Rusların məşhur ədibi və timsalnəvisi Krılov "Ağacın yarpaqları və kökləri" adlanan bir timsalında yazır: "Baharın gözəl bir günündə ağacın yarpaqları səhraya kölgə salıb, sabah yeli ilə şirin söhbət edirdilər və özlərini tərif edib zəban-hal ilə səbadan sorurdular: Məgər bu səhranı ziynətləndirən və ağacın özünə hüsn və lətafət verən biz yarpaqlar deyilik? Əgər biz olmasaq, ağac nəyə bənzər və özümüzü tərif etməkdə məgər bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı sürüsü ilə günün istisindən saxlayan və onlara rahatlıq bəxş edən? Biz deyilikmi qızları və gəlinləri öz sayəmizin altına rəqsə gətirən, biz deyilikmi sübhlər və axşamlar bülbülü şövqə və həvəsə gətirib, ona gözəl nəğmələr oxutduran və sən özün, ey səba, müttəsil bizimlə olurdun, bir dəqiqə bizdən ayrı qala bilərsənmi?

Bu sözləri eşidib, yerin altından ağacın kökləri həzin səslə dedi: Bizi də bir yada salıb razılıq etsəniz nə olur? Yarpaqlar qeyz ilə cavab verdilər ki, siz kimsiniz, sizin nə cürətiniz var ki, bizimlə belə küstaxanə mükalimə edəsiniz? Ağacın kökləri dedi: Biz onlarıq ki, burada yerin altında qaranlıqda dolanıb sizi bəsləyirik və ağaca qüvvət və dirilik veririk. Biz onun rişələriyik. Sizinlə bizim təfavütümüz bundadır ki, sizin ömrünüz bir sənəlikdir. Hər yazdan yaza siz təzələnərsiniz. Amma biz həmişə qaranlıqda işləyib sizə həyat veririk! Əgər biz olmasaq nə ağac səlamət qalar və nə də sizdə bu lətafət və təravət olar".

Bu timsalı burada zikr etməkdən muradımız budur ki, bizim müsəlmanların nücəba və əhli-kəmalı öz kökləri və rişələri mənziləsində olan rəiyyət tayfasını, əkinçi və cütçü qardaşlarını unudub, bilmərrə onların qeydinə qalmazlar. Və hətta biz onlara bir növ nifrət və həqarət gözü ilə baxıb, onları xar və zəlil tuturuq. Mayeyi-həyatımız və səbəbi-eyşü zindəganımız olan ziraət əhlinə "qara rəiyyət" adı qoyub, onlardan özümüzü kənar tuturuq və onlar ilə ülfət və mülaqat etməyi kəsri-şanü şərafət hesab edirik. Ancaq öz zahiri kamal və tərbiyəmizlə, nəcabətimizlə, təzə modada tikilmiş libasımızla və müzəyyən və münəqqəş otaqlarımızla iftixar və sərkəşlik edib, qaranlıqda qalan cəhl və nadanlıq cəngində zar və zəbun olan qardaşlarımızın dad və harayına yetişmirik. Bu sayaq onları özbaşına və öz halına qoyduğumuza görə onlar da gün-gündən cəhalət dəryasına qərq olmaqdadırlar, icz və zəlalətləri şiddətlə artıb çoxalır, dəmbədəm, saatbasaat tənəzzül etməkləri müşahidə olunur. Yüz sənə bundan əqdəm nə halət və nə dərəcə istitaətdə vardısalar, indi də o halda müstəhkəm durublar. Müddəti-mütəmadi bir halda qalmaqlıq dəlili-tənəzzüldür. Çünki bu müddətin ərzində sair əqvam və miləl kəmali-sürətlə irəli gedib, bizi geridə qoyublar. Bizim müsəlmanlar isə bir nöqtə üstündə sabitqədəmdirlər.

Elm və maarif kəsb edənlərimizin ümdə arzusu özlərini şəhərə salıb, isticə və mənfəətli qulluq tapmaqdır. Kəndlərimizdə əcəlsiz, dərmansız və müalicəsiz ölənlərin həddu hesabı yoxdur, nə əczaxana, nə mərizxana və nə elmli həkim və cərrah gözə dəymir.... Ətfali-müslimin tərbiyəsiz və elmsiz qalıb ataları və babaları kimi dünyadan bixəbər, vəhşət və zülmət içrə zindəganlıq edirlər. Üləmalarımız və vaizlərimiz şəhər zindəganlığını kəndlərdə avam dehqanlarla müaşirət etməyə tərcih və təfəvvüq qılıb, öz nəf və xeyirlərinə və əmn-asayişlərinə xələl yetirməzlər... Cavan müəllimlərin əksəri ki, darülmüəllimində kəsbi-maarif ediblər, bir sənədən artıq kənddə qalıb müəllimlik etməzlər və qaranlıqda qalan qardaşlarını ziyalandırıb, gözlərini açmağı özlərinə borc bilməyib, yüz cürə vasitələrlə onların içindən çıxıb qaçmağı və özlərini şəhərə salmağı böyük hünər bilirlər. Ali mədrəsələrdə ki, ibarət ola universitetdən, qisim-qisim institutlarda və akademiyalarda ikmali-təhsil edənlərimizin heç birisi özünə bu əskikliyi və həqarəti qəbul etməz ki, gedib kəndlərdə cəhl və nadanlıq qaranlığında qalan din qardaşlarını qəflət yuxusundan oyatsın və öz elm və mərifəti ilə onları da nurlandırsın. Universitetin axırıncı kursunda elm təhsil edən dövlətmənd bir ağazadə ilə millətimizin geridə qalmağı barəsində söhbət edirdim. Əsnayi-göftüguda ondan soruşdum ki, universiteti qurtarandan sonra niyyətin harada qulluq etməkdir? Cavab verdi ki, harada pulu çox versələr, orada. Cavani-məzbur əgər ki, ibtidai-kəlamda vətənə xidmət etməkdən və millətpərəstlikdən dəm vururdu, amma burada öz ürəyinin əsil niyyətini bilaixtiyar izhar elədi. Və filhəqiqə haman cavan əlan Bakı milyonçularının birisinə xidmət eləyir. Bəli, qızıl-gümüşün qüvvəyi-cazibəsi müqabilində heç bir əfkari-aliyəmiz tab gətirə bilmir. Təəccüb budur ki, hansı bir ziyalı və mədəniyyətli müsəlman qardaşı dindirirsən ahi-cigərsuz ilə deyir: "Millət əldən getdi, dinimiz puç oldu, sair tayfalar bizi qoyub irəlilədi. Gərəkdir çalışaq, gərəkdir rahatlığı özümüzə haram edək, milləti oyadaq, onun uğrunda can və maldan keçək, ona tərbiyə verək, elm nuru ilə onu işıqlandıraq" və bu qisim laf-kəzafdan dəm vurub boşboğazlıq edirlər.

Amma həqiqətdə heç biri öz şəxsi mənfəətlərini millət xeyrinə fəda etmir. Axırda baxırsan ki, yenə "qara rəiyyət"i öz fəna və pürməlal halları üzrə buraxıb, özlərini şəhərə salırlar. Qaranlıqda qalanlarımız dəxi kor-korana bir-birini tapdalaya-tapdalaya zülmət içrə heyran və sərgərdan qalırlar.

Mordəra mordə key konəd bidar?[1]

[1] Tərcüməsi: Ölünü ölü necə oyadar?

Tiflisdə sülh məclisinə daxil olan ərbabi-kəmal vəkillərimiz bu halı nəzər-diqqətə alıb, ümumi Qafqaz müsəlmanına məccanən təlim və tərbiyə vermək məsələsini meydani-müzakirəyə qoymuşlar və əsnayi-müşavirədə bu məsələ cümlənin diqqətini cəlb edib. Qonşularımız erməni vəkilləri dəxi bu barədə bizim vəkillər ilə müttəfiq və müttəhid olublar.... Ümidvaram ki, bundan sonra qaranlıqda qalanlarımız üçün dəxi işıq, nicat və səadət yolu açıla və bəlkə bundan sonra ikmali-təhsil edənlərimizin qəlbinə dəxi bir həqiqi məhəbbət düşə ki, qaranlıqda qalanlarımızın nicat və səadəti yolunda can-dildən sərfi-hümmət edələr.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İbrahim Əfəndi Nicati

Nuxa şəhərində nəşvü nüma tapıb təlim və tərbiyə almış şuəradan birisi də mərhum İbrahim əfəndi ibn Mustafa əfəndi olubdur ki, Mirzə Fətəli Axundovun və Kərim ağa Fatehin müasiri imiş. Səhih məlumata görə, İbrahim əfəndi hənuz tifl ikən valideyni ilə məən Qazax mahalından mühacirətən Nuxa şəhərinə gəlib orada sükunət edərmiş. Onun abavü əcdadı ruhani olublar.Belə rəvayət olunur ki, İbrahim əfəndi iyirmi beş sinninə çatınca zərgərlik edərmiş və o vaxta kimi bisavad imiş. Bir dəfə ona kağız yazdırmaq lazım olubdur və bu işdən [ötrü] əhli-savad bir şəxsin himmətinə rücu edibdir. Məzkur şəxs naməni yazdıqdan sonra ona bir növ töhmət izhar edibdir ki, sənə eyib deyilmi özün üləma nəsli ola-ola qeyrisinə hali-dilini kəşf qılıb məktub yazdırırsan? İbrahim əfəndi bu etirazdan xeyli mütəəssir və pərişanhal olub, iyirmi beş yaşında ikən başlayıbdır oxuyub yazmağı və bu yolda gecə və gündüz xürdü xabı özünə haram edib, elmü mərifət təhsilinə məşğul olubdur və axırda alim və fazil bir şəxs olub müdərrislik edərmiş. Təbi-şeriyyəsi olaraq bir xeyli əsərlər vücuda gətirmişdir. Vəli onlardan çoxusu dağılıb tərk olubdur. Əşarü kəlamının əksəri münacat, nəti-rəsul və qəsaid qismi əsərlərdir. Onlardan bir-iki[si] nümunə olaraq burada yazılır.

19252 мин
Kərim ağa Fateh

Kərim ağa ibn Fətəli xan "Fateh" təxəllüs Şəki şairlərinin bərgüzidələrindən birisi hesab olunur. Kərim ağa Şəki xanlarının xanədanından olmağa görə, nəcib və alitəb bir zat imiş; familiyası — Şəkixanov. Mirzə Fətəlinin müasiri olubdur və onun xatirini əziz tutarmış və hər dəm ləyaqətli töhfələrlə mirzəni yad edərmiş.Fətəli xan Şəkidə xanlıq edən zamanı hicrətin 1235-ci salında Şəki vilayəti Rusiyanın təhti-təsərrüfünə keçdi və Fətəli xan rus dövləti tərəfindən təsdiq olundu.

19252 мин
Kərbəlayı Abdulla İbn Cani

Kərbəlayı Abdulla Şuşa şəhərində təvəllüd edibdir. Sahibi-mərifət və əhli-hal bir zat olduğu üçün ümumi-əyan və əşrafi-vilayət içrə əziz və möhtərəm tutularmış.Əxlaqı xoş, xasiyyəti gözəl, təbi-şeriyyəsi rəvan və səlis İbn Canı məclislər zinəti və məhfillər yaraşığı əziz bir vücud imiş.

192510 мин
Kazım ağa "Salik" təxəllüs

Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə tamami Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir.Çox mərifət və kamal sahiblərinin ismü əsərlərindən bir əlamət qalmayıbdır. Kazım ağa Salik təvəllüd edibdir Şıxlı qəryəsində 1195 (1781)-ci tarixdə. Təlim və tərbiyəsi öz vətənində olubdur. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir ki, ona indi Şamxor deyilir.

192522 мин

Стихи других поэтов