Göydə qövsi-qüzeh naxışlananda,Otlar şeh altında par-par yananda,Quşlar budaq-budaq uçub qonanda,Mən susa bilmirəm, susa bilmirəm.

Dərələr aşağı axanda sellər,Arandan dağlara qalxanda ellər,Çöllərdə ulduztək yananda güllərMən susa bilmirəm, susa bilmirəm.

Xallı kəpənəklər uçanda lək-lək,Yazın xoş ətrini yayanda külək,Bir nəğmə eşqiylə coşanda ürəkMən susa bilmirəm, susa bilmirəm.

Körpəcə ağaclar pöhrələnəndə,Durnalar vətənə sarı dönəndə,Hardasa, hardasa bir ney dinəndəMən susa bilmirəm, susa bilmirəm.

Girəndə yol-yoxuş hərdən dumana,Bənövşə boynunu əyəndə yana,Bu pərişan halı yaraşmır ona,Mən susa bilmirəm, susa bilmirəm.

Mən bilirəm nədir sevinc də, qəm də,Dünya ağlar, gülər sanki sinəmdə.Gah zildə ötürəm, gah da ki, bəmdə,Mən susa bilmirəm, susa bilmirəm.

Hər daşın, qayanın öz mənası var,Sözün könül adlı bir dünyası var.Ömrün payızı var, ömrün yazı var...Mən susa bilmirəm, susa bilmirəm.

Nemətlə doludur torpağın qoynu,Şəfqətlə doludur torpağın qoynu.Gözəldir təbiət, seyr edib onuMən susa bilmirəm, susa bilmirəm.

Bir quş timsallıdır, ötər nəğmələr,İllərdən-illərə gedər nəğmələr.Dindikcə könlümdə bu tər nəğmələrMən susa bilmirəm, susa bilmirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине