Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.

Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:

– Hə, nə oldu, Əşrəfi buraxdılar?

– Yox.

– Niyə?

– Dedilər ki, əmr geri götürülməz.

– Biz onları məcbur edərik. Uşaqlar, geyinin, gedək birbaş direktorun evinə.

Firidun onlara mane oldu:

– Dayanın.

– Yenə təzə xəbər var?

– Sabah polislər məktabimizdə axtarış aparacaqlar.

Yataqxanaya bir anlıq sükut çökdü. Heç kəs dinmədi. Hamı bir-birinin üzünə baxdı.

– Qoy axtarsınlar, nə tapacaqlar?

– Necə nə tapacaqlar? – deyə Osman cavab verdi. – Bəhanə eləməyə nə var? Bir xəncər tapsalar, hay-harayları dünyanı götürəcək.

– Gəlin, belə eləyək. – deyə Firidun yoldaşlarını sakitləşdirdi,

– Kimin nəyi varsa, gətirsin, hamısını bir yerdə gizlədək. Sonra yenə götürərik. Xristian şöbəsinin uşaqları da belə məsləhət etdilər. Əvvəlcə kitablarınızı yoxlayın.

Uşaqlar çarpayılarından düşdülər. Hər kəs öz yerini yoxladı. Əllərinə keçən kitabları vərəqlədilər. Kim nədən şübhələndisə gətirib ortaya qoydu. Burada Puşkin də var idi, Füzuli də. Firidun da döşəyin altında gizlətdiyi kitabı çıxartdı. Hardansa bir sandıq tapdılar. Kitabları səliqə ilə ora yığdılar.

– Daha bir şeyiniz yoxdur ki?

– Var, – deyə Osman Əşrəfin döşəyinin altındakı xəncəri gətirdi. Sandığın içinə qoymazdan əvvəl tiyəni qınından siyirib baxdı. – Kürə çimməyə gedəndə lazım olurdu. Bir-iki dəfə şəhərdə köməyimizə çatıb. Özün bilirsən ki, adam hərdənbir yumruq davasına da çıxır. Firidun xəncəri alıb kitabların altında gizlətdi. Osmandan sonra bir-iki xəncər də gətirdilər. Hətta bir tapança da verən oldu. Sandığın ağzını bağladılar. Elə bu vaxt Aleksey Osipoviç içəri girdi. Uşaqlar dərhal çarpayıya uzanıb yorğanı başlarına çəkdilər. Aleksey Osipoviç heç nə demədi. Astaca addımlarla çarpayının arasını dolaşdı, açıq qalan dolabçaların ağzını bağladı, sonra Firidunun üzünə baxdı:

– Bir şey qalmadı ki?

– Yox.

Tələbə ilə müəllim bir neçə saniyə sükut içində dayandılar. Onların baxışları bir-birinə zilləndi. Bu lal danışıqla ürəklərindən keçənləri anladılar.

– Arxayın olun, cənab inspektor.

Pəncərə astaca döyüldü. Firidun alnını şüşəyə söykəyib bayıra baxdı. İvanla Luka onu gözləyirdi.

– Aleksey Osipoviç, icazə versəniz biz gedərdik.

– Bu şeyləri hara aparırsınız?

– Məktəbin yanında, hasarın dibində tut ağacı var, orada basdıracağıq.

– Yer hazırdırmı?

– Lukagilin adamları oradadırlar.

Uşaqlar başlarını yorğanın altından çıxardıb söhbətə qulaq asırdılar. Aleksey Osipoviç bunu duysa da, özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur.

Firidun astadan Osmanı çağırdı. Onlar köməkləşib sandığı götürdülər. Səs salmadan həyətə çıxdılar. Aleksey Osipoviç həyətdə onlardan aralandı:

– Sonra mənə məlumat verərsiniz.

Uşaqlar yataqxanadan aralandılar. Ay qərbə doğru əyilsə də, ətraf işıqlı idi. Evlərin kölgəsi yolların ortasına sərilmişdi. Uşaqlar nəzərə çarpmamaq üçün divarın dibinə qısıldılar. Bu minvalla bir-iki döngə keçib məktəbin hasarına yaxınlaşdılar. Birdən Luka ayaq saxladı. Bir kölgə küçəni sürünə-sürünə keçdi. Ayaq səsləri yaxınlaşdı. Uşaqlar nəfəslərini içərilərinə salıb susdular. İvan astaca dilləndi:

– Odur.

– Kimdir?

– Petrov.

– Nədən bildin?

– Çəkməsinin cırıltısından.

– Deyəsən izimizə düşüb.

– Bəs nə edək?

Osman sandığı çiynindən düşürüb Firiduna verdi.

– Siz işinizdə olun, mən onun öhdəsindən gələrəm.

Kölgə lap yaxınlaşdı. Uşaqlar bir az da divarın dibinə qısıldılar. Osman dəstədən aralandı və küçəni o taya keçdi. Petrov səs eşidib dayandı və Osman gedən tərəfə boylandı, sonra divarın dibinə sinə-sinə onu təqib etdi. Osman gah dayanır, gah da az qala yerə yatır, gah da bir anlığa işıqda görünürdü. Petrov da kölgə kimi onu izləyirdi. Firidun başa düşdü ki, Osman onu yataqxanaya doğru aparır.

Luka dilləndi:

– Dayanmayın, gedək.

Onlar yenidən yola düzəldilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 5

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

195711 мин
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

195713 мин
İkinci hissə, 7

Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?

195710 мин
İkinci hissə, 8

Molla Sadığın on iki kərənli uzun evi başdan-başa gəbə ilə döşənmişdi. Divar boyu döşəkcələr salınmışdı.Hər tərəf tərtəmiz süpürülmüş, tavandan asılan çırağın məftili elə bil qəsdən lap aşağıya endirilmişdi. Divara vurulan ala-bəzək kilimlərin tozu alınmış, künc-bucağın qurumu da təmizlənmişdi. Ev adamın üzünə gülürdü.

195716 мин

Стихи других поэтов