Страница 2 из 2 · 50%

Qorxunun şiddətindən və vahimənin təsirindən əvvəlcə Bobçinski və Dobçinski və onların dalınca şəhərin tamam çinovnikləri Peterburqdan gəlmiş cavan Xlestakovu ki, xırdaca bir çinovnik imiş, revizor hesab edirlər. Xlestakov isə yolda pulunu uduzub, burada cibləri boş qastinsada əyləşib qalıbdır. Qastinsaçı ona yemək də verməyir və biçarənin aclıqdan qarnı quruldayır. Qoqol Xlestakovun tipini, yəni onun nə qisim adam olduğunu artıq məharətlə təhrir etmişdir.

Xlestakov özünü öyən, fikirsiz, yalan danışan, acığı tez tutub tez də soyuyan, israf xərc edən, dəqiqədə sözünü dəyişdirən, başda söylədiyi ilə ortada və ayaqda söylədiyi düz gəlməyən və biri-birinə zidd olan, arsız və qeydsiz və imsalı hər yerdə görünən bir cavan idi ki, hər kəs olsaydı, əvvəl dəfədə onun boş və yüngül bir vücud olduğunu dərk edə bilərdi.

Amma nə eyləmək, qorxu yaman şeydir, qorxudan bunların hamısının gözlərinə pərdə çəkilir və özlərini itirirlər. Qalabəyi kimi pürfən, mühil və hərraf adam tora düşür, Xlestakovun boş və ağılsız olduğunu anlamayıb, onu məxfi təyin olunmuş revizor sanır və beləliklə, çaşıb, əql və tədbirini itirir.

Qalabəyi Xlestakovu mehmanxanadan artıq ehtiram və təntənə ilə öz evinə gətirir. Burada nahardan sonra şərabın təsirindən ağzına gələn hədyanı söyləyir. Guya o, Peterburqda əvvəlinci adamdır, o olduğu balda və qonaqlıqlarda ancaq vəzirlər və generallar olur. Bu ziyafətlərdə süfrəyə elə qarpız gəlir ki, qiyməti yeddi yüz manatdır. Sup qazanlarda düz bir [başa] Parijdən paraxodlarda gəlir, qazanın ağzını açanda ətri hamını valeh edir. Onun preferans yoldaşları Firəngistan, Almaniya və İngiltərə səfirləri və bir də ümuri-xaricə vəziridir. Hər səhər hələ o yuxudan durmamış onun qapısında qraflar və knyazlar arı kimi vızıldaşırlar. Bir kərə ona departamentin direktorluğunu təklif etdilər, amma o qəbul eləmirdi. Bu barədə ona hər tərəfdən elçi və minnətçi saldılar, kuryerlər dalbadal gəlib gedirdi, belə ki, tək kuryerlərin hesabı otuz beş minə çatmışdı. Məşhur Puşkin onun yaxın dostudur və onun özü dəxi adlı və hörmətli ədiblərdən birisi hesab olunur.

Çinovniklərdən heç biri bu sözlərin hədyan və başdan ayağa yalan olduğunu anlamayıb, bu hədyənatı eşitdikcə dəxi də artıq qorxuşurlar və canlarına titrətmə düşür, əl-ayaqları əsə-əsə ona pul verirlər. Xlestakov qızışıb deyir: "Mənim hökmlərim dəfətən cari olur!" Doğrudan da, bir tərəfdən qalabəyidən pul borc alır, digər tərəfdən sövdəgərlərin şikayətinə qulaq asıb hiddətlə deyir: "Mən onu qulluqdan qovaram!" Bir tərəfdən qalabəyinin arvadına aşiq olur, digər tərəfdən qızına elçi düşür və axırda özündən ağıllı və tədbirli olan nökəri Osipin məsləhətinə qulaq asıb oradan gedir.

Qalabəyi və sair çinovniklər çox sevinib şad olurlar ki, revizoru razı eləyib yola saldılar. Hamıdan artıq qalabəyi sevinir ki, qızını revizora namizəd etməklə belə böyük və möhtərəm Peterburq çinovniki ilə bir qohumluq əlaqəsini bağladı. Şəhər əhli onun evinə cəm olub, hərə bir növ onu təbrik edirlər və gələcəkdə onun uca mərtəbəyə yetişəcəyini şadlıq ilə xəbər verirlər. Bu hində poçt naçalniki Şpekin daxil olub, məclis əhlinin kefini pozur. Bu cənab Xlestakovun yoldaşına yazdığı kağızı xəlvət açıb oxuyub və ondan bilib ki, Xlestakov əsla revizor deyil və kağızında onların səfahətinə gülür.

Məclis əhli əvvəlcə Şpekinin sözlərinə inanmayır və qalabəyi qeyzlə onu təhdid edib deyir ki, sən nə cürət edib belə bir böyük adamın haqqında bu gunə iftiraları söyləyirsən, o mənim yeznəmdir. Bu gunə zarafatlar sənə nəf gətirməz. Bu sözlərin müqabilində Şpekin Xlestakovun kağızını başlayır oxumağa və əhli-məclis bir-bir özlərinin övsafi-zəmimələrini oxuduqda qızarıb bozarırlar. Amma bununla belə şübhədən dəxi çıxırlar. Qalabəyi Xlestakov kimi axmaq və yelbeyinin birisinə aldanmağına tab gətirə bilməyib, acığından az qalır dəli olsun. Bu halda qapı açılıb jandarma daxil olur və həqiqi revizorun Peterburqdan gəldiyini və onları öz hüzuruna bilatəxir tələb etdiyini xəbər verir. Bu dəhşətli xəbərdən əhli-məclis mat və məbhut qalır.... Burada pərdə salınır.

Qoqolun bu komediyası əvəzsiz bir əsərdir ki, həmişə həyat üzrə baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, Dobçinski-Bobçinskisi, xüsusən Xlestakovu necə ki, Rusiya dövləti vardır, onlar da sağ və salamat qalacaqlar.

Əlli sənə bundan əvvəl Qoqol yazdığı komediyanın eynini bu halda bizim Qafqazın çox yerlərində müşahidə etmək olur. Onun ədibanə vəsf qıldığı rüşvətxor, tamahkar, tənbəl, bacarıqsız, öz vəzifəsini anlamayan, camaata zülm edən və həməvaxt öz nəfslərini güdən çinovniklər ilə bizim uyezdlər və mahallar doludur. Bizim çinovniklərdən bəzisi atbaz, bəzisi itbaz, kimisi ovçu, kimisi rüşvətçi, kimisi fəsadçıdır, amma həqiqi qulluqçu olanları azdır.

Qoqolun təbiət və xasiyyətində hər bir şeyin künhünə göz yetirmək, mahiyyətinə baxmaq və hər bir şeyin gülünc tərəfini və istehzaya layiq səmtini görüb-göstərmək vardır. Rus ədiblərindən heç biri Qoqol kimi adamların üstə elə zərifanə gülmür və oxucuları güldürmür. Qoqolun gülməyi qəribə bir gülməkdir. Bizim məişətimizdə gülünc, gülməli və rişxəndə səbəb olası ayin-adətlər, müxtəlif işlər və əməllər, danışıqlar və söhbətlər çoxdur. Amma bunların hamısının üzünə adamların falşivi rəftar və əlaqələrindən toxunmuş bir pərdə çəkilibdir ki, hər adama onun alt tərəfini görmək qüdrət və qabiliyyəti verilməyibdir. Qoqol isə pərdənin altını açıq görür və onu zərifanə qalxızıb, altında olan əcayibat və qəraibata baxıb, naziganə gülür və bizə göstərib, bizi də güldürür.

Qoqol zatən psixoloq yarandığı üçün adamların boşluğunu, səfahət və həmaqətini, büxl və həsədini, zülm və şərarətini görür və bunu da görür ki, onlar nə növ zahiri əda və hərəkatları ilə istəyirlər qeyriləri aldatsınlar və özlərini ağıllı, tədbirli, səxavətli, insaflı və mürüvvətli göstərsinlər. Adamların bu ikiüzlülüyü, bu saxtakarlığı, bu hiyləsazlığı Qoqola gülünc gəlir, o gülür və bizim gözümüzü də həqiqət hala açıb, bizi də güldürür. Amma Qoqol acı və ürək yandırıcı gülüş ilə gülür. Zahirdə güldüyü adamların halına batində ağlayır və bu barədə o yazır: "Aləmin gözünə görsənən gülməyimin altından nəzərə gəlməyən göz yaşım axır....".

Necə ki, "Revizor"da, habelə də "Fövt olmuş nüfus"da Qoqol məişətin qaranlıq tərəfini, zülmət və cəhalətlə dolmuş hissəsini yazıb göstərir. Puşkinin təbi durbinə, amma Qoqolun təbi zərrəbinə təşbih olunubdur. Puşkin durbin kimi məişətin uzaq yerlərini və gözəl mənzərələrini işıqlı və qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında olan və gözün önündə, şişənin altında tərpənən nifrətəngiz həşərat və mikrobları böyüdüb göstərir. Qoqol belə rəvayət edir ki, "Ölmüş nüfus"un əvvəlinci bablarını Puşkinə oxuyanda o, fikrə getdi. Onun bu halına təəccüb etdim, çünki o həmişə mənim yazdıqlarıma qulaq asanda gülürdü. Amma indi mən oxuduqca o bikefləndi və axırda bilmərrə rəngi tutuldu, mütəğəyyiri-hal oldu. Mən oxumağı qurtardım. O, ürəkdən bir ah çəkib dedi: "Pərvərdigara! Bizim Rusiya nə pürğəm və pürməlal məmləkətdir!".

Bizim ədiblərimizdən mərhum Mirzə Fətəli Axundov asari-qələmiyyəsi ilə Qoqola çox bənzəyir. Mirzə Fətəli dəxi öz komediyalarında xəyalat gücü ilə və savad zoruyla bir şey yaratmayıb, hər nə yazıbsa, dolanacağımızın eynindən və məişətimizin övzai-əhvalından götürübdür. Mərhum Mirzə dəxi zahirdə yazdıqlarının üstə gülürsə də, batində ağlayır və həqiqətən bir az dərin fikir etsək görərik ki, onun Molla İbrahimxəlili, Hacı Qarası, Hatəmxan ağası, Tarıverdisi, Ağa Mərdanı və qeyriləri yazıq və bədbəxt adamlardır ki, onların halına gülməkdən isə ağlamaq lazımdır.

[Ruslar] büsat açıb cəşn və bayram edir. Bu böyük milli bayram ilə biz dəxi rus ədiblərini və rus millətini təbrik edib onların qədrşünas olmaqlarına təhsin oxuyuruq.

Aya, Mirzə Fətəli Axundovun yüz illik yubileyi də bizim yadımıza düşəcəkdirmi və bizdə dəxi millət hissi və milliyyət damarı ayılacaqdırmı, biz də öz ədiblərimizin şan və şərəfini, qədr və qiymətini dərk edəəyikmi?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mirzə Həsən "Mirzə" təxəllüs

Qüdsiyi-cənnətməkanın müasirlərindən Qazax şairləri Mustafa ağa Arif və Kazım ağa Salikdən başqa Qarabağ xanlığında dəxi bir neçə xoştəb şüəra var imiş ki, onların isimləri atidə zikr olunur.Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş.

19254 мин
Mirzə Hüsen "Zülali" təxəllüs

Mirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:Qəzəli-Mirzə Hüseyn Zülali:

19251 мин
Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüs

Kazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə "Fədai" təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeynində ülfət və məvəddət olduğu biri-birinə yazdıqları əşardan görünür.Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağaya yazdığı bir kağızından məlum olur:

19251 мин
Molla Qasım Zakir

Şəki şairlərindən Mirzə Fətəli Axundovun və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasım fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır.Molla Qasım Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi-təvəllüdü məlum deyil. Təlim və tərbiyəsi Nuxada atası Molla Muradın təhti-nəzarətində olubdur.

192511 мин

Стихи других поэтов