Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.

Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.

Bağlardakı ağacların budaqları çəpərin üstündən aşıb yola kölgə salmışdı. Qızlar ağacların altından keçdikcə, çiyinlərində çal-çarpaz kölgələr oynaşırdı. Yolun dar yerlərində ağacların budaqları o tay-bu taydan bir-birinə qarışmışdı. Yollar ala-bəzək idi, ağ, çəhrayı çiçəklər yerə səpələnmişdi.

Nərgiz müəllimə qızlardan bir az aralı asta-asta gedir, hərdan başını qaldırıb, damların üstündə oxuyan sığırçınlara baxırdı. Günəşin şüaları altında parıldayan bu quşlar tüklərini qabardıb dimdiklərinı şaqqıldada-şaqqıldada oxuyurdular. Elə bil onları titrətmə tutmuşdu. Boynu göy qurşağı kimi yüz rəngə çalan sığırçınlar susmamış bülbüllər cəh-cəh vururdular.

Nərgiz müəllimə əvvəlcə qızların dəstəsinə qoşulmaq istədi. Ancaq son günlər eşitdiyi söz-söhbəti yadına salanda fikrindən daşındı. Axır vaxtlar o çox qəribə olmuşdu. İki adam söhbət edəndə, yaxud pıçıldaşıb-güləndə dərhal ürəyi döyünür, sifəti od tutub yanırdı. Qıza elə gəlirdi ki, hamı ondan danışır. Get-gedə o, adamlardan qaçmağa çalışırdı. Nərgiz müəllimə başını qaldırıb adamların üzünə baxa bilmir, adamlar isə bunu başqa cür yozurdular. Kəndin qurtaracağında o, sola burulub cığıra düşdü. Bu çığır onu taxılların yanına, sonra biçənəyə apardı. Çöllərə şeh düşmüşdü. Nərgiz müəllimənin ayaqları və paltarının ətəyi islanırdı. Gözləri qamaşırdı. Tez-tez ayağının altından pırıldayıb uçan quşlar havada süzüb, yenə otların içində yox olurdular. Birdən lap yaxınlıqdakı zəmidə bir quş oxumağa başladı. Nərgiz müəllimə dayandı, Quş yenə oxudu:

– Dütdüdüdü, dütdüdüdü... Quşun nəğməsinə valeh olub hər şeyi unudan Nərgiz arxasında bir hənirti duydu, cəld geri döndü. Zeynəb şaqqıldayıb güldü:

– Olmadı, səni yamanca qorxudacaqdım. Bəs niyə təkcə gedirsən? - Nə bilim, elə belə... Bes sən özün niyə burayla gedirsən? - Kənddən çıxanda taxılların arasında bir qaraltı gördüm, yerişindən tanıyıb dalınca düşdüm. Dedim, bu saat gedib o qızı götürüb qaçacam.

Nərgiz müəllimə qızardı. Zeynəb zarafatının yerinə düşmədiyini duyub susdu. Bayaqkı quş yenə oxumağa başladı.

– Nə gözəl oxuyur! Bu hansı quşdur?

Zeynəb söhbətin dəyişdiyinə sevindi:

– Heç bilirsən o nə deyir?

– Quş nə deyəcək ki?

– Yox, o, quş deyil, gəlindir. Özü də deyirlər, gözəl bir gəlin olub. Elə bir gəlin ki, su sonası kimi, bir qənir üzünə baxmaq olmurmuş.

– Bəs sonra nə olub?

– Sonra gördüyün kimi, həmin gəlin quşa dönüb çöllərdə oxuyur.

Nərgiz müəllimə maraqla Zeynəbin üzünə baxdı, nə isə soruşmaq istədi. Ancaq quş yenə oxumağa başladı.

– Bir qulaq as, lap aydınca deyir.

– Axı nə deyir?

– Eşitmirsən? Taxçada, boxçada, taxçada, boxçada...

Quş pırıltı ilə uçub getdi, səsi taxılların ortasından gəldi. Zeynəb dərindən köksünü ötürdü.

– Bu, uzun nağıldır. Deyilənə görə, bu quş cavan bir gəlin imiş. Əri yaman əzazil imiş. Yazıq gəlinin günü qaraymış. Bir gün əri ona bıçaq verir ki, saxla. Gəlin saxlayır. Kişi hər axşam evə gələndə bıçağı istəyirmiş. Bir dəfə axşamüstü ərinin evə qayıtdığını görüb tez bıçağı axtarır. Amma tapa bilmir. Nə qədər çalışırsa, yadına düşmür ki, haraya qoyub. Gəlin lap özünü itirir. Bilir ki, əri gələn kimi bıçağı soruşacaq, tapmayanda salacaq təpiyinin altına. Əlacı kəsilən gəlin allaha yalvarır ki, məni bu zülmdən qurtar, bir quşa döndər, bu xarabadan uçum gedim. Arzusu yerinə yetir. Gəlin quşa dönüb çəmənlərə uçur.

Nərgiz müəllimə bir uşaq sadəlövhlüyü ilə sevinib dərindən nəfəs aldı.

– Nə yaxşı olub.

– Hələ dalına qulaq as. Gəlin quşa dönüb çəmənə qonandan sonar yadına düşür ki, bıçaq taxçadakı boxçadadır. Elə o vaxtdan oxuya-oxuya gəzir. Bircə qulaq as.

Quş doğrudan da elə bil Zeynəbin dediklərini təkrar edirdi: "Taxçada, boxçada",

– Bəs o gəlinin adı nəymiş?

– Turac.

Onlar pambıq tarlalarına çatmışdılar. Cərgələr artıq qalınlaşmışdı. Qabağa düşən qızlar alaq vururdular.

– Gedək bizim manqaya! - deyə Zeynəb təklif etdi.

– Yox, əvvəlcə o biri manqalara gedəcəm.

– Niyə bizdən qaçaq gəzirsən, müəllimə? Nərgiz dillənmədi.

– Vallah, adamın səndərı ötrü burnunun ucu göynəyir. Mağıl qonşu idik, axşam-səhər görüşürdük. Üzümüz-gözümüz öyrəşmişdi. İndi elə bil bir yarımız köçüb... Tükəzbarı xala da sənin xiffətini çəkir, Doğrudan, niyə köçdün?

Nərgiz könülsüz cavab verdi:

– Eşitməyibsən nə söz çıxardıblar?

– Belə, ağrım ürəklərinə! O qədər danışsınlar ki... Sizin ki aramızda bir söhbət olmayıb... Yoxsa...

O, diqqətlə Nərgiz müəllimin üzünə baxdı. Ürəyi döyündü. Səbirsizliklə onun nə deyəcəyini gözlədi. Qız elə bir vəziyyət aldı ki, guya bütün həyat müəllimənin verəcəyi cavabdan asılı idi. Nərgiz də özünü itirdi. Yanaqları xəfifcə qızardı.

– Yox, yox, nə danışırsan, heç elə şey olarmı?

Zeynəbin rəngi açıldı.

– Bəs onda nədən çəkinirsən?

– Dedi-qodudan. Bilirsənmi, Zeynəb, mənim ömrümdə qalmaqalla işim olmayıb. Elə institutda da adətim idi. Qızlar hərdən baş-başa verib qeybət eləyəndə, bir-birinə söz deyəndə kənara çəkilərdim.

– Ancaq sən hərdənbir Tükəzban xalaya baş çək. Elə İmrana da.

Zeynəb İmranın adını eşidəndə Nərgiz müəllimənin birtəhər olduğunu duydu.

– Köçəndən sonra heç onu görübsənmi?

– Yox.

Yenə susdular. Zeynəb arxın üstündəki ensiz körpüdən keçib dayandı, göz işlədikcə uzanan cərgələrə baxdı.

– Xoşuna gəlirmi?

Nərgiz müəllimə yanağında oynayan telini geri sığalladı.

– Çox yaxşıdır! Kollar adamın üzünə gülür.

– Bu il yaxşı pambıq olacaq. Doğrusu, səpinə başlayanda mən özüm də qorxurdum. Amma, bax gör nə gözəldir! Kollar muncuq kimi düzülüb. Kosaoğluyla Kazımın acığına gərək bu il hamıdan çox pambıq verəm.

Birdən Zeynəb tarlanın aşağı tərəfində toz qalxdığını görüb susdu.

– Bıy, görəsən bu bəxtəvər kimdir?

Motosikl gurultu ilə onların yanında dayandı. Zeynəb toza batmış oğlanı təpədən-dırnağa süzüb qaqqıldadı:

– Bu nədir, ay İmran, xalq "Pobeda" alanda sənin də gücün buna çatdı? Bir gör özünü nə kökə salıbsan!

– Ağronom adamam, mənimki elə budur. De görüm yaxşı maşındır?

– Yaxşılığına söz yoxdur. Amma, düzü, mən bu ikitəkərlilərdən qorxuram. Birdən yıxılıb eləyər. Barı yaxşı sürə bilirsənmi?

– İstəyirsən gəl otur, gəzdirim.

– Mən sənin kimi işsiz-gücsüz deyiləm. Xudahafiz!

Zeynəb alaq vuran qızlara doğru qaçdı.

İmran çiynini çəkib onun arxasınca baxdı, sonra üzünü kənardaca başını aşağı salıb duran Nərgizə tutdu:

– Necəsiniz, müəllimə? - Çox sağ olun. - O, bir az duruxdu. - Anan necədir? - Niyə, siz görəni pis deyil. - Yoxsa məndən inciyib? - Bəs inciməz? – Mən ki onun xətrinə dəyən bir iş görməmişəm.

– Görmüsünüz. Həm də təkcə anamın yox, mənim də xətrimə dəyibsiniz.

– Mən buna bir səbəb görmürəm.

– Səbəbi böyükdür. - Bu dəfə də İmran duruxdu. - Bəlkə də günahın çoxu məndədir. Gərək mən əvvəldən sizinlə açıq danışaydım...

Qız təlaş içində onun üzünə baxdı. İmran Nərgizin qızardığını, sinəsinin tez-tez qalxıb-endiyini gördü. İmran dəsmalını çıxardıb alnını sildi. Nərgiz qolundakı saata baxdı:

– Mən geçikirəm, sağ olun, gərək ikinci növbəyə qədər dərsə qayıdarn. İmran özünü ələ almamış, Nərgiz arxın üstündəki söyüd ağaclarının arasında gözdən itdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

III fəsil, 3

Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.

199515 мин
III fəsil, 4

Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".

19954 мин
IV fəsil, 1

Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.

19954 мин
IV fəsil, 2

Bir gün Mürsəl məktəbin xəritə, qlobus və kölmə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:

19955 мин

Стихи других поэтов