Küçələrə su səpmişəm...
Страница 7 из 8 · 75%
Xəlil mənalı tərzdə gülümsədi:
– Bu yaşımda nə institut? Elə bilirəm orta məktəbi yüz ildi bitirmişəm.
– Səninlə özüm məşğul olaram, müəllim də tutaram. İşləyə-işləyə oxuyarsan.
– Burda evim-eşiyim, ailəm... Camaata üz-gözüm öyrəşib.
Bəhmən əl çəkmədi:
– Orda da evin olacaq... Sabah mənimlə gedərsən. Hələlik uşaqlar qalar burda. Mənzillə iş məsələsini həll eləyəndən sonra gəlib Teybəgili aparırıq.
Xəlil “Kazbek” qutusunu fikirli-fikirli çırtmaladı. Bu vaxta qədər harasa köçüb getmək barədə düşünməmişdi. Hətta doğma kəndləri üçün burnunun ucu göynəsə də, ora qayıtmaqdan əlini birdəfəlik üzmüşdü. Qorxurdu ki, qalan ömrün acı xatirələrlə çarpışmada keçirsin. Qorxurdu ki, kəndə qayıdar və bütün inamı, ümidi tar-mar olar. Başa düşər ki, Xəlil adlı oğlanı Sayad çoxdan unudub. Bax onda, illərdən bəri ürəyində yuva salan bir mahnı, çətin anlarında qəlbini işıqla dolduran, onu yaşamağa sövq edən həzin bir səs ölər.
– Xəlil, niyə dinmirsən?
– Fikirləşmək lazımdı.
– Tərslik eləmə, qardaş, qurban olum... Cəfərzadələr ocağından iki nəfər başıpapaqlı qalıb. Onlar bir-birinə həyan olmalıdır. Onsuz da anam sənin tapıldığını bilən təki özü qopub gələcək bura, yaxandan yapışıb səni darta-darta aparacaq şəhərə. Sənin üçün ağlamaqdan az qalıb kor olsun arvad. Heç olmasa ona yazığın gəlsin.
Xəlil əmisi oğlunun xumarlanan, axan ala gözlərində yalvarış gördü. Bəlkə, Xəlil doğrudan da ona qoşulub getsin Bakıya? Orda fərli iş tapar, oxuyar. Teybə də işıqlı, yaraşıqlı şəhərdə yaşayar. Toyuq-cücə saxlamaqdan, dəmir sobaya çırpı qoymaqdan, təndirə çörək yapmaqdan canı qurtarar. Uşaqlar da əli-ayağı, üstü-başı tərtəmiz dolanarlar. Bakıya köçsə, Xəlil heç nə itirməz.
Xəlil əmisi oğlunun nəmli gözlərinə baxıb gülümsədi:
– Deyirsən yəni...
– Mütləq getməlisən! Bilmirəm necə deyim ki, sözlərimdən inciməyəsən. Axı, Xəlil hara, ocaqçılıq hara? Mən sənin ürəyinə bələdəm. İnanıram ki, bu sənət sənin arzularınla bir yerə sığmır.
– Bəlkə də sən haqlısan.
Bəhmən əlini onun kürəyinə vurdu:
– Bu dəqiqə ərizə yaz.
– Nə ərizə?
– İşdən çıxmaq barədə. Sabah tezdən haqq-hesabı çürüdürsən, sonra yola düşürük.
– Ağlım kəsmir ki, dava-şavasız məndən əl çəksinlər. Çərkəz dayı hələ bir-iki gün məni dilə tutacaq.
– Özüm hər şeyi yoluna qoyaram. Lazım gəlsə, lap raykoma gedərəm, ispalkoma gedərəm, yarım saatın içində əmrini verdirərəm. Dur, dur, ərizə yaz.
Xəlil arxayın-arxayın papiros yandırdı. Otağı yenə göyümtül tüstü dumanı bürüdü...
Bəli, sabah o, ərizəsini Çərkəz dayının qarşısına qoyacaq. Çərkəz özündən çıxacaq. Deyəcək: “İmanım itin olsun ki, səni heç yana buraxan döyüləm. Noolsun ki, Bakıya köçmək istəyirsən? Cəhənnəmə istə, gora istə”. Axırda yəqin ki, kişi yumşalacaq: “Getmə, Xəlil bala. Burda özünə gün-güzəran qazanmısan. Bizdən nə bədlik görmüsən? Bir yadına sal, bəlkə sənə pisliyimiz keçib?”
Xəlil maddım-maddım Çərkəzin üzünə baxacaq, burda keçirdiyi günləri istər-istəməz yadına salacaq.
...O bu rayona təzəcə gəlmişdi, özünə iş axtarırdı. Çərkəzin yanına getdi.
– Məni hamama ocaqçı götürün, – dedi.
Kişi onu çox soyuq qarşıladı:
– Ocaqçımız var, səni hara götürüm?
Xəlil təmir-tikinti idarəsində işə girdi. Amma öz sənətinə qayıtmaq fikrini başından çıxara bilmədi. Bir aydan sonra Çərkəz onu yanladı:
– Sabahdan gəl, ocağını yandır, bala. Kaçeqarımız qudurub, deyir təmiz qulluq tapmışam.
Xəlil yaxşı tanımadığı bu kişilə zarafat elədi:
– İndi də mən işləmək istəmirəm.
Çərkəzin üz-gözü qırışdı, sifətindəki çopurlar yığılıb açıldı.
– Cəhənnəmə işlə, gora işlə. Çox lazımsan mənə. – Bir neçə addım gedib dayandı. – Sabah tezdən gəl haa...
Xəlil elə ilk gündən ocaqxananın bir küncünə açılıb-yığılan çarpayı qoydu. Hərarəti səhərə qədər soyumayan qazanların yanında yatdı. Ev almaq, ev tikmək arzusunda deyildi.
Bir gün işdən sonra Çərkəz onun yanına gəldi. Çarpayının üstündə oturub başını bulaya-bulaya mənalı tərzdə dedi:
– Xəlil Cəfərzadə... Hə, Xəlil Cəfərzadə... Adın yaxşıdı, elə kaçeqar adına oxşayır: Xəlil! Amma familin məni qorxudur. Kaçeqarın da familyası zadə olar? Zadə deyəndə gözlərimin qabağında professor, şair, raykom, ispalkom gəlib durur... Amma öz aramızdı, lovğalığın var. Həmişə “Kazbek” çəkirsən.
– Ayrı papiros sinəmə düşmür... Həm də ki, zadəliyim gərək bilinsin də.
Çərkəz kişi saymazyana əlini yellətdi:
– Ə, kiri, kiri. Tütünnən tənbəkiynən kişilik bilinsəydi, gədə-güdələrin hamısı gümüşü qəlyan çəkərdi... Sənin elə o can-cəsədinə papiros sümürmək yaraşır. Ayaq üstə ölürsən, tərgiz getsin də.
– Tərgizə bilmirəm, Çərkəz dayı.
– Cəhənnəmə tərgiz, gora tərgiz! İmanım itin olsun ki, səni başının çıxacağını bilən adam döyülsən. Ə, nə vaxtacan tiyanların dibində yatacaqsan? Niyə özünə yurd-yuva qurmursan?
– Axı, neynən tikim evi?
– Mən təzə ev tikdirmişəm. Köhnə evin tiri-pasnası, qapı-pəncərəsi sağ-salamat durur. Ayıbalası kərpiclər də elə bil yonma daşdı. Tay nəyin çatmır? Səndən hərəkət, məndən bərəkət.
– Yox, Çərkəz dayı, ev tikdirməyəcəm.
Çərkəz qalxıb deyinə-deyinə ocaqxanadan çıxdı:
– Cəhənnəmə tikdir, gora tikdir! İmanım itin olsun ki, bu dünyada səndən avara adam yoxdu. Qal burda canın çıxsın...
Kişi, Xəlili hər gün danladı. Axırı ki, yarıxoş, yarızor onu ev tikdirməyə razı saldı. Məhlə yeri götürdülər, çəpər çəkdilər, Çərkəz köhnə evinin salamat qalan taxtasını, kərpicini, qapı-pəncərəsini maşına yığdırıb daşıtdırdı Xəlilin boş həyətinə.
Ona təkgözlü, yaraşıqlı ev tikdilər...
Bir gün Çərkəz kişi Xəlilin təzə mənzilinə gəldi. Suvağı hələ tamam qurumamış divarlara baxdı:
– Ev-eşiyi arvad nəfəsi qızdırar, bala.
Xəlil güldü:
– İndi nə deyirsən, Çərkəz dayı?
– Bizim qapı-bacada hərlənən qıza göz qoymusan? Qonşumuz Qəmərin qızını deyirəm, Teybəni. – Sağ əlini dizləri bərabərində tutdu. – Bax, bu boydalığından gözlərimin qabağında böyüyüb. Ağıllı-kamallı, həyalı, təmizkar qızdı. Özü də fikir vermişəm ki, sənə altdan-altdan yaman baxır. Amma, öz aramızdı, Teybəni görəndə sənin də rəng-rufun dəyişir, utanırsan. Gərək...
Xəlil onun sözünü yarımçıq kəsdi:
– Yox, yox, Çərkəz dayı, mən heç kimdən utanmıram. Evlənmək də istəmirəm.
– Cəhənnəmə evlən, gora evlən! Çox lazımmış mənə sənin evlənməyin. İmanım itin olsun ki, sən bifər adamsan. Lovğa-lovğa “Kazbek” çəkməkdən savayı əlindən iş gəlmir.
Çərkəz acıq eləyib getdi...
Gecələr Xəlilin yerinə qor dolurdu. Təzə evin nəm divarları onu sıxırdı. Sükutdan qulaqlarında gurultu qopurdu. Söz deməyə, kəlmə kəsməyə bir adam arzulayırdı. Nə vaxta qədər bu otaqda o öz-özüylə danışacaq? Nə vaxta qədər pal-paltarını özü yuyacaq? Nə vaxta qədər Sayadın həsrətilə yaşayacaq? Anlayırdı ki, Saday onunçün intəhasız göyün lap uzaq nöqtəsində közərən ulduz kimidir. Sayad səmada axan bir parça buluddur. Qopart o ulduzu, görüm necə qoparırsan. Endir yerə o buludu, görüm necə endirirsən.
Hərdən Çərkəzgilə gedəndə Teybə gözlərinə dəyirdi. Qıza oğrun-oğrun baxırdı. Ürəyində ona qarşı heç olmasa zərrə qədər məhəbbət, zərrə qədər həvəs axtarırdı. Tapa bilmirdi. Ucaboy, arıq, ağbəniz bu qız Sayada qətiyyən oxşamırdı. Teybənin çox iri, qapqara, tərtəmiz gözləri vardı. Xəlil onun üzünə baxanda təkcə gözlərini görürdü. Ömründə belə gözlərə rast gəlməmişdi: iri, qapqara, tərtəmiz!
Xəlil yatağına uzanıb gecə yarıdan keçənə qədər fikirləşirdi. Qaranlıq otaqda hərdən Teybənin gözlərini açıq-aydın görürdü. Ona elə gəlirdi ki, əlini uzatsa barmaqlarını bu iri, qapqara, tərtəmiz gözlərə toxundura bilər. O an ürəyində, beynində yüngüllük, canında hərarət duyurdu. Sanki bu hərarət qaranlıq otağa Teybənin iri gözlərindən axıb tökülürdü. Xəlil düşünürdü ki, buradan heç yana gedə bilməyəcək. Burada özünə yuva qurub və bu yuvaya işıq lazımdır, səs lazımdır, ilıq nəfəs lazımdır.
Elçiliyə Çərkəz kişi özü getdi...
Xəlil toy çaldırmağa razılıq vermədi. Balaca bir məclis düzəltdi. Hamamın bütün işçiləri, bir də Çərkəz kişinin dörd-beş tanışı Xəlilin otağına yığıldı. Yeyib-içdilər, bəylə gəlinə xoşbəxtlik arzulayıb dağılışdılar.
– Çox susacaqsan, Xəlil?
– Qoy bir az da fikirləşim.
– Bir saatdır fikirləşirsən. Bəsdir. Ərizəni yaz. – Bəhmən ayağa qalxıb artırmaya boylandı. – Teybə bacı, zəhmət olmasa, kağız-qələm gətirin.
Teybə içəri girib künc-bucağı xeyli axtardı. Sonra Bəhmənin qarşısına dama-dama dəftər vərəqi qoydu:
– Evdə yazanımız yoxdu, qələm almaq eynimizə gəlməyib.
Bəhmən qoltuq cibindən dördrəngli yoğun qələm çıxarıb Xəlilə verdi. Kağızı da ona tərəf itələdi:
– Di, yaz.
Xəlil papirosu damağından götürüb külqabıya basdı. Tərəddüd içində arvadına baxdı:
– Bakıya köçürük, – dedi.
Teybə ərinin sözlərini zarafat sanıb güldü:
Kitabxana.az · https://kitabxana.az/ru/works/isi-melikzade-kucelere-su-sepmisem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: