Страница 2 из 2 · 50%

Kazak artıq dözmədi. Yəhərin üstündə dikəlib Əşrəfin üstünə bağırdı:

– Ey, tatar balası, çox danışma!

– Bu özbaşınalıqdar. Böyüyünüz kimdir?

– Böyüyümüz özü əmr edib ki, kim qoruğa girsə, güllə ilə vurun.

Hələ sizin bəxtiniz getirib ki, diri qalıbsınız. Düşün qabağa!

Əşrəf heç nə demədi. Atını mahmızlayıb qabağa keçdi. Onu qarşılamağa gələnlər də dinməzcə cilovu buraxdılar və Əşrəfin dalınca irəlilədilər. Kazaklar onları arakəsməyə aldılar.

Cığır talanın qurtaracağında haçalandı. Əşrəf cilovu çəkib dayandı. Qanrılıb geri, onlardan bir az aralı gələn kazaklara baxdı:

– Bizim yolumuz bu yanadır.

Kazak atını səyirdib qabağa gəldi və daha da qəzəbləndi:

– Xeyr, bu yanadır.

O, əlini uzadıb cilovdan yapışdı. Qaranlıqda gözünü Əşrəfə bərəltdi:

– Atdan düş!

Tapdıq artıq dözə bilmədi. Atı ehmalca mahmızlayıb ciğırdan çıxdı. Əlini yəhərin tərkindəki irəşməyə uzatdı. Arxa tərəfdən kazaka yaxınlaşdı və gözlənilmədən irəşməni hərləyib atdı. İrəşmə göydə ilan kimi qıvrılıb kazakın boynuna dolandı. O, əl-ayaq atana qədər Tapdıq sürüyüb kazakı atdan saldı. O biri kazak çaxmağı hərlədi. Ancaq Əşrəfin əmisi oğlu ona aman vermədi. Xəncərin siyirib şığıdı. Kazakın əlindəki tüfəngin qundağı ortadan iki bölünüb yerə düşdü. Əşrəf quş kimi atılıb atın tərkinə mindi və daldan kazakı qucaqlayıb qollarını tutdu. Tapdığın atdan yıxdığı kazak bir xeyli kəməndlə bərabər süründükdən sonra ayağa qalxdı. Qılıncını siyirib, arxadan Əşrəfə hücum etdi. At kişnədi və ilan sancmış kimi kənara sıçradı. Yenidən əlbəyaxa döyüş başladı. Torpaq eşim-eşim oldu. Otlar, çiçəklər əzildi. Atlar kişnəyib talaya qaçdı. Əşrəfgil yarımsaatlıq vuruşmadan sonra kazakları üstələdilər. Onların tüfənglərini, qılınclarını alıb qollarını çatdılar, palıd ağacına sarıdılar.

Tapdıq çəmənlikdəki atları cilovlayıb yaxına gətirdi. Əşrəf atının yəhərini düzəltdi. Dal tərəfə keçib kəhərin buduna baxdı. Qılıncın yaraladığı yerdən qan axırdı. Onun ata yazığı gəldi və qəzəblə kazaklara yaxınlaşdı-hirsindən dişini-dişinə sıxdı:

– Axı, nə istəyirsiniz, niyə qoymursunuz camaat rahat dolansın?

Kazak dartındı. Qolunun kəndirini açmağa çalışdı və xırıltılı səslə Əşrəfi söydü:

– Bu sizə baha tamam olacaq, quldurlar.

– Ağzını təmiz saxla, axmaq.

Əşrəfin əmisi oğlu rusca deyilənləri başa düşməsə də anladı ki, artıq-əskik danışırlar. Tüfəngin lüləsinə güllə verdi və Əşrəfi geri itələdi:

– Ə, belə dur, qoy səsini kəsim.

– İşin olmasın, - deyə Əşrəf dabanı üstə fırlandı və tüfəngin lüləsini əli ilə kənara itələdi. - Bunlarda nə təqsir var?

– Bə kimdədir?

– Onları buraya göndərəndə.

Tapdıq kazakların da atını tutub gətirdi. Tüfəngləri götürüb çalın-çarpaz çiyninə keçirdi. Qılıncları belinə bağladı. Əşrəfin çamadanını atın tərkinə sarıdı və sıçrayıb yəhərə qalxdı:

– Tez olun, səs-səmirə tökülüb gəlməmiş gedək.

Əşrəf ayağını üzəngiyə qoyub atına mindi. Cığıra düşməzdən əvvəl dönüb geri baxdı. Tapdığın yedəyindəki atları görüb təəccübləndi:

– Bu nədir?

– Əlimizə müftə at düşüb, meşədə ha qoymayacağanı, aparıb ilxıya qatarıq.

– Burax.

– Niyə?

– Belə işi ancaq qaçaq-quldur görər.

– Ağa, sən belə işlərə qarışma, atını sür, gedək.

– Dedim, burax.

Tapdıq çiynini çəkib yoldaşına baxdı. Onlar başa düşdülər ki. Əşrəfi sözündən döndərmək mümkün deyil.

– Nə deyir, sözünə bax, burax getsin.

Tapdıq əlacsız qalıb atları buraxdı və onlar talada gözdən itincəyə qədər dallarınca baxdı.

– Heyf, yəhərləri lap təzə idi. - O, tüfəngləri çıxardıb qucağına aldı və üzünü Əşrəfə tutdu: - Bə bunları neyləyim?

Əşrəf tüfəngləri də, qılıncları da Tapdıqdan aldı. Atını geri sürüb palıd ağacının bərabərində otluğa atdı. Əmisi oğlu bu dəfə dözə bilmədi. Atdan düşüb silahları götürmək istədi:

– Ə, nə qayırırsan, adam da tüfəngi əldən verərmi?

– İşin olmasın. Yazıqdırlar. Tüfənglərini aparsaq, onları dinməz-söyləməz güllələyərlər.

– Cəhənnəmə güllələsinlər.

– Adam insaflı olar.

Əşrəfin əmisi oğlu narazılıqla başını buladı:

– Deyəsən, oxuduqca ağlın azalır.

Talanın o tərəfindən, meşənin qalınlığından səs gəldi. Bir dəstə qaraltı qoruğa çıxdı. Bayaqdan sakitcə dayanan və Əşrəfgilin getməsini gözləyən kazaklar da bu səsi eşitdilər. Onlar ikisi də birdən qışqırdı:

– Köməyə gəlin, quldurlar bizi qırır.

Tapdıq dərhal atını mahmızladı.

– Ağa, tez ol, aradan çıxaq.

Əşrəf cilovu buraxdı. Atlar dördnala çapıb meşədə görünməz oldu

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, 2

Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.

195710 мин
Dördüncü hissə, 3

Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşəndən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zehlər əmələ gəlmişdi. Halbuki, beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağ bənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərinin yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.

19578 мин
Dördüncü hissə, 4

Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"

19579 мин
Dördüncü hissə, 5

Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?

195710 мин

Стихи других поэтов