Küçələrə su səpmişəm...
Страница 3 из 8 · 25%
Bəhmən də, Xəlil də şirin-şirin yuxular gördülər. Bu röyalar onların eşitmədikləri nağıllara bənzəyirdi. Sayad hər gecə ikisinin də yuxusuna girirdi.
Bəhmən Sayadı yuxuda qırmızı donlu, qırmızı yanaqlı, qırmızı saçlı görərdi. Qız onun əlindən tutub darta-darta qırmızı güllərlə dolu düzənliyə gətirərdi. Bəhmənin başını sığallayırdı. Gülümsəyib deyərdi: “İki dünya bir olsa da sənə ərə gedəcəyəm”. Bəhmənin ürəyi bərk-bərk döyünərdi. Qızın isti, titrək barmaqlarından tutardı və o dəqiqə yer də, göy də Sayadın donu kimi qıpqırmızı rəngə boyanardı.
Xəlil yuxusunda Sayadı ayaqyalın, başıaçıq görərdi. Qız həmişə ondan aralı dayanıb göz yaşları tökərdi. Deyərdi: “Atam məni sənə vermək istəmir, Xəlil”. Onda Xəlil də ağlayardı. Sayad başlayardı onu kiritməyə: “Ağlama, Xəlil, sən ağlasan özümü öldürərəm”. Deyərdi, böyüyəndə məni götürüb qaçarsan. Sonra da yalvarardı ki, “Küçələrə su səpmişəm” mahnısını oxu. Xəlil ağzını açıb gücənərdi, amma səsi çıxmazdı. Sayad onu tələsdirərdi: “Oxu, Xəlil, tez ol!” Elə bil Xəlilin boğazına daş tıxanardı. Hıqqanmaqdan nəfəsi tutular, gözlərinə qaranlıq çökərdi. Özünə gələndə görərdi ki, Sayad yaxında yoxdur...
Xəlil qan-tər içində yuxudan oyanardı...
Səhər nağıl yuxularını ikisi də bir-birinə söyləyərdi. Bəhmən əmisi oğluna ürək-dirək verərdi: “Yuxunu tərsinə yozmaq lazımdır, – deyərdi. – Əgər yuxuda ağlamısansa, demək, həqiqətdə güləcəksən. Əgər yuxuda atası Sayadı sənə vermirsə, demək, həqiqətdə verəcək”. Bu sözlərdən sonra Xəlil az qalırdı Bəhməni qucaqlayıb öpsün. Gecənin düşməyini gözləyirdi. Yatağına tez girirdi ki, Sayadı yuxuda görsün və bu nağıl yuxunun ömrünü uzatsın. Heç olmasa bir dəfə, tək bircə dəfə Sayadın dediyi mahnını oxuya bilsin.
Xəlil iynə tapdı, bənövşəyi mürəkkəb tapdı, evlərinin dalına çəkilib sol əlinin üstündə iri “S” hərfi döydü, yəni ki, “Sayad”. Bəhmən də özünü qabağa verdi və Xəlil onun da sol əlinin üstündə iri “S” hərfi döydü. Onda Xəlil də, Bəhmən də yeddinci sinfi təzəcə bitirmişdi, Sayad isə yeddinci sinfə təzəcə keçmişdi.
Bəhmən iki aydan sonra Sayadgilin darvazasının qabağında dolanmaqdan əl çəkdi. Mahnı da Xəlilə qaldı, gecənin qaranlığında Sayadı görmək həsrəti də. Ancaq qız yenə həyətə çıxmadı, yenə onun cır səsinə məhəl qoymadı. Xəlil fikirləşdi ki, Sayad hələ çox şeyi anlamır. Sayad böyüyəcək və başa düşəcək ki, bu kənddə bir Xəlil var, onun yanıqlı, kədərli bir mahnısı var. Biləcək ki, Xəlil bu mahnını onun üçün oxuyur, yalnız onun üçün! Bax onda dünya Sayadın gözlərinə başqa rəngdə görünəcək. Daha yuxuda ağlamayacaq Sayad. O da gecənin tez gəlməyini gözləyəcək. İllərdən bəri eşitdiyi, lakin fərqinə varmadığı həzin bir mahnını dönə-dönə dinləmək istəyəcək...
Güllə səsi Xəlili hərarətli, işıqlı aləmdən ayırıb, yovşanlı, şoran düzə qaytardı. O, isti yatağından qəflətən durub borana düşən adam kimi üşüdü. Boynunu qısıb Tağıya baxdı. Tağı tüfəngin lüləsini göyə tuşlamışdı. Acığından boş-boşuna güllə atırdı:
– Quruyub, ə, bu çöl. Allahın çaqqalı, tülküsü də çıxmır qabağımıza.
– Yəqin heyvanlar bizim qırımımızdan qorxub, özlərini soxublar dəlmə-deşiyə. – Bəhmən qoşalülənin qundağından bərk-bərk yapışdı və onun sol əlinin üstündəki “S” hərfinin dartılıb böyüdüyünü Xəlil açıq-aydın gördü.
– Sizdən ovçu olmaz. – Xəlil soyuqdan göyərmiş əllərini bir-birinə sürtdü. Sol əlinin üstündə ayparaya oxşayan iri hərf gözlərinə sataşdı və ona elə gəldi ki, bu çölün düzündə Sayad da onunla birgə üşüyür. Sızıldayan barmaqlarını ağzına tutub hovxurdu. – Qayıdaq. Siz donmadınız? – Cavab gözləmədən geri döndü...
Xəlil lap yanında qopan qəfil partıltıdan diksindi. Elə bildi Tağı yenə havaya boş güllə atır. İki-üç addım da getdi. Kimsə bərkdən içini çəkdi. Sonra Tağının boğuq qışqırtısı eşidildi:
– Xəlil!! Xə...
Xəlil çevrilib baxdı. Tağı boğazından ikiəlli yapışıb ləngər vururdu. Hədəqəsindən çıxmış gözləri əvvəlcə harasa – boşluğa zilləndi, sonra Xəlilin üzünə tikilib qaldı. Ağzını ayırdı, ancaq soyuq havanı ciyərlərinə çəkə bilmədi. Sinəsimi, boğazımı kəsik-kəsik xırıldadı. Tağı kökündən qopmuş ağac kimi arxası üstə öz tüfənginin yanına düşdü.
Xəlilin nəfəsi tıncıxdı. Əmisi oğluna nəzər saldı, Bəhmənin bənizi ağarmışdı, titrəyən dodaqlarının kənarlarında qəribə bir təbəssüm vardı. Sonra dodaqları kilidləndi. Onu əsməcə tutdu.
Xəlil kəsik-kəsik xırıldayan Tağıya doğru getdi. Bu bir neçə addımı atmaq üçün bütün gücünü toplamalı oldu, sanki ayaqlarından daş asmışdılar.
Tağının hülqumundan azacıq aşağı abbası boyda dəyirmi bir yer gömgöy göyərmişdi. Sonra ordan qan fışqırdı və Tağının xırıltısı tamam kəsildi. Sifəti yavaş-yavaş qaraldı. Xəlil dostunun yanında çöməlib əlləri əsə-əsə onun köynəyinin yaxasını açmağa başladı.
Bəhmən tüfəngi yerə çırpıb ağlaya-ağlaya təpiklədi:
– Barmağım... Barmağım tətiyə toxundu... Əlimdə... açıldı. – Bəhmənin hönkürtüsü soyuq, laqeyd çöldə get-gedə ucaldı.
Xəlili vahimə bürüdü. Elə bil indicə yuxudan ayıldı, indicə başa düşdü ki, Tağı bir daha ayağa qalxmayacaq. Uşaq kimi hıçqırdı.
Bəhmən başına döyə-döyə dövrə vurdu:
– Əlimdə açıldı... Vallah, qəfilcən əlimdə açıldı...
Birdən ikisi də sakitləşdi, ikisi də donub qaldı. Elə bil bozumtul çölün soyuq sükutuna qarışıb əridilər.
Bəhmən handan-hana ağlamsına-ağlamsına dilləndi:
– Bəs mən neyləyəcəm?.. İnstituta təzə girmişəm. Axı, oxumaq istəyirəm.
Xəlildən səs çıxmadı. O, Tağının yarıyumulu barmaqlarından bərk-bərk tutmuşdu.
– Xəlil... Xəlil... – Bəhmən yalvardı, ancaq Xəlil bu yalvarışa da başını döndərmədi. – Qoy mən gedim, Xəlil. Bu işdə mənim adım olmasın. Mən hələ... İncimə, Xəlil, qurbanın olum, incimə. Mən burda olmamışam, mən bu xaraba çölə siznən gəlməmişəm... Deyərsən, güllə onun öz əlində açılıb. Eşitdin, Xəlil? Xəlil, ay Xəlil.
Xəlil keyləşmişdi. Əmisi oğlunun sözlərini ağıllı-başlı dərk edə bilmirdi... Sonra arxasında səs eşitmədi, hənirti eşitmədi. Oturduğu yerdə qanrıldı. Bəhmən yovşanların arası ilə kəndə doğru asta-asta addımlayırdı...
Xəlil naxırın yaxınlaşdığını da duymadı. Şoran torpağı yalayan inəklərin kövşək səsini də eşitmədi. Dizlərinə vura-vura tələm-tələsik danışan naxırçı Süleymanın sorğu-sualına da cavab vermədi. Heyvanları başlı-başına buraxıb haraya qaçan naxırçının ardınca küt-küt baxdı...
Camaat tökülüb gələndə hələ axşam düşməmişdi. Şivən qopdu. Səs-küy aləmi bürüdü. Kimsə Xəlilin kürəyinə iki təpik ilişdirdi. Kimsə onun sifətinə sillə çəkdi. Xəlil ağrı hiss eləmədi. Qımıldanmadı. Tağının bumbuz əlini əlindən buraxmadı. Nəzərləri Bəhməni aradı, onu adamların içində görə bilmədi...
– Xəlil?! Əyə, sənnən döyüləm?!
Xəlil diksinib gözlərini döydü. Hamamın müdiri Çərkəz onun qarşısında dayanıb başını bulayırdı.
– Zalım oğlu, bayaqdan səni haraylayıram. Ağlın-huşun özündə döyül. Noolub, ə, sənə? Niyə doluxmusan?
Xəlil boğulan adam kimi tıncıxa-tıncıxa nəfəs alırdı. O, Çərkəzin çopur üzünə baxıb dərindən köks ötürdü. Canına üşütmə gətirən xatirələr beynində pərən-pərən düşdü. Ömrünün bu gününə, bu dəqiqəsinə qayıdıb azacıq sakitləşdi. Gurhagurla yanan ocağın fışıltısını eşidəndə sevindi. Anladı ki, dostunun cəsədi yanında tək-tənha qaldığı o çöldən, o andan çox uzaqdadır. O vaxtdan on üç il keçib. İndi Xəlil qazanxananın qapısı ağzında müdirlə üzbəüz dayanıb. İndi qarsız-çovğunsuz qışdır və bu rayona Bakıdan bir həkim gəlib: Bəhmən Cəfərzadə! Bütün bunlar nə yuxudur, nə xatirə.
Xəlil sinədolusu nəfəs alıb bomboz göyə baxdı.
Çərkəz deyinə-deyinə ocaqxanaya keçdi:
– Bir ağıllı işçimiz vardı, deyəsən, onun da başına hava gəldi. Əyə, nömrələrə isti su getmir, xəbərin var? Camaat tir-tir əsir hamamda.
Xəlil içəri girib isti su xəttinin üstündəki manometrə nəzər saldı. Təzyiq aşağı düşmüşdü. Siyirtməni bir az açdı.
– Çərkəz dayı, mənim bir saatlıq işim var. Burda göz olarsan?
– Hara gedirsən, cəhənnəm ol, çıx get. Lap istəyirsən bir saatlığa yox, bir illiyə get... Allah sizi qırsın! İmanım itin olsun ki, əmrinizi verib hamınızı atacam çölə! Müdir də özüm olacam, kassir də, kaçeqar da, süpürgəçi də. – Kişi söylənə-söylənə qapıdan çıxdı.
Xəlil gülümsəyə-gülümsəyə Çərkəzin arxasınca baxırdı. Kişinin hirsinə, hədəsinə öyrəşmişdi. Bilirdi ki, onun odlanmağı bir anlıqdır. Beş dəqiqə keçəcək və Çərkəzin acığı soyuyacaq, ağzı köpüklənə-köpüklənə dediyi sözləri – unudacaq. Xəlil səkkiz il idi ki, bu hamamda ocaqçı işləyirdi və hər gün müdirdən eyni sözləri eşidirdi: “İmanım itin olsun ki, əmrinizi verib hamınızı çölə atacam”. Amma Çərkəz nə əmr verirdi, nə də əmr vermək üçün onun möhürü vardı. Hədəsinin yalan olduğunu özü də bilirdi, işçilər də...
Xəstəxananın daş hasarına çatanda Xəlil yerişini yavaşıtdı. Dəmir darvazanın qənşərində dayanıb binanın örtülü pəncərələrinə göz gəzdirdi. Tərəddüd içini didib dağıdırdı: “Gedim, getməyim? Bəlkə o deyil?.. Kaş o olmasın”. Bəhmənlə üz-üzə gələcəyi dəqiqəni təsəvvürünə gətirəndə qorxdu. Həyatının Bəhmənlə bağlı parçasını ürəyində çoxdan dəfn eləmişdi. O günlərin üstündən qara xətt çəkmişdi və daha o anlara qayıtmaq istəmirdi. İndi birdən-birə ona elə gəldi ki, əsil ömrü yalnız Bəhmənlə bağlı xatirələrdən ibarətdir. Onun başqa ömrü olmayıb, həmin xatirələrdən kənarda yaşamayıb. Xəlil anladı ki, Bakıdan gələn həkimi görməmiş getsə, bütün həyatı boyu nigarançılıq onun ürəyini üzəcək. “Onsuz da uzaqdan baxacam, görüm odur, yoxsa yox?” Dəmir darvazadan həyətə keçdi. Ayaqlarını güclə götürüb qoyurdu... İri qapının dəstəyindən yapışdı. “Kaş o olmayaydı”. Ürəyi döyünə-döyünə pilləkənləri qalxdı. Özünü inandırmağa çalışdı ki, Bakıdan gələn həkim eynəkli, qoca kişidir. Özü də mütləq dava-dərman iyi verir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-kucelere-su-sepmisem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: