Страница 1 из 2

Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.

Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.

Mina xala indi oğlunun yanında oturub köhnə paltarları yamayırdı. Arvad dodaqaltı mızıldanıb ağlayırdı. Tez-tez dişi ilə sapı kəsir, oğlu hiss etməsin deyə yaşını udub, burnunu çəkirdi. "Allah işini avand eləmiş uçitel Əhməd də heç bilmirəm hardan gəlib çıxdı? Əlimizə keçəndən tapıb yeyirdik. Uşağı yerindən oynatdı. İndi mən damın altında təkcə necə dolanacağam? Elə anası ölmüş Osmanın özü qəribliyə dözəcəkmi? Burada əlimə düşəni boğazımdan kəsib ona yedizdirirdim. Orda kim uşağa baxacaq? Gecədə üç-dörd dəfə oyanıb üstünü örtməsəm, ürəyim sakitləşməzdi. İndi kim bilir, harda yatacaq? Eh, Allah özü bilən yaxşıdır, bircə balamı ona tapşırmışam. Onu xata-baladan saxlasın".

Arvad paltarı yamadı. Səliqə ilə qatlayıb heybəyə qoydu. Ağcaqanadları qovmaq üçün təzəyin gözünü deşdi, ətəyi ilə bir-iki dəfə yellədi. Ocaq közərib tüstüləndi. Mina xalanın boğazı acışdı. Arvad donunun ətəyi ilə gözünü sildi. Dönüb ehmalca Osmanın üzünə baxdı. Onun gözü açıq idi. Yanı üstə uzanıb kəndin üst tərəfindəki silsilə təpələrə baxırdı. Təpələrin zirvəsinə elə bil işıqlı zeh çəkilmişdi. Zehdən o yana, səmaya işıq çilənmişdi. Təpələrin o tayında elə bil şəffaf bir şey yanırdı. Bəri üz isə zülmətə qərq olmuşdu.

Mina xala Osmanın üstünü örtmək istədi. Əlini yorğana uzatdı. Ancaq dayandı. Başa düşdü ki, oğlu bu saat heç nə eşitmir, heç nə hiss etmir. Onun xəyalı çox uzaqlardadır.

Arvad ehmalca ayağa durdu. Barmaqlarının ucunda damın üstündən endi. Həyətin ortasındakı ocaq yerinə gəldi. Qazanı kənara çəkdi. Oğlunun yoluna kəsib soyutma bişirdiyi xoruzu çıxardıb siniyə qoydu. Çardağın altına gəldi. Taqətsizləşmiş kimi taxtın üstündə oturdu. "İndi heç, hava istidir, bəs qışda nə olacaq? Uşağın nə çuxası var, nə ayağına geyməyə bir şeyi. Bir çarıqlıq gön də qəhədə çıxıb".

Mina xala qara çırağı yandırdı. Torpağı şappıldada-şappıldada qazma dama girdi. Birələr onun yalın ayağına və baldırına daraşdı. Arvad bunlara fikir vermədi. Əlində çıraq, evin ortasında dayandı. Onun iri kölgəsi divara, sonra da küncə düşdü. Əri öləndən bəri yaxına gedib ağzını açmadığı sandıq gözünə sataşdı. Bədənindən soyuq gizilti keçdi-"Bəlkə kişinin paltarlarından uşağa..." – deyə fikrindən keçirdi.

Arvad titrədi, əlindəki çıraq da titrədi, sandığın üstünə sərilən kölgə də. Mina xalaya elə gəldi ki, küncdə nə isə tərpənir. Arvad vahimələndi, dilinə kəlmeyi-şəhadət gətirdi: "Sənə ağır gəlməsin, ey yeri-göyü yaradan, nə eləyim, əlacım yoxdur, uşaq çılpaqdır, – deyə özünə təskinlik verdi. – Özgə ha deyil, öz balasıdır, bəlkə elə atasının ruhu da şad olacaq?".

Arvad asta-asta ayağının altında bir şey qalıb sınacağından qorxurmuş kimi ehmalca sandığa yaxınlaşdı. Çırağı irəli tutdu. Kölgə geri çəkildi. Mina xala dayandı, baxdı və bir anın içində on-on beş illik yola gedib qayıtdı. Titrək əlini uzatdı. Barmağını sandığa toxundurdu. Narın toz örtmüş qapaqda onun barmağının izi qaldı. Arvad diz çökdü. Çırağı tərcəyə qoydu. Donunun ətəyi ilə sandığın tozunu sildi. Əri öləndən qapağı qaldırmamışdı. Kişinin paltarına toxunmamışdı. Mina xala dayandı. Yaş gözlərinin həlqəsinə yığıldı, sonra daşıb gilə-gilə yanağına süzüldü. Onun dodaqları səyridi. Nə qədər çalışdısa da, hön-kürtüsünü boğa bilmədi. Birdən üzü üstə sərilib sandığı qucaqladı: "Hardasan, ay kişi, niyə köməyimə gəlmirsən? Niyə gəlib oğlunu yola salmırsan? Demirsənmi, arvadım təkdir, damın altında köməksiz qalıb? Allah sənə insaf versin, niyə tez getdin? Niyə məni odsuz-ocaqsız yandırdırı? Axı mən sənə nə pislik eləmişdim ki, etibarsız oldun, a kişi? Nə olar, bircə dəfə başını qaldır, bax, gör oğlun nə boyda olub! Sözümə baxmayıb oxumağa gedir, a kişi, sən buna nə deyirsən?"

Mina xalanın kölgəsi divarda bir xeyli titrədi. Sinəsi bulud kimi boşalıb sakitləşdi. Dikəldi. Saçını islaq yanağından geri elədi. Əlini qoynuna salıb, boynundan asdığı açarı çıxardı. Qapaq cingilti ilə açıldı. Kif atmış paltar iyi evə yayıldı. Arvad bihuşdan qoxulamış kimi sərməst oldu. Ona elə gəldi ki, ərinin bədəninin qoxusu burnuna dolur. Kişi işdən gəlib paltarını yenicə soyunmuışdur. Onun tərinin iyi paltara hopmuşdur. Bu qoxu təptəzədir, kişi ölməyib, aradan illər keçməyib, fəsillər dolanmayıb. Mina xala hər şeyi – paltardakı miras soyuqluğunu, ölünün vahiməsini unutdu. Ərinin çuxasını, köynəyini, şalvarını sinəsinə basdı, qərib bir həsrətlə öpdü...

Elə bil bu göz yaşları onu yüngülləşdirdi. Arvad ağır yük altından çıxmış kimi ayağa durdu. Ərinin paltarını gotürüb taxtın üstünə qoydu. Oğlunun əyninə gəlib-gəlməyəcəyini gözəyarı ölçdü. Xəyalən Osmanı atası ilə yanaşı qoydu. Osman onun çiynindən idi. Çuxanı geyinsə ətəyi yerlə sürünəcəkdi, şalvar da boğazına çıxacaqdı. Bəs nə etsin? Bəlkə qayçını götürüb kəssin, uşağı yuxudan qaldırıb onun üstünə ölçüb-biçsin? Səhərə qədər yatmayıb tiksin? Bəs Osman özü buna nə deyər?

Mina xalanı yenidən fikir götürdü. O başa düşdü ki, oğlu anasının fikri ilə razılaşmayacaq. Üstəlik onunla savaşıb uzaq səfərə küsülü gedəcək. Arvad köksünü ötürdü. Paltarları qatlayıb yenidən sandığa yaxınlaşdı. Nə isə tappıltı ilə yerə düşdü. Mina xala əyildi, əlinə yumşaq bir şey dəydi. İşığa gətirib baxdı. Barmaqları əsə-əsə kisənin ağzını açdı. Əli soyuq və yuvarlaq bir şeyə toxundu. Bu soyuq təmas arvadı titrətdi. Azacıq sonra isə həmin soyuqluq isindi, el bil Mina xalanın damarlarına ilıq qan vurdular. Arvadın bədəni qızışdı, gözləri işıqlandı. Çırağı yaxına çəkdi, ovcuna baxdı. Soyuq metal parıldadı.

"Görünür, sən məndən tədbirlisənmiş, a kişi, cibində pul gizlədib dar günə saxlayırsanmış. Elə bil sümüyün duyubmuş ki, bir gün oğlun məktəbə gedəcək, ona xərclik lazım olacaq. Sən nə yaman yerdə harayıma çatdın, a kişi, mən başı batmışsa səni etibarsız bilirdim".

Mina xala paltarı səliqə ilə qatlayıb sandığa qoydu. Tələsik həyətə çıxdı. Yüngülcə damın belinə qalxdı. Osmanı oyatmaq istədi. Ancaq onun mışıltı ilə yatdığını görüb dayandı, oğluna qıymadı. Oturdu. Əlini onun saçına çəkdi, yorğanı qaldırıb ehmalca oğlunun yanına girdi. Osmanı qucaqladı, başını ehtiyatla qaldırıb qolunun üstünə qoydu. Osman çevrildi. Üzünü anasının köksünə sıxıb, yenidən mışıldadı. Mina xalanın barmaqları onun saçının arasında dolaşdı. Oğlunun ilıq nəfəsi arvadın sinəsini isitdi...

Ağcaqanadlar uçub haraya isə dağılmışdılar. Laylanıb kəndin üstünə çökən tüstünü səhər mehi qovub uzaqlara aparmışdı. Hava təmizlənmişdi. Kürün qıjıltısından başqa heç nə eşidilmirdi.


Qoca kişi yuxusunu dağıtmaq üçün üzünə bir-iki ovuc su vurdu. Belini düzəldib dikəldi. Köynəyinin ətəyi ilə yaş sifətini sildi. İslaq əlini başına çəkdi. Gəmiyə getdi. Səhər mürgüsü onu təntitmişdi. Kürün üstünə qaranlıq çökmüşdü. Yaxındakı cələdən qanad səsi gəlməsəydi, quşlar budaqlarda cikkildəməsəydi, axşamın təzəcə düşdüyünü zənn etmək olardı.

Kənddən boğuq və yorğun xoruz səsi gəldi. Hardasa it hürdü. Qoca kişi sinəsini açdı. Kürün sərin mehi onun saqqalının arasında oynadı. Kişi üfüqə baxdı. Dan yeri qızarırdı.

Gəmi yarğanın dibində idi. Xırdaca ləpələr onu yırğaladıqca, təknəyə toxunan su şappıldayırdı. Arabir balıqlar sudan havaya atılırdı. Bir az aşağıdakı gölməçələrdə isə qurbağalar quruldayırdı.

Qoca kişi gəminin kəndirini yoxladı. Suyun daşıb-daşmadığını bilmək üçün sahilə, yarğanın dibindəki ləpədöyənə baxdı. Ağac qırıntıları vo boz köpük zehi əvvəlki yerində idi. Kişi solğunlaşan ulduzlara fikir vermədən atılıb gəmiyə mindi. Çəpi, kürəyi yoxladı. Dal tərəfə keçib heybəni götürdü. Bir tayı yarımçıq qalmış çarığı çıxartdı. Bizi, kövşəni əlinə aldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

VIII fəsil, 3

Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?

19955 мин
VIII fəsil, 4

Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.

19953 мин
VIII fəsil, 5

Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.

19951 мин
IX fəsil, 1

Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib- gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı- daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə- diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.

19958 мин

Стихи других поэтов