Səməd gedən maşında mən
İldırımlar vermir ara,
Dırmanırıq göy dağlara.
Maşın gedir ağır-ağır,
Uzaqlara yağış yağır.
“Ölən şəhər” dalda qalır.
Ağ buludlar qanad çalır –
Şahin görmüş durna kimi
Dəyişərək səmtlərini
Ötüb keçir üstümüzdən –
O, çəkinir deyən bizdən.
Qızıl-ala darvazatək
Qövsi-qüzeh düşdü yola.
Maşın qalxdı tövşüyərək,
Yollar dedi: Uğur ola...
Şofer dönüb mənə baxdı:
Əlli dörddə lap bu vaxtı, –
Bu maşında yanımdaca
Səməd Vurğun yol boyunca
Qaşlarını dartıb yaman
Düşünürdü zaman-zaman...”
Xatirələr nə dadlıdır,
Xəyal şahin qanadlıdır.
Sanıram ki, “Piyaz dağı”
Elə bilir Vurğun gəlir.
(Tutulubdur qaşqabağı,
Nədən belə yorğun gəlir?)
Şofer həmin o şoferdir,
Həmin məkan, həmin yerdir.
Qarlı zirvə nə soyuqdur,
Bu büsatda nəsə yoxdur.
Dağ başında qartal da var,
Pələng də var, maral da var.
Kəklik də var, daşa çəkir,
Sona da var, suya çökür.
Hər şey, hər şey yerindədir,
Bizi məyus edən nədir?
Sərçeşmələr yenə bumbuz,
Təkcə yoxdur Vurğunumuz.
O yolları mən gedirəm,
Nələr keçir ürəyimdən;
Ordubadı seyr edirəm –
Səməd gedən maşında mən.
Qəlbimdə el məhəbbəti
Dolaşıram vilayəti.
Şərurun göy tarlaları
Əl eləyir bizə sarı.
Könül burda gəlir dilə;
Vurğunumun gözləriylə
Seyr edirəm düzləri mən.
Üzüm dərən qızları mən.
“Arpa çayı” aşıb-daşır.
Dalğaları qucaqlaşır
Maşın gəlib çatır yenə
Düz “Sədərək kövşəninə”.
Vurğun sanki maşındadır.
Lap inan ki, maşındadır.
Yoxsa, çöllər küsər bizdən.
Vurğun keçir qəlbimizdən.
Hər tərəfdən gəlir səda:
“Vurğunu da salır yada
Düz ilqarlı bizim dağlar”.
Ürəyimdə böyük vüqar
Boylanıram zaman-zaman
Çöllərimə, düzlərimə.
Sanıram ki, kabinədən
Vurğun baxır gözlərimə...
Keçib “Xal-xal” meşəsini,
Eşidirik çay səsini.
Gül-çiçəyə batır maşın.
“Badamlı”ya çatır maşın.
“Şada çayı” körpüsündən.
Buyur! – deyir sənətkara.
Vurğun baxır sanki bu dəm,
“Pətəkli”də quzey qara...
“Badamlı”nın saf suları
Deyir: Vurğun, gözümdən iç!
Gəzib, qayıt bu dağları,
Şair Vurğun, gözümdən iç!
Doymamısan el deməkdən,
Bir az da qalx Şahbuza sən.
At üstə çıx “Qanlı göl”ə.
“Sərt dərə”də sən gecələ.
“Toğlu Qaya” toğlu kəsər,
“Plov təpə” plov paylar
“Çınqıllıya” get ki, küsər,
Su yerinə alov paylar.
“Yelli yurd”da olub çapar.
“Keçəl dağ”a salam apar.
“Kələfli dağ” tamaşadır.
“Gödək ömrü çox yaşadır”.
...Düşünürəm, həmin yerdir,
Şofer həmin o şoferdir.
Niyə qəmli baxır Şahbuz?
Axı, yoxdur Vurğunumuz...
Xəyallarla mən gedirəm,
Aləm keçir ürəyimdən.
Təbiəti seyr edirəm
Səməd gedən maşında mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-semed-geden-masinda-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Şiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,