Страница 17 из 17 · 94%

Orxan qardaşının şişkin gözlərinə, solğun bənizinə baxdı.

– Bədbəxt, – dedi, – ac-susuz metroda nə gəzirsən? Təzyiqin qalxar, ölərsən. Getmə ora.

Qardaşının məsləhəti, deyəsən, Batonun ağlına batmadı. Baton söhbəti dəyişdirmək istədi.

– Professor, bu nə saqqaldı qoymusan? – dedi, sonra səsini alçaldıb soruşdu: – Məktubun-zadın varsa, ver aparım.

Orxan üzünü meydançadakı ölü ağaca tutub fikirləşdi ki, Bənövşənin atasının yanına özü tək gedəcək.

Baton maşından düşə-düşə:

– Sima posılka göndərib, – dedi. – Əntiqə köynəklər, qalstuklar...

Orxan metroya tələsən qardaşının dalınca baxa-baxa bu qərara gəldi ki, Bənövşə barədə Fatma həkimə hələlik bir söz deməsin.

Atlıxan Orxanın əlini yerdən-göydən üzdü.

– Nahaq gəlmisən, – dedi. – Day Bənövşə sənə lazım döyül. İndi Bənövşəyə Dəmirdən savayı heç it də yiyə durmaz.

Orxan anlaya bilmədi ki, kişi nə deyir, nədən danışır.

– Başa düşmədim, – dedi.

Və Atlıxan onu başa salmağa çalışdı.

– Qızı korlayıb Dəmir.. ləkələyib onu.

Orxan yenə heç nə başa düşmədi.

– Niyə? – dedi.

Atlıxan Orxanın kallığına, keyliyinə təəccüblənirmiş kimi çiynini çəkdi.

– Day bunun niyəsi yoxdu ki? Qız səni görüb ağlını itirmişdi. Sən yığışıb gedəndən sonra da gölün qırağından əl çəkmirdi. Gecə də gedirdi ora, gündüz də. Dəmir pusub onu. Günün günorta çağı yaxalayıb orda. Deyib, köpəyin qızı, elə eləyəcəyəm ki, səni mənnən savay heç kəs almasın. Ayı kimi şeydi Dəmir. Qızı basmarrayıb, yıxıb altına... Yazıq qız binəyə ağlaya-ağlaya gəlmişdi, əynində bircə alt paltarı vardı, o da cırıq-cırıq.

Orxan, doğrudan da, keyləşmişdi. Gözlərini kişinin ağzından çəkmirdi. Kişi görürdü ki, Orxan ondan, nəsə, yenə söz gözləyir, amma kişi mətləbi deyib qurtarmışdı, bilmirdi dediklərinə nə əlavə eləsin. Başını bulaya-bulaya Dəmirin qarasınca deyindi.

– Namərd oğlu, namərd...

Orxan daha heç nə soruşmadı. Baxıb gördü ki, axşam düşür. Gözlərini uzaqda qaralan Çapıqqayaya dikib fikirləşdi ki, tale insanı necə çətin sınaqlara çəkirmiş. Adam bircə günün, bircə saatın kəşməkəşindən ölə bilər, vallah. Belə zərbəyə dözmək üçün gərək o Çapıqqaya kimi möhkəm olasan. Orxan Cümüşgölə tərəf addımladı. Daxilində özünü də təəccübləndirən bir sakitlik vardı. “Gələcək! Mütləq gələcək!.. Heç şübhəsiz, mənim burda olmağımdan xəbərdardı. Yəqin maşını görüb...”

Bənövşə binə tərəfdən yüyürə-yüyürə gəldi, çatan kimi də soruşdu:

– Çoxdan burdasan?

Orxan dinmədi. Atlıxanın söylədiyi əhvalat dilini bağlamışdı onun.

Qız yaxınlaşıb Orxanın lap çənəsinin altında dayandı.

– Birdəfəlik gəlmisən? – dedi.

Orxan gölün üzündə ayın səyriyən əksinə baxa-baxa kəkələdi.

– Yox... gəlmişəm... gəlmişəm ki... səni aparım...

Bənövşə başını buladı. Orxandan iki-üç addım aralanıb əllərini arxasına qoydu.

– Gedə bilmərəm, – dedi. – Bəs buranı kimin umuduna qoyum?

Bənövşəni əbədi itirməyinə Orxan indicə inandı. İnandı ki, Bənövşə onun qisməti deyil, Bənövşə qəflətən onun əlindən uçmuş bir quşdur, o quşun qanad çaldığı yüksəkliyə qalxmağa heç vaxt Orxanın gücü çatmayacaq. Orxan elə bil yüz ilin yuxusundan ayıldı. Ömründə ilk dəfə özünə yazığı gəldi, ömründə ilk dəfə özündən zəhləsi getdi və ömründə ilk dəfə özünü bədbəxt hesab elədi. Düşündü ki, xoşbəxtliyi siniyə qoyub adamın hüzuruna gətirmirlər, xoşbəxtlik göydən adamın başına yağış kimi, dolu kimi yağmır. Xoşbəxtliyə gedən yolda neçə-neçə uçurum var...

Bənövşə:

– Sən burda yaşaya bilməzsən, – dedi.

Və Orxan fikirləşdi ki, Bənövşə də bədbəxtdir. Bənövşə ona görə bədbəxtdir ki, Orxan bu dağların başında ömürlük qala bilməz. Bənövşə ona görə bədbəxtdir ki, mavi yuxulara inanır. Orxan istədi desin ki, “yuxulara inanma, Bənövşə, xızırlara aldanma”. Orxan çox söz demək istədi, ancaq deyə bilmədi, çünki ürəyi ağrıyırdı, ürəyinin ağrısı nitqini batırmışdı onun. Orxan boğazına tıxanmış qəhəri boğa-boğa soruşdu:

– Düzdü o?.. O əhvalat?

Qız aralıda dayanmışdı, elə bil bir yanını qaçaraq qoymuşdu. Səsi də öz səsinə oxşamırdı:

– Hansı əhvalat?

– O alçaq... səni... Dəmir...

Bənövşə sanki onun qırıq-qırıq kəlmələrindən heç nə anlamadı. Ayrı söz dedi:

– Anamı tək qoya bilmərəm. Yazıqdı...

Qızın laqeyd, süst danışığından Orxan heyrətləndi, az qaldı hönkürüb ağlasın. Elə ağlamsına-ağlamsına da soruşdu:

– Düzdü o?.. Bənövşə... Bəlkə böhtandı? Niyə dinmirsən?

Qız dedi:

– Başa düşmürəm, nədən danışırsan... Bilmirəm nə soruşursan məndən.

Qara, iri bir quş gölün üstündə dövrə vurdu. İnsan səsinə bənzər səs çıxarda-çıxarda uçub getdi. Səs kəsiləndən sonra Bənövşə dedi:

– Mən heç kimə ərə getməyəcəyəm... heç kimə.

Qız gölə tərəf yeridi. Gedə-gedə donunun ətəyini çırmalayıb əlində tutdu. Sonra gölə girdi. Bir addım, iki addım... beş addım getdi... Orxan gördü ki, Bənövşə batmır, Bənövşə suyun üzü ilə narın-narın yeriyir. Orxanın boğazı qurudu, ürəyi az qaldı sinəsini partladıb çıxsın.

Bənövşə suyu ayaqlarının altında ehmalca şappıldada-şappıldada yeriyirdi. Gölün üzündə ayın səyriyən əksinə çatanda qanrılıb Orxana baxdı. Ayın haləsində bir qədər dayandı.

Orxan nəfəsinin batacağından qorxurmuş kimi, bütün gücü ilə qışqırdı:

– Bənövşə! – Gölə girdi, ikicə addım atmışdı ki, su dizlərinə qalxdı. Tez sahilə çıxıb bir də qışqırdı. – Bənövşəəə!!!

Bənövşə elə bil bu səsdən diksinib ayın haləsindən çıxdı və təzədən başladı gölün üstü ilə yeriməyə. Yeridi, yeridi, gedib o biri sahilə çıxdı və binəyə tərəf qaçdı.

Bənövşənin qaraltısı gözdən itənəcən Orxan onun ardınca baxdı. Elə bildi yuxu görür. Axı, adam bəzən yuxu gördüyünü yuxuda bilir. Orxan qıçları əsə-əsə yaxınlıqdakı daşın üstündə oturub, yuxudan ayılacağı dəqiqəni gözlədi.

Ağcabədi – Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 мин
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 мин
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 мин
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 ч 10 мин

Стихи других поэтов