Страница 2 из 8 · 13%

– Sözünün ardın gətirmədi. Gülxar da, Xavər də yaxşı bilirdilər ki, Əzizin hədəsi havayı söhbət deyil.

Xəlil azacıq sakitləşdi. Durub asta-asta artırmaya çıxdı. İçərdəkilər elə bil buna bənd idilər, başladılar xısın-xısın danışmağa, Xəlilə də bu lazım idi: “Qoy ürəklərini boşaltsınlar”.

O, həyətə düşdü. Aydınlıq idi. Bəhməngilin kürsülü evi də, damına ot yığılmış uzun tövlə də, gövşək vuran inəklər də açıqca görünürdü. Xavər otağın işığını yandırmamışdı. Xəlil düşünürdü ki, əmisi arvadı Bəhmənsiz darıxacaq. “Xavər indi tək qaldı, lap tək... Tək niya? Bəs atam? Bəs anam?.. Bəs mən?” Xəlil ağlı kəsəndən bəri əmisigillə özləri arasında ayrı-seçkilik görməmişdi. Mal-qaraları da bir tövlədə olurdu, ot tayaları da bir idi. İki evin bir təndiri vardı. Əmisinin sağlığında da belə olmuşdu, indi də belədir. Xəlil davadan təkqıçlı qayıdan əmisi Fərruxu xatırladı. Yaxşı kişiydi. Gözləri həmişə gülərdi, amma üzünü hələm-hələm qırxdırmazdı. Hərdən deyərdi: “Bəhmən öz oğlum olsa da xasiyyətdə mənə çəkməyib. Bax, Xəlil mənə oxşayıb. Diribaşdır, ütükdür... Diribaş olmasaydım, davada çoxdan ölərdim”. Onda Xəlil qürrələnirdi. Düşünürdü ki, əgər o da müharibəyə getsə, itib batmaz. Çünki fərasətlidir, əmisinə oxşayıb. Xəlil fikirləşirdi ki, görəsən onun öz atası Əzizi davaya aparsaydılar, kişi o vurhavurdan sağ-salamat çıxa bilərdimi? Əziz qardaşı Fərruxdan iki yaş böyük idi, ancaq əsgərliyə getməmişdi. Çünki anadangəlmə sağ ayağı sol ayağından azacıq gödək idi.

Bir qıçının olmaması Fərruxun vecinə deyildi. O, müharibədən başqa dərd gətirmişdi: yuxusuzluq dərdi. Gecələr səhərə qədər öskürürdü, boğazı qovuşurdu, sinəsi xırıldayırdı. Elə bir gün öskürə-öskürə də öldü. Onda Xəlilin də, Bəhmənin də yeddi yaşı vardı.

Atası öləndən bir həftə sonra Bəhmən kövrələ-kövrələ Xəlilə dedi ki, kaş atam da Əziz əmim kimi şikəst olaydı, onu əsgər aparmayaydılar, o da ölməyəydi. Xəlil onda düşünmüşdü ki, Bəhmən düz demir. “Fərrux əmim davada ölməyib ki? Davada diribaş olub, sağ qalıb”.

Gülxar Bəhmənin də qayğısını çəkirdi, lap elə Fərruxun sağlığında da. Çünki Xavər kolxozda işləyirdi, gün çıxmamış gedir, gün batandan sonra qayıdırdı. Həyət-bacanın səliqə-sahmanı, iki evin yır-yığışı, bişdüşü Gülxarın öhdəsinə düşürdü.

Xəlil indi çəpərin yanında dayanıb öz kölgəsinə baxa-baxa fikirləşirdi ki, Bəhmənin burda olmamağı heç nəyi dəyişmir. Yenə Əziz alaqaranlıqdan durub mal-qaranı naxıra qatacaq, tövləni kürüyəcək, sonra bağlamasını qoltuğuna vurub çölə gedəcək, cuvarlığını edəcək. Yenə həyəti Gülxar silib-süpürəcək, çörəyi təndirə Gülxar yapacaq, axşam yeməyini o bişirəcək. Bu evin, bu ailənin güzəranında bircə fərq gözə çarpacaq: Gülxarın yuduğu pal-paltarın içində Bəhmənin dəyişəyi olmayacaq. Bir də iri ağ süfrənin qırağında Bəhmənin yeri boş görünəcək.

Xəlil qət etdi ki, sabahdan etibarən o da bekar dayanmasın, bir işin qulpundan yapışsın. Heç olmasa atasının zəhmətini yüngülləşdirə bilər, tövlə təmizləyər, mal-qaraya baxar...

İki ay keçdi. Xəlil bu müddət ərzində Sayadı cəmi-cümlətanı üçdörd dəfə görmüşdü, o da uzaqdan-uzağa. Xəlil əvvəlki təki yenə qızdan utanırdı. Sayada yaxınlaşa bilmirdi. Heç vaxt onunla üz-üzə durub danışmamışdı. Məktubla da olsa ürəyini açmamışdı. Əmin idi ki, qəlbindən keçənlər qıza gün kimi aydındır. Sayad üç ildir ki, Xəlilin mahnısına qulaq asır. Xəlil onların darvazasının qabağından bir dəfə gündüz ötərdi, bir dəfə axşam. Gündüz mahnını zümzümə edərdi və inanardı ki, bu zümzüməni dünyada Sayaddan başqa heç kim eşitmir. Gecələr darvazanın qənşərində ləngiyərdi və əlini qulağının dibinə qoyub yapışıqsız, cır səsi ilə bərkdən oxuyardı:

“Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın...”

Yenə elə bilərdi ki, onun yapışıqsız, cır səsini də dünyada Sayaddan qeyri heç kim eşitmir. Çünki bu mahnının dünyaya və adamlara dəxli yox idi, Xəlil bu mahnını yalnız Sayad üçün oxuyurdu.

Havalar yavaş-yavaş avazıyırdı. Xəlil hazırlaşırdı ki, noyabr bayramında Bakıya getsin, Bəhmənə pay-puş aparsın. Qərara almışdı ki, daha “həvəsdi-bəsdi”, Bakıdan qayıdan kimi Sayadın qarşısını kəsəcək, üç il ürəyində dolanan sözləri onun üzünə deyəcək. Lakin Xəlil nə Bakıya getdi, nə də qəlbini qıza açdı. Daha mahnısını da oxumadı, nə pəsdən, nə zildən.

Bir səhər Əziz yatağından qalxmadı, axşamdan pəncərənin sürahisinə qoyulmuş yemək bağlamasını götürmədi. Günortaya qədər gözlərini iki-üç dəfə açdı. Başına yığılmış adamların sorğu-sualına cavab verə bilmədi. Toran qarışanda şıdırğı yağış başladı və Əziz bundan da xəbər tutmadı... Dünyadan səssiz-səmirsiz köçdü.

Bəhmənə teleqram vurdular. Əmisinin dəfnindən bir gün sonra kəndə gəldi. Alnını sütuna söykəyib hönkür-hönkür ağladı. Onu güclə kiritdilər. Bəhmənin kənddə çox qalmağına razı olmadılar. “Dərslərindən qalma, – dedilər. – Sənin yaxşı oxumağın hər şeydən vacibdir”.

Bəhmən Bakıya dönəndən sonra məktublarının sayı çoxaldı. Üç gündən bir təsəlli dolu kağızı gəldi. Sonra özü də gəldi, qış tətilinə. Bəhmən bir az arıqlamışdı, amma ağarmışdı, yaxşılaşmışdı. Elə bil boyu da qalxmışdı. Hərəkəti, danışığı temkinli idi. Təhər-töhrü də dəyişmişdi: cığa ayırıb saçını yana darayırdı. Qoluna dördkünc saat bağlamışdı. Tüklü, qara paltosu dizindən yuxarı idi. Anası tez-tez qürrə ilə deyirdi ki, Bəhmən heç kəndçiyə oxşamır, elə bil şəhərdə doğulub böyüyüb.

Onun gəlişinə hamıdan çox Xəlil sevinirdi. Çalışırdı ki, evdəkilər atasının ölümünü yada salıb Bəhmənin qanını qaraltmasınlar... Bir gün əmisi oğlunun şərəfinə yaxşı süfrə açdırdı. Gizlicə bir şüşə araq da aldı. Özü kabab çəkdi. Təkcə qonşusu Tağını çağırdı. İstəmirdi başqaları bu məclisdən xəbər tutsunlar, yoxsa onu qınayardılar: “Atasının öldüyü iki ay deyil, eyş-işrətə qurşanıb”.

Gülxarla Xavər o biri evə keçdi. Xəlil arağı çıxarıb qoydu stolun üstünə. İçdilər. Tağı qaça-qaça gedib bir şüşə də araq gətirdi. Bu həmin Tağı idi ki, adını “traktor” çağırırdılar. İşləyəndə “yoruldum” deməzdi, yeyəndə “doydum”. Bu, həmin Tağı idi ki, altıncı sinifdə iki il qalandan sonra oxumaqdan əl çəkdi və atasının danlağı, şillələri də onu məktəbə qaytara bilmədi. Tağı iyirmi yaşına çatsa da hələ bir sənətin sahibi deyildi. Oturub-durub deyərdi ki, şofer olacağam. Son vaxtlar Xəlilgilin evində Tağının hörməti daha da artmışdı. Əzizin yasında Tağı bir dəqiqə rahat dayanmadı. Gəlib-gedənlərə qulluq elədi.

Enlikürək, bəstəboy bu oğlan indi içdikcə quzuya dönürdü. İri əllərini dizlərinin üstünə qoyub maddım-maddım gah Xəlilə, gah Bəhmənə baxırdı. Tağı axan gözlərini Bəhmənin üzünə zilləyib sevincək dedi:

– Gəlin, gedək ova.

Bəhmən əlini əlinə vurdu:

– Əla.

– Mən gedə bilmərəm. – Xəlil başını buladı. – Görənlər nə deyər?

Bəhmən onu dilə tutdu:

– Sən tüfəng götürməzsən, elə belə gəzərsən ki, eynin açılsın... Biz dayanaq kəndin ayağında, Tağı tüfəngləri gətirsin... Xəlvət... Neçə vaxtdı ova həsrətəm...

Günortadan xeyli keçmişdi. Hava soyuq idi. Amma nə külək vardı, nə yağış-qar. Dümdüz çöldə ara-sıra nəzərə çarpan yovşanlar, bıtraq kökləri quruyub qaralmışdı.

Tağı irəlidə gedirdi. Xəlillə Bəhmən söhbət edə-edə onun ardınca addımlayırdı. Xəlilin tüfəngi yox idi. Əllərini gödəkcəsinin ciblərindən çıxartmırdı. Gəlməyinə peşman olmuşdu. Çünki həm üşüyürdü, həm də bugünkü ovdan ağlı bir şey kəsmirdi; bayaqdan gəzirdilər, hələ ürcahlarına fərli quş çıxmamışdı. Bir dənə də güllə atmamışdılar.

Bəhmən tüfəngi çiyninə qoydu. Atılıb-düşdü ki, qızışsın. Sonra üzünü bomboz göyə tutub yanıqlı səslə bayatı dedi:

“Əziziyəm qalasız,
Şəhər olmaz qalasız.
Mən ki, gedəri oldum,
Sağlığınan qalasız”.

Birdən susdu. Yerdə nəsə axtarırmış kimi gözlərini şoran torpağa dikib asta-asta yeridi.

– Qəribsəyəndə yadıma bu bayatı düşür. – Dönüb Xəlilə baxdı. – Əmioğlu, heç musiqiyə qulaq asanda kövrələn vaxtın olub?

Xəlil əllərini ciblərindən çıxarıb gödəkcəsinin boynunu qaldırdı. Bir azda büzüşdü.

– “Yanıq Kərəmi” eşidəndə hülqumum yerində dayanmır.

İstədi desin ki, “Küçələrə su səpmişəm” mahnısı da məni kövrəldir. Ancaq fikirləşdi ki, bu mahnı onu heç vaxt qəmləndirməyib. Bu mahnı onun ürəyini həmişə işıqla doldurub. Bu mahnı Xəlilin qəlbində bir yay günü əbədi yuva salmışdı. Üç il bundan əvvəl Sayadgilin darvazasının qabağından keçəndə görmüşdü ki, qız həyətə su çiləyir. Xəlil ayaq saxlayıb əlini qoymuşdu qulağının dibinə:

“Küçələrə su səpmişəm...”

Sayad heç başını da qaldırmamışdı. Guya Xəlilin səsini eşitmirdi... Xəlil hər gecə Sayadgilin çəpərinin yanına gəlib həmin mahnını oxuyurdu. Bir azdan Bəhmən də onun səsinə səs verdi. Lakin Sayad bu qoşa səsi də vecinə almırdı. Bu səsə bircə dəfə də olsun həyətə çıxmırdı. Xəlil düşünürdü ki, Sayad kolxoz sədrinin qızı olduğu üçün göynən gedir, onları bəyənmir. Lakin inanırdı ki, vaxt gələcək və Sayad onun səsinin həsrətilə qovrulacaq. Çünki Xəlil onda böyük adam olacaq, lap kolxoz sədrindən də böyük.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин
Quyu

I**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:

19761 ч 25 мин

Стихи других поэтов