Ağır xəbər
Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.
Mən qapıya yanaşdım.
– Gülü, sənsən?
Böyük qızım Kəmalənin səsini eşitdim.
– Mənəm, ana.. tez ol, aç..
Təəccüblü idi. Saatıma baxdım. Bu günkü dərslərinin qurtarmağına hələ iki saat vardı. Qapını açmağımla sualım bir ana düşdü:
– Nə olub? Səndən çıxmayan iş...
O pörtmüşdü. Pillələri sürətlə qalxdığı hiss olunurdu. Tövşüyə-tövşüyə böyrümdən sivişib içəri təpildi. Portfelini divanın üstünə tullayıb, paltosunu çıxartdı. Mən ondan gözümü çəkmirdim, o isə mənə baxmırdı.
– Dərs olmadı? – soruşdum.
Yalnız yüyürdüyü üçün deyil, nədənsə həyəcanlandığına görə pörtdüyünü başa düşüb mən də həyəcanlandım.
– Cavab verəcəksən, yox? Bəlkə müəllim danlayıb? Dərsini hazırlamamışdın?
O, yenə də mənə baxmaq istəmirdi. Səbir kasam daşdı.
Ay qız, gözümün içinə düz bax!..
– Baxdım, – dedi və dərhal məni qucaqlayıb o üzümdən, bu üzümdən marçıltı ilə öpməyə başladı. – Anacan, şərtim var: əvvəlcədən toxtamalısan. Yoxsa gətirdiyim xəbərdən şok ola bilərsən.
– Şok nədir, ay qız?
– Yəni özündən gedərsən. Bu dəqiqə Zelenin damcıları gətirim, iç...
– Şad xəbərdir, qəmgin?
Mənim üçün şad xəbərdir, səni bilmirəm.
– Axmaq-axmaq danışma! Sən sevinəndə mən ağlayacağam, məgər?
– Hər halda dərman içsən yaxşıdır.
Kəmalə mətbəxə yüyürdü. Armudu stəkan gətirdi. Zelenin damcılarından onacan saydı, qrafindən onun üstünə azacıq su tökdü.
– Ala, iç, – dedi, – düşər-düşməzi olar...
O, doğrudan sevinirdi. Fərəhindən elə bil bu dəqiqə qaqqıldayıb güləcəkdi. Burnunun pərələri və dolğun dodaqları həyəcandan tir-tir əsirdi.
Mən damcıları içdim.
– Hə, indi danış görüm...
Kəmaləni bu qədər səbirli bilmirdim.
– Ürəyin sakit oldumu? – dedi.
– Ay qız, qəsdin nədir, bağrımı çatlatmaq istəyirsən? Demirsən, demə, lazım deyil. – Mən dərmandan xeyir əvəzinə ziyan çəkdiyimi görüb, mətbəxə sarı getdim.
O, yenə daldan boynumu qucaqladı:
– Ana, ana, – dedi, – bilirəm, inanmayacaqsan, bu xəbər sənə yuxu kimi görünəcək...
– Sən danış, bəlkə görünmədi...
– Tənəffüs vaxtı həyətdə voleybol oynayırdıq. Gördüm ki, bir kişi kənarda dayanıb, bizə tamaşa eləyir, gözü də hey məndədir. Bir azdan sonra mənə yaxınlaşıb xəbər aldı: “Sən Kəmalə Aydın deyilsənmi, qızım?”. Nə qədər diqqətlə ona baxdımsa, tanımadım, amma ürəyimə nə isə damdı. Öz-özümə dedim, yox, ola bilməz, yəqin məni kimə isə oxşadır...
Mənim də ürəyimə dammışdı. Az qala çığırdım:
– Bax, Kəmalə, yenə dəliliyin tutub, ha... Nağıl açma, görüm!..
– Nağıl deyil, ana... O özü idi!..
– Kim! – Mən az qala dəli olacaqdım. – Kim idi, axı?
– Atam!..
– Necə yəni atan?
– Bunun necəsi yoxdur ki? Atam – Müdhət Aydın!..
– Sən sayıqlayırsan!..
– Yox, ana, yox, atam gəlib!.. Sağ-salamat!..
Mən Müdhətin ölüm xəbərini eşitsəydim, bu qədər təəccüb eləməzdim. Kəmalə boynumu qolları arasından buraxıb qabağıma keçdi:
– İnanmırsan? – dedi, – mama canı gəlib!.. Elə bu saat məni evimizəcən ötürdü, sənin ərə getdiyini eşidəndə gözləri doldu. Dedi ki, get, amma anana mənim gəldiyimi söyləmə. Mən də söz verdim... Saçları dümağ ağarıb... Lap qar kimi. Ancaq o, əvvəlkindən də gözəldir... Saçların rəngi...
Sonra Kəmalənin nə dediyini xatırlamıram. Gözlərimi açanda, özümü çarpayıda gördüm. Həkimin, tibb bacısının, qızlarımın... Kamranın gözləri məndə idi. Hərəsi bir tərəfdə əyləşmişdi. Heç biri dinib-danışmırdı. Elə bil yas yerinə toplaşmışdılar. Amma ağlayan yox idi. Başım üzərində kim isə dayanmışdı. Baxmasam da hiss eləyirdim: əlbəttə Gülnisa idi!
– Mənə nə olub, Gülü?
– Sən özün deyinən. Ha illah elədik, Kəmalədən söz qopara bilmədik. Nə oldu sənə birdən?
Mən də Kəmalə kimi, nə üçün şüurumu itirib yıxıldığımı gizlətməyə məcburdum: Kamran onsuz da ayaq üstündə diri gözlü ölüb getmişdi. Bu hadisənin əsil səbəbini öyrənsəydi, bağrı çatlardı. İlk məhəbbətimin tarixini yaxşı bilirdi. Müdhətin qayıtmağı, onun ölümünə bərabərdi. Mən Kamranın ölümünü istəmirdim, çünki onunla birgə ailə və həyat yolunu deyil, ölüm-itim yolunu keçib gəlmişdim...
Başım üzərində Gülnisa hıçqırdı: xəstələnəndən bəri yaman kövrək olmuşdu. Mən quyu dibindən gələn ölgün səsimlə vəfalı rəfiqəmdən soruşdum:
– Gülü, həkim bir söz deməyib ki? Yoxsa deyib? Sağalmağıma ümid yoxdur, hə? Mənə bir şey olsa, uşaqlar əmanəti...
Hıçqırıq səsi kəsildi. Gözüm Kamrana dikildi. Bu anda onun sifətində yalnız mənim oxuya biləcəyim məzəmmət dolu sərt və qəmgin bir sual çırpınırdı”Doğrudanmı bizi bu fəlakət gözləyir?
– Gülü, – dedim, – uşaqları nahaq qorxuduram. Mənim canım it canıdır. Ölən – bu cür ölməz...
Gülnisa, görünür, daha ağlamadığını mənə göstərmək istəməyib, böyrümdə, çarpayının üstündə oturdu və ağlamaqdan şişib qızarmış gözlərindən gülə-gülə dedi:
– Guya arvadların xasiyyətinə bələd deyilsən. Biz ki, soğan doğrayanda da ağlayırıq...
Mən də gülümsədim. Həkimlə tibb bacısı bir-birinə göz eləyib getməyə hazırlaşanda, mən onlara təsəlli verdim:
– Qorxmayın, öyrəncək olmuşam. Daha iynə vurmaq lazım deyil... Sizi yəqin Kəmalə çağırıb. Şüurum özümdə olsaydı, sizə nahaq zəhmət verməzdim.
Həkim şəhadət barmağını havada silkələyib, məni hədələdi:
– Yox, zarafatı buraxın. Gündə iki yol iynə vurulacaq. Minimum!..
O getdi. Kamran ayağa qalxıb, Kəmaləni o biri otağa apardı. Xəstələnməyimin səbəbini öyrənmək üçün onu sorğu-suala tutacağını bilirdim. Çox keçməmiş, ikisi də mənim yanıma qayıtdı. Üz-gözlərində elə bir dəyişiklik sezmədim. Kəmalə sirri yenə də açmamışdı. “Ağıllı qızım, düz eləyirsən, Kamranın əsəbləri mənimkindən də beşbətərdir”, – deyə xəyalımdan keçirdim. Ana-qız gözləşdik. Kəmalə məndən utanırmış kimi kirpiklərini aşağı endirdi. Mən onu sözsüz də başa düşürdüm...
– Gedin, naharınızı yeyin, – dedim. – Mən də yaman acmışdım. Doktorun sözünə fikir verməyin, məndə heç nə yoxdur.
Görünür, bu təsəllimdən hamı ruhlandı. Gülnisa Kamrana və qızlara nahar verdi... Mən də qalxıb onların yanına adlamaq istədim, amma bacarmadım... O yatan düz on beş gün yatdım...
Kamranla uşaqlar evdə olmayanda, dərdimi açıb Gülnisaya danışdım. Yenə gənclik xatirələri canlandı. Dedim ki, Müdhətlə bir şəhərdə yaşayıb-görüşməməyimiz ağlasığan iş deyil, bəlkə bu, taleyin gərdişidir, bizi təkrar bir-birimizə qovuşdurmaq istəyir?
Gülnisa, dediyim kimi, son zamanlarda çox kövrək olmuşdu. İki dəqiqədən bir gözünün qorasını sıxırdı. Amma bu dəfə nə ağladı, nə də bir söz dedi. Yalnız fikirli-fikirli dodaqlarını bir-birinə qısdı, səssizcə köksünü ötürdü.
– Ərin mənim hekayətimi yazmaq istəyir, – dedim. – Ancaq mənim özümdə də yazmaq həvəsi oyanıb... Bu dərdi danışmaq yazmaqdan çətindir...
Xəstəlikdən qalxan günün sabahısı Gülnisanın köməyi ilə dəniz qırağına gəzməyə çıxdım.
Bulvarda ən çox saç-saqqalı ağarmış və gücdən düşmüş qoca təqaüdçülər, ürəyi və əsəbləri mənim kimi xəstə qadınlar və kişilər gəzişirdilər. Gülnisa vaxtının çoxunu dəniz sahilində keçirdiyindən, bu adamların bir neçəsi ilə yaxından tanış olub ünsiyyət bağlamışdı. Onlar hər addımda bir – birilə salamlaşır, hal-əhval bilirdilər. Ən çox da havada radioaktivliyin artmağından, dəniz qırağında, xüsusən səhər tezdən və axşamüstü ultrabənövşəyi şüaların xeyrindən danışırdılar. Mən onları dinləyə-dinləyə öz-özümə düşünürdüm: “qocaların təqaüdə çıxmağı və dərdsiz-qayğısız halda saatlarla burada gəzinməyi təəccüblü deyil, ancaq Gülnisa da, mən də hələ cavanıq, əgər indidən rəfiqələrimizin və yaşıdlarımızın sırasından ayrılsaq bizim üçün ağır olmazmı? Biz hələ bundan sonra çalışıb insanlara xeyir verə bilərik. Əgər bu qocalar və əlillər kimi yalnız öz səhhətimizi qorusaq, buna dözə bilərikmi?”. – Mən bu suallara mənfi cavab verirdim: “Yox, çətin dözərik”, Doğrudan da, səkkiz il Bakıdan, sevimli sənətindən ayrılmış, nə isə yeni bir şey ixtira eləyib yaratmaq həvəsi ilə çırpınan mənim kimi bir qadın əlil adı ilə təqaüdə çıxmağa necə razı ola bilərdi? İki bir-üç bir gəzişən qocalar içərisində, Gülnisanın dediyinə görə, həyatının otuzqırx ilini mühüm sahələrdə çalışmış, vaxtı ilə adlı-sanlı işçilər kimi tanınmış adamlar az deyildi, amma Gülnisa da, mən də gördüyümüz işlərlə öyünə bilməzdik. Biz çalışsaq da əsil mənada bundan sonra çalışıb, “biz də filan işi gördük” deməyə özümüzü haqlı bilməli idik.
Bulvardan qayıdanda, mən özümü çox yorğun və əzgin hiss eləyirdim. Qonşuluqdakı dükana buruldum. Qalın dəftər aldım. O gündən sonra, işsizlikdən darıxdığım saatlarda, uşaqları və Kamranı yuxuya verib, xatirələrimi yazmağa başladım...
Yalnız bircə şeyə ümidim vardı: mən ancaq olanları yazdığım üçün xatirələrimin səmimiyyəti heç kəsdə şübhə oyatmayacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-agir-xeber
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nizaminin evi; gecədir. Pəncərədə yanan çıraq otağa ölgün bir işıq salır. Dibdə şairin kitabları görünür. Xədicə pəncərəyə yaxın oturub qabağında beşiyi yırğalayır.*Afaq**
Doqquzuncu şəkilŞirvan sarayında böyük bir otaq. Orta əsr memarlığı üslubunda tikilmiş bu otağın naxışları arasından sarayın başlandığını və qurtardığını bildirən tarix görünür. Dibdə buxarı yanır. Şah, vəzir və Munis gəlir. Onların dalınca əyanlar və saray adamları daxil olur.*Şah otağa baxa-baxa, taxtı qoyulmuş yerə tərəf addımlayır.*
Şeyx Şamilİştirak edənlərŞamil – Dağıstanın xalq qəhrəmanı*
Birinci şəkilDağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
Стихи других поэтов
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
BalıqçıyamBalıqçıyam, balıqçı,Bir dənizim var mənim.
Mövizə: Cahani-faniyənin axırı fənayətdirCahani-faniyənin axırı fənayətdir,Bu bir səhih süxən müxtəsər hekayətdir