Страница 1 из 2

1

"Molla Nəsrəddin" jurnalının 14-cü nömrəsində qurşaqdan yuxarı iki adam surəti çəkilmişdir. Bunlardan birisi məhz ağzı ilə, o birisi başı ilə iş görən adamların şəkilləridir ki, onlara diqqət yetirməmək olmaz. Bu şəkillərin altında yazılıbdır: "Bədənin hansı üzvü işləsə böyüyər və qüvvət tapar". Bu sözlərin doğruluğu şəkillərdən görünür.

Hər iki şəkil çirkin, yöndəmsiz, bədtərkib və hətta nifrət gətirici şəkillərdir. Əgərçi bu surətləri çəkməkdən "Molla Nəsrəddin"in muradı başı ilə işləyəni ağzı ilə zəhmət çəkənə tərcih verməkdir, vəli bizim nəzərimizdə hər ikisi çirkindir.

Ağzı ilə işləyənin ağzı və çənələri, başı ilə işləyənin başı bədənin sair üzvlərinə nisbətən həddən ziyadə böyük və zorba çıxıbdır.

Əvvəlki xırdaca başlı və yekəqarın bir qisim balıq var, ona oxşayır, ikincisi Hindistan aclarına bənzəyir.

Bu cür adamların vücudu hər məkanda və zamanda olubdur və vardır. Bizim içimizdə başı ilə iş görənlərin ədədi az isə də, ağzı və dişləri ilə şöhrət kəsb edənlərin həddi, hesabı yoxdur.

Hər halda bədənin bir üzvünün böyüyüb əndazədən çıxması və sairlərinii kiçilib balaca və zəif olması bədəni yaraşıqdan salır, onu çirkin, görkəmsiz və nahəmvar eləyir. Bədənin gözəl, göyçək və xoşayənd olması münhəsirdir onun üzvlərinin mötədil, mütənəssiq və yek-digərinə uyğun və müvafiq olmağına.

Nəinki bir bəşər qisminin, hətta sair heyvanat və nəbatatın, bəlkə hər qisim məxluqatın gözəlliyi və qəşəngliyi onların vücudunu tərkib edən əza və hissələrin biri-birinə müvafiq, yaraşıqlı və mütənasib olmalarından ibarətdir. Həddən ziyadə yekəağız, yekəbaş, yekəqarın adama xoş gəlməyən kimi, həddən ziyada balaca baş, xırdaça gözlər, nazik və zəif əllər və ayaqlar da adamın nifrətinə səbəb olur. Heyvanat qismində dəxi bu eyblər müşahidə olunduqda insan onlardan nifrət edir, düyünlü, əyri və bədtərkib ağacları da adəm övladı xoşlamayıb, hər şeyin gözəlinə, xoştərkib, xoşəndam və xoş şəklinə meyl və rəğbət göstərir….

Mədhi-dilbər yazmaqda misli və bərabəri olmayan Molla Pənah Vaqif gözəlliyin bir nişanəsi olan zülfə hər bir şeyini bağışlayır:

Bağlamışam din-imanı zülfünə,
Mənim kimi heyran hanı zülfünə,
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.

Və lakin insanın gözəlliyi, zahiri məlahət və hüsnü lətafətdən ibarət olmayıb, onda ağıl və fərasətin mövcud olmağı dəxi əvvəlinci şərtlərdəndir. Zahiri gözəlliyi və hüsn-camalı kamala yetirən ağlın nuru və mərifətin ziyasıdır. Ağılsız və mərifətsiz gözəl məqbul və müstəhsən deyildir. Bir surət zahirdə nə qədər düzgün, eybsiz və qüsursuz olsa da, onda ağlın nuru təcəlli etməsə, kamal və mərifət asarı görsənməsə, o surət dilpəsənd, könülalıcı və fərəhgətirici ola bilməz. Habelə ağlın mənbəyi, fikir və fərasətin məzhəri hesab olunan gözlər zahirdə nə qədər göyçək və eybsiz olsa da, insanın qəlbini tərpədib diqqətini cəlb edə bilməz, vaxta ki, onlarda ağıl və şüur əlaməti görünməyə. Maral, əlik, ceyran qismi çox heyvanlar var ki, onların gözlərinin tərifi şairlər kəlamına düşübdür. Vəli həqiqət halda ahu qisim heyvanların gözləri nə qədər zahirdə göyçək olsa da, insana çəndan təsir edə bilmir, əzbəs ki, onlarda şuxluq yoxdur, ağıl, fitrət və cibilli asarı görünməyir və Vaqifin yazdığı əlamətlər--"fitnələr", "fellər" onlarda müşahidə olunmayır. Necə ki, şair deyibdir:

Qaynar gözlərindən, şux baxışından
Əcayib fitnələr, fellər görünür.

Bəs məlum olur ki, şairin sevdiyi qaynar gözlər o gözlərdir ki, ağıl və fəhmin əlaməti onda zahir olur və onların şux baxışından fitnələr və fellər görünür. Şairin sevdiyi şux baxışlı gözlərdir, ahunun zahirdə göyçək, amma həqiqətdə qəlbi-insanı hərəkətə gətirməkdə aciz olan qara gözləri deyil. Hükəma nöqteyi-nəzərincə hər bir camaat, hər bir qövm və millət təklikdə böyük bir cisim mənziləsindədir və bu cismi-əzimi təşkil və təsis edən əfradi-bəşər onun üzvləri məqamındadırlar.

Belə olan surətdə hər bir camaatın, hər bir tayfa və millətin şan və şərafəti, qüvvət və miknəti, dövlət və sərvəti filcümlə maddi və mənəvi salamatlığı, gözəlliyi və vəqü heysiyyəti münhəsirdir onları tərtib və təşkil edən üzv və ünsürlərin yek-digərinə mütənasiq və mütənasib olmasına və bunların sülh və ittifaq ilə səy və təlaş edib. Hər birinə müxtəss olan əmalı icra etməsinə. Necə ki, baş işləyib bədənin sair üzvləri hərəkətdən düşəndə və ya sair üzvlər işdə olub, baş işsiz və fikirsiz qalanda şəxsin bədəni çirkin olub işi düzgün getməz, habelə də bir millətin ünsürlərindən bir hissəsi müttəsil işdə və təlaşda olub qeyri bir hissəsi fəaliyyətdən düşsə, işsiz və hərəkətsiz qalsa, o millət nəinki zahirən çirkin, bədtərkib görünəcəkdir, bəlkə müruri-əyyam ilə mənən dəxi zəif, aciz və qüvvətsiz olub taqətdən və hörmətdən düşəcəkdir, şan və şərafətini bilmərrə itirəcəkdir.

Rübi-məskunun müxtəlif mərkəzlərində sükunət edən müsəlman millətlərinin mədəniyyət və fəzilət cəhətincə dalda qalmaqlarına, tərəqqi və təalada icz göstərməklərinə bais olan ümdə səbəblərdən birisi də onların hər birisinin təklikdə yarı hissəsi işdə və zəhmətdə olub, o biri hissəsi, tamam yarısı işsiz və şüğlsüz, dünyadan bilkülliyyə bixəbər halda yaşayıb qalmağıdır. Bu bədbəxt hissə aləmi-islamda ünas əhlindən ibarətdir.

Təlim və tərbiyədən məyus, hörmət və ixtiyardan məhrum qalmış müsəlman övrətləri qədim əsrlərdən bəridir ki, ciddi fel və hərəkətdən düşmüş, izzət və şərafətini itirmiş, hərəkətsiz və ölmüş bir üzv məqamındadır….

2

Neçə vaxt bundan müqəddəm "Hərəkətsiz hissəmiz" sərlövhəsi ilə "Tərəqqi"də yazdığımız bir məqalədə məzkur hissənin aləmi-islamda ünas əhlindən ibarət olduğunu şərh və bəyan etmişdik. Məqalənin axırında bu mətləbə daha da bəst verməyi vədə etmişdiksə də, vaxtında vədəyə əməl edə bilmədik. Möhtərəm oxucularımız əfv buyursunlar.

Necə ki, falic azarına mübtəla olan bir bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir, habelə aləmi-islamda da müsəlmanların bir nisfi ki, ibarət ola ixtiyarsız, elm və tərbiyəsiz biçarə arvadlardan, nisfi-digərinə böyük həml olub, onların tərəqqi etməyinə, elm və mərifət kəsb qılmağına mane olur. Həm əqlən və həm şərən arvadlar kişilərin bir şaqqası və dilimi olmağı mühəqqəqdir. Buna "innəmən nisau şəqaiqür ricali" hədisi-şərifi şahiddir.

Bu hədisdən anlaşılan budur ki, arvad kişinin misli və nəziri və yaxud nisfi-digəridir. Belə ki, kişi təklikdə naqis və yarımçıq bir vücuddur. Onun həddi-kamala yetişməyi bağlıdır nisfi-digəri məqamında olan arvadın vücuduna. Bunların hər ikisindən övlad törəyir və nəsil əmələ gəlir. "Bəqayi-insan, nizami-bəşər və nəzmi-dövran"--bu iki şaqqaların birləşib bir cildi-vahidə girməyinə bağlıdır. Burası dürüst təhqiq və təfhim olunandan sonra arvadların viqayeyi-hüquqları əmrində ehtimami-küllü göstərməlidir. Xüsusən, bizim əsrimizdə ki, hətta Avropa arvadları arasında dəxi böyük cünbüş və hərəkət var. Hər yerdə cəmiyyətlər təşkil edib, azadə arvadlar öz azadlıqlarına qane olmayıb, daha da artıq hüquq və ixtiyar kəsb etməyə çalışırlar. "Molla Nəsrəddin"in 29-cu nömrəsində "Bihəyalar" ünvanında yazılmış nazik işarəyə diqqət yetirilməlidir.

Rus şairlərindən məşhur Nekrasov bir kəlamında rus arvadlarının ixtiyarsız və fəna bir halda yaşamalarından bəhs edib, onların üç qisim bəd iqbalda və nəhs taledə yaranmaqlarını zikr qılır. Əvvəlinci bəd tale onların anadan kəniz və ixtiyarsız doğulmağıdır. İkinci bəd tale qul kişiyə arvad olmağıdır. Üçüncü bəd tale və qarabəxtlik qul anası olmağıdır və qul övlada pərəstarlıq etməyidir.

Burada Nekrasov rus arvadlarının fəna halını, icz və inkisar üzrə zindəganlıq etməklərini göstərmək ilə belə tamam rus millətinin ixtiyarsız qul olmalarını dəxi gizləməyibdir. Bəlkə kişilərin daha da artıcaq yaman halda dolanmaqlarını bəyan edibdir. Filhəqiqə "Qul kişiyə arvad olmaq, qul adama analıq etmək" ağır və məşəqqətli peşə isə də, hər iki surətdə həqiqəti-əmrdə qul olan kişi olur, arvad olmur.

Amma müsəlmanlıqda müsəlmanlar arasında hər üç surətdə qul və kəniz halında gün keçirən və ömrünü zay edən arvad tayfası olur. Anadan kəniz doğulur, ərə getdikdə ərinə kənizlik edir və həmişə ərinə və yoldaşına "ər" və "yoldaş" deməyib, "sahibim" deyir. Axırda tərbiyəsiz övladına ana olmayıb, kəniz olur.

Qədim zamandan bəridir ki, Azərbaycan türklərinin arasında arvadların halına məxsus onların öz dillərindən belə sözlər deyilir:

Qız idim, sultan idim,
Nişanlandım xan oldum.
Gəlin oldum, qul oldum,
Ayaqlara çul oldum!

Bu sözlərdən məlum olur ki, müsəlman arvadı ömründə beş-on il xoşbəxtlik və ağ gün görürsə, o da qızlıq əyyamındadır. Ona nişan taxılanda bir az vaxtda hörməti zahirən bir azacıq da artır. Elə ki, gəlin olur, qul olur və get-gedə hörmət və izzətini bilmərrə itirib, ayaq altına düşən çul və palas mərtəbəsinə tənəzzül edir. Başqa bir misalda arvadın dilindən bu sözləri eşidirik:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İranın oyanması

(İranda konstitusiya elan edilməsi münasibətilə)On il bundan əvvəl mən təsadüfən bir nəfər varlı iranlı ilə tanış oldum. O, öz ticarət işləri ilə əlaqədar olaraq İstambula gedirdi. Mənim tanışım İranın əsl oğlu kimi çox məlumatlı, əyləncəli və maraqlı bir adam idi. Mənim İran haqqındakı suallarıma cavab verərək, o ölkənin vəziyyəti haqqında müfəssəl məlumat verdi və öz vətəninin gələcəyi haqqında çox bədbin mülahizələr söylədi. Vaxtı ilə xoşbəxt və əzəmətli bir dövlət olan İranın ağır vəziyyətini qabarıq təsvir etmək üçün o, belə bir müqayisə apardı: dəmir yolu və hərəkət üçün başqa az-çox əlverişli nəqliyyat vasitəsi olmayan Ərəbistan yarımadasında susuz və həyat əsəri olmayan səhralarda uzun məsafələri yalnız dəvə karvanları ilə qət etmək mümkündür. Bəzən elə olur ki, karvandakı dəvələrdən biri taqətdən düşür və yolu davam etdirə bilmir. Belə hallarda sarvanlar yorulmuş dəvədən yükü götürür və yazıq heyvanı başlı-başına buraxaraq yollarına davam edirlər. Zira, təcrübə göstərir ki, yerə çökən dəvəni heç bir vəchlə ayağa qaldırmaq olmaz!

19065 мин
Köçərilərin övza və əhvalı

Əgər tarixə baxılsa və dilimizdə istemal olunan məsələlərə və atalar sözünə diqqət yetirilsə, biz Azərbaycan türklərinin bu axır vaxtadək köçəri halında zindəganlıq etməyi məlum olunar.Məşhur sayaçı sözlərində ev heyvanları bir-bir zikr olunur və bu sözlərdə heyvanların cümləsindən ziyadə tərif və tövsif olunan qoyun və keçidir; o heyvanlardır ki, tərəkəmə xalqının diriliyi və rahatlığı onların varlığına bağlıdır. Xüsusən gözəl və şirin dil ilə qoyunun qisim-qisim sifətləri tərif olunur.

190912 мин
Milli bayram

Budur, beş-altı aydır ki, hörmətli qonşumuz gürcü milləti artıq ciddi-cəhd, şövq və həvəslə böyük bir milli bayramlarının icrasına hazırlaşmaqdadırlar. Bu bayrama, demək olur ki, tamam millət hazırlaşır. Böyük, kiçik, arvad, kişi, xəvass və avam, müəllim və şagird, hər bir sinif və firqə, hətta mehmanxanalar və traktirlərdə qulluq edən lakeylər də milli bayramlarına hazırlaşmaqdadırlar. Bu bayram gürcülərin məşhur şairi Akaki Seretelinin əlli sənəlik yubileyidir ki, bu dekabrın 7-də artıq cəlal və təntənə ilə Gürcüstanın hər yerində icra olunacaqdır. O vaxt biz də "Tərəqqi"nin möhtərəm oxucularına cənab Seretelinin tərcümeyi-halından və asari-qələmiyyəsindən icmalən məlumat verərik. Burada ancaq gürcülərin bu ittihad və ittifaqı bizi bir yandan şad edib, bir yandan mütəəllim etməklə və dərin fikirlərə salmaqla qareini-girami aşna etmək istəyirik.Əlli sənə millətə xidmət eləmək, onun ürəyində gözəl və pakizə hissiyyatın doğub nəşv-nüma tapmasına səbəb olmaq, millətin keçəcək və istiqbalını, nicat və səadətini şairanə və ədibanə nəzmə çəkmək, əbnayi-millətin təlim və tərbiyəsinə, ruhani məişətinə qulluq eləmək, əlbəttə, böyük hünərdir. Əlli sənə millət balalarının beşiyini yırğalayıb onlara layla çalmaq, gözəl nağıllar demək, millət analarının qəlbində məhəbbət toxumu saçıb o məhəbbətlə Gürcüstanın yaralarını sağaltmağı mühəyya etmək, millət cavanlarının ürəyində qeyrət və fədakarlıq hissiyyatına pərvəriş vermək, millət əkinçilərinin ağır zəhmətini gözəl mahnılar ilə yüngülləşdirmək, əlbəttə, böyük və əvəzsiz qulluqlardır ki, bunların müqabilində nə qədər hörmət və ehtiram olunsa yenə də azdır. Bu qədər vəsfə gəlməyən xidmətlərin əvəzində hər bir maddi müavinət və ehsanatdan, hər qisim töhfə və hədiyyələrdən ziyadə şairi xoşhal və səadətmənd edən bir şey varsa o da millətin məhəbbətidir. Sereteli cənablarını bu bimisl səmimi və mənəvi töhfə ilə biz təbrik edə bilərik. Doğrudan da gürcü camaatının ürəyi şairə nisbət məhəbbət hissi ilə doludur necə ki, gürcü milləti sağ və salamatdır, onun adı dəxi xəyal ilə zində və baqi qalacaqdır. Budur, qonşularımızın hal-həyatda olan şair və ədibləri haqqında etdiyi ifayi-məhəbbət və müvəddət və izhari-sədaqət və xlusiyyət! İndi keçək ölmüş ədiblərinin üstə.

19085 мин
Məişətimizə dair

1İki sənə bundan müqəddəm yuxarıda qoyduğumuz sərlövhədə bir neçə məqalə möhtərəm "İrşad" ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. Sonradan bir para səbəblərin vüqui ilə ki, burada onların şərhinə ehtiyac yoxdur, yazmaqdan əl çəkdik. Bu müddətin ərzində aləmi-islamda çox böyük əlamətlər, fikrə gəlməyən inqilablar, xəyala sığışmayan vaqiələr zühur etdi. "Molla Nəsrəddin" məzəlikcə söylədiyi sözlər və istehzalar, yəqincə yazdığı xəbərlər eyni ilə nəticə verdi. İranda "bomba" sədası eşidildi, "zabastovka" xəbəri çıxdı və buna səbəb cənnətməkan Müzəffərəddin şahın verdiyi hürriyyətin geri alınması, məclisin qovulması oldu. Bu yolda böyük iğtişaş və inqilabçılar törədi və əlan iğtişaş yatmayıb, gələ-gələ artmaqdadır. İranın gələcəyi nə olacaq?...

190814 мин

Стихи других поэтов