26
Tez-tez göyün üzü tutulur, buludlar ətəyini sallayıb kəndin üstünə çökürdü. Çənli-çiskinli yağış başlamışdı. Yolların palçığı saqqız kimi olmuşdu. Yavaş- yavaş hava soyuyur, mal-qara örüşə çıxmırdı. Toyuqlar quru yer axtarır, itlər büzüşüb ocaq yerində yatırdı.
Hava açılana oxşamırdı.
Çöldə pambıq çox idi. Məhsulu yığıb qurtarmaq, vaxtında təhvil vermək lazım idi.
İmran bir az özünü itirdi. Əvvəlcə nə edəcəyini bilmədi, ancaq Nəsib dayı onun köməyinə gəldi. Dərhal pambıq qurudulan məntəqələri işə saldılar. Odun gətirdilər. Kənddə boş olan otaqlardan da istifadə etdilər.
İşin bütün ağırlığı İmranın üzərinə düşdüyündən, o, evə çox gec gəldi. Bizim Tükəzban xala onun dalınca yemək aparır, ya da Zeynəblə göndərirdi. İmran gecə yarıya qədər idarədə otururdu.
...Qaranlıq qarışanda çöldən qayıdan İmran, tövlənin qabağında atdan düşdü. Əvvəlcə pambıq qurudulan məntəqəyə baş çəkdi. Sonra üstünə brezent çəkilmiş maşınlara baxdı. Asta-asta idarəyə doğru getdi. Eyvandakılarla salamlaşıb içəri keçdi.
Briqadirlər bir-bir gəlib gedir, hesabdarın yanına dəyib haqq-hesab verirdilər. Arabir də göyün üzünə baxıb narazılıqla başlarını bulayırdılar.
Getdikcə adam çoxalırdı.
Axşamdan xeyli keçmiş, Kosaoğlunun bacısı oğlu Musa da idarənin qabağında göründü. O, gödəkçəsinin yaxasını qaldırmış, uzun günlüklü şapkasını gözünün üstünə endirmişdi. Əllərini pencəyinin yarı ciblərinə salmışdı. Uzunboğaz çəkmələri palçığa bulaşdığından, ayaqları daha da ağırlaşmışdı. Yeridikcə ləngərlənir, elə bil, ayağını qaldırmağa çətinlik çəkirdi. Musa anbardan çıxarılandan sonra kəndin arasında az-az görünürdü.
Onun içəri girdiyini heç kəs hiss etmədi. İmran qabağındakı kağızlara baxır, Zeynəb əyilib kağızda nə isə göstərir, başqaları da onun ətrafına toplaşıb qulaq asırdılar.
Musa küncdəki stulda oturdu. Dərindən nəfəs alıb gözünü yumdu. Əvvəl adamları seçə bilmirdi. Gözünün qabağında kölgələr dolaşır, qulağına qarışıq səslər dəyirdi. Ancaq yavaş-yavaş otaq aydınlaşmağa, adamların sifəti görünməyə başladı.
Musanın gözünə birinci dəyən İmran oldu. İmran Kosaoğlunun yerində oturmuşdu. Tez-tez zəng edir, yanına gələnlərə göstəriş verirdi.
Musa yavaş-yavaş ayıldı. "Demək, belə! - deyə hiddətlə düşündü: - Dayımın düşməni onun yerində oturub, kabinetinə yiyələnib! Gör indi mən kimin buyruğuyla oturub-durmalıyam! Dağ boyda kişini yerindən, yurdundan gör kim oynadır? Dayımdan sonra bəs mənim axırım nə olacaq?" Anbarda işlədiyi müddətdə tikdirdiyi evlər, qat-qat alıb yığdığı gəbələr Musanın gözü qabağında durdu. O, xərclədiyi pulları, arvadına, uşağına aldığı paltarları yadına saldı. Musanın ailəsi heç nədən korluq çəkmirdi. O, nəinki özünü, hətta bəzi uzaq qohumlarını da saxlayırdı. Toy-nişanda pul xərcləməkdə Musanın qabağına çıxan olmazdı?
Bəs indi? Birdən dayısını yola salanda Kosaoğlunun dediyi sözlər yadına düşdü. "Sənin kimi bacısı oğlu olan bu güna düşər də". "Doğrudan, mən biqeyrətəm. Gözüm baxa-baxa kişinin yerini tutublar, mən də burada boylanıram. Bəs nə gündə lazımam?!"
Onun yumruqları düyünləndi, dişini qıcayıb aqronoma baxdı. İmran onun gözlərində kiçilib fındıq boyda oldu. Musaya elə gəldi ki, yaxınlaşıb ona bircə yumruq ilişdirsə, yerindəcə qalacaq. Özünü toplayıb ayağa durdu. Stola yaxınlaşmaq istəyəndə, İmran yenidən böyüdü. Musa onun geniş köksünü, enli çiyinlərini, qüvvətli əllərini gördü.
O səndələyib geri çəkildi, qapını açıb bayıra çıxdı. İçəridəkilər onun sərxoş olduğunu bilib əhəmiyyət vermədilər.
Musa eyvanda dayandı. Yağış aram-aram yağırdı. Adamlar seyrəlmişdi. O, fikrini toplayıb ətrafa boylandı. Pambıq qurudulan məntəqəyə doğru getdi.
Məntəqənin ocağı yanırdı. Kərim kişi kənardakı kötüyün üstündə oturub qəlyan çəkirdi. Alov üzünü işıqlandırırdı. Musa dişini qıcayıb qaranlıqda gözdən itdi...
Birdən pambıq qurudulan məntəqə tərəfdən alov qalxdı. Göyün üzü işıqlandı. Eyvanda söhbət edən Zeynəb tələsik aşağı enib məntəqəyə tərəf qaçdı. Qaranlıqda kimə isə toxundu. Zeynəb təngnəfəs olan Kərim kişinin səsini eşitdi:
– Qoymayın, kömək eləyin!
– Kərim dayı, nə olub?
– Tez ol, qızım, rayona zəng elə. Məntəqə yanır, pambıq od tutub...
Ay camaat, kömək eləyin! Ay haray, qoymaym!..
Kərim kişinin səsini eşidənlər idarədən çıxıb məntəqəyə sarı qaçdılar. Kəndi səs-küy bürüdü. Kim isə yüyürüb zəngi çaldı. Kolxoz yanğın dəstəsinin üzvləri, kolxozçular özlərini yetirdilər.
Məntəqə tüstü-duman içində idi. Bacadan alov qalxır, qapıdan duman kimi tüstü çıxırdı. Qarışıq səslər eşidilirdi:
– Ocağı söndürün!
– Su gətirin!
– Torpaq atın!
– Nasosu işə salın!
– Qapını açıb içəridəki pambığı bayıra tökün!
Adamlar bir-birinə qarışmışdı. Kimi su gətirir, kimi bellə torpaq atır, kimi də içəridəki pambığı qucaqlayıb bayıra çıxardırdı.
Zeynəb rayon yanğın dəstəsinə zəng etdikdən sonra qaça-qaça məntəqəyə gəldi. Özünü içəriyə saldı. Öskürək onu boğdusa dala geri çəkilmədi. Hələ alışmamış pambığı qucaqladı. O tək deyildi. İçəridə tüstü içində əlləşən adamlar çox idi, hamı yanan pambığı söndürməyə çalışırdı. Zeynəb hər şeyi unutmuşdu, heç kəsi görmürdü.
Adamların çalışmasına baxmayaraq, alov getdikcə güclənirdi.
Zeynəb yenə içəri girdi. Küncdə tüstülənə-tüstülənə yanan pambıq birdən alışdı. İçərini alov bürüdü. Məntəqə təndir kimi guruldadı. Kim isə qışqırdı, alovlana-alovlana bayıra qaçdı. Lakin qapının ağzında taqətdən düşüb yerə sərildi. Zeynəb onun köməyinə çatdı. Od almış paltarı əlləri ilə döyəcləyib söndürmək istədi. Lakin tüstü onu boğurdu. Zeynəb yanan arvadı bayıra çıxartdı. Paltarını cırıb tökdü. Arvad inildədi. Birdən Zeynəb dəhşət içində donub qaldı.
– Tükəzban xala, ay Tükəzban xala!
Arvad dinmədi. Zeynəb onun iniltisini eşitdi.
– Tükəzban xala!
Kim isə qışqırdı:
– Qoyma, görmürsən qız da yanır?
Onların üstünə kilim saldılar. Alov sönən kimi, Zeynəb yerə uzanmış arvadın başını dizi üstünə aldı. Onun saçları yanmışdı. Sifəti tuluq-tuluq idi. Bədənində sağ yer qalmamışdı.
– Tez olun, həkim çağırın!
– Arvadı xəstəxanaya çatdırmaq lazımdır.
Tüstünün, odun içində əyləşən İmran, özünü anasının üstünə saldı. Maşın gətirdilər. İmran özü anasını qucağına alıb maşına qoydu. Ondan ayrılmaq istəmədi. Zeynəb "sən işində ol, - deyə onu maşından düşürtdü, - mən özüm gedərəm",
Səhər tezdən rayon işçiləri tökülüb gəldilər. Kirovabaddan yenicə qayıtmış Kosaoğlu pencəyini çiyninə salıb gəzinirdi. Nəsib dayı fikirli dayanmışdı. Kərim kişi boynunu büküb durmuşdu. İmran dinmirdi. Hamı fikirli idi.
Nəsib dayı heç nə anlaya bilmirdi. "Bu necə ola bilər?.. Elə bll hər şey əvvəlcədən ölçülüb-biçilmişdi? Bu yanğın təsadüfmi baş vermişdi? Bəlkə Kərim kişi ehtiyatsızlıq edib yatmışdı? Bəlkə içəridə papiros çəkiblər?"
Rayon milis idarəsinin işçiləri yanğın olan yeri yoxlayırdı. Camaat işin sonunu gözləyirdi.
Kosaoğlu müştüyünü üfürüb papiros kötüyünü tulladı.
– Gərək heç getməyəydim. Başqa vaxt ağızlarına çullu dovşan sığmır, amma ikicə gün kənddə olmadım, dünyanı bir-birinə qatdılar. El içində biabır olduq. İmranı adam bilib iş tapşırdım, o da ki...
Kənarda dayanan prokuror sözə qarışdı!
– Kənddən çoxdanmı getmişdin?
– İki həftə olar, yerimi İmrana tapşırmışdım.
– Burda yox idin, səni heç bir şeydə təqsirləndirmək olmaz.
– Onu bilirəm. Amma kolxoz ki, mənimdir.
İmran yava-yavaş irəli gəlib Kosaoğlunu süzdü.
– Əl-ayağa düşmə. Bu işlərin hamısı mənim vaxtımda olub.
– Mən olmayım, sən ol, nə təfavütü var? Kolxoz ki, birdir. Dediyim odur ki, ikicə gün kəndə başçılıq eləyə bilməyəcəkdin, niyə boynuna götürürdün? Vaxtında desəydin, ya getməzdim, ya da yerimi başqasına tapşırardım.
– Bu barədə sonra danışarıq. Deyin görüm bu məntəqə kimin briqadasınındır? - deyə prokuror soruşdu.
– Zeynəbin.
– Hanı o?
– Xəstəxanadadır.
– Bəs onun briqadasından burda kimlər işləyirdi?
– Tükəzban arvadla Kərim kişi.
– Bəs onlar hanı?
– Arvad xəstəxanadadır. Kişi burdadır.
Prokuror yaxşı tanıdığı Kərim kişini camaatın içində gözləri ilə xeyli axtardı:
– Bəs hanı? Gözümə dəymir, yoxsa qaçıb?
– Burdayam, heç yerə qaçmamışam.
Əsədov qocanı hirsli-hirsli süzüb dişini qıcadı.
– Kişi, pambığı niyə yandırıbsan?
– Mən pambıq yandırmamışam.
– Bəs kim yandırıb?
– Bilmirəm.
– Əyə, ağlını başına yığ, - Kosaoğlu dilləndi, - necə yəni bilmirəm? Ocağı qalayan sən deyildinmi?
– Məndim, ay Kosaoğlu. Ancaq onu bil ki, mən öz malımı öz əlimlə yandırmaram.
– Bəs nə təhər oldu, sən vurmadın, mən yıxılmadım? De görüm hadisə necə oldu?
Kərim kişi üzünü prokurora tutub sözə başladı:
– Qaranlıq qarışandan sonra ocağın qırağında təkcə oturmuşdum.
Tükəzban da içəridə pambığı çevirirdi. Birdən qulağıma səs dəydi. Elə bil bir şey partladı. Tez məntəqənin içinə getdim. Gördüm, pambıq alışıb yanır, nə qədər ayaqlayıb söndürmək istədimsə olmadı. Qaçıb köməyə adam çağırdım.
– İçəridə kim var idi?
– Təkcə Tükəzban idi.
– Deyirsən pambıq içəridən od almışdı, hə?
– B\li.
– Ağlınca bunu kim etmiş olar? Tükəzban arvad etməz ki?
– Nə?! - Kərim kişi heyrətlə qaşını çəkdi. - A kişi, sən nə danışırsan?! Prokuror yanındakı milis nəfərinə işarə etdi.
– Hələlik bu kişini saxlayın, görünür, tək deyil, yoldaşları da var.
Sonrasına baxarıq.
Nəsib dayı dözə bilmədi:
– Yoldaş Əsədov, bir az səbr eləsəniz yaxşıdır. Məncə, qərar çıxarmaqda çox tələsirsiniz.
– Bu mənim işimdir.
– Ə, Nəsib, - deyə Kosaoğlu acıqlı-acıqlı dilləndi, - sən prokurora qanun öyrətməyəcəksən ha... Qoysana işini görə! Sən ki dünən gecə rayonda olubsan. Qoy kim müqəssirdir, cavab versin.
– Əlbəttə, vəzifədə səhlənkarlıq edənlər də məsuliyyət daşıyırlar.
Prokuror üzünü İmrana tutub nə isə demək istədi. Elə bu vaxt rayon milis şöbəsinin rəisi dəstəyə yaxınlaşdı. Onun əlində partlamış bir neft qabı var idi.
– Çox qəribədir, - deyə o, sözə başladı, - yanmış məntəqədə neft qabı nə gəzir?
O, əlindəki neft qabını prokurora uzatdı. Əsədov könülsüzcəsinə qaba baxıb geri qaytardı. Neft qabı əldən-ələ gəzdi.
– Zənnimcə yanğın bundan törəyib. Görünür, kim isə nefti içəri qoyubmuş. İsti dəyəndə partlayıb, sonra da pambıq od alıb.
– Sən də söz danışdın! - prokuror rəisin sözünü kəsdi. - Heç neft də partlayarmı?
– Bəlkə qabda neft yox, benzin varmış.
– Yaxşı fərz edək ki, sən deyəndir. Bəs hansı axmaq qabı pambığın
İçinə qoyub?
– Elə məni də düşündürən odur...
Həmin axşam, İmranın həbs edildiyinə sevinən Kosaoğlu mütəkkəyə dirsəklənib təzəcə uzanmışdı ki, Musa içəri girdi. Dayısının yanında oturub ayaqlarını uzatdı. Onlara çay verdilər. Birdən Musa dayısının üzünə baxıb sinəsini qabartdı.
– Gördün hayfını necə aldım?
Kosaoğlu stəkanı nəlbəkiyə qoyub diqqətlə onun üzünə baxdı:
– Nə hayıf?
– Bəs məntəqə öz-özünə yandı?
– Ə, Musa, kefli deyilsən ki?
– Kefli niyə oluram? Düz sözümdür.
Kosaoğlunu fikir götürdü. O, çayını qurtum-qurtum içib bacısı oğlunu gözaltı süzdü. Birdən stəkanı nəlbəkiyə qoyub geri itələdi.
– Ə, sənə kim demişdi, bizi niyə işə saldın?!
– Əcəb elədim!
– Yaxşı, sinənə döymə, bu saat kənddən çıx get. Bir neçə gün gözə görünmə, görək sonrası nə olur.
Həmin gecə Musa Tiflisə qaçdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-ayrilan-yollar-26
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.
15Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-ağır yeriyirdi. Yəhərdə oturmaqdan bəzən Nəsib dayı yorğun nəzərlərlə ətrafa göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da yaşıl çöllərə baxırdı.Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi.
16Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.
17Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?
Стихи других поэтов
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Ay qurdGetdin gördün quzu,Neyləyirsən istiotu, duzu?
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı