IX fəsil, 2
Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.
İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.
– Gedin, xəlvətcə əl-ayağınızı yığışdırın. Uşaqlara isti paltar götürün. Özünüz də qiymətli nəyiniz varsa, əlçatmaz, gözgörməz yerlərdə gizlədin. Özünüzü də elə aparın ki, guya heç nədən xəbərim yoxdur.
Gəlinlər dinməz-söyləməz qayınanalarının tapşırığını yerinə yetirdilər. Ertəsi günü sac asıb çörək bişirdilər. Xurcunlara yığdılar. Bir qarın yağ, bir motal götürdülər. Qışdan qalma qovurmanı xurcuna qoydular. Güllü xanım oğlu Şəmiddin güllələndikdən və Həsən ağanın qaçaqlara qoşulmasından sonra bilirdi ki, bu kənddə salamat yaşaya bilməyəcəklər. Düz on beş gün bundan əvvəl Ceyran çöldəki qoyun sürülərini, mal-qaranı, ilxını aparmış, "Bunlar daha kolxozundur" demişdilər. Güllü xanım nə edə bilərdi. Evdə başıpapaqlı qalmamışdı.
Fətullayevin dəstəsi gələnə qədər Keçəl Xondulu arabaları qoşdurdu. Güllü xanımın göstərişi ilə gəlinlər yükləri arabalara doldurdular. Bir-iki dəst yorğan- döşək, uşaqlara isti paltar götürdülər. Dünən bişirdikləri çörəyi xurcuna qoydular. Güllü xanım yaddan heç nəyi çıxartmamağa çalışırdı. Əli belində həyətin ortasında fırlanır, evlərinin ətrafını kəsdirən silahlı adamlara fikir vermirdi. Yoldaş Fətullayevin dəstəsi gələndə də halını pozmadı.
Gəlinlər köməkləşib bir kisə unu arabaya qoymaq istədilər. Bunu görən Keçəl Xondulu hirslə onların üstünə qışqırdı:
– Bu nədi?! Bəlkə çuvalları da arabaya dolduraq? Yaylağa zada ha, getmirsiniz?
Gəlinlər ona fikir vermədilər. Keçəl Xondulu yəhərin qaşından əyilib tüfəngin lüləsi ilə kisəni kənara itələdi. Ağ un ətrafa dağıldı. Güllü xanımın zəhmli səsi gəldi:
– Ə, a keçəl qurumsax, arvad-uşağın üstünə nə kişilənirsən?
– Ağzını təmiz saxla, ay qarı.
– Qarı anandır, bacındır. Mənim adım var.
– Bilirəm. Amma daha sənin xanımlığin getdi.
Güllü xanım götürə bildikləri şeyləri yığdıqdan sonra arabaya minməzdən əvvəl üzü Kürə baxan samanlığın üstünə çıxdı. Əlini belinə qoyub Kürün sahilinə enən yaşıllıqlara, əyri-üyrü cığırlara, suya enən qız-gəlinə tamaşa etdi. Körpəlikdən gəzib dolaşdığı bu yerlərin elə bil ətrini sinəsinə doldurub saxlamağa çalışdı. Su yolunda, yarğanların altında qızlarla deyib güldüyü günləri xatırladı. Ağalıq şənliyinin qızları Kürü üzüb o taya keçən, meşədən cır alma- armud yığar. Qara bulağın suyundan içib Kürdə çimişərdilər. Güllü xanım su pəriləri kimi çayda çimən, oxuyub zümzümə edən və öz bədənlərinin gözəlliklərinə heyran qalan bu qızların çox vaxt başçısı olardı. Bəzən saatlarla güllü-çiçəkli talaların ortasındakı palıd ağaclarının kölgəsində əyləşib qırqovulların, meşə xoruzlarının səsinə qulaq asmaqdan doymazdılar. Güllü xanım bir andaca xəyalən o günlərə gedib qayıtdı. Köksünü ötürüb qollarını sinəsində çarpazladı. Gözündə gilələnən yaşı sinəsinə axıtdı. Sonra həyətə düşüb astaca addımlarla eyvana çıxdı. Keçəl Xondulu ona acıqlanmaq, arvadı geri qaytarmaq istədi. Bunu gürən Qaybalı kişi hirsləndi.
– Ə, nə insafsız adamsan. Qoysana arvad ev-eşiyi ilə halallaşa.
Bəlkə bir də buraları görməyəcək.
Güllü xanım içəri keçdi. Bir-bir otaqlara baxdı. Divara vurulmuş xalılara, döşəməyə sərilmiş gəbələrə baxdı, yük yerinə yaxınlaşdı. Oğlanları gedədən sonra ayrıca saxladığı və hər axşam, hamı yatandan sonra gizlicə qoxuladığı ipək yorğan-döşəyi qucaqladı. O hər gün bu yorğan-döşəkdən balalarının qoxusunu alırdı, ətir saçan qoxusunu. İndi də elə elədi. Yorğan-döşəyi qucaqlayıb dönə- dönə öpdü, qucaqladı. Ürəyinə dammışdı ki, bir daha əli bunlara toxunmayacaq. Balalarının ətrini bir daha duya bilməyəcək. Birdən onu dəli bir ağlamaq tutdu. Yorğan-döşəyi qucaqlayıb çiyni qalxa-qalxa hıçqırdı. Sinəsinə dolmuş dərdi-qəmi göz yaşı ilə axıtdıqdan sonra yük yerindən aralandı. Bədənnüma güzgünün qabağından keçəndə özünü tanımadı. Bircə anın içində yumaq kimi büzüşmüşdü. Özünə toxtaqlıq verdi, üst-başını düzəltdi. Göz yaşını qurutdu. İstəmədi ki, düşmən onu belə sınğın görsün. Qapıdan çıxanda köksünü ötürdü və qurulu qoyub getdiyi evinə son dəfə baxdı.
Güllü xanım içəridə ev-eşiyi ilə halallaşana qədər bayırda at belində dayananlar öz ürəklərində hər şeyi bölüşdürmüşdülər. Onlar səbirsizliklə arabaların yola düşməyini gözləyirdilər. Güllü xanım özünü sındırmadı, şax addımlarla yeriyib arabaya çıxdı və əli belində ayaq üstündə dayandı.
Keçəl Xondulu da evin ətrafını dolaşdı və birdən gördü ki, Həsən ağanın balaca oğlu Söhrab təzə bir araba təkərini tövlənin böyründə gizlətmək istəyir. Atını birbaş onun üstünə sürdü. Uşağı qamçı ilə budarladı. Güllü xanım bunu gördü və əlini kəmərinin altında gizlətdiyi naqana uzatdı. İstədi güllələrin hamısını onun sinəsinə doldursun. Ani olaraq arabadakılara baxdı. İndi Alqazax uşağından başıpapaqlı qalmamışdı. Bu nəslin arvad-uşağnın ümidi təkcə ona idi. Nəsli başsız qoymaq olmazdı.
Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da görmüşdü. O, əvvəlcə zingildədi, qabaq ayaqları üstündə sürünə-sürünə arxadan onlara yanaşdı və birdən atın belinə sıçradı. Xondulunun boynundan yapışıb yəhərdən saldı. Sonra xirtdəyindən yapışdı.
Uşağın da öz tədbiri var imiş. Alan Keçəl Xondulunu atdan salan kimi axşamdan evin zirzəmisinə yığdığı neft tökülmüş ota od vurdu və qaçıb arabaya mindi.
Çıraqlıların arabaları çoxdan xır yolunda idi. Yoldaş Fətullayevin işarəsi ilə Alqazaxlıların köçü də xır yoluna yaxınlaşdı. Güllü xanımgilin evini birdən alov bürüdü. Ətrafdakılar özünə gələnə qədər yanan evlərin çatırtısı və tüstü qarışıq alovları göyə qalxdı. Evin ətrafını kəsən silahlı dəstə özünü itirdi. Yoldaş Fətullayev təlaşla köməyə adam çağırırmış kimi ətrafa boylandı.
– Xondulu hanı?!
Onu axtardılar və dərədə xırıldayıb son nəfəsini aldığı yerdə tapdılar. Gördülər ki, boğazında diş yerləri var. Ətrafa boylandılar və Alanın Kürə atıldığını gördülər. Onun arxasınca düşüb gülləyə basdılar. İt çayı üzüb cələyə keçdi. Sonra da çiləkənlərin arası ilə gözə görünmədən meşəyə adladı.
Ev çatırtı ilə yanıb söndü. Sürgün arabaları xır yolunun döngəsində görünməz oldular. Elə bu zaman meşədən ulartı səsi gəldi, acı bir ulartı. Bu, Alanın səsi idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-olen-dunyam-ix-fesil-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı. Milis işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı və barmaqları tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu. Balalarını dizinin üstünə almışdı. Düz iki gün idi ki, onlarla oynayırdı. Uşaqlar atalarının boynunu qucaqlayır, onun sinəsinə qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir qolu üstünə alır və uzun müddət onların körpə mışıltısına qulaq asırdı. İndi milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy uşaqları qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı.– Halay bəy, paltarını geyin, bizimlə gedəcəksən!
X fəsil, 3Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.– Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.
EpiloqDünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o biri əmin-amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu yaratdığı qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini əlində fırladıb qan çanağına çevirən Hitler meydana çıxdı. Onun qarşısında Stalin dayandı, Ruzvelt, Çörçil, Mao-Tsze-Dun və De Qoll siyasəti dünyada baş alıb yeridi. Biri o birinin əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkən bu cəza alanları günahsız müqəssirlər adlandırdı, salamat qalanları yerlərinə- yurdlarına qaytardı. Onlara kömək etdilər.Sibir meşələrində qohumlarını və nənəsi Güllü xanımı itirdikdən sonra qürbətdə tək qalan Söhrab sarsılmadı. Meşəlikdə, kəndin kənarında, balaca bir təpənin döşündə, nəhəng şam ağacının dibində dəfn edilmiş Güllü xanımın hər gün qəbri üstünə gedib ağlayar və and içərdi ki, oxumağından qalmayacaq. Gündüzlər meşəyə, böyüklərlə birlikdə ağac doğramağa gedər, gecələr isə axşam məktəbində oxuyardı.
Birinci hissə, 1Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.