz iflic olur! Mən özüm də açıq qışqıran olmuşam indi. Əbədiyyətə qovuşmağımın vaxtı çatmasa da, ürəyim sizin ürəklərinizdən də cavan olsa da, açıq danışıram ki, vidalaşım daha siznən!

¹⁴ Leninin ən məşhur tezisi: “Hakimiyyət fəhlələrə, torpaq kəndlilərə!”

¹⁵ Oktyabr inqilabının, SSRİ-nin qırmızı bayrağı.

– Ölən deyilsən sən, ay qırx qazanın çalası! – Xəlvət idi. Arxasında ayrılmaz kölgəsi – Qıllı Qeybalı, sirkənliyin arxasından peyda olub, çal, lopa bığ dövrəsində tamam dərisiz ət kimi qan-qırmızı sifəti pörtə-pörtə məktəb uşaqlarını, qadınları, qızları itələyə-itələyə sahəyə qovub, özü də dallarınca getdi. Tək bir nəfər, qayğısına qalıb, başının şalını yandırıb onun yarasına “qara” basan bir qadın peyda oldu: Qarmonçu Şənbə!

Yanaqlarının yumru ətləri qırışıb, əpriyib solmuş qadın – Şənbə, Səmədi təkbaşına qucağına alıb maşına qaldıranda heyrətdən hamı hıçqırışdı:

– Gücə bax ey, arvadda!

Maşının “kuzov”unda Səmədin sarıqlı başını dizinin üstə söykəyəndə isə Şənbə, kişilərə: – Nə boylanışırsınız! Çoxlu bağayarpağı yığın yolların qıraqlarından! – deyib, birdən son dərəcə ağrılı-acılı göz yaşları tökdü:

– Mən elədim bunun hamısını, mən baxtıqara! Prokuror Sayılov dedi: “Abını döydürməsən, Səmədi aparıb orda tutdurmasan, özünü tutacam!” Köpəyoğlu, elə bilir daha insanlıqdan məhrumam! Təftiş Abbas burdadı, şahiddi, desin, dörd ilin müharibəsində qarmonnan qazandığımın doxsan faizini orduya yardım göndərmişəm, özüm qara qalağ¹⁶ yemişəm!..

Səmədin alnından, əllərindən öpürdü, ağlayırdı.

– Səni ürəkdən istiyən bədbəxt zənənlərdən biri də mənəm, ay bəxtsiz, talesiz Məcnun!

Maşın Qonaqlının ortasında, yastı-yappa bir qaradamın qabağında dayandı. Şüurunu itirmiş Səmədi Şənbə yenə də tək qaldırıb o dama – ölmüş nənəsindən qalmış iyli-qoxulu döşək üstə qoydu. Bütün gecəni əmisindən də betər inildəyən oğlanın böyründə oturub “Allaha”, “Peyğəmbərə”, “Əliyə” yalvarırdı. Səhərisi, Səməd özünə gələndə isə, köhnə, qara bir qazanda su qızdırdı, yaralara dolmuş “qara”nı – yanmış əski küllərini yuyub, üstündən təmiz əskilərlə sarıdı. Üç günmü yatdı, beş günmü, Səməd hesabı itirib, nəhayət ayağa qalxanda, ciddi qayğılar içində gülürdü; demə, qarmonçu Şənbə Xüdiyevə “işləyə-işləyə”, Sultan Əmirliyə də gizlin “işləyirmiş”, “gecələri yatmayıb”, ondan Elm öyrənirmiş.

– Gülgəzinnən, sənin Qaraçı qızınan yanaşı oturub dəftərimə “Yaddaş” yazırdım! Adamlardan danos yaza-yaza bax belə oldu Qarmonçu Şənbə! Qorxma daha heç nədən! Nə qurğu qursalar, ovcundaca olacaq! Səni bada vermərəm! – dedi.

¹⁶ Təmizlənməmiş undan qara çörək “buxanka”sı.

Məhz buna görə də Səməd sahələrə yenə sağlam-gümrah çıxdı. Və elə həmin palıdın altında Çürüyün dərmən-davası ilə sağalmaqda olan “qəlyanlılarla” görüşməyə gedəndə sirkənlikdən onun – Səmədin yenidən gərginləşməsinə səbəb olan bir səs eşidildi:

– Hə, indi məni dinləyə bilərsən, qadası!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 мин
Xəzinə üstündə yatan ilan 1

Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.

26 мин
Xəzinə üstündə yatan ilan 2

Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.

12 мин
Xəzinə üstündə yatan ilan 3

...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.

26 мин

Стихи других поэтов