İlk zərbə
Страница 1 из 4
Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.
Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
Günlərin birində məni hərbi komissarlığa çağırdılar.
– Müdhət Aydının attestatı kəsilir, – dedilər.
Səbəbini soruşdum.
– İtkin düşüb, – dedilər.
Dünya başıma hərləndi. Evə qayıdanda, uşaqlar da, qayınanam da az qala məni tanımadılar. Hər tərəfdən üstümə suallar yağdırdılar. Mən xəstələndiyimi bəhanə gətirib üzüqoylu çarpayıma sərildim, iki gün-iki gecə yerimdən qalxmadım. İşə getdim. Məyusluq və kədər həyulası bir an belə üzərimdən əskik olmurdu. Nə uşaqların, nə də qayınanamın üzünə şax baxa bilmirdim. Sanki hamısının qarşısında rüsvay olmuşdum.
Mənim maaşım yalnız çörəyimizi almağa çatırdı. Əgər qaynım Faiq təkdənbir bizə pul verməsəydi, acından batardıq. Dediyim kimi, müharibənin ağırlığından beli bükülən tək biz deyildik. Biz bundan da ağır ehtiyaca qatlaşa bilərdik, təki Müdhət... təki Müdhət...
Hər gün səhər tezdən qalxıb, uşaqlarımı məktəbə yola salır, səssiz-səmirsiz köksünü ötürən və bununla da guya dərdini bizdən gizlədən qayınanama təsəlli verirdim:
Qəm yemə, Bədirnisa xala, Hitlernən də bizim aramızda çox qalmayıb... Bu gün-sabah onun vayını verəcəyik, – deyib işə gedirdim. Bəzən acından başım hərlənib ürəyim qısılsa da, çalışmaq və yaratmaq həvəsim azalmırdı. Bu sizə parodoks kimi görünməsin. O vaxt insanların sakit həyatını pozub adi məcrasından çıxaran hadisələr məni ruhdan sala bilmirdi. Əlbəttə, mən bu barədə heç də istisna təşkil eləmirdim. Belə görünürdü ki, başqaları kimi mən də böyük ümidlə yaşaya bildiyim üçün xudpəsənd və kiçik duyğuları boğub-öldürməyi bacarırdım. Bu yeni həyat tərzi məndə artıq vərdiş halına gəlməyə başlayırdı.
Qırx dördüncü ilin sonunda Müdhətdən məktub aldım. Deyirlər ki, insan sevincdən ölə bilməz. Bu doğrudur, ancaq mən Müdhətin yolladığı zərfə baxanda ölüb o dünyadan qayıtdım. Bir an sonra, məktubu oxuyanda isə dünya gözlərimdə qaraldı. Müdhət şagird dəftərindən qoparılmış dama-dama kağızda əyri-üyrü xətlə tələm-tələsik yazmışdı:
“Əziz dost! Mən sağam. Amma buna təəssüf eləyirəm. Ölsəydim, bu mənə də, sizə də şərəf gətirərdi. Görünür taleyim belə imiş. Aylarca qatlaşdığım əzab-əziyyətdən sonra alnıma vurulan “xain” damğası, mənim həyatımı məhv elədi. Ancaq mən heç bir zaman xain olmamışam. Son dəqiqəyə kimi namusla vuruşmuşam... Bizi yatapla sürgünə yollayırlar. Əlvida!...”
Məktubun sonunda adres də yoxdu, imza da. Lakin onu yazan Müdhət idi. Xəttindən tanıyırdım. “Əziz dost” sözünü yalnız o mənə yazardı...
Bir neçə gündən sonra başqa bir məktub gəldi:
“Əziz dost! Uzaq Şimala yaxınlaşırıq. Bu sözləri yazdığım vaxt necə iztirab çəkdiyimi təsəvvürünə gətirə bilməzsən. Məni bir daha gözləmə. Çox ağırdır, əziz dost... Əgər özünə layiq başqa birisiylə... yox, ağırdır... Hər hansı bir ərin öz həyat yoldaşından onun yolunda ömrünü çürütməyi tələb etməyə mənəvi haqqı varmı? Məncə yoxdur. Bəlkə sən başqa birisi ili xoşbəxt olacaqsan? Əgər sən özünə layiq gördüyün bir insanla yenidən həyat qursan, inan ki, bu mənim qüruruma və heysiyyətimə zərrəcən də toxunmaz. Mən ki köhnə müsəlman deyiləm...”
Bu dəfə məktubu imzalamışdı: “Müdhət Aydın”.
İlk günlərdə mənə bunlar yuxu kimi görünürdü. Qarışıq, iztirablı və mənasız bir yuxu kimi. Bəzən mənə elə gəlirdi ki, o, hardansa, kimdənsə mənim yanlış bir hərəkətimə dair söz eşidib, mənə qarşı yalnız məhəbbətini deyil, bütün etimadını belə itirmişdi. Yoxsa “yeni həyat”, “başqa birisi” kimi sözləri necə yaza bilərdi? Mənə dəyən bu müdhiş zərbənin ağrısından canım qurtaranda və az-çox özümə gələndə çox düşünüb – daşındım, gördüm ki, o, mənim ər evində ömürlük qalmağımı tələb yox, xahiş belə eləsəydi, öz təbiətinə zidd getmiş olardı. Orta məktəbdə odlu məhəbbətlə, az qala Leyli və Məcnun kimi sevişdiyimiz ilk gənclik illərindən bəri Müdhət nəinki məndən soyumamış, hətta əksinə, mənə daha möhkəm, daha qırılmaz tellərlə bağlanmışdı və mənim mənəvi azadlığıma bir nöqtə qədər də xələl gətirməmişdi. Heç birimiz on iki illik ailə həyatının ləzzətindən doymamışdıq. “Ər-arvadın savaşı – yaz gününün yağışı” məsəlinin mənası hələ də mənə aydın deyildi. Biz hər ikimiz sözdə bir-birini sevən, amma əsil həqiqətdə adi bir riyakarlıq eləyən və məhəbbətdə çirkin haqq-hesab güdən adamları bu günün yox, uzaq keçmişin eybəcər məxluqları sayırdıq. Bizim məhəbbətimiz – təbii bir ehtiyac idi. Ailə həyatının çətinliklərini belə sevincə çevirməyənlər bizim nəzərimizdə yoxsul və bədbəxt insanlardı.
Müdhətin məktubunu alan günü işdən çıxıb dəniz qırağına getdim. Xəlvət bir bucağa çəkilib, bir neçə saat tək-tənha oturdum. Ağlamaqdan güclə özümü saxlayaraq, qəhərdən boğula-boğula, tərəddüd içində fikirləşdim, bu vəziyyətdən çıxmaq üçün bir yol tapmaq istədim. Şırıltı ilə sahili döyəcləyən ləpələr elə bil qulağıma bu sözləri pıçıldayırdı: “Çalış, yenə çalış... İnsan başına iş gələr... Çalış, çalış, bu məşum fikirlərdən tez canını qurtar...” – İçəridən başqa bir səs də eşidirdim: “Qalx ayağa, hündür bir yer tap, özünü at dənizə, qurtar canını!” Şüurumu topladım: “Yox, buna mənim haqqım yoxdur. Uşaqlarımı yetim qoyub getmək, analıq borcuna xəyanət olar!...” Dənizin şırıltısı yenə o məşum sözləri pıçıldamağa başlayanda, sürətlə skamyadan qalxdım. Bu anda başım hərləndi. Gözlərim alacalandı. Əlbəttə, bu aclıqdandı (səhər tezdən qəndsiz çayla yediyim bir parça çörəyin üstündə idim). Dərhal da qızlarım yadıma düşdü. Yəqin onlar da heç nə yeməmişdilər.
Şər qarışmışdı. Pəncərəmizdən işıq gəlirdi. İndi məni ən çox həyəcanlandıran başqa bir məsələ idi: necə eləyim ki, qızlarım da, qayınanam da hədsiz dərəcədə qəmgin olduğumu başa düşməsinlər?
Qapını Bədirnisa xala açdı. Mən tez-tələsik gecikməyimin səbəbini uydurdum:
– İclasımız vardı. Bərk yorulmuşam
Yalan söz demək, riyakarlıqdan da bədtərdir. Bərk qızardığımı hiss eləyib, qoltuğumdakı dəftər-kitabı cəld stolun üstünə atdım və dərhal mətbəxə adladım. Hələ yuyulmamış qab-qacağı görəndə sevindim. Deməli Bədirnisa xala nə isə bişirib qızlarıma yedirtmişdi (Bizim qoca arvadların ehtiyatı heç bir zaman əskik olmur!). Bu halda tərs kimi o, mənim ardımca gəldi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-ilk-zerbe
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əhməd Cəmilə ithaf*Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xırdaca budaqları titrəşdi. Saralıb solmuş yarpaqlar bir müddət havada qanad çalaraq, yerə səpələndi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qərib, əsrarəngiz bir sükut çökdü.
Nişan üzüyüI**Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh, həyətdəki badam ağacının xırdaca yarpaqlarını tərpədirdi və bu yarpaqlar tərpəndikcə, elə bil iki sevgili haradasa gizlənib yavaşcadan pıçıldaşırdı.
DostI**Boş qalmış kəndlərdə bir dəstə alman piyadasına kəndlilərdən Mariya Karpovna adlı bir qadın bələdçilik edirdi. Onun qırış-qırış olmuş üz-gözü qan-tərə batmışdı. Ayaqlarını güclə atırdı. Görünür çox uzun yol gəlmişdi. O, arıq, uzun, soyuq baxışlı, həmişə dartınaraq yeriyən, yalnız tökdənbir çox könülsüz bir tərzdə gülümsəyən alman zabiti ilə yanaşı gəlir, onun suallarına tez-tez, elə bil tələsə-tələsə cavab verirdi.
Qara gözlərI**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.
Стихи других поэтов
Gedən karvan, əylə görüm köçünü,O yollarda Xançobanı gördünmü?
Sipasi-şükrü həmdi-fərdi-yektaSipasi-şükrü həmdi-fərdi-yekta,Xudayi-biməsəl, həyyü təvana,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Mən nə haydayamYeni il gecəsi...Vətəndən uzaq,