Evin kişisi
Страница 2 из 10 · 10%
– Evdədi.
– Neyniyir?
– Dədən sənə bir söz demədi?
– Yox.
– Ağcaya elçi gəlib.
Qaçay anasının sözlərini tezliklə qavraya bilmədi. Məhrəbanı mıxdan asdı:
– Nə elçi? Kimdən gəlib?
– Cahiddən.
Oğlan qaşlarını çatıb fikirləşdi. Deyəsən, bu adda, Ağcaya elçi göndərə biləcək bir adam yadına düşmədi. Başını buladı. Cavahir sanki qızının eşidəcəyindən ehtiyat edərək səsini alçaltdı:
– Xanəndə Cahidi tanımırsan? Qonşuluğumuzda, Bikəgildə olur. İki-üç aydı gəlib bizim rayona. Əsli-nəsli burdan deyil.
Qaçayın qəlbini narahatlıq qarışıq bir sevinc bürüdü. Həmişə Əntiqəgilin evinə yaxınlaşarkən sinəsindən qopub bütün bədənini çulğayan süstlük yenidən baş qaldırdı. Bilmədi özünü necə aparsın, anasının qəfil xəbəri müqabilində nə desin. Kürəyini sütuna söykədi. Taxta çarpayıda mütəkkəyə dirsəklənmiş atasına baxdı. Bayaq kişinin qaramtıl dodaqlarında, bulanıq gözlərində dolanan titrək təbəssümün səbəbini anladı. “Demək, Ağca bu evdən köçəcək”. Daha günortalar artırmada dayanıb qardaşının yolunu gözləməyəcək. Daha uzun lüləkli mis aftafanı su ilə doldurmayacaq, quyuya cürdək sallamayacaq. Əbəs yerə deməyiblər ki, qız köçəri quşdur... Qoy getsin Ağca. Yəqin ki, kobudlaşıb qaralmış əllərinin dərisi ağaracaq, bənizindəki solğunluq çəkiləcək, gözlərinin dərinliyində gəzdirdiyi kədər əriyib itəcək.
Oğlunun sütuna söykənib fikrə daldığını görən Cavahir daha heç nə demədi, heç nə soruşmadı. Artırmada qoyulmuş dördkünc stolun üstünə süfrə saldı. Yemək gətirdi. Qaçay kətili altına çəkib oturdu. Qaşığı əlinə alıb boşqabdakı dovğanı könülsüz, həvəssiz içməyə başladı. O, ürəyini qəflətən bürümüş qarma-qarışıq, narahat hisslərdən baş aça bilmirdi. Axı, özündən altı yaş böyük olan bacısının bəxtinə birdənbirə gün doğmuşdu? Ər evi görməkdən ümidini, əlini çoxdan üzmüş Ağcaya bu gün elçi gəlmişdi? Qaçay niyə sevinmirdi? İnanırdı ki, indi bacısı divarın arxasında, onun bir neçə addımlığında oturub qardaşından gizlənir. Yəqin qorxur ki, Qaçayın qarşısında sevincini büruzə verə bilər. “Bəlkə heç Ağca sevinmir? Bəlkə Cahidə getməyə razı deyil?”. Qaçayın ürəyindən keçdi ki, qızın özünü danışdırsın. Lakin hiss etdi ki, bu dəqiqə o, Ağcanı görmək istəmir, onunla göz-gözə gəlmək istəmir. Nədənsə indi bacısından utanırdı.
Qaçay qalxdı. Çəkic götürüb artırmanın qabağına tulladığı çəkmənin içində dikələn mıxı döydü.
Dolaşıq, narahat fikirlər milis idarəsinə qədər ondan əl çəkmədi. Ata-anası bu məsələyə necə baxır? Ağcanın öz qərarı nədir? Niyə Qaçay bunları soruşmadı, öyrənmədi?.. Həm də o, Cahidi yaxşı tanımırdı. Təkcə onu bilirdi ki, oğlan hardansa bu rayona təzə gəlib. Qonşuluqda, Bikəgildə olur. Bikənin oğlu kamança çalan Süleymanla dostdur və birlikdə toylara gedirlər. Özü də, deyəsən, Ağcadan çox yaşlıdır. Bir də onu bilirdi ki, Cahid də Süleyman kimi heç yanda işləmir. Deyirdilər, yaxşı səsi var, amma Qaçay onun oxumağını eşitməmişdi.
O, hündür daş hasara çatanda üst-başına diqqət yetirdi. Furajkasını düzəltdi. Qamətini şax tutub, qırmızı rəngli taxta qapını açdı... İdarənin qabağındakı uzun skamyada Sahibov əyləşmişdi. Canəli ondan azacıq aralıda oturub nəsə danışırdı. Qaçay yaxınlaşıb əsgəri salam verdi. Sahibov xırda, qara muncuqlu təsbehini sağ əlindən sol əlinə keçirtdi. Qaçayın tozlu çəkmələrinə baxdı:
– Gəldin, Koroğlu? – Yenə üzünü Canəliyə tutdu. – Hə, sonra nə oldu?
– Sonra, nəçənnik, İsrayıl atəş açıb, Misir də cavab verib.
– Misir yox, ərəblər.
– Elədi, nəçənnik, ərəblər. Hər iki tərəfdən ölən də var, yaralanan da.
Sahibov nəzərlərini barmaqlarının arasında tək-tək saydığı qara muncuqlara tikdi.
– Daha nə oxumusan, Canəli?
– Vyetnamlılar genə samalyot vurublar. Kişi adamdılar, nəçənnik, o boyda Amerikaynan dör-dör döyüşürlər.
Qaçay çəkilib kənarda dayandı. Bilirdi ki, bu sual-cavabın sonu necə qurtaracaq. Bilirdi ki, Canəli qəzetlərdən oxuduğu vacib xəbərləri sadalayandan sonra lap axırda deyəcək: “Ölkənin daxilində də vəziyyət yaxşıdır, nəçənnik. Təsərrüfat planları artıqlaması ilə yerinə yetirilir”. Sahibov təsbehinə baxa-baxa xeyli susacaq. Nəhayət, qayğılı görkəm alıb gümüşü başını yırğalayacaq:
– Qəzet oxumağa vaxt da tapmıram. İşim o qədər gərgindir ki...
Canəli də milisioner idi. Sahibov bu rayona rəis gələndən bəri onun bir qayğısı da artmışdı. Hər gün qəzetləri diqqətlə oxuyub, məzmununu Sahibova danışırdı. Canəli bu xidmətindən zövq alırdı və yəqin ki, onu qınayan olmasaydı, qəzet oxumağı özünün əsas vəzifəsi hesab eləyərdi.
Qaçay, indi rəisin yanında oturub sivri çənəsini əsdirə-əsdirə danışan bu kişiyə baxdı. Yadına qarışqa düşdü. Canəli də zirəklikdə, işgüzarlıqda qarışqaya bənzəyirdi. Bütün günü əlləşirdi, bütün günü tələsirdi və həmişə də vaxtın azlığından şikayətlənirdi. O, gah milis idarəsinin həyətindəki ağaclara qulluq edir, gah sınmış pəncərələrə şüşə salır, gah da barının sökülmüş yerini hörürdü. Canəli əvvəllər milis şöbəsinin arabaçısı idi. Atları həmişə tumarlı, qotazlı olardı. Onun arabasını uzaqdan tanıyırdılar: “Gepezenin arabası gəlir!” “Gepeze” sözünün mənasını Qaçay onda bilmirdi, indi də bilmir. İllər keçdi, bu söz aradan çıxdı. Canəlinin atları da, arabası da küçələrdə görünmədi. Canəli qiyafəsini dəyişdi, belinə tapança bağladı. Qaçay gözlərini açıb onu bu boyda, bu biçimdə görmüşdü. Canəli qocalmırdı, artıb-əskilmirdi. Həmin cüssəsiz, balaca, arıq adam idi. Dərisi işıldayan sümüklü üzündə əvvəllər də təkəm-seyrək tüklər bitirdi, indi də elə bitir. Uşaqlıqda da keçəl idi, indi də keçəldi. Əvvəllər də furajkasını boynuna qədər basardı, indi də basır. Bircə şey dəyişmişdi, Canəli daha araba sürmürdü. Milis idarəsindəki yanı beşikli motosikletin birini ona vermişdilər...
Sahibov təsbehini şalvarının cibinə qoyub qalxdı. Üzünü Qaçaya tutub gülümsədi:
– Koroğlu, işlərin necədir?
Qaçay əllərini yanına salıb, dabanlarını cütləşdirdi:
– İşlərim yaxşıdır, yoldaş mayor!
– Sayad bacın zəng eləmişdi. Bir bizə baş çək, gör nə deyir.
Qaçay sevindi ki, Sahibov onu özünə yaxın, doğma sanır. İdarədə adam çox idi. Budur, milisionerlərin biri girib, biri çıxır, ancaq mayor, deyəsən, Qaçaya ürək qızdırır. Bu fikirdən oğlanın ürəyi dağa döndü.
O, qapıdan çıxanda milis idarəsinin “QAZ-69”u yolda dayandı. Rəisin müavini Nuru Nəsirli maşından düşdü. Nüfuzedici, parlaq gözlərini oğlanın üzünə dikdi. Qaçay özünü yığışdırdı. O, az danışan, həmişə fikirli görünən bu cavan müavindən çəkinirdi. Nəsirli nəsə demək istədi, ancaq özünü saxladı. Onun ağ bənizində təəssüfə bənzər bir ifadə gəzdi. Başını aşağı salıb getdi.
Qaçay tələsirdi. İri çəkmələri asfalt səkidə taqqıltı qoparırdı. Elə bil Nuru Nəsirlinin narazı baxışları onu arxadan itələyirdi. O, hiss edirdi ki, rəislə müavinin münasibətlərində nəsə bir soyuqluq var. Bu soyuqluq bəzən Nuru Nəsirlinin bircə hərəkətində, bir kəlmə sözündə özünü büruzə verirdi. Qaçay müavini anlaya bilmirdi. Niyə hamının sevdiyi, hörmət etdiyi Sahibovdan onun xoşu gəlmir?
Qaçay fikirləşirdi ki, Sahibov onu hətta ölümə də göndərsə, o yenə bax beləcə, tələsə-tələsə gedər. Axı, rəis yumşaqürəkli, mülayim, qayğıkeş adamdır. Kədərli bir əhvalat eşidəndə gözləri yaşarır. Canəli nahaq yerə demir ki, Sahibov peyğəmbərdir, bizim nəçənniyimiz yox, atamızdır. Düz deyir Canəli. Əgər elə olmasaydı, rəis Qaçaya “oğlum” deməzdi, onu zarafatla “Koroğlu” adlandırmazdı...
Qaçay rəisgilin həyətinə girdi. İkimərtəbəli evin qabağında – kölgədə bir qalaq kötük yığılmışdı. Oğlan nə üçün çağırıldığını başa düşdü. Keçən şənbə də burada odun yarmışdı...
O, furajkasını çıxartdı. Yaşıl köynəyini soyunub ağacın budağından asdı. Ovcuna tüpürüb baltanı götürdü. Kötüyün birini ayağı ilə dikəltdi. Baltanı başının üstünə qaldırıb var gücü ilə endirdi: Taqq!!
Eyvanda səs eşidib əl saxladı:
– Gəlmisən? Yuxarı qalxıb çay içəydin, sonra...
– Sağ olun, Sayad bacı, çay içmişəm. – Qaçay, dolu bədənli, hündür qadına baxıb utana-utana gülümsədi. Sayadın saçlarına çoxdan dən düşmüşdü. Qaçay ona “xala” da deyə bilərdi, “ana” da. Ancaq Sahibovun sözləri yadında idi: “Sayad bacın zəng eləmişdi”. Demək, “bacı!” Sayad onu daha da yaşlı göstərən enli saya xalatının ətəyini yellədə-yellədə otağa keçdi.
Qaçay baltanı təzədən qaldırıb endirdi. Balaca, yastı kötük ortadan bölündü.
Otaqdan piano səsi gəldi. Çalan Sahibovun qızı idi, Gülxar. Keçən dəfə Qaçay odun doğrayanda Gülxar piano çalırdı. Qız Bakıda oxuyurdu. Xarici dillər İnstitutunda. İndi yay tətilinə gəlmişdi.
Oğlan baltanı çiyninə qoyub, otaqdan dalğa-dalğa axıb gələn səsi dinlədi və indi qəflətən kövrəlmiş, yumşalmış ürəyində bir arzu doğdu: “Kaş Əntiqə də belə piano çala biləydi”.
Qaçay anladı ki, dayanıb musiqiyə qulaq assa, axşama qədər heç iki kötük yara bilməyəcək. Balta təzədən işə düşdü. Yarmaçalardan qopan taqqıltı pianonun xoş sədasına qarışıb yad səs kimi eşidildi. Tər oğlanın boynundan, boğazından süzülüb sinəsinə, kürəyinə axırdı. Kötüklər bir-birinin ardınca parçalanırdı. Keçən şənbə Sahibov həyətə girəndə Qaçayın doğradığı odun qalağına baxıb təəccüblənmişdi. Əlini onun çiyninə qoymuşdu: “Sən lap Koroğlusan ki!” Elə o vaxtdan rəis onu Koroğlu çağırırdı. Qaçay ilk dəfə bu sözü eşidəndə diksinmişdi. Elə bilmişdi ki, “kor Mikayılın” oğlu olduğu üçün Sahibov ona “Koroğlu” deyir. İncimişdi. Ancaq rəisin qarabuğdayı sifətinə, xırda sakit gözlərinə yayılan təbəssümü görüb arxayınlaşmışdı. İnanmışdı ki, Sahibov onu ələ salmaq, onun qəlbinə dəymək fikrindən çox-çox uzaqdır... Koroğlu! Yaxşı addır! Qoy hamı onu elə çağırsın. Ancaq bir şey Qaçaya aydın deyildi: o vaxtlar Koroğlu da odun doğrayıb, ya yox? Koroğlunun dövründə belə balta, belə yastı kötüklər olub, ya yox?
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-evin-kisisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: