Страница 2 из 4 · 25%

Bu halda Rudəki kolxozu tərəfdən motosikl səsi eşidildi. Hamının gözü bir nöqtəyə dikildi və mübahisə kəsildi. Mən Ceyran xanımla yanaşı dayanmışdım. Elə bil mənim ürəyimdən keçənləri duyub, yəqin ki, sevincinin çoxluğundan, sağ əli ilə böyrümə möhkəm bir dürtmə vurub dedi:

– Ay qız, ay qız, görürsən, poçtalyondur, bu gün uşaqlardan kağız olmamış olmaz.

Dalımca tünd mavi tüstü buraxaraq sürətlə yaxınlaşan motosikl gəlib düz qabağımızda dayandı. Bir həftə bundan əvvəl məktublarımızı yığıb aparmış qoca poçtalyon əlini yuxarı qaldırıb hamımızı salamladı. Əvvəlcə Sədi Kamalla Rəcəb kişinin camaat üçün oxuyub tərcümə elədikləri qəzetləri verdi, sonra da zərfləri bir-bir çıxarıb üstlərini oxumağa və sahiblərinə verməyə başladı. Öz adına məktub olub-olmadığını bilməyə tələsən və az qala çantanı dartıb onun çiynindən qoparmaq istəyən adamlardan güclə yaxasını qurtaran solğun sifət, ordları batıq, cılız qoca, yarızarafat, yarıciddi dedi:

– Belə getsə, kolxoz da, siz də poçtalyonsuz qalacaqsınız... – O, şəhadət barmağını təkləyib, alnının tərini siyirdi, nəfəsini dərdi. – Ay camaat, niyə tələsirsiniz? Nədən bilirsiniz ki, şad xəbər yazırlar? Bəlkə bir az gec oxusanız daha yaxşıdır?

Mənim də səbir kasam daşırdı, hamının da bu cür darıxdığına şübhəm yox idi, ancaq adamlar qocaya doğrudan da mane olurdular. Səbirlə gözləsəydilər, bəlkə də çoxdan hamının məktubu özünə çatmışdı.

Bu vaxt heç gözləmədiyimiz halda çılğıncasına qışqıran leytenantın səsini eşitdik:

– Bu nə mitinqdir? Dağılın!

Onun hədə-qorxusu bir nəfərin də tükünü tərpətmədi. O gün su üçün düzəlmiş həngamədən də dəhşətli bir hay-haray və basabas vardı. Leytenant, hələ də tapançasını özünə qaytarmamış Niyazovun ünvanına ədəbsiz bir söyüş söydü və izdihama baxa-baxa dişini qıcadı:

– Allahınıza şükür eləyin... Sizi ananız namaz üstündə doğubmuş, yoxsa birinizi çoxdan vurub yerə sərmişdim.

Poçtalyon hücumun qabağında duruş gətirə bilmədi, gücdən düşüb yerə oturdu.

Bir də onu gördüm ki, Elman izdihamı yarıb ikiyə böldü və əlini yuxarı qaldırdı:

– Vətəndaşlar, – dedi, – siz neyləyirsiniz? Bu kişini ayaqlayıb öldürmək istəyirsiniz? – Çantanı qocadan alıb, məktubların üstünü oxuya-oxuya sahiblərinə ötürdü. – Aha, bizim üçün də var, – deyib zərflərdən birini götürdü, üst köynəyinin cibinə qoydu. – Hə, Səmirə bacı, bu da sizin... Vətəndaşlar, təəssüf ki, daha məktub yoxdur. Görünür, hələ indi yazırlar.

– Axx... neyləyim? Tapançam olsaydı... – deyə leytenant ilk əmrinin bu cür etinasız qarşılanmağından pərt olub, çadırına qayıtdı.

Ceyran xanım məndən soruşdu:

– Tapançası olsaydı, neylərdi ki?

Ona Rəcəb kişi cavab verdi:

– Hikkəsini yeridərdi.

Camaat birdən süst düşdü. Elman bizə yanaşdı, Ceyran xanımın da, mənim də kağızımı verdi. Dünyada bu kağız parçasından qiymətli nə ola bilərdi! Bu yarım ay müddətində bir dəfə də olsun qarnım doymamışdı, bir gecəni də səhərəcən rahat yatmamışdım, indi elə bil aydın, iri hərflərlə yazılmış bu bir neçə sətir mənə hər şeyi: aclığı da, susuzluğu da, yuxusuzluğu da unutdurdu: uşaqlarım sağ-salamatdı, məndən kağız aldıqları üçün sevinirdilər!

Adamlar yavaş-yavaş dağılışırdılar. Mənim böyrümdə dayanmış Qədiroğlu Haşım, evindən heç nə almadığına görə çox məyus idi. Bir az əvvəl Elmanın üzünə ümidlə baxdığı halda, indi başını sinəsinə endirib, qaşqabağını sallamışdı. Elmandan çantasını alıb çiyninə taxan və motosiklinin motorunu işə salan poçtalyon, “hələlik” deyib bizdən uzaqlaşanda, o birdən özünü topladı, “allah kərimdir, bu gün olmasın, sabah olsun” deyə izdihamdan kənara çıxdı:

– Ay uşaqlar, daha niyə durmusunuz? – deyə yəqin ki, hər gün səhər tezdən arx qazdırmağa apardığı adamları səslədi. – Bəri gəlin, gedək, hava sərinkən bir azacıq işləyək. Sonra isti düşür, dözə bilmirsiniz... Göz işlədikcə baxırsan, bir kölgəliyi də yoxdur ki, beş-on dəqiqə oturub dincini alasan. Bəri gəlin, onsuz da bu işi bizə gördürəcəklər...

Qədiroğlunun dəstəsi nə üçünsə çox könülsüz toplanırdı. Ondan bir-iki addım bəridə durmuş Mollayi Kəbir (onun əsil adı Əkbər idi, həmişə əlində tutduğu kəhraba təsbehini çevirə-çevirə, dodağının altında nə isə pıçıldadığından, Sədi Kamal onun öz-özünə dua oxuduğunu yəqin eləyib, ona zarafatla Mollayi Kəbir adı qoymuşdu) dövrəsindəki adamları həvəsləndirmək fikri ilə dedi:

– Ay camaat, kişi haqlıdır... Sabahda, birigündə mənim dəstəm bostanın toxumunu səpəcək... Elə olsun ki, həmin gün də sulaya bilək, daha əlimiz yananda ağzımıza təpməyək. Onu da deyim ki, bu torpaqda yetişən qovun-qarpızı yığıb-yığışdıra bilməyəcəyik.

– Sənə versələr yığışdırarsan, – deyə dal tərəfdən kim isə kinayə ilə söz atdı. Mollayi Kəbir boy-buxundan çox kasıb olduğu üçün geridəki adamları yaxşı görə bilmirdi. Daldan söz atanı tanımaq istəyib boğazını xoruzsayağı dikəltdi, ancaq sağa-sola nə qədər göz gəzdirdisə də, onu görmədi, yalnız qarasına deməklə kifayətləndi:

– Niyə vermirlər, bala? Biz dəridən çıxa-çıxa məhsul becərəcəyik, xeyrini özgələr görəcək? Qanun-qayda var, yoxsa hərki – hərgiklikdir?

Kimin isə dalında gizlənib özünü Mollayi Kəbirə göstərməyən adam söz altında qalmadı:

– Qanun var, niyə yoxdur? Ancaq bu düzün ortasında qanuna əməl eləyən kimdir?

– Eyy, nə boş-boş danışırsan? – deyə yenə də bayaqkı çılğınlıqla qışqıran leytenantın səsi bu dəfə məni də, yanımdakı adamları da səksəndirdi. – Bu düzün ortası sovet torpağıdır, yoxsa Seylon meşəsi?! Hələ bir deyin görüm indiyədək niyə işə getməmisiniz?

Qədiroğlu Haşım bayaq sözünə baxmayan yoldaşlarını danlayışlı bir nəzərlə süzüb onlara təkrar əl elədi:

– Dedim, axı, gecikirik. Bəri gəlin də!

Bu ana qədər kimə və nəyə isə ümid bağlayıb ayaq sürüyən adamlar, tez-tələsik bir yerə toplaşıb Rudəki kolxozuna tərəf yönəldilər. Qədiroğlu Mollayi Kəbirə müraciət elədi, sözlərini leytenanta da eşitdirmək üçün (əlbəttə, o, rəisin yanında yoldaşlarının günahını azaltmaq istəyirdi) ucadan dedi:

– Sən bu gün də səpini başlaya bilərsən. Niyə artıq vaxt itirəsən? – O, qaz kimi iki yanını basa-basa yeriyib dəstəsinin dalınca beş-on addım gedəndən sonra bizə sarı üzünü tutub sözünü tamamladı. – Ən geci sabah axşama arxı qurtararıq!

Bu xəbər yalnız qovun-qarpız əkənləri deyil, hamımızı sevindirdi. Deməli, sabahdan bir stəkan su üçün heç kəsə minnət eləməyəcəydik. Arx suyu bulanıq olsa da, bu bizi qorxutmurdu. Düşərgənin on beş-iyirmi metrliyində göl üçün yer düzəltməyə başlamışdıq. Bulanıq suyu burda duruldub içəcəydik...

Mən sevinə-sevinə kartof payımı soymaq üçün mətbəxə getdim. Şişman arvad (mənim çadır qonşum) qeyri-rəsmi də olsa düşərgənin baş aşpazı sayılırdı. Ocaqda su qızdırıb, nəhəng qazanı yumağa hazırlaşırdı. Mən də, o biri qadınlar da (Ceyran xanımdan başqa) ocaq qalamaqda, alümin qab-qaşığı yumaqda, kartof soymaqda ona kömək eləyirdik.

Bu dəfə ona yanaşanda, qəribə bir təfərrüatın şahidi oldum: köhnə qəzetlərin qırağını lenta şəklində kəsib, səliqə ilə bir-birinin üstünə yığırdı. Soruşdum:

– Bunları neyləyirsən?

Şişman qadın deyəsən bu tezliklə məni gözləmədiyi üçün, sualımı eşidən kimi duruxub üzümə baxdı.

– Kəsib saxlayıram, deməli lazımdır də.

– Elə məni də maraqlandıran budur ki, nəyə lazımdır?

– Yazıram.

– Məktub?..

– Canım, nə tutmusan məni sorğu-suala? Bu da xoruldamaq deyil ki, gecədə dörd-beş yol böyrümü dürtmələyib yuxumu qaçırdasan, “qalx, təzədən yat” deyəsən?

– Bax, – dedim, – burda mübaliğə elədin. Son günlərdə çox az dürtmələyirəm. Cəmisi iki-üç dəfə... Yəni əslinə baxsan, elə sən özün də az xoruldayırsan... Hə, doğrudan da bu kağız lentlərini neyləyəcəksən?

– Şeir yazacağam.

– Şeir? – Mənimlə zarafat elədiyini düşündüm. – Sən şairsən?

– Necə məgər? Yoxsa şairə gərək getmə gözümdən, gedərəm özümdən ola? Demək istəyirsən ki, bu boyda vücuddan nə şeir? Yanılırsan. Həm təcrübi, həm də nəzəri cəhətdən. Şerdə vücudun yox, qəlbin incəliyi tələb olunur.

– Əgər əsərin varsa, oxu, qulaq asım. Özüm yazan olmasam da, yazanlardan bəziləri ilə dostam.

– Məsələn, kiminlə? İndi yazıçı hardadır? Bir neçəsi vardı, onların da hamısını otuz yeddinci ildə gedər-gəlməzə yolladılar.

– Sən sağ qalmısan, deməli hamısını yollamayıblar də... Oxuyacaqsan, ya yox?

– Yox.

– Niyə ki?

– Sənə o qədər də etibar yoxdur. Gah bunların əleyhinə olursan, gah da leyhinə.

– Bunlar kimdir, ay arvad?

– Guya bunları tanımırsan? Kommunistləri deyirəm də.

– Bəs mən özüm kiməm? Kommunist deyiləm?

– Bir vaxt kommunistsənmiş, bunlara ləbbey deyirsənmiş. Amma nə qədər yaltaqlanmısansa, sənə etibar eləməyiblər, firqədən çıxardıblar... Yaxşı, nə tövr olur ki, bunlar sənə inanmırlar, ancaq sən bunlara inanırsan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 мин
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 мин
Ağır xəbər

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.

7 мин
İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 мин

Стихи других поэтов