Günlər
Страница 1 из 4
Səhər tezdən hələ gün doğmamış şeypur səsinə yuxudan oyanan adamlar, çörək paylarını alıb, dəstə-dəstə tarlaya və arx qazılan yerə işləməyə gedir, yalnız axşam, qaranlıq düşəndə qayıdırdılar. Düşərgədə heç kimə imtiyaz verilmirdi. Hərə bir sahədə öz bacarığını göstərirdi. İşdən yalnız xəstələri azad eləyirdilər. Son günlərdə Sədi Kamalın xahişi ilə divar qəzeti buraxmaq üçün və dram dərnəyinin məşqlərində iştirak etmək üçün ayrılmış bir neçə nəfəri işdən üç-dörd saat tez buraxırdılar. Mən Niyazovun, vəd elədiyi tikintini gözləyə-gözləyə, mətbəxdə, şorba bişirən qadınlarla bərabər kartof soyurdum. (Əlbəttə, mən “şorba” sözünü şərti işlədirəm, çünki bu xörəyi adicə bulanıq sudan fərqləndirmək üçün hamıdan, o cümlədən də məndən zorba qazanın künc-bucağında üzən xırda-xuruş kartof parçalarını görmək bacarığı tələb olunurdu). Düşərgəmizdə hələ Niyazovdan narazılıq eləyən yox idi. O, bizə firavan həyat vəd eləmirdi və biz də ondan bu cür həyat gözləmirdik. Günlərin birində xəbər çıxdı ki, hardasa, kim isə Niyazovun ünvanına yeddimərtəbəli söyüş yağdırıb, düşərgə əvəzinə istirahət evi açdığına görə qəzəblənmiş və qoca vaxtı xəriflədiyini söyləmişdir. Bu xəbəri əvvəlcə şayiə adlandıranlar oldu, ancaq iki-üç gündən sonra Sədi Kamalın dilindən başqa bir söz eşitdik:
– Niyazovu burdan götürürlər. Yerinə də bilirsinizmi kimi yollayıblar?
Hamı maraqlandı:
– Kimi?
– O gün Niyazovun həbs etdirdiyi DTK leytenantını!
Bu xəbərə çoxları inanmadı.
– Ola bilməz, canım!
Rəcəb kişi isə inandı:
– Mən bu təzələrdə gördüyümü görmüşəm. Yəqin gedib Niyazovu elə böhtanlayıb ki, o kişi bundan sonra qurandan köynək də geysə sözünə inanan olmayacaq...
Ertəsi günü sədi Kamal bu xəbərə bəzi təfsilatlar da əlavə etdi:
– Hamısı Mollayevin işi imiş. Niyazovun işdən götürülməyi də, onun yerinə leytenantın təyin olunmağı da.
– Ola bilməz! – deyə mən özüm də hiss etmədən etirazımı bildirdim. – Mollayevin hökmü öz respublikasından qırağa çıxmaz.
Bunu dedim və Ceyran xanımın məzəmmətli baxışını üzümdə hiss etdim:
– Yenə sadəlövhlük eləyirsən, Səmirə!
– Səd heyf! Mollayev təkcə öz respublikasında xozeyinlik eləsəydi dərd yarı olardı, qızım, – deyə Sədi Kamal köksünü ötürdü. Sonra rişxəndlə gülümsəyib, əlavə etdi: – Hə, deməli, burdaca da Mollayevin zakonu ilə oturub-durmalı olacağıq.
Bu söhbətin ağır təəssüratı ilə, biz artıq hər yandan əlimizi üzüb, leytenantı gözləyirdik və başımıza nə oyun açacağını təsəvvürümüzə gətirdikcə, yazın, cırhacır istisində bədənimizdən buz kimi soyuq bir cərəyan keçirdi. Ceyran xanım isə, adəti üzrə, qorxaqları, xüsusən başıpapaqlıları istehzaya qoyur, ağız-burnunu əyərək, acı-acı gülürdü:
– Sizi ki, belə görürəm, o yalın əlnən də hamınızı qorxudub əsir-yesir eliyə bilər. Qoy bir gəlsin, onda görərsiniz tapançasını əlindən alıb başına çırpıram ya yox?
Mən o gün sudan ötrü necə etiraz qalxdığını, həmin bu leytenantın necə adam öldürməyə hazırlaşdığını, yalnız Niyazovun çevikliyi sayəsində nahaq insan qanı tökülmədiyini ona söylədim, amma bu da Ceyran xanımın halına təfavüt eləmədi:
– Tutaq ki, tapançanı ataydı, bir adamı da vurub yerə sərəydi, sonra? Bəs qalanınız kişi deyilsiniz?
Sədi Kamal müğənni qadına qəribə bir iftixarla baxa-baxa vəcdə gəldi:
– Balam, bu Ceyran xanımdan əla Laurensiya çıxar ha!.. Əlimizdəki pyesi qurtaran kimi “Qoyun bulağı”nı başlayacağam!
Rəcəb kişi arada söz atdı:
– Əşi, rəhmətliyin oğlu, xalq nə haydadır, sən nə haydasan? Biz burda həyat-məmat məsələsindən danışırıq, sən də başlamısan ki, pyes elə gəldi, tamaşa belə getdi.
Sədi Kamal sözünün üstündə möhkəm durdu:
– Elə mən də həyat-məmat məsələsindən danışıram, intahası sən müstəqim qəzet dilində danışırsan, amma mən bədii surətlərin dilində... Elədir ya yox, Rəcəb kişi?
Hələ bu söhbət qurtarmamış torpaq yoldan qara bulud kimi toz qopardaraq gələn yük maşını düşərgədən dörd-beş addım kənarda dayandı və şoferin yanından leytenant düşdü:
– Mayor Niyazov hardadır? – deyə bağıra-bağıra soruşdu. – Yuxarıdan onun adına təcili əmr gətirmişəm.
Bu anda Niyazov çadırından çıxdı:
– Əgər əmr varsa, – dedi, – bunun üçün adi nəzakət qaydalarını pozmağa heç bir ehtiyac yoxdur. Bağırmaqla əmrin qiyməti artmır.
– Belə bağırmaqdan məqsədim başqadır. İstəyirəm ki, bütün düşərgə mənim sözlərimi aydın eşitsin, – deyə leytenant planşetindən çıxardığı paketi gətirib, rəsm-təzim etmədən Niyazova uzatdı. – Oxuyun və hər şeydən əvvəl, mənim qeyri-qanuni alınmış silahımı özümə qaytarın!
Niyazov paketi açdı və içərisindən çıxan qısa əmri oxudu, kağızı yenə qatlayıb, üst köynəyinin döş cibinə qoydu.
– Tapançanın qeyri-qanuni alınmağına dair əmrdə bir kəlmə də yazılmayıb, – dedi.
Biz uzaqda dayanmışdıq, amma onların mükaliməsini aydın eşidirdik. Leytenant bu dəfə onu təhqir elədi.
– Sən daha kif atmısan, Həsən Babacanoviç... Ancaq pərt olmaq nahaqdır.
Niyazov da hirsləndi:
– Vəzifədən çıxarıldığım üçün pərt deyiləm, onun üçün pərtəm ki, bu qədər adamın məsuliyyətini sənin kimi məsuliyyətsiz adama tapşırırlar. Bunların içərisində elə ziyalılar var ki, sən heç onların kəsik dırnağı da ola bilməzsən!
– Savadlı düşmən bizim nəzərimizdə daha qorxuludur, – deyə leytenant yəqin ki, bizi də bu cür düşmənlərdən sayıb kinli baxışlarını yuxarıdan aşağı üzümüzdə gəzdirə-gəzdirə, hamımızı hədələdi, – Mən bilirəm onlara necə ot yolduracağam!.. Sənin müdafiə elədiyin bu ziyalılar hökumətin hesabına təhsil alıblar, ona da nankorluq eləyirlər. Bir də, yoldaş mayor, bizim yeni üsullarımızdan xəbərin yoxdur... Get, təqaüddən-zaddan versinlər, allahına şükür elə... İndi ziyalıları bizim tərəfimizə çəkməyə ehtiyac qalmayıb, bu səbəbdən də onları yenidən tərbiyə eləmək lazım deyil... Eh, səni başa salmaq çətin olacaq, Həsən Babacanoviç... Biz ayrı-ayrı dövrlərin adamıyıq. Sən hələ iyirminci ildən bəri adlamamısan.. Söhbətimiz qurtardı!.. Sən əvvəlcə mənim tapançamı gətir, sonra da düşərgəni təhvil ver!
Niyazov leytenantla mübahisəyə girməyi faydasız hesab eləyib, əli ilə havanı yararaq, geriyə döndü və çadırına girdi.
Rəcəb kişi dərdinin çoxluğundan qəhərlənmiş halda, Sədi Kamalın qulağına sarı əyilib dedi:
– Allah göstərməsin, bu adam baş kəsəndə də uf deməz.
Sədi Kamal onun qoluna girdi, bizə də göz eləyib leytenantın nəzərindən yayınmağı məsləhət görüb, gedə-gedə deyindi:
– Eşitdin? “Ziyalıları bizim tərəfimizə çəkməyə ehtiyac qalmayıb”, hə? Əgər mən ziyalıyamsa, onun tərəfinə keçməyə çalışmayacağam. Amma, Rəcəb kişi, “Qoyun bulağı” lap yerinə düşəcək. Leytenant onu görən kimi həstəyəcək.
Rəcəb kişi məyusluğunu gizlədə bilmədi:
– Adamdan-adama təfavüt var, a kişi. Görmədin? Bircə bu söhbətini eşitdim, o dəqiqə dabbaqda gönünə bələd oldum. Elə bilirsən bu da Niyazov kimi sənə dərnək düzəltməyə izin verəcək ki, sən də ona tamaşa göstərəsən?
– Ağzı nədir, verməsin? Bu ixtiyardan heç məhbusları da məhrum eləmirlər.
– Baxarsan, mən də bu fani dünyada əlli iki il ömür çürütmüşəm, adamları azdan-çoxdan tanıyıram.
Heç birimizdən səs çıxmadı. Elə bil ən istəkli adamımızın ölüm xəbərini almışdıq...
Niyazovun düşərgədən necə və hara getdiyini bilən olmadı. O günün sabahısı şeypur səsi bizi yuxudan oyadanda, hamımız daha onu yox, leytenantı gözləyirdik. Bizə elə gəlirdi ki, təzə rəis də Niyazov kimi çadırların qarşısına çıxıb adamları bölüşdürəcək, hər dəstəyə müəyyən bir iş tapşıracaq, gözətçilərdən birini səsləyib, filan yerə gedirəm, gözdə-qulaqda ol, deyib özü yük maşınına minəcək, düşərgə üçün tikinti materialı, əkin və səpin maşınları vəd eləmiş idarələrə yola düşəcəkdi. Ancaq leytenant görünmədi. Çörək paylarını alıb, onu səliqə ilə üç yerə bölən və bir parçasını konfet kimi sora-sora yeyən adamlar, dünənə kimi Niyazovun yaşadığı balaca çadıra baxa-baxa yeni rəisi gözlədilər, ondan nə isə təzə bir tapşırıq almaq istədilər. Əlbəttə, onları hər şeydən çox maraqlandıran leytenantın xasiyyəti idi. Mən də onun barəsində deyilən qorxulu sözlərin əsası olub-olmadığını öyrənməyə tələsirdim.
Beş dəqiqə keçdi, on dəqiqə keçdi, amma leytenantdan heç bir xəbər çıxmadı. Nəhayət arx çəkənlərin başçısı və bura gələli üzünü qırxdırmamış, qısaboy və göygöz kişi – Qədiroğlu Haşım – camaata əl elədi:
– Ay canım-gözüm, bəri gəlin, – dedi, – biz onu niyə gözləyirik, axı? Daha gəlib bizə deməyəcək ki, yorğunsunuz, bir az yatın, dincinizi alın? Yaxşı olmazmı vaxtımızı boş, havayı söhbətə sərf eləməyək?
Rəylər haçalandı:
– Əşi, bizim başımızın ağası odur, yoxsa sən? Biz gedəndən sonra yuxudan oyanıb görsə ki, onu saymamışıq, dərimizə saman təpməz? Görmədin, hikkəsini yeridib, o boyda kişini yerindən necə dəbərtdi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-gunler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Yeraltı çaylar dənizə axırBirinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:
Ağır xəbərMən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.
İlk zərbəMən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
Стихи других поэтов
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Qəzəl: Könül sirrinə hər kəs məhrəm olmazKönül sirrinə hər kəs məhrəm olmaz,Vəgərnə olsa yüz min qəm, qəm olmaz
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.