Страница 2 из 6 · 17%

Ceyran xanımın komissiya barədə dediyi düz çıxdı. Axşamüstü, hələ qaş qaralmamış, uzaqdan leytenantın motosikli göründü. Biz yorğun-arğın işdən qayıtmış adamlarla birgə oturub, çay üçün növbə tutmuşduq. Leytenant, dalınca toz dumanı qaldıraraq, bizə yanaşanda, onun nə isə çox pərt və tutqun olduğunu yalnız mən yox, çox adam hiss elədi. O, heç kimin üzünə baxmadan, motosiklini düz çadırının qabağına sürdü, uzaqdan-uzağa bizə qışqırdı:

– Çay içəndən sonra yatmayın, şəhərdən adamlar gələcək.

Ceyran xanım mənalı-mənalı mənə baxdı: “Gördün, mən deyən oldu?”.

Doğrudan da üç nəfərlik komissiya gəldi. Oturduğumuz yerdən qalxmadıq. Hardansa palaz gətirib yerə sərdilər. Komissiya üzvləri tacik qaydası ilə bardaş qurub oturdular. Leytenantın əmri ilə kim isə yüyürüb adətən vaqon gözətçilərində olan lampalardan birini gətirdi, əlindəki haça ağacı yerə çalıb, lampanı onun üstündən asdı. Komissiya üzvlərinin ortasında əyləşmiş arıq, uzun və sarışın adam (bir azdan sonra onun komissiya sədri olduğunu öyrəndik) uzun müştüyə taxılmış eşmə papirosunu tüstülədib camaatdan soruşdu:

– Şikayət yazan vətəndaşların hamısı burdadırmı?

Komissiya üzvlərinə yaxın oturmuş adamlardan bir neçəsi dönüb geriyə baxdı. Onların təəccüb və heyrətdən böyümüş gözlərində aydın oxunan bir ifadə vardı:

“Bu zalım uşağı görünür qurd ürəyi yeyib...”

Düşərgə elə bil ölüm sükutuna qərq olmuşdu, sanki heç kəs cınqırını çəkmək fikrində deyildi.

– Ay yoldaşlar, kim şikayət kağızını imzalayıbsa, hay versin də... Balam, niyə ağzınıza su alıb oturmusunuz? – deyə arxadan söz atan Sədi Kamalın səsini eşitdim. – Yazanlardan biri mən!

– Yaxşı, biri siz... Axı, burda... – Komissiya sədri dizinin üstündəki iş qovluğundan iki vərəqli dama-dama dəftər kağızı çıxardıb, uzununa açdı, şəhadət barmağını yavaşcadan ona vura-vura imzaları saydı. – Burda on bir nəfərin qolu var. Çox xahiş eləyirəm ki, heç nədən çəkinməyəsiniz. Biz əsil həqiqəti öyrənməyə gəlmişik. Bəlkə elə siz danışmağa başlayasınız, o biri vətəndaşlar da hazırlaşsınlar. – Sədr əli ilə Sədi Kamalı irəliyə dəvət elədi: – Buyurun!

– Mən niyə, vətəndaş komissiya sədri? Mən orda yazılanların nəinki bir sözündən, heç vergülündən, nöqtəsindən də boyun qaçırmıram. Yaxşı olmazmı ki, oxuyasınız, camaat da eşitsin!

Sədr kağızı qatlayıb yenə qovluğa qoydu:

– Oxumuşuq, diqqətlə oxumuşuq, tək biz yox, bizi bura yollayan idarənin rəhbərləri də oxuyublar. Məktubun sonunda belə bir cümlə də var: “Əgər bizə inanmırsınızsa, komissiya göndərin, yazdıqlarımızı leytenantın üzünə deyək”. Doğrudurmu, vətəndaş?..

– Bəli, tamamilə doğrudur. Buna görə də mən deyirəm ki, yazdıqlarımızı oxuyun, leytenant da eşitsin, camaat da... – Sədi Kamal yerindən qalxıb, lampanın yanına qədər gəldi. – Əgər mənim danışmağıma ehtiyac varsa, izin verin, danışım... – O, sədrin razılığını gözləmədən sözünə davam etdi. – Burdakı adamların heç birini məhkəmə cəzalandırmayıb. Heç birinin də səsi alınmayıb. Deməli, biz məhbus deyilik, bərabər hüquqlu sovet vətəndaşıyıq. Bəs vətəndaş rəis nəyə əsasən bizi ən adi hüquqlardan məhrum eləyir?.. Bax, özü də burdadır, mən deyənləri eşidir. Qoy cavab versin görək kim və harda belə bir qanun qoyub ki, bizim özfəaliyyət dərnəyi düzəltməyə, divar qəzeti buraxmağa haqqımız yoxdur? Bəlkə, vətəndaş rəis elə fikirləşir ki, biz sovet dövlətinə öz sədaqətimizi göstərməyə də haqlı deyilik? Bizim yoldaşlarımızdan yeddi-səkkiz nəfər cavan oğlan ərizə verib, cəbhəyə könüllü getmək istəyir. Nə üçün rəis onların xahişini hökumətə çatdırmayıb?

– Doğrudur! – deyə bir kişi Sədi Kamalın sözlərini təsdiq elədi. O, lampadan çox uzaqda əyləşdiyi üçün üzünü görə bilmədim. Bir neçə adam da yerdən ona səs verdi:

– Bəli, düz deyir. Yarım aydan çoxdur cavab gözləyirik!

Sədi Kamal bir qədər susub, adamların sakitləşməyini gözlədi, yenə də eyni təmkinlə danışmağa başladı:

– Ola bilər ki, vətəndaş rəis o cavanların xahişini lazımi yerinə çatdırıb, amma rədd cavabı alıb... Əgər belədirsə, nə üçün bu barədə ərizəçilərə məlumat vermir?

– Yox, çatdırmamışam, çatdırmağı da lazım görməmişəm! – deyə leytenant komissiya üzvlərinin arxasından dilləndi. – Onun üçün ki, bu gündə, sabahda müharibə qurtarır. Əgər onlar yaxşı vətəndaş olsaydılar, Bakıda ikən könüllü gedib, cəbhədə vuruşardılar.

Bir azca əvvəl arxadan Sədi Kamalın sözünü təsdiqləyən kişi yenə dilləndi:

– Elə orda ikən ərizə vermişdik, xahişimiz qəbula keçmədi.

Sədi Kamal əlini yuxarı qaldırıb, onu sakitliyə çağırdı:

– Deməli, yoldaş rəis...

– Yoldaş yox, vətəndaş!.. – deyə leytenant hirsli-hirsli qışqırdı.

– Bəli, vətəndaş rəis bu faktı danmır. Görürsünüz ki, ərizə verib könüllü getmək istəyən cavanlar da bizim imzaladığımız məktubu təsdiq eləyirlər. Mən əvvəllər həbs lagerində olmuşam. O zaman məni haqlı olaraq cəzalandırmışdılar. Onillik cəza müddətimdə bircə dəfə görmədim ki, hər hansı məhbusu yeməkdən, içməkdən məhrum eləsinlər. Amma vəziyyət burda necədir? Kim bir balaca ayağını yan qoyursa, rəis onu tutub kəndə yollayır, həbsə saldırır, özünü də ac-susuz saxlayır. Biz rəisdən nə istəyirik? Bircə şey: qayda-qanunu ayaqlamasın! Bizim aramızda hüquqşünas da var. Ondan da məsləhət almışıq. Heç kəs qeyri-qanuni bir tələb irəli sürmür. Məlumdur ki, hətta güllələnmək cəzasına məhkum olunmuş bir cani belə xəstələnərsə, onu müalicə eləyib sağaltmaq məcburidir. Bir neçə gün bundan əvvəl Mollayi Kəbiri ilan vurmuşdu. Xoş təsadüf nəticəsində o ölməyib sağaldı. Amma rəis onu həkimə yollamalı idi. Yolladımı? Xeyr, yollamadı. Nə üçün? Bilmirəm. Doğrudur, bu əhvalatı biz ərizədə yazmamışıq, amma burda oturanların çoxu mənim dediyimi təsdiq eləyə bilər. Düz demirəmmi, ay camaat?

Hər tərəfdən uğultu qopdu:

– Doğrudur, doğrudur!..

Biz bura gələli iki aydan çoxdur, ancaq bir dəfə də bədənimizə isti su dəyməyib. – Sədi Kamal duruxdu, sözünü təsdiq üçünmü, yoxsa bu anda bədəninin gicişmə tutduğundanmı, qulağının ardını bərkdən qaşıdı.

– Birdən işdir, qəzadır, bir nəfər tif azarına tutuldu, epidemiya başladı, bunun məsuliyyəti kimin boynuna düşəcək?.. Əgər yalan deyirəmsə, bu meydan, bu şeytan, qoy rəis bunun tərsini sübut eləsin.

Elə bu anda Sədi Kamalın gözü mənə sataşdı. Görünür, təkdənbir öz narazılığını bildirmək üçün ona dediyim sözləri xatırladı.

– Bizim aramızda yaxşı mütəxəssislər var, – dedi, – nə səbəbə onlardan faydalı işlərdə istifadə olunmur? Mən inanıram ki, bir vaxt bizi burdan buraxacaqlar, amma kim istəməz ki, özündən sonra yaxşı bir yadigar qoyub getsin? Bizdən sonra nə üçün insanlar deməsin ki, filan vaxt nə səbəbdənsə bura göndərilmiş adamlar filan evi, filan klubu, filan mədəniyyət sarayını tikiblər?

Bizim baxışlarımız yenə bir-birinə sancıldı. Mən hiss elədim ki, Sədi Kamal onun bu fikrini ən çox mənim təsdiqləməyimi istəyir, “doğrudur! Deməyimi gözləyir, ancaq mən razılığımı bildirmək üçün yalnız başımı qaldırıb-saldım. O, nitqini qurtarıb, yenə qulağının dalını qaşıya-qaşıya yerinə qayıtdı.

Komissiya sədri iş qovluğunun üstündəki bloknotuna nə isə qeyd eləyib, yığıncağa göz gəzdirdi:

– Çox gözəl... – dedi, – ərizəni imzalayan o biri vətəndaşlardan danışmaq istəyən varmı? Buyursunlar!

Belə hallarda yığıncaq sədri adətən vaxtın hədər getdiyinə təəssüflənir, tək-tək adamlara müraciətlə, “bəlkə siz danışasınız” deyə üz vurur, amma heç kəsdən cavab almayanda, gözlərini yığıncaqdakıların üzündə gəzdirməkdə davam eləyir, yenə də söz istəyən olmur, bəzisi utandığından, bəzisi ümumiyyətlə danışmağı sevmədiyindən, bəzisi də bu və ya başqa adamın ünvanına deyəcəyi tənqidin mənfi nəticəsindən qorxduğu üçün susur, bir başqasının danışmağını gözləyir. Komissiya sədri, əlbəttə, heç birimizin üzünə baxa-baxa əli ilə “xitabət kürsüsünü” göstərir, dəqiqədə bir cümlə təkrar eləyirdi:

– Buyurun, vətəndaşlar...

Xeyli müddət ağır bir sükut oldu. Hardasa çölün düzündə ötən bir quşun səsi eşidildi, elə bil uzaq və unudulmuş bir xatirəyə dalmaqdan qorxub, əlimi yuxarı qaldırdım:

– Vətəndaş sədr, olar? Ərizədə mənim imzam yoxdur. Ancaq bir neçə kəlmə demək istəyirəm.

Sədi Kamalın dayandığı yerə gələndən sonra gözüm hey Ceyran xanımda idi. İclaslarda tez-tez nitq söyləməyi sevmədiyimdən və effektli sözlər deməyə alışmadığımdan, bu günkü danışmağımdan da elə müsbət bir nəticə gözləmirdim. Ancaq buna baxmayaraq dedim:

– Mən aclıqdan, susuzluqdan şikayət eləməyəcəyəm. Vətəndaş rəisi bu barədə günahlandırmaq fikrində də deyiləm. Ona görə yox ki, mən aclıqdan əziyyət çəkmirəm. Yox, burdakı adamların hamısı kimi mən də yarıac, yarıtox yaşayıram, amma mənə elə gəlir ki, bizim aramızda bu qıtlığın səbəbini başa düşməyən adam tapmaq da çətindir. Mən aclıqdan yox, işsizlikdən narazıyam. Sədi Kamal doğru dedi, biz məhbus deyilik, heç kəs bizim qurmaq və yaratmaq haqqımızı əlimizdən ala bilməz. Mən inşaat mühəndisiyəm, nə üçün bu çölün düzündə avara, sərgərdan gəzməliyəm? Doğrudur, kartofu soymağa da adam lazımdır, amma insanın bacarığından beləmi istifadə eləyərlər?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов