Страница 2 из 2 · 50%

– Qoca dayı...

Kişinin məyuslaşan sifəti birdən-birə canlandı:

– Nədi, bala?

– Heç yana getmə.

– Niyə ki?

– Bizi gözlə.

– Gözlərəm, dərdin alım.

Salatın yüngül addımlarla irəliləyib, cığırın ortasında onu gözləyən qızlara çatdı. Qoca kişi isə yüngülcə nəfəs alıb suvadağa endi. Bir xeyli xırdaca yumru daşları ayaqları ilə şaqqıldada-şaqqıldada sahillə, suyun axan boyu irəlilədi. Yarğanın kölgəsində çömbəltmə oturdu. Papağını çıxardıb dizinə keçirdi. Əlini qoşalayıb sərin sudan doldurdu və üzünə çırpdı. Yaş əlini qırxıq başına çəkdi. Kişinin çiynindən elə bil dağ götürüldü. Hər şeyi unudub suyun qırçın ləpələrinə, az qala dibindəki daşları belə görünən çayda sürü ilə üzüşən bıçqıl balıqlara baxdı. Bir az o yanda, qarşıdakı adacıqda yulğun kollarının arasındakı iydələr çiçəkləmişdi. Suyun üzünü qaysaqlandıran həzin meh kolları xışıldadaraq, çiçəklərin ətrini havaya hopdururdu. Adam az qalırdı bihuş olsun...

Kişi beləcə, su ilə oynaya-oynaya xeyli gözlədi. Gəmini o taya keçirməli olduğunu, geri qayıdan binələri bəri üzə addadacağını unutdu. Hətta sahildə nə üçün dayandığını, kimi gözlədiyini belə yadından çıxartdı. Kişi birdən-birə təbiətə məftun olmuş yeniyetmə cavan kimi hər şeyə diqqət yetirir, axar sulara, süzən quşlara, yaşıl don geyinmiş meşəyə baxmaqdan doymurdu. Qoca kişinin başı o qədər qarışmışdı ki, kənardaca dayanıb ona tamaşa edən qızının gəldiyini belə hiss etmədi. Salatının xəbərdarlığına baxmayaraq, bütün yolu tövşüyə-tövşüyə gələn, az qala evdən su yoluna qədər qaçan, cığırın kələ-kötür yerlərində tez-tez ayağı büdrəyən Güləsər atasını sahildə görən kimi daşa dönüb yerindəcə qaldı. Nə qədər çalışdısa da, addımmı ata bilmədi. Əgər Salatın yarğanın qaşından suya daş atmasaydı, bəlkə də onlar beləcə xeyli susacaqdılar. Lakin şappıltı kişini diksindirdi. O, xəyaldan ayrılıb ətrafına boylandı və Güləsəri gördü. Kişi ehmalca, sanki qarşısında dayanan bir xəyalın yox olacağından ehtiyat edirmiş kimi ayağa durdu. Papağının dizinin üstündən sürüşüb düşməsinin fərqinə varmadı. Dinməz-söyləməz qızına yaxınlaşdı. Kişi özünü itirdi. Onunla üzbəüz dayanan gəlinin öz qızı olub-olmadığına şübhə edirmiş kimi susdu. Güləsər arıq, qarayanız, açıq havada gəzdiyindən həmişə yanaqları və dodaqları qaysaq-qaysaq olan, nimdaş paltarlı, ayağı yalın, başıaçıq bir qız idi. İndi onun qarşısında dayanan gəlin isə ətli-əndamlı bir qadın idi. Belində iri gümüş kəmər var idi. Sinəsi atlaz koftanı dik tuturdu. Qırçınlı uzun ipək donu topuğuna qədər enir, az qala ayaqqabığının üstünü örtürdü. Yaşıl yelənli qara kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Qızın qulağındakı qızıl sırğalar boynundakı damarların zərifcə vurmasına uyğun olaraq titrəyirdi. Zil qara saçı ortadan ayrılmış Kişi duruxdu. Nə qədər çalışdısa da, əvvəlki Güləsəri xəyalından çıxarda bilmədi. Azca buxaq bağlamış ağ bənizi, qolu bilərzikli bu gəlinin öz qızı olduğuna şübhə etdi. Arıq bir qızın ərə gedəndən sonra, az bir vaxtın içində bu qədər gözəlləşməsini kişi ağlına sığışdıra bilmirdi. Güləsər atasının yad bir adam kimi dayanıb boylanmasına dözə bilmədi. Qollarını açıb kişinin boynunu qucaqladı. Hıçqıra-hıçqıra atasının üz-gözündən öpdü. Onun damarları çıxmış əllərini yanağına yapışdırıb göz yaşı ilə islatdı.

– Qurban olum, ay dədə, nə yaxşı məni yadına saldın?

Kişi yalnız qızının səsini eşidəndən sonra dirçəldi. Güləsərin başını sinəsinə sıxıb, saçını sığalladı. Gözündən gilələnib süzülmək istəyən yaşını geri qaytarıb sinəsinə axıtdı. Susdu. Qızının da, özünün də sakitləşməsini gözlədi. Bir az əvvəl hiss etdiyi yadlıq yox oldu. Bərli-bəzəkli, telli-toqqalı gəlin gözünün qabağından çəkilib getdi, əvəzinə isə sinəsinə qısılmış dəcəl qızı Güləsər gəldi. Kişi onun titrək səsinin dəyişmədiyini, mışıltısının əvvəlki kimi doğma olduğunu duydu. Saçının qoxusundan, bədəninin ətrindən hiss etdi ki, onun qoynuna sığınan, həsrətini çəkdiyi doğma qızı Güləsərdir. O qətiyyən dəyişməyib, yenə əvvəlki kimi atasına mehribandır.

– Səni yaddan çıxartmaq olarmı, bala?

Onlar kənara çəkilib, yarğanın kölgəsində, daşların üstündə oturdular. Ürəkləri sözlə dolu olsa da, susdular. Bir az əvvəl başını sinəsinə sıxıb saçını sığalladığı qızını kişi təzədən diqqətlə nəzərdən keçirdi. Onun gözləri sanki bir az böyümüşdü. Dodaqları azca qalınlaşıb sulanmışdı. Sinəsi qabarıq idi. Kişi qızının yanaqlarının tozu silinmiş alma kimi allaşdığını, altı kölgələnmiş gözlərinin üstünə enən kirpiklərinin bir az da qalınlaşıb uzandığının fərqinə vardı. Hiss etdi ki, bu az müddətdə Güləsər bir az da yaşa dolub toxtamışdır. Kişi qızının gəlin olmasına, uşaqlıq dövrünü keçirib qadına çevrilməsinə inana bilmədi. Lakin o, başa düşürdü ki, Güləsər bir daha ayaqyalın, başıaçıq, taxılların arasında dolaşan qız olmayacaq, bir daha atasının qazına daxmasını silib-süpürməyəcək, bir daha geri, atası evinə qayıtmayacaqdır. O, əziz bir adamını əbədi itirdiyini indicə anladı. Nə edəcəyini bilmədi. Bilmədi ki, bu hala sevinsin, yoxsa kədərlənsin.

Güləsər atasının qəribə bir hala onu süzdüyünü hiss edib kəlağayını irəli çəkdi. Yanaqlarında qıvrılan saçlarını yığıb qulağının ardında gizlətdi. Kəlağayının ucunu sinəsindən aşağı salladı, ayağını yığıb uzun donunun altında gizlədi:

– Mənə niyə elə baxırsan, ay dədə?

– Heç özüm də bilmirəm, qızım, mənə nə olub. Danışmağa söz də tapmıram.

Yenə susdular. İndi də Güləsər atasını süzdü. Onun belinin azca əyildiyinin fərqinə vardı. Kişinin saqqalı daha da yuxalmışdı. Yanaqlarının almacıq sümükləri çıxmışdı. Həmişə qırmızı olan və yanaqlarındakı xırdaca damarları görünən bənizi solmuşdu. Gözlər elə bil şəffaflığını itirmişdi. Əyni-başı da tökülmüşdü. Alt köynəyinin yaxası qapqara idi. Üst paltarı didik-didik olmuşdu. Düymələr çözələnib tökülürdü. Qızın gözü yaşardı və başa düşdü ki, evdən gedəndən sonra atasının paltarlarını heç kəs yumamışdır. Güləsər birdən-birə sıxıldı. Özünün geyinib-kecindiyinə, atasınınsa yarımçılpaq vəziyyətdə olmasına görə xəcalət çəkdi. Görüşməyə gələrkən yaxşı paltar geyindiyinə peşman oldu. O, atasını sevindirmək, yaxşı gün görməsi ilə onun ürəyini açmaq məqsədi ilə belə etmişdi. İndi isə atasının birdən-birə tutulmasını görüb pərt oldu. "Bəlkə atam ürəyində məndən incidi? Biz nə gündəyik, bu nə kefdədir, deyə məni yamanladı? Bəlkə buna haqqı var'? Bircə dəfə onları yada salmamışam". Güləsər evə qayıdan kimi Şamxalın paltarlarından gətirib atasına verəcəyini xəyalından keçirdi. "Nə olar, Şamxal buna nə deyəcək? Biz ki, qohum olmuşuq. Atam öz kürəkəninin paltarını geyinməzmi? Şamxal istəməzmi ki, qayınatasının əyni-başı abırlı olsun? Qızını istəyən oğul gərək qayınatasının da qeydinə qalsın. Elə lap Çərkəz özü də. Adam qohum olur ki, qaynayıb-qarışsın, daha düşmənçilik eləmək nə üçün? İndiyəcən gərək çoxdan barışıqlıq olaydı. Məndə də təqsir var. Gərək Şamxalı başa salıb inadından döndərəydim. Aralar düzəlsə nə yaxşı olar! Atamın bizə ayağı açılar, gediş-gəliş başlayar. Fürsət tapanda mən özüm də evimizə gedərəm., paltar-palazlarını yuyaram, biş-düşümüz olanda onların payını saxlaram".

Güləsər əlini yaxasına apardı. Koftasının iç tərəfindən iynə-sap çıxartdı.

– Gətir tikim.

– Nəyi, qızım?

– Köynəyin düymələrini.

Qoca kişi gözünü qızından cəkib üzünə, düymələri çozələnmiş cırıq və çirkli köynəyinə baxdı. Balasını utandırdığındanmı, yoxsa övladı qarşısında ilk dəfə olaraq özünün yoxsulluğunu, abırlı paltar belə geyinə bilmədiyini, beləliklə də atalıq, insanlıq və nəhayət, kişilik qürurunun tapdalanmasından xəcalət cəkdiyindənmi, nədənsə azacıq qızardı. Hətta əlini yaxasına aparıb sinəni örtmək və alt paltarının cırıq-sökük yerlərini gizlətmək istədi. Həmşə Güləsərdən çəkinmədən paltarlarını yuyulmağa verən Qoca kişi indi öz qızından həya etdi.

– Lazım deyil, bala.

– Niyə, məndən utanırsan?

– Yox, bala, zəhmətinə dəyməz. Onsuz da əyinə alınası deyil.

– Soyun, heç olmazsa düymələrini bərkidim.

– İstəməz.

Güləsər Qoca kişinin etirazına baxmayaraq, mehriban və doğma bir adam ərkyanalıği ilə əlini atasının yaxasına uzatdı:

– Yaxşı, soyunma, ancaq düymələrini tikəcəm.

Güləsər kişiyə dinməyə imkan vermədən işinə başladı. O, qızının nəfəsini sinəsində duydu. Saçının qoxusu burnunu qıdıqladı. Güləsərin barmaqları onun yaxasını açdı. Bir az əvvəlki yadlıq və utancaqlıq yox oldu. Hər ikisi özünü sərbəst hiss etdi. Hətta Güləsər əvvəllər olduğu kimi gülüb, zarafata başladı. Atasının könlünü almağa çalışdı:

– Ağzına çöp al, ay dədə, sonra şərə düşərsən.

Kişinin dodaqları qaçdı:

– Şərə düşəsi vaxtım çoxdan keçib, bala, heç nə olmaz.

Güləsər düyməni bərkitdi. Başını aşağı əyib, dişi ilə sapı kəsdi.

– Paltarlarınızı kim yuyur?

– Heç kim, özümüz suya çəkirik.

– Çərkəz də?

Güləsərin təəccübünə cavan olaraq kişi qızına sataşmağı, əvvəllər olduğu kimi onu cinlətməyi lazım bildi. Gözünü qıyıb gülümsündü:

– Yəni sənin qardaşın Çərkəz məndən artıq kişinin oğludur, mən paltarımı özüm yuya bilərəm, o yox?

– Mən elə demək istəmirəm, ay dədə...

Güləsərin qaşları çatıldı. Atasının zarafatı cavabsız qaldı. Kişi özü də bunu hiss edib susdu.

– Çərkəz nə təhərdir?

– Pis deyil. – Qoca kişi qızının gözlərini yerə dikdiyinə nəzər yetirdi. Güləsərin alnını tor basmışdı. Yanaqları pörtmüşdü. – Amma səndən yaman yanıqlıdır.

– Məndə nə günah var?

– Orası elədir, amma bizi yaman yetim qoydun.

Güləsər bir istədi "Mən beş gün tez, beş gün gec, əvvəl-axır çıxıb getməliydim" – desin. Amma dilinin ucuna gələn sözü geri qaytarıb söhbəti dəyişdi:

– Bəs fikrin nədir, ay dədə, Çərkəzin əlini başına yığmaq istəmirsənmi?

– Dindirmək olmur, bala, mən də qalmıışam naçar.

Ata ilə balanın söhbəti nə qədər şirin olsa da, Salatın onları bir-birindən ayırmaq istəməsə də, suya enən qızları görəndə, şərtləşdikləri kimi Kürə balaca bir daş atmalı oldu. Güləsər işarəni anladı, atasının boynunu qucaqlayıb tələsik üz-gözündən öpdü:

– Qurbanın olum, ay dədə, incimə, mən gedim. Sonra Şamxal bilər. Bax sabah günortaüstü yenə də burada gözləyəcəm. Paltarlarınızı gətirin yuyum. Sənə xörək də bişirəcəm. Çərkəzin də payını gətirəcəm, eşitdinmi?

– Zəhmət çəkmə, qızım, heç nə lazım deyil.

– Qağamın canı üçün ölənəcən üzünə baxmaram, ay dədə, sözümü yerə salma. Gözlərinə qurban olum, sabah gəlməmiş olma. Sənə ayrı sözüm də var.

Qoca kişi qızın ürəyini sındırmaq istəmədi. Onun evə qəlbi nisgilli qayıtmasına qıymadı:

– Yaxşı, baxarıq.

– Baxarıq yox, mütləq gəl.

Güləsər ayağa durdu. Qoca kişi də qalxdı. Bayaqdan kənara düşüb qalan papağını yerdən götürüb çırpdı. Güləsər gözünün yaşını silib, səhənglərin yanında dayanan Salatına yaxınlaşdı. Qoca kişi birdən-birə uşaq kimi kövrəlib qızının yolunu kəsdi.

– Gəl səni bir də öpüm, bala, dünya ölüm-itim dünyasıdır.

Güləsər hıçqırığını güclə boğdu. Atasını dönə-dönə öpdü. Salatının da gözləri yaşardı.

– Gəl səni də öpüm, bala, Allah səni də nə arzulayırsansa, ona çatdırsın.

– Sağ ol, Qoca dayı.

Qızlar dikdiri aşıb gözdən itəndə sonar Qoca kişi üzünü qabarıb köpüklənən Kürün adacıqların başına dolanan uçurumlu-yarğanlı sahillərə, bir-birini qovub çiləkənlərə çırpılan dalğalara, bütöv ağacları belə qatlayıb ovxalayan burulğanlara baxdı. Gözünü aşağıda, başı az qala buludlara toxunan qayalıqların alt tətərfindəki girməyə doğru zillədi. Orada onu burulğanlı, köpüklü sular, birdə əlli ildən bəri birlikdə bərkə-boşa düşdükləri gəmisi gözləyirdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

I fəsil, 3

Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.

19954 мин
I fəsil, 4

Güllü xanım Çıraqlılar nəslini çox yaxşı tanıyırdı. Hələ bu evə gəlin gəlməzdən əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına salanda indi də başının tükü qarsıyıb yumağa dönür.Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-məhəllə dəyə tikmişdilər. Gün çıtdayan kimi sığirçılar mal-qaranı haylayıb örüşə aparırdılar. Qız-gəlin ise Noylu bulağın üstünə tökülür, əl-üzlərini yuyub sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, çay dəmlənir, stəkan-nətbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu.

19956 мин
I fəsil, 5

Qönçə xanımın birdən-birə ürəyi sıxıldı. İçəridə otura bilməyib yönü Kürə baxan evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, girmənin bərabərinə enən araba yoluna baxdı. Heç kəs görünmürdü. Hava qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı meşə vahiməli görünürdü. Arvad eyvandan aşağı endi, həyətin o başındakı samanlığın belinə qalxdı, əlini gözünün üstünə qoyub cığırlara baxdı. "Görəsən harda qaldılar? Heç belə ləngiməzdilər. Günün qulağı yaxmamış gəmini sallayıb girmədən nəri çıxardılar. Amma indi qaranlıq qarışınış, əl-ayaq yığışılmışdı. Onlardansa səs-səmir yox idi". Qönçə xanımın bədəni titrədi, ürəyi az qaldı sinəsindən çıxsın. "Mənə nə oldu? - deyə özü danladı - ağlıma gələni dağlara-daşlara". Geri qayıtdı. Başını qatmaq üçün içəri girdi. Sonra mis samovarı doldurub bayıra gətirdi, odunluğuna saldı, üstündən kıxmıq tökdü və alışana qədər gözlədi.Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki yanını basa-basa gəlib onların həyətindəki rus ağa dibində dayanmışdı. Hənirtiyə həyətə çıxan Qönçə xanım bir heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün işıltısinda burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli baxmışdı. Ələddin uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi.

19956 мин
I fəsil, 6

Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.

19959 мин

Стихи других поэтов