Страница 1 из 8

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.

Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

– Uşaqlar hanı?

Teybə ərinin döşəməyə tüpürdüyü papiros qırıntısına baxdı və təəccübü, qorxusu daha da artdı. Xəlil evdə belə iş tutmazdı, hara gəldi tüpürməzdi. O, çox səliqəli idi, təmizkar idi. Döşəmədə kağız qırıntısı, kibrit çöpü – artıq nə görsəydi əyilib götürərdi. Teybə onun sivri çənəsinə, bir yerdə qərar tuta bilməyən xırda gözlərinə nəzər saldı və nədənsə, düşündü ki, Xəlil bu dəqiqə uşaqlar haqqında heç nə fikirləşmir, nəsə başqa söz demək istəyir, uşaqları isə elə-belə soruşdu. Ona görə də Teybə ərinin sualına cavab vermədi.

– Azarlamamısan ki, Xəlil?.. Niyə oturmursan?

– Gedirəm... İşlərim tökülüb qalıb. – Səsi də titrəyirdi. Elə bil kimsə onu hirsləndirmişdi, kimsə nahaqdan qəlbinə dəymişdi. Evə nə məqsədlə gəldiyi, deyəsən, özünə də aydın deyildi.

Xəlil sönmüş papirosunu sümürə-sümürə qapıya doğru getdi. Birdən ayaq saxladı. Arvadına tərəf yanpörtü dayanıb, onun heyrətini daha da artıran bir sual verdi:

– Bənna Həmidi tanıyırsan?.. Evin üstündən yıxılıb, beli sınıb. Ölümcüldü. Bilirsən?

– Eşitmişəm. – Teybə ərinin sözlərindən heç nə anlaya bilmədi. Səbrini basıb onun nə deyəcəyini gözlədi.

O kişinin üstünə Bakıdan təcili həkim çağırıblar. Həkim bu gün gəlib. Alimdi. Familyası da Cəfərzadədi.

Teybə əllərini yellədi:

– Nə olsun ki?

Xəlil gözlərini yumub köks ötürdü:

– Mənim də familiyam Cəfərzadədi.

Teybə özünü lap itirdi. Elə bildi ərinin başına hava gəlib.

– Bizə nə dəxli, Bakıdan həkim çağırıblar? Elə bununçün əl-ayağın əsir? Bununçün dilin topuq çalır?

– Bakıda mənim əmim oğlu var. Dost-doğma əmim oğlu... Bəhmən Cəfərzadə... Həkimdi, alimdi... Deyirlər, Həmidin üstünə gələn həkimin də adı Bəhməndir. Birdən o olar? Bəlkə odu? Mənim dost-doğma əmim oğlu?..

Xəlil elə məhzun-məhzun baxdı ki, Teybənin ona yazığı gəldi. Anladı ki, əri ondan cavab gözləyir. Ərinin şübhəsini dağıtmaq üçün bu dəqiqə onun bircə kəlmə sözü, bəlkə, kifayət edər. Ancaq Teybə nə desin? O, Xəlilin keçmişi barədə çox az şey bilir. Onun qohumlarını görməyib. Axı, Xəlil özü ona deyib ki, bu dünyada heç kimim yoxdur, təkəm, kimsəsizəm. Hətta onun haralı olduğunu da Teybə doğru-dürüst bilmir. Təkcə onu bilir ki, Xəlil bu rayona haradansa səkkiz il əvvəl gəlib. Bir ildə özünə güzəran qazanıb. Sonra da Teybəni evinə gətirib.

Əgər Xəlil yanında olmasaydı Teybə öz təpəsinə ikiəlli qapaz çəkərdi. “Günün qara gəlsin, Teybə! Yeddi il bir yastığa baş qoyduğun adamın nəslini, zatını tanımırsan. Bunun əmisi oğlu da varmış? Bəs deyirdi kimsəsizəm, yetiməm”.

Xəlil arvadını heyrət içində qoyub qapıdan çıxdı...

Rayon mərkəzində uca dirəkdən asılmış iri zəngə oxşayan gümüşü radioda qulaqbatıran, gurultulu, dəbdəbəli musiqi çalınırdı. Gecə saat on ikiyə qədər susmaq bilməyən radionun səsi Xəlili hərdən əsəbiləşdirirdi. Bəzən ürəyindən keçirdi ki, dirəyin lap kəlləsinə dırmaşıb radionu sındırsın. Xəlil indi bu gurultunu eşitmək iqtidarında deyildi. O, ocaqxananın açıq qapısı ağzında dayanıb gözlərini qupquru, çılpaq, əyri-üyrü ağaclara dikmişdi.

Qəribə qış idi bu qış. Nə vaxt idi girmişdi, amma hələ bir dəfə də olsun qar yağmamışdı. Hərdən soyuq külək əsirdi, vəssalam. Torpaq bərkiyib taxtaya dönmüşdü, ayaq dəydikcə taq-taq taqqıldayırdı. Günəş arabir görünsə də elə bil zərrə qədər istiliyi yox idi. Gündüzlər göyün rəngi boz olurdu və bu bozluq sanki yerə də çökmüşdü. Hər şey boza çalırdı; evlər, ağaclar, hətta adamlar da. Xəlil yerlə göyü birləşdirən bozluğa baxır və deyəsən, seçmirdi bu rəngi. İndi havanın necə olmasının onunçün dəxli yox idi. Bu dəqiqə Xəlil bu soyuqdan da, bozluqdan da, hamamın gurultulu, fışıltılı ocaqxanasından da çox uzaqda idi. Ömrünün əlçatmaz bir gününə qayıtmışdı.

...Bəhmənlə Xəlili Bakıya birgə yola saldılar. Dedilər, bir-birinizə həyan olun, instituta girəndən sonra da ayrılmayın. Yan-yana yatın, dərd-sərinizi də, son tikənizi də yarı bölün, dedilər və dallarınca neçə dolça su atdılar. Bu an heç kim qayıtmaq barədə düşünmürdü; yola salanlar da, yol gedənlər də. Heç kimin ağlına gəlmirdi ki, vur-tut bircə aydan sonra Xəlil bu kəndə tək qayıdacaq...

Gedəndə hayla-küylə getmişdi, gələndə səssiz-səmirsiz gəldi. Köhnə çamadanını artırmaya tullayıb, maddım-maddım ona baxan anasına ağızucu dedi:

– Kimyadan iki aldım.

Gülxar cınqırını da çıxartmadı. Elə bil nitqi batmışdı. Heyrət, təəssüf dolu iri gözlərini oğlunun seyrək tüklü, arıq üzünə dikdi. Kirpik də çalmırdı. Xəlil anladı ki, adamı əzən, əridən bu nəzərlərə tab gətirə bilməyəcək. Artırmaya qalxıb arxasını sütuna söykədi. Anasının hönkürtüsünü, ah-vayını gözlədi. “Kaş ağlayaydı, amma elə baxmayaydı”.

Yandakı evdən Bəhmənin anası Xavər çıxdı. Xəlili görüb özünü Gülxara yetirdi.

– Noolub, aaz? Gədə niyə qayıdıb?

Gülxar bir-iki kəlmə nəsə pıçıldadı. Sonra Xavərin get-gedə ucalan qəhərli, titrək səsi eşidildi:

– Barmaqları tökülsün o müəllimin! Əllərinə qarayara çıxsın onun!

– Qışqırıq xırp kəsildi və acı hönkürtüyə çevrildi.

Xəlil əmisi arvadına baxmaq üçün başını döndərdi, ancaq nəzərləri anasının səyriyən dodaqlarından uzağa getmədi. Gülxarın iri açılmış gözlərində yenə həmin heyrəti, təəssüfü gördü. Anasının adamı əzən, əridən baxışları onun canına üşütmə gətirdi. Xəlil anladı ki, bu baxışları qəbir evinə qədər unuda bilməyəcək...

Həmin gecə, qapısı və pəncərələri taybatay açıq balaca otaqda dörd nəfər fikir-xəyal dənizində ağırləngər üzürdü. Hava bürkülü olsa da heç kim çölə çıxmaq istəmirdi. Elə bil yad gözlərdən gizlənirdilər. Xəlil başa düşürdü ki, atası da, anası da, əmisi arvadı da onun ucbatından xəcalət çəkir. Bilirdi ki, bu kənddə fərsiz oğulları lağa qoyub gülürlər. Açıq-aşkar olmasa da dalda-daldada ona rişxənd eləyənlər tapılacaq. Lakin bütün bunlar onu qorxutmurdu. İndi Xəlilin qanını qaraldan yeganə şey evdəkilərin ah çəkib, köks ötürmələri idi...

Gülxarla Xavər cecimin üstündə yanaşı oturmuşdular. Əziz onların qənşərində dizlərini qatlayıb əyləşmişdi. Gözləri yol çəkə-çəkə papiros sümürürdü. Xəlil açıq qapıdan artırmaya düşən işıq zolağına baxıb fikirləşdi: “Bunlar mənim geri qayıtmağıma niyə yas tuturlar? İnstituta girə bilməyəni ölkədən çıxartmırlar ki?” Xəlil anlayırdı ki, bu kənddə təkcə Sayadın gözlərinə bir müddət görünə bilməyəcək. Onların darvazasının qabağından başını şax tutub keçə bilməyəcək. Damına iri tut ağacının qol-budaq uzatdığı kürsülü evin artırmasına boylana-boylana sevimli mahnısını zümzümə eləyə bilməyəcək:

“Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın...”

Bir müddət, yalnız bir müddət belə olacaq. Sonra zaman hər şeyi öz yerinə qoyacaq, hər şey qaydasına düşəcək. Xəlil heç kimdən utanmayacaq, heç kimdən gizlənməyəcək. Çünki Xəlil hələ ölməyib, hələ qocalmayıb, gecə-gündüz yatmayacaq, başını daşa-divara döyüb kimyanı əzbərləyəcək və gələn il tibb institutunun işıqlı otaqlarından birində oturub mühazirəyə qulaq asacaq. Sonra da Sayad haqqında şirin xəyallara dalacaq. Mühazirə oxuyan müəllim də bilməyəcək ki, Xəlilin fikri bu işıqlı otaqdan çox-çox uzaqdadır, bilməyəcək ki, onun ürəyində həzin bir mahnı dolanır:

“Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın...”

Bütün işləri düzəlibmiş kimi Xəlil rahat nəfəs aldı. Atasının papirosundan qalxıb, burula-burula açıq pəncərəyə tərəf baxan göyümtül tüstüyə baxdı. Otaqdakı sakitlikdən ürəyi sıxıldı. Birdən-birə danışmaq, qışqırmaq istədi. Fikirləşdi ki, kaş kimsə qapıdan girəydi, içəridəki sükutu pərən-pərən salaydı. Heç olmasa pəncərənin şüşəsi çiliklənəydi, tavanın tiri çarthaçartla sınaydı, ya da elektrik lampası partlayaydı, bu otağa səs-küy düşəydi.

Xavər burunu çəkib cuna qıyqacının ucu ilə gözlərini sildi. Əziz ona ötəri nəzər salıb tez də üzünü döndərdi. Ortalığa acıqlı-acıqlı dedi:

– Gözünüzün qorasını sıxmayın... Dost var, düşmən var. – Papirosun göyümtül tüstüsü arvadların başı üstündə buruldu, dalğalandı. Əzizin kal səsi alçaldı. – Şükür Allaha, uşağımızın biri instituta girib, bəsimizdir. Ya Bəhmən, ya Xəlil, nə təfavütü var? Xəlil də gələn il girər. Hamınıza deyirəm: bu barədə bir kəlmə söz eşitməyim, yoxsa...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин
Quyu

I**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:

19761 ч 25 мин

Стихи других поэтов