IX fəsil, 1
Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib- gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı- daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.
Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə- diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.
Faytonun küncünə çəkilən yoldaş Fətullayev kəndə yaxınlaşanda onaçılanı taxta qoburuna qoydu. Faytonun irəli çəkilmiş günlüyünü geri qatladı. Küncdən çıxıb qabağa gəldi və yan tərəfə dirsəkləndi.
Çöllər cücərmək istəyirdi. Torpaq şirələşmişdi, quzeylərdə ala-tala qar ağarırdı. Kənd evlərinin bacalarından burula-burula qalxan tüstülər azalmışdı. Fayton kəndə yaxınlaşdı və ikimərtəbəli evin qarşısında dayandı, milislər atdan düşdülər. Yoldaş Fətullayev ayağa qalxdı.
Elə faytonun içindəcə uzun şinelinin üstündən bağladığı onaçılanı yana çəkdi. Aşırmasını düzəltdi. Ulduzlu papağını qaşının üstünə endirdi. Elə bil kəndə gəlməyini hamıya bildirmək, boy-buxununu göstərmək istəyirdi.
Əyninə rəngi solmuş, qara rəngli nimdaş dəri pencək, dahanı və burnu didilmiş çəkmə geyinən və özü-özünə müraciət edəndə belə, "yoldaş Fətullayev" deyən bu adam qəza mərkəzində, idarələrdə özünü yoxsul, işgüzar və inqilabı komissar halına salırdı. Kəndlərə çıxanda isə görkəmini tamamilə dəyişir və istəyirdi ki, camaatı vahimələndirsin.
Onu kənd şura sədri pilləkənin başında qarşıladı. İki əli ilə görüşdü, yol verdi. Əvvəlcə yoldaş Fətullayev, sonra şura sədri idarəyə keçdilər. İçəri ala- toran idi. Üç pəncərəli bu evin iki pəncərəsinin dal taxtaları qapalı idi. Şura sədri öz yazı masasını küncə qoymuşdu. Elə eləmişdi ki, bayırdan içəri girəndə onun harada oturduğunu görmək mümkün olmasın.
Yoldaş Fətullayev keçib sədrin yerində oturdu. Gözü qaranlığa alışana qədər susdu. Sonra qırıq divana, bir də divar boyu düzülmüş sınıq-salxaq oturacaqlara baxdı. Gözünü hərləyib his basmış tavana, qaralmış divarlara nəzər saldı. Masanın üstündəki çırağın şüşəsi də, dəmir sobanın trubası yerləşdirilmiş divar da qaralmışdı. Yoldaş Fətullayev qanrılıb geri, arxa tərəfdəki divara baxdı. Leninin parçada toxunulmuş şəklini də his basmışdı. Qaşqabağı turşaldı. Şura sədri elə bil onun ürəyindən keçəni başa düşdü.
– Yoldaş Fətullayev, ehtiyat iyidin yaraşığıdır. Belə qaranlıq eləmişəm ki, içəri girən məni görməsin, amma mən onu görüm.
– Çox da qorxaq olma, a kişi, dur pəncərələrin taxtasını aç. Qoy içərinin havası dəyişsin.
Xətrimə dəyirsən, yoldaş Fətullayev, mən qorxaq deyiləm. Gecələr hamı yuxuya gedəndə yarğanların dibində, cərələrdə qaçaq-quldur axtarıram.
– Yaxşı-yaxşı, incimə. Gəl yaxın otur.
Qaybalı kişi stul çəkib oturdu və diqqətlə Fətullayevin üzünə baxdı.
Fətullayev yan çantasını açdı və möhürlü kağızlardan birini götürüb, xeyli diqqətlə baxdı və sonra itirdiyini sətirlərin arasından tapmış kimi dilləndi:
– Çoban Kərəməli sizin kənddəndirmi?
– Xeyr, yoldaş Fətullayev, bizim kənddə elə adam yoxdu.
– Bəs, aşıq Qarnet necə?
– Evdə olar. Dustaqlıqdan yenicə qayıdıb, - deyə Xondulu tələsik cavab verdi.
– Get, onu bura çağır.
Xondulu dərhal ayağa durdu. Bir azdan aşığı qabağına salıb gətirdi. Fətullayev onun səliqəli nimdaş paltarına baxdı. Kişi qaladan buraxılandan sonra xeyli yaxşılaşmışdı. Fətullayev ilan kimi onun üstünə fısqırdı:
– Yenə qaçaqlara saz çalırsan?
Çalanda nə olar.
Fətullayev kişinin ətrafında fırlandı və istehza ilə gülümsündü.
– Keçən dəfə yaxanı qurtardın, amma bu dəfə əlimdən heç yana qaça bilməyəcəksən. - Fətullayev birdən-birə ciddiləşdi və aşığın üstünə qabardı. - Səni kim qaçırtdı?
Qarnet ağa diksindi. Əlini köynəyinin cibinə salıb, qatlanmış bir kağız çıxartdı.
– Mən qaçmamışam, məni buraxıblar.
– Kim?
– Kəsəmənli. Bu da mənim azadlıq kağızımdı.
Yoldaş Fətullayev aşığın əlindəki kağızı götürdü, diqqətlə o üzünə, bu üzünə baxdı və sonra çantasına qoydu.
– Yoxlayarıq. Öyrənərik. Sonra sənə cavab verərik.
Yoldaş Fətullayev aşığın keçirdiyi həyəcanlardan, onun təzədən qalaya düşməkdən qorxduğundan elə bil zövq alırdı. Gah gülümsünür, gah da ovçu hərisliyi ilə kişinin üst-başını, boyun-buxununu gözdən keçirirdi.
– Deyəsən, evdə sənə yaxşı baxırlar. Göbək-zad bağlamısan.
Aşıq ilan çalmış kimi dik atıldı, başı toppuza oxşar yumru ağacını havada oynatdı.
– Kimliyinə baxmaram, başını əzərəm. Mənim göbəyimdə sənin nə işin var? Oğraş!!!
Fətullayev kağız kimi ağardı və əlini onaçılanın qoburuna uzatdı. Onun heybətli və vahiməli səsi divarda cingildədi.
– Aparın, Acı Dərəyə qədər. Onda ağlı başına gələr.
Yoldaş Fətullayevin əlləri əsdi. Ayağa durub pəncərənin önündə dayandı. Xondulu aşığı aparandan sonra da xeyli özünə gələ bilmədi. O bu tərəfin camaatının sərt və köntöylüyünü bilirdi. Bilirdi ki, bunlar yeri gələndə sözlərindən dönmür, ölümdən belə çəkinmirlər.
Keçən il bu kəndə gələndə Ömər koxanı yanına - idarəyə çağırtdırmışdı. Xondulunu onun dalınca göndərmişdi. Ömər koxa demişdi ki, böyük kiçiyin ayağına getməz, kiçik böyüyün ayağına gedər. Nə olar mərkəzdən gələndə. Yoldaş Fətullayev məcbur olub qocanın ayağına gəlmişdi.
Ömər koxa eyvanda taxtın üstündə oturub çay içirdi. Fətullayev içəri girəndə yerindən tərpənmədi. Taxtın aşağı tərəfində ona yer göstərdi. Yoldaş Fətullayev birbaşa mətləbə keçdi.
– Niyə şikayət eləmirsən, a qoca?
Ömər koxa hirslə stəkan nəlbəkini geri itələdi və qonağın üstünə sərtləndi:
– Əvvəla ədəbli ol. Qoca sənin atandı. Mənim adım var. Sonrası da odur ki, məndən nə şikayət istəyirsən?
Fətullayev dirçələn kimi oldu.
– Nəvəni öldürəndən. Gül kimi oğlanı qanına qəltan eləyiblər, siz də susub baxırsınız. Bəs onun qanı yerdə qalacaq? Hayıf almayacaqsınız?
– Bala, sən buraya ayran içməyə gəlibsən, yoxsa ara qarışdırmağa? Get özünə peşə tap. Ölən də mənim uşağımdı, Öldürən də. Burnunuzu hər yerə soxmayın.
– A kişi, onlar sinfi düşməndilər, müzür ünsürdülər. Onların kökünü kəsmək lazımdı.
Ömər koxa yavaşca ayağa durdu. Taxtdan düşdü. Fətullayev də yerindən durdu. Ömər koxanın nə deyəcəyini gözlədi. Ağsaqqal daxildən püskürüb gələn hirsini boğdu.
– Bizim tərəflərdə düşmən də olsa, qapıya gələn qonağa ağır söz deməzlər. Ona görə xətrinə dəymirəm. Yoxsa səni itlərin qabağına atıb didik-didik elətdirərdim. Necə gəlmisən, elə də çıx get bu evdən. Yoxsa axırı pis olar.
Fətullayev bunları yadına saldı və azacıq sakitləşəndən sonra, keçib yenidən sədrin yerində əyləşdi.
Qaybalı kişi Fətullayevin sakitləşdiyini gördükdən sonra öz həyəcanını güclə boğdu və kobud səslə soruşdu:
– Belə beyqəfildən gəlməyin xeyirdimi?
Fətullayev cavab əvəzinə bir azca ciddiləşib Qaybalı kişiyə göstəriş verdi:
– Kəndin firqəçilərini, cavan komsomolçuları bura çağır. Firqə özək katibi hardadır? Onu da tapdır.
Qaybalı kişi başa düşdü ki, Fətullayev buraya boş-boşuna gəlməmişdir. Nəsə mühüm bir məsələ var. Onun ürəyinə dammışdı ki, kəndin başı üstündə qara buludlar dolaşır.
"Allah özü axırını xeyirə döndərsin", - deyə ürəyindən keçirdi və bayırdakı milislərdən birini firqə özək katibinin dalınca göndərdi. -
Fətullayev yenidən üzünü Qaybalı kişiyə tutdu:
– Silahlı dəstən hazırdırmı? Neçə nəfərdirlər?
– İyirmidən çoxdurlar.
– Onlara da da hazır dayansınlar. Bəlkə lazım oldular.
Qaybalı kişi bu dəfə lap ehtiyatlandı.
– Qaçaq-quldur üstünə gedəcəyik, yoldaş Fətullayev?
Bu dəfə Fətullayev dinmədi. Böyründən asılmış çantasını çıxarıb stolun üstünə qoydu, oradakı möhürlü kağızlardan birini götürüb vərəqlədi.
İdarənin qapısı açıldı. Əvvəlcə kənd firqə özək katibi, sonra isə komsomolçular əllərində silah içəri girdilər. Bir azca da keçdi. Şura sədrinin otağı adamla doldu. İçərini tüstü-duman bürüdü.
Yoldaş Fətullayev hamının yığışdığını yəqin etdikdən sonra yerini rahatladı və gizli bir sirr açırmış kimi söhbətə başladı.
– Bu saat adamlarınızı göndərin kəndə gəlib-gedən yolları kəssinlər. Heç kəsi şənliyə buraxmasınlar. Bizim burdakı danışığımızdan heç kəs xəbər tutmamalıdır. - O, şinelinin yaxasını aralayıb nəfəsini dərdi. - Artıq rəhbərin dediklərinin vaxtı çatmışdır. Qolçomaqları bir sinif kimi ləğv etmək lazımdır.
İçəridəki yaşlı kişilərdən biri qəzetdən bükdüyü maxorka papirosunu bir-iki dəfə sümürüb kötüyü yerə atdı və astaca soruşdu:
– Bunu nə təhər eləyəcəyik, yoldaş Fətullayev?
– Çox sadəcə. Onları arabalara doldurub lazım olan yerə göndərəcəyik. Torpağımız müzür ünsürlərdən təmizlənəcək.
Qaybalı kişi söhbətin bu yerə gələcəyini gözləmədiyindən qəfil xəbərdən diksindi. Gözünün qabağına Çıraq uşaqlarını və Alqazaxlıları gətirdi. Hiss elədi ki, onların başında qaranlıq var. Amma özünü bilməməzliyə qoydu.
– Bizim kənddə də sinfi düşmən varmı, yoldaş Fətullayev?
– Var, özü də lap əməllisindən. İndi biz bu gün o düşmənləri kənddən rədd etməliyik. - Üzünü Qaybalı kişiyə tutdu. - Sən öz adamlarını kəndin Ağalıq hissəsinə göndər, qoy oranı əhatə eləsinlər.
Girmələrin, gəmi yollarının ağzını kəssinlər. Gəlib eləyən olsa, heç nə soruşmadan bir baş gülləyə tutsunlar.
Qaybalı kişi acı-acı gülmüsündü:
– Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb ki, meydana çıxsın?
Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi.
Keçəl Xondulu şax addımlarla yeriyib Fətullayevin yanında əyləşdi. Fətullayev arxadan kömək gəlmiş adam kimi Xondulunun üzünə baxdı və qətiyyətlə dilləndi:
– Bu iştərə özün başçılıq elə, uşaqları da götür Ağalıq tərəfə get.
Xondulu hər şeyi bilirmiş kimi heç nə soruşmadan ayağa durdu və həyətdə dayanmış silahlı komsomolçulara işarə etdi vo özü də atın belinə sıçradı. İçəridəkilər xeyli susdular. Fətullayevin sonrakı göstərişini gözlədilər. Fətullayev çantasından çıxardığı möhürlü kağıza xeyli baxdı və birdən ayağa durub şinelinin yaxasını düymələdi.
– Vaxtdır, gedək.
Bir azdan idarədən uzaqlaşan atlı silahlı dəstə kəndin Ağalıq şənliyinə tərəf üz tutdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-ix-fesil-1
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Semyonov üstünə göy mahud çəkilmiş iri yazı masasının arxasından durub küncdəki saata yaxınlaşdı. Jiletinin cibindən açan çıxardıb qapağını açdı. Adam boyda olan saatın iri kəfgiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı. Semyonov ağ siferblatın üstündəki naxışlı rəqəmlərə, qızıl suyuna çəkilmiş əqrəblərə baxdıqdan sonra zənciri dartdı. Elə bil saatın çıqqıltısı gücləndi. Əqrəbin böyük tayı on birin üstünə çatdı. Direktorun otağına hardasa, lap uzaqlarda çalınan kilsə zənginin səsini xatırladan bir danqıltı yayıldı. Bu səs bir neçə dəfə təkrar olub dalğalandı. Semyonov adəti üzrə döş cibindən gümüş saatını çıxardıb şaqqıltı ilə qapağını açdı və vaxtı yoxladı. Dalbadal vurulan zəngin dalğalı sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. Düz on bir tamamda hər iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı.Məktəbin həyatı bomboş idi. Hamı dərsdə idi. Sinif otaqlarının pəncərələri açıq idi. Müəllimlərə cavab verən tələbələrin yeknəsəq səsi eşidilirdi. Bu yeknəsəqliyi arabir müəllimlər kəsirdi. Onlar dərs söyləyən uşaqları dayandırıb nə isə soruşur, sonra özləri əlavələr edirdilər. Buradan, direktorun otağının qarşısındakı eyvandan hər şeyi görmək mümkün idi. Semyonov hava xoş olanda, elə indiki kimi, buradaca dayanar və yazı taxtasının önündə dərs söyləyən uşaqlara tamaşa edər, onların verdikləri cavablara qulaq asardı. Onun lövhədə məsələ həll edən riyaziyyat müəllimlərinin, ya da onlara cavab verən tələbələrin rəqəmləri tabaşirlə güllə kimi yazmasından xoşu gələrdi. O, tabaşir taqqıltısından xüsusi zövq alardı. Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi.
Dördüncü hissə, 10Qurğuşun kimi ağır və qatı bir qaranlıq qanad gərib seminariyanın üzərinə çökmüşdü. Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa bilmir, solğunlaşıb pəncərələrdə öləziyir, duman arxasında imiş kimi güclə görünürdü, Məktəbin həyəti bomboş idi. Pəncərələrdə titrəşən kölgələrdən başqa seminariyanın binasında canlılıq əlaməti yox idi. İnsanı qurğuşun kimi əzib, qüssə və kədərə qərq edən bu ağır sükutdan adamın qulağı güyüldəyirdi. Ancaq Petrov heç nəyə fikir vermədən bir kabus kimi sinif otaqlarının qabağında dolaşırdı. O hər şeyi bilmək, hər pıçıltını dinləmək və hər sözü eşitmək istəyirdi. O, bu dəfə adəti xilafına ayağını yerə astaca basır və çalışırdı ki, çəkmələri səslənməsin.Petrov xeyli dolaşdı, pəncərələrin önündə ayaq saxladı və nəhayət, müsəlman şöbəsinin otaqlarına yaxınlaşdı. Qapıların dalında ayaq saxlayıb içərini dinşədi və axırda Əşrəf oxuyan qrupun pəncərəsinə yaxınlaşdı. Özünü göstərməməyə çalışaraq, ehtiyatla içəri boylandı.
Dördüncü hissə, 11Axşam məşğələləri çoxdan qurtarmışdı. Tələbələr xörəklərini yeyib yataqxanaya getmişdilər. Uşaqların yatmasını xəbər verən zəng də çoxdan vurulmuşdu. Amma Dmitri Dmitriyeviç evinə getməmişdi. O, kabinetində təkcə oturmuşdu. Kipianinin tələbələrin gözü qarşısında həbs edilməsi, atlı kazakların axışıb seminariyanın həyətinə doluşması nəhayət, polis rəisinin özbaşınalığı onu hövsələdən çıxartmışdı. Onun icazəsi olmadan rəhbərlik etdiyi məktəbdə görülən işləri Semyonov pedaqoji təlimə zidd hesab edirdi. O, bir direktor kimi bu barədə Qafqaz maarif müvəkkilinə, eləcə də qubernatora raport göndərmiş və tələb etmişdi ki, bu cür özbaşınalıqlara son qoyulsun. Semyonov belə zənn edirdi ki, onun sözü eşidiləcək, hətta Kipianini də azad edəcəklər. Lakin o, tələbələrindən arxayın deyildi. Uşaqların əhvali-ruhiyyəsi onu yamanca narahat edirdi. Semyonov görürdü ki, tələbələr sarsılıblar, daha əvvəlki kimi dərslərə can yandırmırlar. Hətta müəllimlərin dərs deməsinə belə tez-tez mane olurlar. Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu işin səbəbini bilmək istəyirdilər. Hətta bir neçə dəfə gəlib Əşrəfin azad olunmasını belə tələb etmişdilər. Semyonov isə sözünün üstündə möhkəm dayanmış, bir direktor kimi verdiyi əmri geri götürməmişdi. Bu gün isə vəziyyət daha da ciddiləşmişdi. Uşaqlar Kipianinin ailəsini Qoridən sürgün olunması xəbərini eşidən kimi dərsi yarımçıq qoyub onun evini əhatə etmişdilər. Hətta xristian şöbəsinin tələbələri polislərlə savaşmışdılar. Onların bir neçəsi indi də qəza dəftərxanasının zirzəmisində dustaq idi. Bütün bunlar Semyonovu darıxdırırdı. O hiss edirdi ki, rəhbəri olduğu məktəbin sükanı əlinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir. İndi Semyonov adamlara ehtiyatla yanaşır, hər işi şəxsən özü yoxlamamış arxayın ola bilmirdi.Yarım saat bundan əvvəl növbətçi müəllim tələbələrin yataqxanada olduğunu və yuxuya getdiklərini direktora xəbər vermişdi. Hətta gündəlik qeydlər dəftərində də imza atıb evinə getmişdi. Semyonov isə bir qədər də gözləməyi, yatmağa getməzdən əvvəl yataqxanaın yoxlamağı qərara almışdı.
Dördüncü hissə, 12Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:
Стихи других поэтов
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Başına döndüyüm, a Şirvan əhliBaşına döndüyüm, a Şirvan əhli,Nə şəhər əhliyəm, nə də kənd əhli.
İnsan yalan danışırQara sözlə, ağ sözünYeri dəyişik düşür;